Gəmiqaya abidələri Naxçıvanın qədim tarixi mənbələridir.

Print Friendly, PDF & Email

…Gəmiqaya qayaüstü rəsmləri qədim Naxçıvanın tunc və ilk dəmir dövrü əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli tarixi mənbələrdir.

Qədim Naxçıvanda miladdan əvvəl IV-I minilliklərdə incəsənətin əsas növlərindən biri sayılan təsviri sənət geniş inkişaf tapmış, qayaların, bədii keramikanın və tunc məmulatların, eləcə də müxtəlif minerallardan hazırlanan bəzək əşyalarının üzərində həyatla bağlı olan, real və simvolik məna kəsb edən maraqlı rəsmlər, işarələr, damğalar həkk edilmişdir. İbtidai təsviri sənətin inkişafı ilkin yazı mədəniyyəti nümunələrinin – piktoqrafik mətnlərin yaranmasına gətirib çıxarmışdır…

…Gəmiqaya özünün adı, ecazgar gözəlliyi, uzaq qərinələrdən bəri, minillər boyu haqqında söylənilən mifləri, yalçın qayalı yamaclarında qoruyub saxladığı zəngin tarixi abidələri, «yazılı» daş salnamələri ilə bizi Azərbaycan xalqının milli mənəvi dünyasının ulu yaddaş çağlarına aparıb çıxarır. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olmuşdur…

 

 Naxçıvanın ilkin sivilizasiya mərkəzləri e.ə. IV-I minilliklərdə yüksək səviyyədə təkamül tapmış, Yaxın Şərq və Ön Asiya ölkələri ilə qarşılıqlı iqtisadi, mədəni əlaqələr yaratmışdır. Məhz bu tarixi mərhələdə qədim Azərbaycanın Urmiya, Naxçıvan və Qarabağ regionlarında güclü tayfa ittifaqları – ilkin şəhər dövlət qurumları yaranmışdır.

           Qədim Naxçıvan əhalisi arasında mənəvi mədəniyyətin müxtəlif sahələri ilə yanaşı incəsənət və piktoqrafik «yazı» mədəniyyəti də inkişaf tapmışdır. Bu baxımdan Gəmiqaya petroqlifləri, qayaüstü təsvirləri və piktoqrafik «yazı» nümunələri qədim Naxçıvanın mədəniyyət tarixini öyrənmək üçün çox dəyərli qaynaqlardır.

Gəmiqayada 1968-1990-cı illərdə apardığım arxeoloci tədqiqalar nəticəsində yurd yerləri, müxtəlif siklopik tikintilər, qəbir abidələri, ibadətgahlar, qayaüstü təsvirlər qeydə alınmışdır. Lakin Gəmiqaya abidələri zəngin tarixi xəzinəyə malik olduğundan burada daha geniş planda arxeoloci tədqiqatlar aparılmasına çox böyük ehtiyac vardı.

Azərbaycanın maddi və mənəvi mədəniyyətini dərindən bilən Heydər Əliyev Naxçıvanın maddi-mədəniyyətinin, xüsusilə Gəmiqaya abidələrinin ümumibəşəri dəyərlərini və xalqımızın tarixinin öyrənilməsi üçün böyük elmi əhəmiyyətini yüksək qiymətləndirərək 2001-ci ildə MR-nın ərazisində geniş arxeoloci tədqiqatlar aparılmasını çox vacib bir vəzifə olaraq qarşıya qoydu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov «Ordubad rayonundakı Gəmiqaya abidələrinin tədqiq edilməsi haqqında» 2001-ci il 26 aprel tarixli sərəncamı verdi və lazımi işləri görülməsi üçün şərait yaradıldı. Azərbaycan Milli Elmlər Akademiyası-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun  əməkdaşları  Gəmiqayada

və  Muxtar  Respublikanın  ərazisində  geniş arxeoloji  tədqiqatlar aparmağa başladı.

Gəmiqaya petroqlifləri və onlarla bilavasitə bağlı olan dağətəyi düzən ərazilərinin e.ə. IV-I minilliklərə aid olan tunc, ilk dəmir və antik dövrü abidələrinin daha geniş planda tədqiqi erməni tarixçilərinin Naxçıvanla bağlı saxtakarlığını bir daha üzə çıxarıb onların bu qədim Azərbaycan diyarına ərazi iddiasını ifşa etməyə imkan verir.

Azərbaycan tarixinin problem məsələlərini daim diqqət mərkəzində saxlayan, əbədi öndərimiz Heydər Əliyevin xüsusi tövsiyyəsi sayəsində 2001-2003-cü illərdə Gəmiqayada, onun ətraf ərazilərində geniş planda arxeoloji, etnoqrafik, toponimik, folklor tədqiqatları aparılmış və milli mənəvi dəyərlərimizin tarixi köklərini araşdırmaq üçün çox əhəmiyyətli yeni materiallar toplanmışdır.

