“Kimlərə alim demək olar ?”
Elmi alim yaradır. Alimi şöhrətləndirən və yaşadan da onun elmə verdiyi töhfələrdir. Dahi Nəsrəddin Tusi elm və alim haqqında demişdir: “Alimin səadəti elm və mədəniyyətdir”. “Bilmək lazımdır ki, insan övladının böyük Yaradanın hüzurunda xüsusi mövqeyi vardır. Buhüzurda birinci yer böyük filosofların və alimlərin yeridir; ikinci yer isə elm kamalını tərcümə libasına geydirməyi bacaran adamlarındır”. Alim kainatdakı kamal dərəcələrini qavramaqla, onun sirlərinə bələd olmaq dərəcəsinə yüksələ bilər və “əgər fəaliyyətə başlayıb bunları əməldə həyata keçirə bilsə, onun bu iş-ləri bütün aləmin xoşuna gələr, bəlkə özü bir aləmə çevrilər”. “Böyük aləmə” təşbih olaraq ona verilən “kiçik aləm” adını doğrultmuş olar, sonra xalq arasında Yaradanın xəlifəsinə çevrilər…, tam mütləq insan dərəcəsinə yüksələr”.
Bəs alimlik istedadı və onun sirri nədədir? Bəlkə, alimlik möcüzədir və ya Allah vergisidir? “Bunun cavabı birmə`nalı deyil, lakin bir məsələdə cavab qətidir ki, “alimlik iradənin, təhsilin, inamın, imkanın, şəraitin və əhvalların düzgün fəaliyyətinin ahəngidir”. “İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Əgər düzgün, ardıcıl, məqsədəuyğun, müstəqim xətlə hərəkət etsə, tədriclə elm, mədəniyyət, bilik və hikmətə yiyələnsə, təkamülə qədər olan fitri istedad hədlərini aşaraq onu bir mərtəbədən başqa bir mərtəbəyə, bir dərəcədən o biri dərəcəyə yüksəldər, dübbədüz gətirib arzu elədiyi məqsədə, ilahi nurun şəfəq saldığı ali məqama çatdırar”. “Öyrətmə, mənimsəmə, möhkəmləndirmə, təlim və tərbiyə, gərgin əmək, əql, iradə, məqsədə çatmaqda ehtiras və nikbinlik, daxili inam insanı yüksək alimlik dərəcəsinə çatdıra bilər. Alimlik yüngül həyat yolu deyil, qüdrətli və möhtəşəm inadkarlığın nəticəsidir”.
Nəsrəddin Tusiyə görə alimdə bir neçə xüsusiyyətin olması vacibdir. “Zəka (“çoxlu hadisə və xüsusiyyətlər içərisindən, ilk baxışda dərhal, ani surətdə, şimşək sürəti ilə özünə lazım olanı seçə bilib asanlıqla düzgün nəticə çıxara bilmək”);dərk surəti(“nəfs yalnız öyrəniləsi şeylərə doğru yönəldilsin, mənimsəmədə dayanmaq, duruxmaq kimi rəzilətlərə ehtiyac olmasın”); zehn aydınlığı (“nəfsin istedadı iztirab, təşvış keçirmədən, tərəddüdə yol vermədən istənilən məqsədə yönəldilmiş olsun”); öyrənmə asanlığı (“nəfs diqqəti nəzəri məsələlər üzərində səyi artırsın, o, müxtəlif xatirələrə, ümumiyyətlə özünə aid olan məsələlərlə deyil, heç bir maneəyə baxmadan yalnız tələb edilən məsələyə yönəldilmiş olsun”); ağıl gözəlliyi (“istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici tə`sirə yol verilməsin”); hafizə (“ağıl, təsəvvür, təfəkkür və ya təxəyyül vasitəsi ilə ümumiləşdirilib yığcamlaşdırılmış anlayışlar (surətlər) yaxşı mühafizə edilib, yaxşı yadda saxlanılabilsin”);hazırcavablıq (“dərk edilmiş və yaddasaxlanılmış anlayışlar istənilən vaxt asanlıqla xatırlanıbdeyiləbilsin”).
