Cavid əbədi deməkdir!

Print Friendly, PDF & Email
” İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət?”
HÜSEYN CAVİD.
24 Oktyabr Hüseyn Cavidin Doğum günüdür. Kimdir Hüseyn Cavid sualının cavabı onun yaradıcılığında durur, Uca Məram və Məqamını anladan misralarındadır.
“ Bən fəqət hüsni-xuda şairiyim, Yerə enməm də, səma şairiyim…”
“ Bəni öldürsələr də bən yaşarım,
Tərk edib xəlqi Xaliqə qoşarım…”
Hər iki nümunədə şair Göylə əlləşir, Yerə sığmır hətta məkan belə yapır səmanı, Xaliqə yüksəlməni.
Bu üzdən Cavid Əbədidir…
Sovet quruluşunda ən çox tənqidə, təhqirə məruz qalan Hüseyn Cavidin işlətdiyi ədəbi dil və üslub idi. Qələmini qılınc eləyib bir ucdan saldırırdılar Cavid əfəndinin dilinə, üslubuna.
Amma nə yaxşı ki, Azərbaycan mühacir ədəbiyyatşünası Mustafa Haqqı Türkəqulun aşağıdakı fiikirləri bzim nəslin əyanıdadır, elə gələcək nəsillərində əmanətində duracaq əlbət ki:
” Cavidin işlətdiyi türkcə olduqca dadlı və işlənmiş, gözəl bir türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə, Türküstan və s. türk ellərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun, onu anlamasın və onun türkcəsindən zövq almasın.”
Bir dəfə bir nəfər Cavid Əfəndinin yazdığı dilin qəliz olduğuna işarə edərək deyir ki:- Cavid Əfəndi mən sizin “ İblis” əsərinizi oxudum, amma heç bir şey başa düşmədim.
Cavid Əfəndi həmin şəxsə möhtəşəm cavabını verir:- Mən “ İblis”i baş üçün yazmışam boş üçün deyil!
Həqiqətən də Hüseyn Cavid hər nə yazırdısa baş üçün yazırdı. Amma nə yazıq ki, meydan da, bu meydanda at oynadanlar da başıboşlar idi.
“ Öndə rəhbərlik edər meymunlar,
Rəqsi təlim ediyor axsaqlar…”
Hüseyn Cavid heç bir zaman siyasi bütlərə, ikonalara şeir yazmadı, onları mədh etmədi. Amma Türk Dünyasına işıq saçan, İsmayıl Bəy Qaspıralı kimi YOL olan millət babalarının ölümünə üzüldü. Üzüntüsünü şeirə çevirdi, İsmayıl Bəy Qaspıralının ruhunu oxşadı ona həsr etdiyi şeirylə:
” Onun məsləki bu idi daima:
İşdə birlik, dildə birlik, fikirdə birlik.
İş, fikir, dil birliyi olmayınca
Əvət, pək çətindi cihanda dirlik.”
M.Ə.Rəsulzadə belə dəyərləndirirdi Cavid Əfəndini : ” Hürriyyət və insani fikirlərin romantiki Hüseyn Cavid.”
Məşhur “ Utopiya” əsərinin müəllifi Tomas Morun (1478-1535) aqibəti məlumunuzdur. Kilsənin vətən xaini damğasıyla edam etirdiyi bir mütəfəkkir şəxsiyyət. Despotizm, tiraniya hər zaman belədir azadlıq, hürriyyəti idealının xəyalından belə qorxurlar. Sovet istibdad rejiminin də məhz qorxduğu Rəsulzadənin Cavid haqqında bəhs etdiyi “ Hürriyyət və insani fikirlərin romantik”liyi idi.
Bu misralara diqqət yetirin:
Dün bir quş gördüm yaralı,
Düşmüş yurdundan aralı
Dişlərdi köksündə çalı,
Söylərdi sanki hər halı
Vəhşi qartal qıydı bana,
Vətən! Ah, sevgili ana.
Gah vəhşi qartal, gah şimal ayısı- hər ikisi yırtıcı, ovuna həris, qanına susamış. Hüseyn Cavid Sovet rejiminin dar qəliblərinə sığa bilməzdi. Əsllində Hüseyn Cavid Sovet quruluşundan iki yüz il öncə dünyaya gəlməliydi və yaxud da Atatürk Türkiyəsində yazıb yaratmalıydı. Sovetlər küfrün yuvasıydı, Cavid Əfəndiysə mömin, əsilzadə, iman və etiqadından nur yağan Uca Sənətkar, Şəxsiyyət. Rus şairi Aleksandr Blok : ” Şəxsiyyət sənətkardan ucadır.” tezini irəli sürürdü.Amma Cavid Əfəndidə həm şəxsiyyət həm də sənətkarlıq uca idi, tam bir vəhdətdə idi!
Çexovun ” İnsanda hər şey gözəl olmalıdır: üzü, geyimi, ruhu və fikirləri…” sözlərinin inikas etdiyi ayna Cavid Əfəndinin simasına nəqş olunmuşdu sanki.
Və son olaraq. Aşağıdakı şeir mərhum şairimiz Şahmar Əkbərzadənindir. Nur içində yatsın Şahmar Bəy. Müşkünaz Xanımın Bakıdakı məzarı Naxçıvana Cavid Məqbərəsinə köçürülərkən yazıb. Şeirin dərd, ələm yükü olduqca ağırdır. Ürək dayanmaz… Elə təkcə “ Toyudur sürgündə donan sümüyün..” misralarını yazarkən göz yaşım sellənir desəm…
Of, bilməm ki… Mərhəmət, ya rəb!
Bəni qəhr etdi iztirabü təəb,
İştə! Bədbəxti-ruzigar oldum…
Tanrı Ruhularını şad etsin Cavidlərin!
Nəşi ömür-gün yoldaşı Hüseyn
Cavidin məzarına köçürülən
Müşgünaz xanımın ruhuna.
Cavidə qovuşan nəşinə qurban!
Bu bəxtə ilahi pay deyirəm mən.
Məni bağışlasın uca yaradan,
Bu dəfə dəfninə toy deyirəm mən.
Bu dəfnə yas desəm, yanar ürəyim,
Sevincim qəmimlə bir aşıb-daşır.
İlahi, bəs necə fərəhlənməyim,
Cavidin torpağı Müşgünazlaşır.
Tabutu odlardan od alan mələk,
Vüsal körpüsündən bir də keçirsən.
Kəcavən mübarək, toyun mübarək,
Məzardan məzara gəlin köçürsən!
Qan qana qovuşan gün deyil bu gün,
Sibirdə içildi qanı Cavidin.
Toyudur sürgündə donan sümüyün,
Bu gün açılacaq donu Cavidin!
İblislər baş yedi otuz yeddidə.
Zəmanə cəllada döndü, nə döndü!
Əyninə geydiyin paltar o vədə
Qorxudan ağarıb kəfənə döndü.
Başlanır əbədi toyun Quranla
Yaman havalanıb içimdə dərdim.
Allah bağışlasa, bacım Turanla
Qəbrinin başında qol götürərdim.
Tabutu odlardan od alan mələk,
Vüsal körpüsündən bir də keçirsən.
Kəcavən mübarək, toyun mübarək,
Məzardan məzara gəlin köçürsən!
Şahmar Əkbərzadə (1941-2000).
1996.
Məhəmməd İsrafiloğlu
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.