Qayaüstü rəsmlər-petroqliflər qədim incəsənətin yaranması və təkamülü kimi mühüm elmi problem məsələlərin öyrənilməsi üçün əsas mənbələrdir. Qədim insanların sosial həyat tərzi, ideologiyası, müxtəlif adət-ənənələri, estetik və fəlsəfi baxışları ilə əlaqədar yaranmış qayaüstü rəsmlər, qiymətli təsviri sənət əsərləri olmaqla yanaşı, bir növ bəşəriyyətin ilkin inkişaf mərhələlərini əks etdirən sirli piktoqrafik yazılardır. Dünyanın əksər ərazilərində mövcud olan petroqliflər arxeoloqları, sənətşünasları və linqvist tədqiqatçıları ən çox maraqlandıran abidələrdir.

Qayaüstü rəsmlərə Avropa və Asiyada geniş miqyasda Qafqazda, Ön Asiyada (Anadoluda), İranda (Qaradağda), Uralda, Sibirdə, Altayda, Kareliyada, Ağ dəniz, Oneqa gölünün sahillərində və dünyanın bir çox ərazilərində məlumdur.

Cənubi Qafqaz, Anadolu, Şimali Qafqaz qayaüstü rəsmləri Orta Asiya, Sibir petroqlifləri ilə müəyyən cəhətlərdən oxşarlıq təşkil etsə də, özünəməxsus xüsusiyyətləri vardır. Cənubi Qafqazda qayaüstü rəsmlər əsasən Azərbaycanda – Qobustanda, Abşeronda, Kəlbəcər, Sünik, Ordubad və Gəmiqaya yaylaqlarındadır.

Gilançayın yuxarı axını boyunca – Gilankənd, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs kəndləri ərazisində e.ə. IV-I minilliklərə və orta əsrlər dövrünə aid yaşayış yerləri, qalalar, istehkamlar və s. abidələr vardır. Bu maddi-mədəniyyət abidələri Gəmiqaya petroqlifləri ilə bilavasitə bağlıdır.

Gəmiqayanın cənub, qərb  və şərq yamaclarında, dəniz  səviyyəsindən 3500-3700 m hündürlükdə  yerləşən  Qaranquş, Nəbi yurdu, Qız-gəlin çuxuru, Camışölən, Dəlibulaq yaylaqları və Ayıdərəsindəki alp çəmənlikləri çox qədim zamanlardan Naxçıvanın, əsasən Gilançay və Əlincəçay vadilərində yaşamış ibtidai insanların ov məskənləri və yaylaqları olmuşdur.

Yeni arxeoloji tədqiqatlar nəticəsində Qaranquş və Nəbiyurdu yaylaqlarında mövsümi məskunlaşan tunc və ilk dəmir dövrü maldar ailələrin dairəvi plana malik yurd-dəyə yerləri, siklopik tipli istehkamlar, qalaçalar, dəfn abidələri və qayaüstü təsvirlər aşkara çıxarıldı. Yaşayış tikintilərinin (diametri 5-12 m), qalaçaların divarları iri və orta həcmli qaya parçalarından qurulmuşdur.

Dairəvi planlı yaşayış tikintilərində və kurqan tipli abidələrdə arxeoloji qazıntılar aparılmış, gil və daş məmulatları, obsidian qəlpələri əldə edilmişdir. Nəbi yurdundakı qalaçaların yaxınlığından e.ə. IV-III minilliklərə aid gil qab nümunələri tapılmışdır. Belə keramika məmulatı e.ə. IV-III minilliklərdə Naxçıvanın düzən ərazisində yaşayan oturaq əkinçi və maldar tayfalarının məişətində geniş istifadə olunmuşdur.

Qayaüstü rəsmlər əsasən həmin yurd yerlərinin və qalaçaların ətrafındakı qayalar üzərindədir. Gəmiqayada sərt qranit, bazalt cinsli qayalar üzərində adam, keçi, maral, it, at, öküz, bəbir, quş təsvirləri və müxtəlif şərti işarələr həkk olunmuşdur. Bu qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri təşkil edir. Bir qayda olaraq, heyvan rəsmləri tək-tək, qoşa, sürü halında və kompozisiyalı səhnələrdə təsvir olunmuşdur. Onların böyük əksəriyyəti keçi rəsmləridir.

Təsviri sənətin inkişafı ilkin yazı nümunələrinin, piktoqrafik mətnlərin yaranmasına gətirib çıxarmışdır. Odur ki, istər Gəmiqaya rəsmləri, istərsə də Naxçıvanın tunc dövrü bədii keramikası və silindrik möhürlər üzərindəki mürəkkəb sücetli rəsmlər-işarələr qədim tayfaların həyatı ilə bağlı maraqlı məzmuna malik piktoqrafik yazılardır.

Gəmiqaya təsvirlərinin piktoqrafik işarələrinin Qədim Mesopotomiya, Anadolu, Qaradağ (İran, Leyləcan, Ərəsbaran bölgələri) pikto-qrafik mətnləri ilə müqayisəli tədqiqi Naxçıvanın, bütövlükdə Azərbaycanın Yaxın Şərq və Ön Asiya ilə qədim iqtisadi, mədəni əlaqələri tarixinin öyrənilməsi üçün çox dəyərli elmi imkanlar yaradacaq.

Gəmiqaya qədim  Naxçıvanda ilkin tayfa birliklərinin, dövlətçilikmünasibətlərinin  yaranmağa başladığı dövrdə vahid dini  inam  mərkəzi         olmuşdur.

