Heç bir iddiası olmayan mühəndis

Print Friendly, PDF & Email

    Fikrət Rzayev elm aləmində titulu olmayan, həm də buna ehtiyac hiss etməyən, öz mənəvi dünyası ilə yaşayan bir insandır. O, müxtəlif iddialardan çox-çox uzaqda dayanan təvazökar vətəndaşdır. Adiliklə dərinliyi özündə cəm etmiş fikir və düşüncə sahibidir. Açığını deyim ki, çoxları İlahi qüvvənin dediklərini duyub təhlil etmək bacarığına malik olsaydıllar, bəlkə də nələr etməzdilər. Bu da Fikrət Rzayevin xarakterinə yaddır. Fikrət Rzayev “mən də varam” deyənlərdən deyil, həm də özünü sıravilərin sıravisi hesab edir. Belələrinin heç zaman gəlişi gözəl olan kəlmələrə də ehtiyacı da yoxdur. Çünki iddiadan daha çox iş, əməl sahibləri başqa cür də ola bilmir.

     Fikrət Rzayev poeziya aləmində də sən deyən tanınmış, ya da bir neçə şeirin müəlliflik hüququnu almış şair də deyildir, heç onun şair olmaq fikri də yoxdur. Amma Fikrət Rzayevdən asılı olmayan bir qüvvə onun içindədir. O qüvvə baxmır ki, Fikrət Rzayevin elmi titulu, yaxud da şairlik mandatı yoxdur. Bildiyimə görə, Fikrət Rzayev ixtisasca mühəndisdir. Əlbəttə, müəyyən konstruksiyaları qurub-yaratmaqda daha mahirdir. Buna baxmayaraq, o, ömrünün bu müdrik çağında çox güman ki, ilahi qüvvənin ona dediklərini yazmağa çalışır. Bəlkə belə demək də dəqiq olmur. Amma dəqiq olanı budur ki, Fikrət Rzayevin 600 səhifəlik əlyazması fonemlərə və sözlərin mənalarının çözülməsinə həsr olunmuşdur. Onun bu tədqiqatının nəticələri “İslamın səsi” qəzetində və N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində çap olunmuş “Dil məsələlərinə aid tematik toplu (№ 2, 1995), “Filologiya məsələlərinə aid tematik toplu” (№ 2, 1996 ) məcmuələrində işıq üzü görmüşdür. Fikrət Rzayevin araşdırmalarının nəticəsi belədir: sözdə sait və samit fonemlərin vəzifələri vardır. Onların vəzifələri bir deyil, bir neçədir. Onun fikrincə, fonemlərin vəzifələrindən asılı olaraq, müxtəlif dillər yaranmışdır. Fikrət Rzayev müxtəlif quruluşlu dillərin yaranma səbəblərindən biri kimi samit və saitlərin yerinə yetirdiyi funksiyalara daha ciddi yanaşmışdır. Ümumiyyətlə, müxtəlif dillərin yaranması ilə bağlı nəzəri fikirlər bu problemin tam həllinə indi də nail ola bilməmişdir. Fikrət Rzayevin konsepsiyası isə problemin həlli işinə yeni ruh gətirmişdir. Təkcə Azərbaycan dilçiliyini deyil, həm də dünya dilçiliyini bu sahə ilə bağlı bir daha düşünməyə vadar etmişdir. Mənə belə gəlir ki, Fikrət Rzayevin fikir və düşüncələrinin, o cümlədən 600 səhifəlik əlyazmasının Azərbaycanda və onun hüdudlarından kənarda tanınması üçün hərtərəfli qayğıya ehtiyacı vardır.

    Fikrət Rzayevin araşdırmalarının nəticəsini qavramaq o qədər də asan deyildir. Hər şeydən əvvəl, onun 600 səhifəlik əlyazması nə roman, nə də dastan deyildir ki, onu üç-beş günə oxuyub qurtarasan. Belə ki, 600 səhifəlik işi oxumaq azdır, onu dərk etmək, başa düşmək, hər fikrin üzərində dayanmaq və heç olmazsa, düşünmək lazımdır. Məhz buna görə də Fikrət Rzayev araşdırmalarında müəyyən hissələri sadələşdirərək onu nəzmə çəkmişdir. Oxucu üçün asan olsun deyə, belə bir yolu seçmişdir. Səkkiz ilə yazdığı 600 səhifəlik əlyazmanı çap etdirə bilmədiyi üçün üzərində iki ay işlədikdən sonra 1998-ci ildə ADPU-də nəşr edilən “Sözün sirri-səsin sirri” kitabını ərsəyə gətirmişdi. Siz elə fikirləşməyin ki, kitab şeir kitabıdır, ya da onun müəllifi şairdir. Yox, bu, belə deyildir. Ona görə hər bir oxucunun şairə və şeirə olan ən adi və ciddi tələbləri Fikrət Rzayevə aid deyildir. Ona görə ki, Fikrət Rzayev öz tədqiqatının nəticəsini nəzmə çəkməyi qarşısına məqsəd qoymamışdır. Sadəcə olaraq, bir priyom kimi bu yola əl atmışdır. Buna nə dərəcədə nail olması isə oxucuların ixtiyarına verilmişdir. Bircə onun xatirinə ki, təki oxucu qafiyəyə, ölçüyə yox, fikrə, düşüncəyə üstünlük versin, müəllifi başa düşməyə çalışsın. Mənə belə gəlir ki, Fikrət Rzayevin əldə etdiyi nəticələr sərhədsizdir. Belə olan təqdirdə onlar ölçüyə, bölgüyə, qafiyəyə sığışmır, yerləşmir.

    “Sözün sirri-səsin sirri” kitabı oxuculara müraciətlə başlayır. Müəllif öz oxucusundan xahiş edir ki, kitabı oxuyan zaman diqqətli olsun. Kitab “Giriş”, “Saitlərin məna əmələgətirici əlamət və vəzifələri”, “Samitlərin məna əmələgətirici məna və vəzifələri”, “Şəkilçilər barəsində bir neçə söz”, “Nəticə”, “Əlavələr”, “İzahlı lüğət” hissələrindən ibarətdir. Bundan başqa, müəllif kitabda bir çox dilçilərə dərin təşəkkürünü bildirir və onların adlarını sadalayır.

    Mən az-çox Fikrət Rzayevin tədqiqatına bələd olan insan kimi oxuculara bir neçə arzu və istəyimi söyləməyi borc bilirəm. Birincisi, bur kitab bütün oxucular üçün nəzərdə tutulmamışdır. İkincisi, səbri olmayan, düşünməyi bacarmayan, yeniliyi qəbul etməyən hər hansı oxucu kitabı əlinə götürməsə, onun üçün daha rahat və yaxşı olar. Üçüncüsü, bu kitab yorğun olanlar üçün deyil, oxuyub yorulmaq istəyənlər üçündür. Dördüncüsü, dilçilik savadı olmayanlar bu kitabla üz-üzə dayansalar, öz vaxtlarını itirmiş olarlar. Beşincisi, bu kitab təbiəti, cəmiyyəti, dili, sözü, adət-ənənəni sevməyənlər üçün nəzrdə tutulmamışdır.
    Mən kitabın oxucularına can sağlığı, onun müəllifinə isə uğurlar arzulayıram.

 

Buludxan Xəlilov,
filologiya elmləri namizədi, dosent 
1998-ci ildə N.Tusi adına ADPU-nun nəşr etdiyi “Sözün sirri-səsin sirri” kitabından

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.