Görkəmli ziyalı (Eynəli bəy Sultanovun 150 illik yubileyi münasibətilə)

Print Friendly, PDF & Email

XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ədəbi, mədəni fikrinin tanınmış simalarından biri olan, görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Eynəli bəy Sultanov (1866-1935) geniş və hərtərəfli fəaliyyəti ilə xalqı maarif və mədəniyyətə, tərəqqiyə, elmə, sənətə səsləmiş, fədakar həyat və fəaliyyəti ilə yaddaşlarda  qalaraq, qəlblərdə yaşamışdır.

     Böyük yazıçı-publisist və pedaqoq, görkəmli ziyalı  “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında”  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı  sərəncam bu böyük şəxsiyyətə, dəyərli insana dövlət  diqqət və qayğısının

 bariz nümunəsidir. Bu sərəncam ədəbi, mədəni, elmi  pedaqoji ictimaiyyəti, elm və sənət  adamlarını  Eynəli bəy Sultanovun həyat və fəaliyyətini bir  daha dərindən və hərtərəfli  öyrənməyə, tədqiq  edib  araşdırmağa, onu  daha geniş tanıtmağa sövq  edir.

      AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən hazırlanmış akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə nəşr  edilmiş  “Eynəli bəy Sultanov: taleyi və sənəti” adlı dəyərli  kitabda (Rəyçi akademik İsmayıl Hacıyev, redaktor elmi işçi Elxan Yurdoğlu) Eynəli bəy Sultanovun maraqlı, məzmunlu, xalqa xidmətlə dolu həyat və fəaliyyətindən  danışılır, çoxcəhətli və geniş yaradıcılıq işlərindən, Naxçıvanın maarifçi mühitinin formalaşmasında göstərdiyi xidmətlərindən ətraflı məlumat verilir. Bu kitab görkəmli ziyalının həyat və fəaliyyətini daha ətraflı öyrənmək, bu barədə yeni məlumatlarla tanış olmaq  baxımından  çox  faydalı və əhəmiyyətlidir. Xüsusilə onun Naxçıvandakı həyat və fəaliyyəti, İrəvandakı təhsil illəri, Tiflisdə, Qarsda əmək fəaliyyəti haqqında  dəyərli, yeni məlumatlar verilmişdir.

Qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq, folklor və digər  şöbələri, Eynəli bəy  Sultanovun müxtəlif fəaliyyət  sahələri ilə bağlı davamlı araşdırmalar  aparır .

          Məlum olduğu kimi Eynəli bəy Sultanov geniş ədəbi, pedaqoji, publisistik fəaliyyəti ilə yanaşı, həm də folklorumuzun mahir  bilicilərindən  olmuş, Naxçıvan folklorunun toplanmasında, yayılmasında  böyük əmək sərf  etmişdir.Görkəmli ədib folklor toplayıcısı kimi  1886-1890-cı illərdə – 4 il müddətində İrəvan quberniyasını və Naxçıvan diyarını dolaşaraq 3 mindən çox atalar sözü və zərbül -məsəllər, əfsanə və rəvayətlər, Şəbeh xalq tamaşaları, aşıq yaradıcılığı nümunələri toplamışdır. Topladığı folklor materiallarının bir çoxunu 20 məktub vasitəsilə Firudin bəy Köçərliyə göndərmişdir. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin hazırladığı 3 cildlik “Naxçıvan folklor  Antologiyası”na  daxil olmuş folklor nümunələrinin, folklor  mətnlərinin bir  çoxu  heç şübhəsiz böyük ədib, folklorşünas Eynəli bəy Sultanovun xidmətlərindən,  onun fədakar əməyindən yadigar  qalmışdır.

     Xalq yaradıcılığının, folklor poetikasının təsiri ədəbin  ana dilində yazdığı əsərlərdə daha aydın nəzərə çarpır. Onun etnoqrafik çalarlarla zəngin olan və xalqımızın ən sevimli bayramlarından birinə həsr edilən “Novruz” məqaləsi elə səmimi tərzdə qələmə alınmışdı ki, yazını oxuduqca dəstə ilə küçələri gəzən təzə paltarlı uşaqlar, cıdıra  yollanan, tonqal üstündən tullanan gənclər, papaq atan, yumurta döyüşdürən, xalq oyunları oynayan cavanlar, nəğmə oxuyan, qulaq falına çıxan qızlar, səhər erkəndən təzə yaylıq bağlayaraq bulaq başına gedən qız -gəlinlər, nişanlıların xonça bəzəmələri, şam yandırmaları, evlərdə yeddi ləvin bayram süfrələri, ətirli plov süfrəsi ətrafına toplanmış mehriban ailələr, evlərdə göyərdilən səmənilər, bir- bir göz önündən gəlib keçirlər.       