Gəmiqaya petroqlifləri, piktoqrafik «yazılar» Azərbaycanın, eləcə də Qafqazın qədim maddi mədəniyyət abidələri silsiləsində öz orijinallığı və elmi dəyəri ilə seçilir. Kiçik Qafqazın müxtəlif alp çəmənliklərində yayılmış qayaüstü petroqliflər, Zəngəzur silsiləsinin Gəmiqaya yaylaqlarındakı qayaüstü təsvirlərlə etnik mənsubiyyət baxımından bir vəhdət təşkil edir. Gəmiqaya, Sünik, Kəlbəcər petroqlif mədəniyyətin bir tərəfdən Xəzər sahilindəki Qobustan, Şimali Qafqaz, digər tərəfdən Ön Asiyada Şərqi Anadolu və Cənubi Azərbaycanda Qaradağ qayaüstü təsvirləri ilə sıx bağlılığı, bu geniş ərazilərdə türk mənşəli qədim tayfa birliklərinin yaşadığını göstərir.

Gəmiqaya petroqlifləri Naxçıvanın digər tunc dövrü incəsənət abidələri ilə qırılmaz tellərlə bağlıdır. Gəmiqaya petroqliflərinin elmi əhəmiyyətini daha aydın görmək üçün, hər şeydən əvvəl onları Naxçıvanın qədim yaşayış yerlərindən və qəbir abidələrindən aşkara çıxarılmış üzəri təsvirli daşlarla, bədii tərtibatlı keramika və tunc bəzək nümunələri ilə bir kompleks şəklində tədqiq etmək lazımdır. Məhz belə müqayisəli elmi təhlil aparmaqla, Gəmiqaya incəsənət abidələrinin dövrünü, buradakı piktoqrafik «yazıların» semantik məzmunlarını müəyyənləşdirmək mümkün olur. Naxçıvanın Kür-Araz mədəniyyəti (e.ə. IV-III minilliklər) keramikasının piktoqrafik işarələri, zoomorf və antropomorf fiqurları və boyalı qablar mədəniyyəti (e.ə. XXII-IX əsrlər) abidələrinin bədii tərtibatlı gil qablarının rəngarəng naxışları əsasında, Gəmiqaya təsvirlərinin, piktoqrafik işarələrinin dövrünü və etnik mənsubiyyətini müəyyənləşdirmək mümkün olmuşdur.

Tunc dövründə Azərbaycanın bir sıra sənətkarlıq mərkəzlərində, eləcə də Naxçıvan diyarında dulusçuluq və metalişləmə yüksək səviyyədə inkişaf tapmışdır. Bədii tərtibatlı gil qabların geniş istehsalı Naxçıvan dulusçuluq sənəti üçün xüsusilə səciyyəvidir.

Naxçıvanın tunc dövrü gil məmulatı məişətdə müxtəlif məqsədlər üçün istifadə olunmasına baxmayaraq, əksəriyyətinin üzəri bədii cəhətdən gözəl tərtibatda naxışlanmışdır. Təsərrüfat küpləri, qazan və çölmək tipli mətbəx qablarının da üzəri müxtəlif motivlərdə bəzədilmişdir. Sadə gil məmulatlarının üzəri basma, çərtmə, cızma və yapma üsulları ilə, dairəvi batıqlarla, dalğavari xətlərlə, bucaq, üçbucaq və romblarla naxışlanmışdır. Qədim sənətkarlar belə həndəsi motivli işarələrlə, aypara və  öküz  başı  formalı yapma  nişanlarla  göy  cismlərini,müqəddəs sayıb inam bəslədikləri dağları, çayları və s. əks etdirməyə çalışmışlar.

Gəmiqaya petroqlifləri içərisindəki bir sıra işarələr Naxçıvanın ilk tunc dövrü yaşayış yerlərindən əldə edilmiş, Kür-Araz arxeoloci mədəniyyəti üçün səciyyəvi keramika məmulatları üzərindəki müxtəlif işarələrlə yaxın oxşarlıq təşkil edir. Maxta, İkinci Kültəpə qədim yaşayış yerlərinin ilk tunc dövrünə aid mədəni təbəqəsindən tapılmış boz, qara, çəhrayı rəngli gil qabların üzərindəki lövbərvari, «s» şəkilli, spiral formalı, dairəvi və s. müxtəlif motivli simvolik işarələrin yaxın analogiyasına Gəmiqayada müxtəlif qayalar üzərində rast gəlinir.

Gəmiqayada Kür-Araz mədəniyyəti üçün səciyyəvi gil qab nümunələrinin tapılması bu qədim mədəni bağlılığı bir daha sübut edir.

Gəmiqaya təsvirlərinin piktoqramlarının tarixi yeri və əhəmiy-yəti məhz Naxçıvanın tunc dövrü abidələri xronoloji çərçivəsində müəyyənləşdirilir. Belə kompleks elmi təhlil Naxçıvanın, eləcə də bütövlükdə Azərbaycanın tunc dövrü incəsənətinin inkişaf mərhələlərini ardıcıl şəkildə izləməyə imkan verir.

Arxeoloji tədqiqatlar göstərir ki, Gəmiqaya petroqlifləri xronoloci cəhətdən Naxçıvanın tunc dövrü mədəniyyətinin bütün mərhələlərini əhatə edir. Buradakı qayaüstü təsvirlərin, piktoqrafik işarələrin müəyyən qrupu e.ə. IV-III minilliklərə aiddir.

