M. F. Axundov, Polşa üsyançıları, sovet mənbələrində təhriflər- Nəsiman Yaqublunun araşdırması
Azərbaycan ədəbiyyatının görkəmli xadimlərindən olan M.F.Axundov haqqında sovet rjimi dövründə yazılanlar və oxuculara təqdim edilənlər həqiqətə uyğun deyildir.
Araşdırılan faktlarla sovet dövründə təqdim edilənlər arasında ciddi uyğunsuzluqlar var.
İlk öncə M.F.Axundovun tərəfdarı olduğu əlifba islahatına diqqət edək. Böyük islahatçının bu sahədə fəaliyyətinin əsasını təşkil edən nə idi? İlk öncə o, ərəb əlifbasında türkcə başa düşülən səviyyədə islahatın aparılmasını təklif edirdi. Yəni, ərəb əlifbası qalır, lakin müəyyən dəyişikliklər edilir ki, türkcə anlaşılır.
M.F.Axundovun ikinci təklifi belə idi ki, əgər bu reallaşmırsa, onda ərəb əlifbasından tamamilə imtina edib, türkcə əlifba yaratmaq.
Bu haqda bir qədər sonra məlumatları təqdim edəcəyik.
Lakin qeyd edək ki, M.F.Axundovun bir yaradıcı şəxsiyyət olaraq da təqdimatı sovet dövrü kitablarında düzgün təqdim edilməyib. Belə ki, ədəbiyyat tariximizdə ilk teatr əsəri yazan, povest müəllifi, fəlsəfi traktatlar, tərcümə nümunələri ilə tanınan M.F.Axundov əslində Qərbi Avropa liberal – demokratik fikirlərini mənimsəmişdi.
O, bütün gücü ilə orta əsr Şərq zehniyyətini də rədd edən ilk tənqidçi və inqilabçı idi.
Təəssüflər, sovet mənbələrində M.F.Axundov daha çox belə təqdim edilirdi: “rus mədəniyyətinin yetirməsi, vurğunu olan materialist, Allahı inkara qədər varan bir ateist”.
Əslində sovet tədqiqatçıları onun əsərlərində cahil din xadimlərinin tənqid edilməsini əsas götürərək, bu yanaşmanı ortalığa qoyurdular.
Sovet mənbələri böyük ədibin “əlifba islahatı” ilə bağlı olan fikirlərini təhrif edirdilər. Onlar yazırdı ki, M.F.Axundovun bu ideyası yalnız “Oktyabr inqilabından” sonra, yəni sovet hakimiyyətinin dövründə reallaşdı.
Yəni bu sovet mənbələri Sovetlər Birliyində yaşayan türklərin ruslaşdırılması məqsədi ilə yaradılan “kiril – rus” əlifbasının M.F.Axundovun ideyası olduğunu əsaslandırmağa çalışırlar.
Əslində həqiqət başqa idi. M.F.Axundovun əlifba islahatı ilə bağlı məqsədi türk dünyası və müsəlman millətlərinin tarixi, kültürəl əlaqələrini möhkəmlətmək idi. Elə buna görə də o, “əlifba islahatı” layihəsini komediyaları ilə birlikdə Çar Rusiyası hökumətinə deyil, bu məqsədlə 1863-cü ildə İstanbula getdiyi dövrdə Osmanlı sədrəzəminə təqdim etmişdi. Onun layihəsi və komediyaları Sədərəzəm tərəfindən “Cəmiyyəti – Elmiyyəyi Osmaniyyə”yə tədqiqə verilmişdi. Həmin cəmiyyət M.F.Axundovun əsərlərinin türkcəyə çevrilməsinə qərar vermiş, lakin “əlifba islahatı” layihəsi ciddi müzakirə olunmuşdur. M.F.Axundov özü də bu müzakirələrdə iştirak etmişdir. Bu haqda “Cəmiyyəti – Elmiyyəyi Osmaniyyə”nin nəşr orqanı olan “Məcmuəyi Fünun”da (il: 1280, sayı 14) məlumatlar vardır.
M.F.Axundovun “əlifba islahatı” təqdirlə qarşılansa da, bunun tətbiqinin texniki səbəblərlə çətin olduğu qeyd edilmişdir. Cəmiyyətin bu xüsusda Sədrəzəmə göndərdiyi məlumatı M.F.Axundovun qəbul etdiyi anlaşılır.
M.F.Axundov bu istiqamətdə çalışmalarını davam etdirsə də, Çar Rusiyası hökuməti ilə “əlifba islahatı” mövzusunda danışıqlar aparılmamışdır. Onun bu hökumətə olan münasibətində ciddi problemlər yaşanırdı.
O dövrdə Tiflisə, Polşada 1830-cu ildə Çar Rusiyasına qarşı baş vermiş üsyan iştirakçılarının bir qrupu sürgünə göndərilmişdi. M.F.Axundov Polşa üsyanının bu qəhrəmanları ilə yaxından dostluq edir və hətta onlardan birinin qızının adına “Vanda” şeirini yazmışdı. Eyni zamanda o, Birinci Nikolaya qarşı üsyan edən rus liberallarını da təqdir edirdi. Belə mövqe isə onun mövcud hakimiyyətlə münasibətlərində problemlər yaratmışdı.
M.F.Axundovun “əlifba inqilabı” ilə bağlı fikirlərinin Oktyabr inqilabından sonra gerçəkləşməsi də həqiqətdən uzaqdır.
Belə ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlifba islahatına başlanılmışdır. Həmin dövrdə “Azərbaycan” qəzetinin saylarında da bu haqda bilgilər vardır.
O dövrdə yeni milli əlifba ilə nəşr edilən əsərlərin olduğu qeyd edilməkdədir.
Bu faktlardan alınan nəticə belədir ki, ümummilli türk kültürünə bağlı olan islahatlar Türkiyə ilə birlikdə olmalıdır.
Əslində Azərbaycanda sovet hökumətinin ilk illərində Bakıda keçirilən bəzi toplantılarda, mətbuat səhifələrində əlifba islahatının vacibliyi qeyd edilmişdir. 1924-cü ildə Bakıda “Türkoloji qurultayın” keçirilməsi də bu ideyaya bağlı olmuşdu. Lakin Türkiyə Cümhuriyyətində 1929-cu ildə latın əlifbasının qəbul edilməsindən sonra (Azərbaycanda da 1929-cu ildə latın əlifbası qəbul edilmişdi) Sovetlər Birliyinin bu məsələyə münasibəti tədricən dəyişildi. Türkiyə ilə Sovetlər Birliyində (oxu: Rusiyada) yaşayan türklərin mədəni birlik əlaqələrinin kəsilməsi üçün latın əlifbasının əvəzinə kiril (rus) əlifbası 1939-cu ildə tətbiq edildi.
Sovet araşdırmalarında isə bu, yanlış olaraq M.F.Axundovun “əlifba ideyası” kimi təqdim edilirdi.
Qeyd: məqalədə böyük mütəfəkkir, mühacirətdə yaşamış, tanınmış jurnalist Mirzə Bala Məmmədzadənin Ankarada nəşr edilən “Azərbaycan” jurnalında çap edilmiş “Mirzə Fətəli və əlifba inqilabı” məqaləsindən faydalanmışıq.