     E.Sultanov evində teatr tamaşaları təşkil etmiş və özünün yazdığı   “Tatarka” (“Azərbaycan qadını”. Əsər bəzi mənbələrdə “Sənəm” adı ilə də işlədilmişdir) adlı tamaşa ilə ev şəraitində ilk tamaşa  göstərmiş, əsərin baş qəhrəmanı Sənəm obrazını da gənc müəllifin özü oynamışdır. Bu tamaşa qadının ictimai mövqeyi, hüquqları, ailə – məişət həyatı məsələlərinə həsr olunmuşdu ki, o dövr üçün bu çox mühüm və mütərəqqi hadisə idi. C.Məmmədquluzadə “Xatirələr”ində yazırdı ki, ilk dəfə qadın hüquqlarını müdafiə edən Eynəli yoldaşımız olmuşdur.            

         Mənbələrdə 1872-1880-ci illərdə Eynəli bəy  Sultanovun “Naxçıvan qəza məktəbində” ilk təhsil aldığı göstərilir. Qeyd  edək ki, Naxçıvanda Qəza  məktəblərinin əsası 1837-ci ildə  qoyulmuşdur.Bu məktəbin təşəbüsçüsü Ehsan xan Kəngərli olmuşdur. Qəza məktəbləri 3 sinifli  rus məktəbləri olmaqla,  bunlardan birincisi hazırlıq sinfi hesab edilirdi. Naxçıvanda qəza məktəbinin təşkili ilə əlaqədar olaraq burada  ilk məktəb kitabxanasının yaradılmasının da əsası qoyulmuşdu. Bu məktəb kitabxanasına  Azərbaycan və rus dillərində tədris vəsaiti, dərslik, müxtəlif qəzet və jurnal nüsxələri toplanmışdı. Naxçıvan qəza məktəbinə latın dili daxil edilmişdi ki, bu da onun məsafəcə  İrəvana yaxınlığı, orada təkcə latın dilinin tədris edildiyi yarımklassik progimnaziyanın  mövcud olması ilə əlaqədar idi.

       Qəza məktəbinin yetirmələrindən biri  də Cəlil Məmmədquluzadə olmuşdur. Onlar burada müxtəlif vaxtlarda təhsil alsalar da əqidə dostları olmuşlar.  Cəlil Məmmədquluzadə “Xatirələr”ində onun haqqında belə deyirdi: “O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan da məni maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Təbii ki, böyük sənətkarın təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət payı da olmamış deyildir…Naxçıvan qəza məktəblərinin əsas məqsədi yüksək  təbəqəyə mənsub  uşaqların rus dilində ibtidai savadını təmin etmək və şagirdləri Tiflis və İrəvan gimnaziyalarında təhsillərini davam etdirməyə hazırlamaqdan ibarət idi.

      Eynəli bəy Sultanov da İ.Həbibbəylinin qeydinə görə 1880-1886- cı illərdə İrəvan Kişi gimnaziyasında təhsil almış və buradan məzun olmuşdur.  O burada – İrəvan Kişi  Gimnaziyasında 30 ilə qədər Azərbaycan dili müəllimi kimi  çalışmış Mirzə Ələkbər Elxanovdan dərs almışdır.M.Ə. Elxanov şəhərdəki Şah Abbas məscidi nəzdindəki mədrəsədə mükəmməl təhsil almışdır. Onun səs üsulu həm pansionda, həm də gimnaziyada fars dilindən dərs deməsi, tələbkar bir müəllim kimi şagirdlərinin rəğbətini qazanması, “Razi” təxəllüsü ilə ədəbi-bədii cəhətdən dolğun məzmunlu şeirlər yazması onu daha da məşhurlaşdırmışdır.

      E.Sultanov sonuncu tədris ilində isə Qori Müəllimlər Seminariyasının məzunu olmuş görkəmli pedaqoq Firudin bəy Köçərlidən (1863-1920) dərs almışdır. O burada 10 il – 1885-1895-ci illərdə  gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüs­nxət müəllimi kimi fəaliyyət göstərmişdir(Kavkazskiy Kalendar, 1890, səh.,163.). 

       Yeri gəlmişkən qeyd  edək ki, İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdixan İrəvanski, məşhur  alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. işləmiş Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinskiqardaşları Almaniyanın Leypsiq Universitetində sonralar təhsillərini davam etdirmişdilər. Akademik Heydər Hüseynov, böyük bəstəkarımız Səid Rüstəmov, görkəmli elm xadimi və ictimai xadim Həsən SeyidovHüseyn ŞahtaxtinskiMirhəsən Mirbababayev,  Əbdülhəmid Qənizadə ilk təhsillərini İrəvan Kişi Gimnaziyasında almışlar.