Gəmiqaya təsvirlərinin böyük əksəriyyəti Naxçıvanın orta tunc dövrü incəsənəti üçün səciyyəvidir. Bu dövrdə incəsənətin yüksək səviyyədə inkişaf tapmasını dulusçuluq məmulatlarında daha yaxşı izləmək olur.

E.ə. XXII-XV əsrlərdə Urmiya, Naxçıvan və Qarabağ dulusçuluq sənətində bədii tərtibatlı sadə və boyalı qablar istehsalı geniş yayılmışdır. Əsl incəsənət nümunələri olan boyalı qabların bəzədilməsində ağ, qara, qırmızı, sarı və s. rənglərdən istifadə olun-muşdur.

İlkin şəhər mədəniyyətinin yaradıcıları olan qədim Naxçıvan sənətkarları rənglərin ahəngini çox yaxşı duymuş və onlardan yerli-yerində məharətlə istifadə etməklə, gil qablar üzərində müxtəlif sücetli naxışlar yaratmış, rəsmlər və işarələr çəkmişlər.

Gəmiqaya, Kəlbəcər, Sünik və Qobustan tunc dövrü qayaüstü rəsmləri kimi, bu dövrün sadə və boyalı qabları üzərində rəsmlər, əsasən sxematik şəkildə çəkilmişdir. Naxçıvanın, Urmiyanın və Mil-Qarabağın orta tunc dövrü (ilk mərhələ) monoxrom boyalı qablarının naxışları qırmızı fon üzərində qara rənglə, simmetrik ölçülərdə çəkilmişdir. Maraqlıdır ki, qabların naxışlanmasında həndəsi motivli rəsmlərlə (dalğalı, düz, sınıq xətlər, bucaq, üçbucaq, romb, dairə, trapesiya) yanaşı, keçi, maral, quş, adam təsvirləri də verilmişdir.

Bu cəhətdən Culfa rayonunun Nəhəcir, Şərur rayonunun Yaycı kəndi ərazisindəki kurqan və daş qutu tipli qəbir abidələrindən (e.ə. XXII-XVIII əsrlər) tapılmış monoxrom boyalı qablar diqqəti xüsusilə cəlb edir. Culfa rayonunun Nəhəcir kəndi ərazisindən əldə edilmiş monoxrom boyalı küpənin üzəri qırmızı rənglə örtülmüş, bu fonda qara rənglə, başına ip bağlanmış keçi və onu dartıb aparan adam təsvir olunmuşdur. Şərur rayonunun Yaycı kəndi ərazisindən tapılmış monoxrom boyalı kuzələrin üzərində quş, keçi, maral rəsmləri çəkilmişdir.

Nəhəcir və Yaycı monoxrom boyalı qabların üzərindəki heyvan, quş, adam rəsmləri motivinə, ölçülərinə və sxematikliyinə görə Gəmiqayanın bir qrup təsvirləri ilə eyniyyət təşkil edirlər.

Azərbaycanın orta tunc dövrü təsviri incəsənətinin müxtəlif məzmunlu gözəl nümunələri Naxçıvanın və Urmiyanın polixrom boyalı gil qabları üzərində də təsvir olunmuşdur.

Naxçıvanın orta tunc dövrünə aid (e.ə. II minilliyin ikinci yarısı) Qızılburun, Şahtaxtı, I Kültəpə, II Kültəpə və b. abidələrindən tapılan bir sıra polixrom boyalı qablar öz bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də Ön Asiya və Yaxın Şərqin nadir qədim incəsənət nümunələri sayıla bilər.

Qızılburundan tapılan bir neçə polixrom boyalı gil qablar ornamentlərinin rəngarəng sücetli olmaları ilə diqqəti, xüsusilə cəlb edir. Bu qabların gövdəsinin yuxarı hissəsi sarı və yaxud ağ rənglə, aşağı hissəsi isə qırmızı rənglə örtülmüşdür. Naxış açıq sarı rəngli fon üzərində qırmızı və qara rənglə çəkilmişdir. Onların boğazı, çiyin və gövdə hissəsi üfüqi istiqamətdə qara və qırmızı xətlərlə haşiyələnmiş, əsasən torlu dördbucaqlı və üçbucaqlı naxışlarla bəzədilmişdir.

Polixrom boyalarla naxışlanmış qablardan birinin üzərində üçbucaqların arasında qarşı-qarşıya durmuş iki adam rəsmi çəkilmişdir. Onlardan biri kişi, o biri isə qadına məxsusdur. Kişi rəsmi qara rənglə çəkilmiş, əynində qara rəngli arxalıq, belində qırmızı qurşaq, başında isə qırmızı papaq var. Bir qolunu dirsəkdən büküb yuxarı qaldırmış, əlində isə qırmızı yaylıq  tutulmuşdur. Digər qolunu  aşağı əyərək  əlindəki ucu üçbucaq formada olan aləti qarşısındakı qadına doğru uzatmışdır. Qadın qollarını yuxarı qaldıraraq, bir əlini kişiyə doğru uzatmışdır. Çiyinlərinin hər birində lələyi xatırladan üç çıxıntı var. Hər iki adam hərəkətdə, rəqs edən vəziyyətdə təsvir olunmuşlar. Bədənin, qolların və qıçların hərəkət dinamikası çox ifadəli şəkildə verilmişdir. Çox güman ki, bu simvolik təsvirdə nəsli artımla, həyatla bağlı olan çox maraqlı bir rəqs və yaxud ritual mərasim əks etdirilmişdir.

