İsrafil Məmmədov “Ömür təqvimindən tökülən yarpaqlar”

Print Friendly, PDF & Email

 Ön söz

Bu kitab 28 oktyabr 1995-ci ildə Bakıda metro qəzasında faciəli şəkildə həlak olmuş bir azərbaycanlının həyatının bəzi məqamlarını əks etdirir.

Özündə düzgünlüyü, əzmkarlığı, dostluğu təcəssüm etdirən; həyatda yaşamağın mənasını zəhmətdə, elmi yaradıcılıqda, gənc nəslin təlim-tərbiyəsində görən; mənalı, keşməkeşli həyat yolu keçən vətəninin, ailəsinin adını və şərəfini daima uca tutan bir insanın – texnika elmləri doktoru, professor İsrafil Allahverdi oğlu Məmmədovun öz həyatı haqqında yazdığı xatirələri böyük bir məmnuniyyət ilə Sizlərə təqdim edirəm.

Onun həyat yolu həmişə mənim üçün bir nümunə, bir örnək olub, sönməyən bir ulduz kimi yolumu işıqlandırıb.

Mən həyatım boyu atamın keçdiyi əzablı, məşəqqətli yolların ağrı-acısını az da olsa duymuşam. Atamın namuslu, şərəfli, yaradıcı ömür yolunu özümə amal seçmişəm.

                                    Atamın xatirəsinə dərin məhəbbətlə:

                             Kimya elmləri namizədi Asəf İsrafil oğlu Məmmədov

 

P.S. Texnika elmləri doktoru, professor  İ.A.Məmmədov 1972-ci ildə yaradılmış Naxçıvan Dövlət Pedaqoji İnstitutunun ilk rektoru olmuş və bu işdə çox böyük xidmətlər göstərmişdir.

O vaxta qədər isə yeni təşkil olunmuş Pedaqoji İnstitut Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı kimi bir neçə il fəaliyyət göstərmişdi…

Oxumaq istəyələri kitabın bir hissəsi ilə tanış olmağa dəvət edirik:

 

   … Məlumdur ki, ali məktəblərə qəbul imtahanlarının aparılması dövrü xüsusilə yeni yaradılmış ali məktəbdə çox zəngin və maraqlı əhvalatlarla dolu olur. Bunların bəzilərini görürsən, eşidirsən, bəziləri isə müşahidə olunur.

İlk qəbul imtahanı dövründə baş verən bir hadisəni oxuculara çatdırmaq istərdim:

–Dil-ədəbiyyat ixtisası üzrə qəbul imtahanı ədəbiyyatdan inşa yazısı idi. Abituriyentlərin yazı imtahanlarının gedişi ilə tanış olmaq üçün qəbul komissiyasının üzvləri ilə hərdən bir imtahan gedən auditoriyalara baş çəkirdik. Növbəti yazı gedən auditoriyaya daxil olanda lap ilk sırada oturan qızın yazı yazarkən vərəqinin əlinin altından qaçdığına təsadüf etdimsə də ona ciddi fikir vermədim, lakin zalın yuxarısına çatanda vərəqənin qaçması məni narahat etdi. Öz-özümə fikirləşə-fikirləşə auditoriyadan çıxmaq istərkən həmin abituriyentin sol qolunun çiynindən kəsildiyini (qızın sol qolu yox idi) gördüm. Mənə məlum oldu ki, qız bir əli ilə yazır, həm də vərəqəni saxlayır, bu isə çətin olduğu üçün vərəqə bəzən əlinin altından sürüşüb qaçır. Doğrusu, bu mənə çox pis təsir etdi.

Mən qıza yaxınlaşıb mehribancasına dedim:

– Qızım sən heç tələsmə, asta-asta, fikirləşə-fikirləşə yaz, nə vaxt yazıb qurtarsan o vaxt sənin yazını alarlar. Həmin qızın imtahan vərəqəsini nəzərdən keçirib, oxuyub, ad və familiyasına nəzər yetirdim və harada işləməyini soruşdum. Məlum oldu ki, yaxın kənddəki kitabxanada kitabxanaçı işləyir. Həmin gündən çalışırdım ki, qızın ad və familiyasını yadımdan çıxarmayam. İmtahan qurtarandan sonra yazı işləri yığılan zaman qızın ad və familiyası tamam yadımdan çıxdı, hətta sifətinə də diqqət yetirmədiyimdən şəkilə əsasən tapmaq çox çətin idi. Ona görə də sürücümü çağırıb həmin kəndə göndərdim. Ona qızın iş yerini dedim və ad və familiyasını öyrənməsini xahiş etdim. Bir neçə dəqiqə keçməmiş həmin qızın adının Tamara, familiyasının Mehnətova olduğu məlum oldu. Onun yazı işini ayırıb, yoxlanmasını müəllimlərdən birinə  tapşırdım və dedim ki, diqqətlə yoxlayandan sonra qiymət yazmamışdan əvvəl mənə göstərsin. Əgər o qızın yazı işini nəzarətdən qaçırsa idim, ola bilərdi ki, yazı işi üç ilə iki arasında olsun, müəllim isə ona iki yazsın. Belə təqdirdə özümü o əlil qızın yanında daima günahkar hesab edəcəkdim və ömrüm boyu əzab və əziyyət çəkəcəkdim. Çünki o əlil qız oxumalı idi ki, gələcəkdə millətinə yararlı bir insan olsun.