      Əməkdar  Elm Xadimi Əziz Şərif də burada  hazırlıq mərhələsi keçmiş, sonra da İrəvan Kişi Gimnaziyasında təhsilini  davam etdirmişdir.        

            Eynəli bəy Sultanova 1886-cı il, 5 iyun gimnaziyanın pedaqoji şurasını qərarı ilə 538 saylı müəllimlik hüququ verən Şəhadətnamə təqdim edilmişdir. Gimnaziyanı bitirdikdən sonra Eynəli bəy 1886-1891-ci illərdə fasilələrlə Naxçıvanda yaşamış, Qarsda “Mühüm işlər üzrə məmur”  vəzifəsində çalışmışdır. 

        Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə Eynəli bəy Sultanov həmişə fərqlənirdi. Eynəli bəy Sultanov hələ 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil etmiş, qabaqcıl adamlarla, savadlı, yaradıcı gənclərlə, məsləkdaşlarla əlaqə saxlayırdı.Eynəli bəy Sultanovun təşkilatçılığı və rəhbərliyi altında “Ziyalılar cəmiyyəti”ndə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi müzakirələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi.

            Hələ gimnaziyanın şagirdi ikən – 1883-cü ildə -17 yaşında ikən Naxçıvanda “Müsəlman Dram İncəsənət Cəmiyyəti” kimi ədəbi mədəni mərkəz yaratmaqla həmyerlilərinin maariflənməsinə çalışmışdır.Hətta bir müddət sonra həmin mərkəzlərdə birgə fəaliyyət göstərdiyi ziyalı dostları Cəlil Məmmədquluzadə, Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Mirzə Cəlil Mirzəyev(Şürbi), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifzadə və başqaları ilə birlikdə“Naxçıvanda “Üsuli-cədid” məktəbi və kitabxana açdırmağa nail olmuşdur. 1892-ci ildə o,  Naxçıvanda yaxın dostu Əsəd ağa Kəngərli ilə birlikdə ilk mətbəə təşkil edərək burada müxtəlif məzmunlu çap  məhsulları hazırlamış, bəyannamələr çap etdirmişdir.

       XIX əsrin səksəninci illərindən başlayaraq dövrünün mətbuat orqanları ilə əməkdaşlığa başlayan E.Sultanov bir çox qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edir və ictimaiyyət arasında qələmli publisist kimi tanınırdı. Məhz qələminin kəsərli olmasının nəticəsi idi ki, 1905-1908-ci illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvandakı xüsusi müxbiri vəzifəsi ona həvalə edilmişdi. İrəvanda olarkən 10 il müddətinə hüquq sistemində müxtəlif vəzifələr daşıması artıq E.Sultanovu bir hüquqşünas kimi də yetişməsinə səbəb olmuşdur. Buna görə də 1906-cı ildən etibarən İrəvan Dairə məhkəməsi prokurorunun Naxçıvan mahalı üzrə köməkçi vəzifəsini də daşımışdır. Hətta 1907-ci ildə Dövlət Dumasına deputat seçilmişdir.

      O, Tiflisdə yaşayarkən pedaqoji fəaliyyətlə də məşğul olmuş, belə ki, 1912 -ci ildən 1916 -cı ilə qədər Tiflis Birinci Qadın Gimnaziyasında rus dili müəllimi, 1917-ci ildən isə ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışmışdır. O latın əlifbasına keçmək uğrunda ardıcıl səy göstərmiş, Yeni Əlifba Tiflis şöbəsinin katibi vəzifəsini daşımışdır.

      Ömrünü xalqının maariflənməsinə, tərəqqisinə həsr edən, humanizm ideyaları təbliğ edən, qadın azadlığı, dini fanatizmin aradan qaldırılması və yeni əlifba uğrunda mübarizə aparan Eynəli bəy Sultanovun bütünlüklə həyatı, fəaliyyəti, yaradıcılıq irsi vətənə, xalqına, millətinə həsr edilmişdir. O, deyirdi: “Səni sevirəm, mənim xalqım! Bütün varlığım, bütün ürəyim, ürəyimin bütün çırpıntıları ilə sevirəm. Bütün bəşəriyyətə bəslədiyim məhəbbətlə sevirəm. Böyük bəşər  ailəsinin  üzvü kimi sevirəm”! 

Əkrəm Hüseynzadə  AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun baş elmi işçisi,

filologiya üzrə  fəlsəfədoktoru. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.