Qızılburun, I və II Kültəpə polixrom boyalı qabları üzərində həndəsi naxışlar arasında quş rəsmi də çəkilmişdir.

I Kültəpə qədim yaşayış yerindən tapılan matra tipli polixrom boyalı gil qab üzərində çəkilmiş altı şüalı ulduz və onun ətrafında bir istiqamətdə (sağa) uçan quş rəsmləri çox ehtimal ki, səma aləmilə bağlı simvolik məzmun daşıyır. Qədim rəssam iki sücetdən məharətlə istifadə edərək, sadə və gözəl tərtibata malik təsviri sənət əsəri yaratmışdır. Burada sanki günəşin daimi hərəkəti təsvir olunmuşdur. Göründüyü kimi, istər Gəmiqaya təsvirlərində, istərsə də boyalı qabların ornamentlərində günəşi və səmanı əks etdirən simvolik məzmunlu rəsmlərə müraciət olunmuşdur.

İkinci Kültəpə qədim yaşayış yerindən tapılmış polixrom boyalı qablar bəzəklərinin rəngarəngliyinə görə Azərbaycanın qədim dulusçuluq sənətinin nadir və orijinal nümunələridir. Bu qabların üzəri qara, qırmızı, qəhvəyi rənglərlə daha maraqlı kompozisiyalarla, həndəsi naxışlarla, qu quşları, durna, leylək, öküz, maral, atlı və adam rəsmləri ilə bəzədilmişdir. Bir qab qırığı üzərində qara rənglə iki adam rəsmi, şahmat damalarına oxşar (34-36 gözdən ibarət) naxış və qırmızı rənglə qu quşu təsvir olunmuşdur. Adamlar hərəkət vəziyyətində olub, biri qadın, digəri isə kişidir. Qarşıda gedən adam sol qolunu dirsəkdən büküb yuxarı qaldırmış, əlini geniş açaraq sanki arxasınca gedən ikinci adama ehtiyatla irəliləməyi işarə edir. Kişi rəsminin çiyinləri nisbətən enlidir, başına lələklərdən çələng qoyulmuşdur. Burada hər hansı bir iş dalınca gedən adamların təsvir olunduğu aydın görünür. Adam sağ əlində tutduğu aləti və yaxud silahı çiyninə qoymuşdur.

İkinci Kültəpə arxeoloji qazıntılarında əldə edilən müxtəlif heyvan və quş sümükləri burada yaşayan əhalinin təsərrüfat həyatından, məşğuliyyətindən  xəbər verir. Deməli, boyalı qabların bədii tərtibatında adam, heyvan və quş rəsmlərinin verilməsi təsədüfi deyil, əksinə insanların real həyat tərzi ilə bağlı olmuşdur. Gəmiqayadakı bir qurup heyvan və adam rəsmləri ilə II Kültəpə boyalı qabları üzərindəki rəsmlər süjet etibarilə bir-birinə çox oxşardır. Gəmiqaya təsvirləri içərisindəki adam rəsmlərinin müəyyən qismi çomaqla (dəyənəklə) silahlanmış vəziyyətdə təsvir edilmişdir.

II Kültəpədən tapılan polixrom boyalı qab üzərində maral qaçan vəziyyətdə təsvir olunmuşdur.

Gəmiqayadakı maral təsvirlərinin də bəziləri hərəkət edən vəziyyətdə təsvir olunmuşdur.

Şərur rayonunun aşağı Yaycı kəndi yaxınlığında, Arpaçayın sol sahilində yerləşən orta tunc dövrü nekropolunda açılmış daş qutu qəbirdən tunc maral fiquru tapılmışdır. Bu unikal sənət nümunəsi öz görünüşü etibarilə Qaranquş yaylağındakı dairəvi planlı, tikintinin hörgü daşlarından biri üzərində realist üslubda həkk olunmuş iri şaxəli buynuzlu maral rəsmi ilə tamamilə eyniyyət təşkil edir.

Maral buynuzlu qalıqları II Kültəpə yaşayış yerinin orta tunc dövrü təbəqəsindən külli miqdarda tapılmışdır.

Bütün bu dəlillər, Gəmiqaya maral təsvirlərinin bir qisminin e.ə. XX-XV əsrlərə aid olduğunu göstərir.

Son tunc və ilk dəmir dövründə Gəmiqayada maral rəsmləri sxematik şəkildə çəkilmişdir.

Naxçıvanda orta tunc dövründən etibarən bədii sənətkarlıq daha güclü və yüksək inkişaf etmişdir. Bu baxımdan, Şahtaxtı nekropolundan tapılan unikal polixrom boyalı küpəni xüsusi qeyd etmək lazımdır. Həmin küpənin üzəri qara və qırmızı rənglə çəkilmiş həndəsi motivli ornamentlərlə – üçbucaq və romb naxışlarla, günəş simvolu quş və heyvan rəsmləri ilə bəzədilmişdir. Real üslubda çəkilmiş buynuzları geri əyilmiş keçilərə vəhşi heyvanlar (canavarlar) və quşlar hücum edirlər. Qabın üzərindəki qulan və yaxud at rəsmləri xüsusi maraq doğurur. Məlumdur ki, belə rəsmlərə qədim qayaüstü təsvirlər arasında da rast gəlinir. Şahtaxtı boyalı qabı üzərindəki keçi və vəhşi heyvan rəsmləri motiv etibarilə Gəmiqaya rəsmlərilə eynidir.