Müəllim həmin işi yoxlayıb mənə göstərdikdə məlum oldu ki, qız inşa yazını yaxşı yazıb, mövzunu tam əhatə edib və səhvləri də azdır. Mənim heç bir göstərişim və təkidim olmadan fənn müəllimi həmin yazı işini dörd qiymətlə qiymətləndirdi. Abituriyent  Mehnətova bütün imtahanları müvəffəqiyyətlə verdikdən sonra institutun tələbələri sırasına qəbul olundu.

Bu hadisədən artıq ay yarımdan çox keçmişdi. Günlərin bir günü işdən xeyli gec çıxıb evə gedərkən institutun həyətində bir qoca kişinin tək başına işlədiyini gördüm. Qoca kişi gətirilmiş torpağı ələkdən keçirib, narını iridən ayırırdı. Bu kişi məni çox maraqlandırdı, yaxına getdim ki, görüm belə gec vaxtda hamı çıxıb gedəndən sonra tək qalıb işləyən qoça kişi kim ola bilər. Nə üçün hamı çıxıb gedib, lakin bu kişi dodaqlarında zümzümə edə-edə şirin-şirin işləyir. Yaxınlaşıb adətimizlə ona salam verdim və hal-əhval tutandan sonra soruşdum:

– Atacan, nə əcəb belə gec qalmısan, nədənsə evə getməyə deyəsən fikrin yoxdur.

Cavabında qoca dedi:

– Yox müəllim, evə gedəcəyəm, sizin bu il qəbul zamanı çox obyektiv və düzgün imtahan aparmağınızın nəticəsində mənim bircə əlil qızım Tamara instituta qəbul olunub. O qəbul zamanı sizin ona göstərdiyiniz qayğını evimizdə anasına və mənə danışıb. Odur ki mən özümə söz vermişəm ki, hər gün işçilər gedəndən sonra təmir işləri qurtarana kimi 2 saat əlavə işləyəcəyəm, işin vaxtından qabaq qurtarmasına çalışacağam.Bu mənim instituta fəhlə hədiyyəm olacaqdır.

Qocanın bu alicənab və mehriban təşəbbüslü sözləri mənə çox təsir etdi və öz-özlüyümdə fikirləşdim ki, doğrudan bütün insanlar cəmiyyətimizin yüksək amalları uğrunda yorulmadan sadə niyyətlərlə işləsələr, əlbəttə, xalqımız yüksək zirvələrə doğru iri addımlarla irəliləmiş olardı. Qocanın iki saat artıq işləməsi onun aydın şüur, saf düşüncə və xeyirxah dəyanətlə insanlıq naminə böyük hörmət və ehtiramıdır. Qocanın bu nəcib hərəkəti şəhərdə ağızdan-ağıza, dildən-dilə gəzirdi. Hətta bu bir əfsanəyə çevrilmişdi. Mehnətovanın instituta qəbul olunması, atasının gördüyü nəcib təmənnasız işi vilayət partiya təşkilatının birinci katibini də sevindirmişdi. O həmişə bundan böyük razılıq hissi ilə danışırdı.

Yoldaş AslanHüseynovla imtahanlardan sonra işə gedərkən yolda qarşılaşdıqda, mənə ilk sözü bu oldu:

– Müəllim, mən sizdən çox razıyam. Siz imtahanları yüksək səviyyədə aparmısınız. Vilayət partiya təşkilatına heç bir şikayət ərizəsi daxil olmayıb.

                                                    İsrafil Allahverdi oğlu Məmmədov,

                                                 texnika elmləri doktoru, professor 

                                                             (25.06.1927-28.10.1995)

                                “Ömür təqvimindən tökülən yarpaqlar” 

                                           kitabından, Bakı,”Maarif” 2012

Naxçıvan Dövlət Universitetinin tarixindən

Universitetin inkişaf yolu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.