Alimə xas olan yuxarıdakı hikmətlərə Tusi aşağıdakıları – şücaət, mətanət, təmkinlik,təvazökarlıq, həya, səmimiyyət, vüqar, ehtiyat, nizam (səliqə),səxavət, kəramət, alicənablıq, mürüvvət, rəhmdillik, ədaləti də əlavə etmişdir.
Nəsrəddin Tusiyə görə, alim kamillik dərəcəsinəyaxınlaşdıqca hikmət məsələlərini daha diqqətlə mütaliəyəbaşlamalıdır; o elmin çətinliklərinə qələbə çala-çala elmin sirlərindən xəbərdar ola bilər, böyükmə`lumat toplayıb çox uzağa gedər. “Belə bir adam görünməmiş müvəffəqiyyət qazanıb əsrinin yeganəsiolmaqistəyirsə, öz elminə olan həvəs və ehtirasınınqarşısını almamalı, bir vəzifədən yapışaraq arzu vəistəklərinəçəpər çəkməməli, elmin sonsuzluğu qərarınagəlməli,bütün elmlərin fövqündə yeni bir elmin olduğunainanmalıdır”. Tusi sufı alimi Əbu Səid Həsən Bəsrinin hikmətli sözlərini alimlərə xatırladır: “Elmlərin cilovunu əldən buraxmayın, elmlər şahlıq quşlarına oxşarlar, bə`zən başa qonarlar, bə`zən başdan uçarlar”. “Bu kəlamda sözlərin azlığına baxmayaraq, dərin mə`na, böyük fəsahət, incə hikmət, çoxlu mənfəət vardır”. Tusinin fikrincə “elmin düşməni unutqanlıqdır. Hikmət sahibi olan əsl alim bilməlidir ki, o, şərəfli bir ne`məti, böyük bir sərvəti, bitməz-tükənməz bir dövləti mühafizə edir. Kim mal sərf etmədən, əzab-əziyyət çəkmədən, həyəcan və iztirab keçirmədən, bir neçə belə kəramət və ne`mətə sahib ola, kahıllıq, tənbəllik və səhlənkarlıq üzündən onu bada verə, əliboş çılpaq qala, əsl məğmun və yazıq olar. İnkişaf, tərəqqi, müvəffəqiyyət ondan qaçar”.
Alimin əqidəsi ona əsaslanmalıdır ki, “elm sahiblərini elmlərin çoxluğu ilə deyil, əməllərin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır. Elmi kamillik dərəcəsinə çatanadamlar elə adamlar hesab edilirlər ki, onların elmi potensialı elm öyrənməyə, maarifə yiyələnməyə yönəlsin; bu şövq və həvəsin nəticəsində varlıqların dərəcələrini müəyyənləşdirə bilmək, həqiqətlərin mahiyyətinə nüfuz etmək mümkün olsun və beləliklə, qeyrət tozu, şəkk-şübhə pası onun könül aynasından və xatirə güzgüsündən silinib getsin”.
Nəsrəddin Tusiyə görə alimdə olan ən böyük əngəl onun öz təbii istedadını təcrübənin inkişafına səbəb olmayan elmlərə həvəs göstərməsindədir. Belə alimlərin “elmdən xəbəri olmadığı halda” elə bilər ki, həqiqətən alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və daha dəhşətli ola bilməz.
Nəsrəddin Tusi elmdə varislik məsələsinə çox yüksək qiymət verirdi. O, qeyd edirdi ki, elmə töhfələr, kəşflər, yeni fikirlər verən alimlərin “təriflənib fəxr edilməyə haqqı vardır, lakin bir şərtlə: o da bu fəzilətin başqasına verilməsindən ibarətdir. Əgər bu fəzilət onun özündə qalıb başqasına keçmirsə, onun təriflənməyə, özü ilə fəxr etməyə haqqı yoxdur. Məsələn: əgər səxavət sahibinin səxavəti başqasına keçmirsə, ona “səxavətli” yox, “israfçı” deyərlər… Hikmət sahibi özünü belə aparsa, ona “filosof” deyil, “tamaşaçı”, “müşahidəçi” deyərlər. Lakin fəzilət ümumun malı edilsə, başqalarına da tə`siri olar”.