Boyalı qabların naxışlarından və qayaüstü rəsmlərdən də görünür ki, tunc dövründə Naxçıvanda təsviri incəsənətdə quş, heyvan və adam rəsmlərinə əsas motivlər kimi tez-tez müraciət olunmuşdur. Bu dövrdə ilan rəsmi çəkmək təsviri incəsənətdə  yeni tətbiq olunurdu. İlan sadə və boyalı qabların naxışlarında, eləcə də qayaüstü rəsmlərdə şübhəsiz ki, simvolik bir  qüvvə  kimi  əks  etdirilmişdir. Gəmiqayadakı ilan  rəsmləri motiv etibarilə polixrom boyalı qablar (Qızılburun, Şahtaxtı, Naxçıvan nekropolları) üzərindəki ilan təsvirləri ilə oxşarlıq təşkil edir.

Naxçıvanın tunc dövrü incəsənət abidələrinə gözəl bədii tərtibatda hazırlanmış tunc məmulatı nümunələri (tunc bilərziklər, asmalar, sancaqlar və s.) əqiq və pasta muncuqlar da daxildir. Belə bəzək nümunələri Qarabağlar, Qızılburun, Şahtaxtı, Külüs və Kolanı nekropollarından əldə edilmişdir.

Gəmiqaya təsvirlərinin və saxsı qablarının naxışlarının bir qisminin qədim astral inamlarla bağlılığını Naxçıvanın bədii tərtibatlı tunc bəzək əşyaları (bilərziklər, asmalar və s.) üzərində də izləmək olur.  Astral motivli Gəmiqaya təsvirləri ilə eyni tarixi dövrə təsadüf edən, amulet kimi istifadə olunmuş asma tunc bəzəklər səma cismləri – (günəş, ay və s.) və quş fiquru formasında hazırlanmışdır. Gil qablarda olduğu kimi, tunc bəzəklərin və muncuqların üzəri həndəsi motivlərlə (düz, dalğalı, sınıq xətlərlə, bucaq, üçbucaq, romb, günəş rəsmi) bəzədilmişdir. Gəmiqaya təsvirlərinin Naxçıvanın tunc dövrü yaşayış yerlə-rindən və qəbir abidələrindən aşkar olunmuş üzəri təsvirli daşlarla bağlılığını xüsusilə qeyd etmək lazımdır.

İkinci Kültəpənin orta tunc dövrü (XX-XV əsrlər) təbəqəsindən aşkara çıxarılmış iri daşın üzərindəki düz xətlərin kəsişməsindən ibarət olan təsvirlər işlənmə texnikasına və motivinə görə Gəmiqayanın qarışıq xətli rəsmlərilə eyniyyət təşkil edirlər.

Şahbuz rayonunun Kolanı kəndi ərazisindəki son tunc və ilk dəmir dövrü qəbristanlığında bir daş qutu qəbirin yan hörgü daşları üzərində  həkk olunan atlı rəsmi (?) və müxtəlif şərti işarələr işlənmə xüsusiyyətlərinə görə Gəmiqaya təsvirləri ilə eyniyyət təşkil edir.

Gəmiqayadakı bir qrup keçi təsvirləri, tək-tək adam rəsmləri, eləcə də bəzi şərti işarələr həndəsi formalarda (birləşmiş üçbucaqlar, dördbucaqlı və s.) olub, Azərbaycanın son tunc və ilk dəmir dövrü incəsənəti üçün səciyyəvidir.

Bu faktlar bir daha sübut edir ki, Gəmiqaya təsvirləri Naxçıvanın Arazboyu dağətəyi və düzən ərazilərində yaşamış tunc dövrü qədim tayfalarının mədəniyyət abidələridir.

Göründüyü kimi, Naxçıvanın tunc dövrü yaşayış yerləri və qəbir abidələrindən  tapılmış  üzəri  təsvirli  daşlar,  bədii  tərtibatlı  keramika, tunc və pasta bəzək nümunələri Gəmiqaya təsvirlərinin xronoloji yerini müəyyənləşdirməkdə mühüm rol oynayır. Bu baxımdan Qobustanın, Şimali Qafqazın, Anadolununun qayaüstü rəsmləri ilə Gəmiqaya təsvirlərinin oxşarlığı xüsusilə maraqlıdır. Gəmiqayada olduğu kimi, həmin abidələrdə də qayaüstü təsvirlərin böyük əksəriyyəti kiçik həcmdə, sxematik şəkildə çəkilmiş, heyvan, adam, quş rəsmlərindən, astral və başqa məzmun kəsb edən şərti işarələrdən, damğalardan ibarətdir.

Gəmiqaya təsvirlərinin xronologiyasının müəyyənləşdirilməsində Qobustan abidələrinə müraciət xüsusi əhəmiyyət kəsb edir.

