Çərşənbə arzuları…

Print Friendly, PDF & Email

Su olmaq istəyirəm…

Saf, təmiz, şəffaf su.

Dağlardan şəlalələr kimi hayqırıb axım. Bir ovuc mirvari kimi ətrafa səpələnim.

Torpağın üstü ilə yol tapıb üzü çaylara doğru gedim.

Çayın suyuna qarışıb, dərin-dərin dənizlərə, ümmanlara süzülüm.

Su olmaq istəyirəm…

Otlara, güllərə, çiçəklərə, ağaclara, bütün canlılara həyat vermək istəyirəm.

Yayın qızmar istisində günəşin məhəbbətinə qərq olub buraxlanım. Səmaya qalxıb bulud olum və dünyaya yüksəkdən baxım…

Sonra amansız bir şimşəyin zərbəsi ilə yağış olub, yenidən torpağa sarı dönüm.

Axı torpaqdan yaranan gec-tez torpağa tərəf qayıtmalıdır…

Su olmaq istəyirəm…

Torpağa hopan su…

 

 Od olmaq istəyirəm…

Od olmaq istəyirəm…

Alov dilimləri şahə qalxan bir od.

Alovumun şöləsi göz qamaşdırsın.

Soyuq, biganə ürəkləri öz odumla isidə bilim.

Közümlə sönmüş ocaqları yenidən yandırmaq istəyirəm.

Od olmaq istəyirəm…

Donmuş torpağı hərarətimlə isidim ki, barı-bəhrəsi bol olsun.

Od olmaq istəyirəm, sönən məhəbbət çıraqlarını yenidən yandıra bilim.

Od olum ki, alovumla ürəklərdə olan kini, nifrəti, xəbisliyi, riyakarlığı yandıra bilim.

Od olmaq istəyirəm. Məşələ çevrilib azadlıq uğrunda döyüşənlərin yoluna nur saça bilim.

Od olmaq istəyirəm!

 

   Külək olmaq istəyirəm…

Külək olmaq istəyirəm, sərt, güclü külək.

Elə əsim, elə kükrəyim ki, ağaclar kökündən qopsun.

Dənizlər coşub-daşsın. Qayalar dalğalarla əlbəyaxa olsun. Kimin qalib gələcəyini görüm…

Külək olmaq istəyirəm…

Sərin, xəfif bir külək.

Ağacları, gülləri tozlandırım, yarpaqları sığallayım. Bağçalara-bağlara səpilən xəzəllərlə yallı gedim.

 Külək olmaq istəyirəm…

Qızların saçlarını qarışdırım, sevən oğlanları qısqandırım. Təkəbbürlülərin papağını, öyünənlərin çətirini əlindən alıb uzaqlara aparım.

Külək olmaq istəyirəm…

Heç vaxt qapısı döyülməyən kimsəsizlərin qapısını astaca tıqqıldadım.

Külək olmaq istəyirəm.

 Külək kimi azad olmaq istəyirəm…

 

 Torpaq olmaq istəyirəm…

Bərəkətli, ruzili torpaq olmaq istəyirəm…

Yağan yağışlardan doyunca su içim, nahaq axan qanları içə bilməyim.

Suyun siyrab etdiyi torpaq olum ki, əkilən hər toxum dənəsi cücərib böyüyə bilsin.

Axan suları bağrıma basıb təmizləmək, saflaşdırmaq istəyirəm.

Qoy günəşin od saçan şəfəqləri məni yandırıb, yaxsın.

Çatılan bayram tonqalları məni cana gətirsin. Donan zərrələrim yuxudan oyansın.

Torpaq olmaq istəyirəm…

Torpaq olum ki, külək məni sovurub düşmən əlində olan yerlərə aparanda, oradan xoş xəbər gətirə bilim.

Torpaq olmaq istəyirəm…

Cavan yaşda olanları udmaq istəmirəm!

Günah içində ömür sürənləri qoynuma almaq istəmirəm!

Bölünmək, parçalanmaq istəmirəm!

Düşmən tapdağı altında qalmaq istəmirəm.

Hasarlarla, çəpərlərlə əhatələnmək istəmirəm.

Torpaq olmaq istəyirəm…

Hamının əzəli, sonu olan torpaq!!!

  Gülarə Munis.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.