Tusi yazırdı: “Elmi sevmək, onun imkanlarını açıb büruzə vermək, cəmiyyətin və bütün insanların malı etmək alimin müqəddəs borcudur. Ozünü yüksək tutmaq, elmi axtarışlarını və kəşflərini həddindən artıq şişirtmək alimin elmə vurduğu zərbədir. Elmdə və həyatda təvazökar olmaq, təmtəraqlı, haqlı-haqsız tə`rifləri sevməmək alimə xas olmalıdır. Sənin şəxsiyyətindən xaricdə olan şeylərlə qürrələnməyə adət etmə. Alim cəmiyyətin ona olan inamından sui-istifadə etməməlidir”.
Elm və nadanlıq bir-birinə zidd anlayışlardır – “Nadanlıqdan can qurtarmaq üçün alim və filosoflar böyük əziyyətlərə dözür, cismani ləzzət və istirahətdən əl çəkir, yuxusuz gecələr və ağır zəhmətlərə razı olurlar… Dünyanın var-yoxu onların gözündə əhəmiyyətsiz və dəyərsiz olar, ilk zərurət malları ilə kifayətlənər, dünyagir olmazlar”.
Alim həmişə çalışmalı, öyrənməlidir. “Həmişə öyrən və öyrənməklə məşğul ol. Əvvəl məqsədi müəyyənləşdir, sonra elmi seç. Məqsədi düzgün və dəqiq müəyyən etmək elmi nailiyyətin rəhnidir.” “Biz bülöv daşı kimi bıçağı itiləyib ancaq küt qalmağa razılaşa bilmərik. Alim öz biliklərinin dar çərçivəsində qapanıb qala bilməz. Belə alim “biliyini göstərə bilməyən “yatmış alimə” bənzəyər. “Əgər o, gizli sirləri bildiyini büruzə versə, heyrətləndirici əsər ya-ratsa, onun öz yaradıcılığından aldığı ləzzət, sevinc tam sevinc olar; təmiz, pakizə, ləkəsiz; onda sünilik, qəlplik kimi şeylərə təsadüf edilməz; bu vaxt onun qəlbində yatan məhəbbət kamalı oyanıb coşar, aşiqlik və vurğunluğa çatar “Hikmət aləmində elə adamlar olur ki, elmi məsələləri toplayıb əzbərləyər, danışıq, söhbət, mübahisə və münaqişə zamanı başqalarından eşitdikləri, tutivari əzbərlədikləri incə həqiqətlərin hər birini elə bir tərzdə izah edərlər ki, qulaq asanların ağzı açıq qalar və belə adamların həqiqətən fəzilət dəryası, elm ümmanı olduqlarını təsdiq edərlər; əslində isə onların nəfsində bu deyilən şeydən heç bir əsər olmaz; onlar həqiqətləri düzgün dərk edib dəqiq edə bilməzlər, onların yürütdüyü mühakimə, verdikləri mə`lumatlar şübhəli və etibarsız olar, elmə yiyələnməkdə onlar insan hərəkətlərini öyrənmiş bə`zi heyvanlara və ya özlərini böyük göstərməyə çalışan uşaqlara bənzəyərlər”.
Alim üçün vacib olan ən mühümxüsusiyyətlərdən biri də “heç bir cihazdan istifadə etmədən olacaqları qabaqcadan xəbər vermək qabiliyyətidir. Bu, elmi qabaqgörənlikdir”.
Bütün yuxarıda qeyd olunanlar hər şeydən əvvəl Tusinin yaradıcılığına aid olub və özündə olan xüsusi alimlik keyfiyyətləridir.
Bayram RZAYEV,
kimya elmləri doktoru
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ
Təbiət və texniki elmlər seriyası, 2015, № 4(səh:292-295)