Qobustan qayaüstü təsvirlərinin xronologiyası çoxminillik tarixi, Mezolit, Neolit, Eneolit, Tunc və ilk Dəmir və orta əsrlər dövrü-nü əhatə edir. Bu təsviri incəsənət nümunələrinin xarakterik xüsusiyyətləri tədqiqatçılar tərəfindən (İ.M.Cəfərzadə, C.Rüstəmov, F.M.Muradova) səciyyələndirilmişdir. Qobustanın mezolit, neolit və eneolit dövrlərinin (e.ə. XIV-V minilliklər) qayaüstü təsvirləri əsasən iriölçülü olub, realist üslubda işlənmişdir. Bundan fərqli olaraq, tunc dövrü təsvirləri kiçik miqyasda və sxematik (siluet) şəkildə icra edilmişdir.

Qobustanda olduğu kimi, Gəmiqayada da tunc dövrü qayaüstü təsvirlərinin əksəriyyəti tək, qoşa və sürü halında sağ, sol istiqamətdə duran və hərəkət vəziyyətində göstərilən keçi rəsmləridir. Qobustan qədim yaşayış yerlərindəki tikinti daşları və Kurqan daşları üzərində keçi təsvirləri həkk edilmişdir.

Gəmiqayada tunc dövrü dairəvi planlı mövsümi yaşayış yerlərinin tək-tək hörgü daşlarının da üzərində keçi, maral, adam rəsmləri həkk olunmuşdur.

Gəmiqaya və Qobustanın tunc dövrü qayaüstü təsvirləri kiçik ölçüdə olub, döymə və sürtmə üsulu ilə çəkilmiş, müxtəlif heyvan (keçi, maral, öküz, at, it) və adam rəsmlərindən ibarətdir. Həm Qobustanda, həm də Gəmiqayada maraqlı kompozisiyalı rəqs və ov səhnələri təsvir olunmuşdur. Eyni tipli ov silahları – kaman və ox, dəyənək və kəmənd rəsmlərinə hər iki abidədə rast gəlinir.

Gəmiqaya və Qobustan tunc dövrü qayaüstü rəsmlərində Azər-baycanın qədim təsviri sənəti üçün səciyyəvi olan bir sıra xüsusiyyətlər əks etdirilmişdir.

Abidələrin müqayisəli tədqiqi göstərir ki, Gəmiqayada və eləcə də Kiçik Qafqazın digər regionlarında alp çəmənliklərində  qayalar  üzərində həkk olunmuş sxematik rəsmlərin (keçi, öküz, adam və s.) əksəriyyəti e.ə. IV-II minilliklərə aiddir. Həmin dövrlərdə Azərbaycanda maldarlığın intensiv inkişafı nəticəsində yarımköçəri maldarlıq inkişaf tapmış, Kür-Araz vadilərinin oturaq əkinçi-maldar tayfaları Kiçik Qafqazın alp çəmənliklərini mənimsəyib ona tam sahib olmuşlar.

Tunc dövründə qədim Azərbaycan tayfaları maldarlığın, qoyunçuluğun və atçılığın inkişafı üçün Göycə mahalı, Kəlbəcər, Zəngəzur, Naxçıvan ərazilərindəki yaylaqlarda özlərinə əlverişli şərait tapmışlar.

Ümumi həyat tərzi etibarı ilə və etnik mənşəcə yaxın olan bu tayfaların qayaüstü təsvirləri, piktoqrafik yaradıcılıq mədəniyyəti bir-birilə sıx bağlıdır.

Gəmiqaya yaylaqlarındakı petroqliflər Naxçıvanın dağətəyi və düzən ərazilərində yaşamış qədim oturaq əkinçi-maldar tayfalara aid mədəniyyət abidələridir.

Kiçik Qafqazın bir-birinə qonşu müxtəlif regionlarında mövcud olan qədim qayaüstü təsvirlər həkkedilmə texnikasına rəsmlərin motivlərinə, kompozisiyalı səhnələrə, semantik məzmunlarına görə çox oxşardır.

Gəmiqaya təsvirləri qonşu Anadolunun qədim incəsənət  abidə-ləri ilə də sıx bağlıdır. Anadolunun Hakkari, Palanlı və Beldibi (Kum bucaq) regionu abidələrindəki neolit, tunc dövrləri insan və heyvan rəsmləri (keçi, it, və s.) motivlərinə, sxematikliyinə görə Gəmiqaya, Kəlbəcər, Göyəm, Sünik, eləcə də, Şimali Qafqazın qayaüstü təsvirləri ilə yaxın analogiya təşkil edir.

Naxçıvan, Qarabağ, Urmiya, Qaradağ (Cənubi Azərbaycan) və Anadolu ərazisindəki tunc dövrü mədəniyyətlərinin, qayaüstü təsvirlərinin, piktoqramlarının bir-birilə eyniyyət təşkil etməsi çox maraqlı tarixi dəlil olub, bu qədim mədəniyyətlərin etnik mənsubiyyəti haqqında elmi fikir söyləməyə əsas verir.

Bu tarixi maddi mənbələrə əsaslanaraq demək olar ki, Cənubi Qafqaz, Naxçıvan, Qaradağ, Urmiya, eləcə də Şərqi Anadolu ərazi-lərində e.ə. IV-I minilliklərdə qədim türk mənşəli və dilli oturaq əkinçi-maldar, sənətkar tayfalar məskunlaşmışdır.

Bütövlükdə Qafqazda, Cənubi Azərbaycanda, Anadoluda, Suri-ya və Fələstində geniş coğrafi ərazilərdə yayılmış Kür-Araz mədəniyyətini (e.ə. IV-III minilliklərdə) və  qədim  Naxçıvanın  ilkin şəhər mədəniyyəti üçün səciyyəvi sayılan  boyalı qablar  mədəniyyətini bu ulu nəsillər yaratmışlar.

Odur ki, Gəmiqaya rəsmləri, piktoqramları tarixən və etnik mənsubiyyət baxımından Kür-Araz mədəniyyəti, Naxçıvan mədəniyyəti (boyalı qablar) və Xocalı-Gədəbəy mədəniyyətinin məişət və incəsənət abidələri ilə bağlanır.

Azərbaycan xalqının ilkin etnik formalaşması tunc dövründə – e.ə. IV-III minilliklərdə baş vermiş, ilkin sinifli cəmiyyətin yarandığı e.ə. III-I minilliklərdə, antik və ilk orta əsrlər dövründə bu proses ardıcıl şəkildə yüksək təkamül tapmışdır.

Azərbaycan xalqının dilinin də tarixi onun mədəniyyəti kimi çox qədim olub, tunc dövrü qayaüstü rəsmlərini və mədəniyyətlərini (Kür-Araz, Naxçıvan, Xocalı-Gədəbəy və b.) yaradan qədim tayfaların dilindən başlanır.

Qədim Azərbaycanın Qobustan, Göycə, Sünik, Gəmiqaya, Qaradağ, eləcə də Anadolu qayaüstü təsvirləri və piktoqrafik «yazı» işarələri, damğaları, tarixi, dilçilik-linqvistik baxımdan geniş elmi şəkildə tədqiqi olunmalıdır.

                                                       * * *                     

Gəmiqaya qayaüstü rəsmləri qədim Naxçıvanın tunc və ilk dəmir dövrü əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli tarixi mənbələrdir.

Qədim Naxçıvanda miladdan əvvəl IV-I minilliklərdə incəsənətin əsas növlərindən biri sayılan təsviri sənət geniş inkişaf tapmış, qayaların, bədii keramikanın və tunc məmulatların, eləcə də müxtəlif minerallardan hazırlanan bəzək əşyalarının üzərində həyatla bağlı olan, real və simvolik məna kəsb edən maraqlı rəsmlər, işarələr, damğalar həkk edilmişdir. İbtidai təsviri sənətin inkişafı ilkin yazı mədəniyyəti nümunələrinin – piktoqrafik mətnlərin yaranmasına gətirib çıxarmışdır.

Naxçıvan ərazisində aşkar edilmiş ibtidai təsviri sənət əsərlərinin mövzusu, əsasən real həyatdan götürülmüşdür. Onların əksəriyyətinin məzmunu insanların həyat tərzi ilə, əkinçiliklə, maldarlıqla və ovçuluqla bağlıdır. Bir qrup rəsmlər isə qədim totemlərin və astral cisimlərin simvolik əksi olub, ibtidai insanların dini-ideoloji görüşlərindən xəbər verir.

Tunc dövründə Naxçıvan ərazisində yaşayan əhalinin mədəni inkişaf   səviyyəsi   xeyli  yüksəlmiş, müəyyən  mərasimlərdə  rəqslərin icra olunması, ilkin musiqinin yaranması ilə nəticələnmişdir. Gəmiqaya təsvirlərində və Naxçıvan boyalı qabları üzərindəki rəqs səhnələri, eləcə də Qobustandakı qaval daşlar, yallı təsvirləri eneolit və tunc dövründə Azərbaycanda musiqi mədəniyyətinin meydana gəldiyini göstərir.

Gəmiqaya, Anadolu, Sünik, Kəlbəcər və Qobustanın tunc dövrü qayaüstü rəsmlərinin eyni üslubda icra olunması, əksəriyyətinin sücet etibarilə eyniyyət təşkil etməsi, qədim Azərbaycanda və onunla yaxın qonşuluqda yerləşən ərazilərdə mədəniyyət və etnik mənşə etibarilə bir-birinə yaxın olan tayfaların yaşadıqlarını göstərir.

Azərbaycan xalqının etnogenezinin ilkin formalaşmasında əsas soy kökləri olmaqla həmin tayfalar həlledici rol oynamışlar.

Gəmiqaya özünün adı, ecazgar gözəlliyi, uzaq qərinələrdən bəri, minillər boyu haqqında söylənilən mifləri, yalçın qayalı yamaclarında qoruyub saxladığı zəngin tarixi abidələri, «yazılı» daş salnamələri ilə bizi Azərbaycan xalqının milli mənəvi dünyasının ulu yaddaş çağlarına aparıb çıxarır. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olmuşdur.

                                                                VƏLİ ƏLİYEV, AMEA  Arxeologiyavə Etnoqrafiya İnstitutu

AZƏRBAYCAN  MİLLİ  ELMLƏR AKADEMİYASI NAXÇIVAN  BÖLMƏSİ,  XƏBƏRLƏR  № 1  NAXÇIVAN,  «TUSI», 2005, səh-63-81

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.