Böyükxan Naxçıvanski və Təbriz tetrı

Print Friendly, PDF & Email

Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir.  Xalqımızın həyat tərzi ilə bağlı çox sayda qədim ayinlər, oyunlar, teatr ünsürləri, mərasimləri olmuşdur. Zaman keçdikcə bu ünsürlər xalqın həyatı ilə bağlı yeni məzmun ifadə edərək   xalq teatr tamaşalarının yaranmasının özülünü təşkil etmişdir. Sonralar xalq teatrı ilə yanaşı, dini tamaşalar meydana gəlmişdir. Meydan tamaşalarının bu növü həm öz dramaturgiyası, həm də öz “aktyoru” ilə Azərbaycan peşəkar teatrının doğuluşuna təsir göstərmiş, Azərbaycan teatrı üçün səmərəli mənbə rolunu oynamışdır.

Cənubi Azərbaycanda teatr Qərb mədəniyyətinin təsiri nəticəsində XIX əsrin 70-80-ci illərində “maarifpərvər” Nəsrəddin şahın Avropaya səfərindən sonra yaranmış və Darülfün müdavimlərinin qüvvəsi ilə saray əyanları üçün vaxtaşırı teatr tamaşaları təşkil edilmişdir. Buna baxmayaraq, əyanlar üçün təşkil olunan bu ilk teatr tamaşaları İranda, o cümlədən də, Cənubi Azərbaycanda teatrın inkişafına o qədər də təsir göstərə bilməmişdir.

Dramaturgiyaya və teatra olan baxış Mirzə Fətəli Axundzadənin yaradıcılığının bilavasitə təsiri altında Azərbaycanda (İranda da) formalaşmışdı. 1870-1874-cü illərdə Mirzə Cəfər Qaracadaği tərəfindən M.F.Axundzadə pyesləri fars dilinə tərcümə olunduqdan sonra İranda ilk orijinal dram əsərləri yaratmaq təşəbbüsü meydana çıxdı və ilk dəfə dram əsərləri yazıldı. Bu təşəbbüsün ilk müdafiəçisi Mirzağa Təbrizi idi. O bir neçə pyes yazdı. Lakin onun əsərlərinin məzmunu, ideya və bədii dəyəri zəif olduğundan səhnə üzü görə bilmədi. Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi”, Ə.Talıbovun “Pak adamların məsləkləri” əsərləri 1905-1911-ci illər İran inqilabının ideoloji və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı. XX əsrin əvvəllərində ictimai-siyasi publisistika-“Molla Nəsrəddin”çi nəsri ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş vüsət aldı. Bu səpkidə yazılan əsərlər içərisində öncə Əbülziya Şəbüstəri və Seyid Hüseyn Ədalətin “İrane-nou”, “Ana dili”, “Ədalət” qəzetlərindəki felyetonlarını, Cəmşid Ərdəşir Əfşarın pamflet və ədəbi-fəlsəfi esse xarakterli yazılarını qeyd etmək olar (1, s. 638).

“Şimali Azərbaycanda mədəniyyət Rusiyanın təsiri ilə Avropa dəyərlərinə qovuşduğu halda, Cənubi Azərbaycanda mədəniyyət İran hakimiyyətinin təsiri altında farsçılığa, islama daha çox bağlı idi. Təbiidir ki, Şimali Azərbaycanla əməkdaşlıq, xüsusilə, Cənubi Azərbaycanda, ilk növbədə, Təbrizdə daha geniş vüsət alır, çünki bu şəhərin bir çox ziyalıları və qabaqcıl, fəal gəncləri baş verən ictimai və mədəni hadisələrlə yaxından tanış idilər” (12).

İran Azərbaycanında  Xiyabaninin rəhbərliyi altında baş verən inqilabi hadisələr Təbriz şəhərində mədəniyyət sahəsində də özünü göstərdi. Lakin, Cənubi Azərbaycanda mədəni həyatın bu sahəsində ilk əhəmiyyətli addımlar yalnız 1905-1911-ci illər inqilabı dövründə atıldı. Bu işdə də Şimali Azərbaycanın mədəniyyət xadimlərinin köməyi, şəxsi iştirakı və təşəbbüsü mühüm rol oynayırdı. 1909-1916-cı illər ərzində Azərbaycanın görkəmli aktyorları Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə Bakı teatr truppaları dəfələrlə İrana gəlmiş, Tehranda, Təbrizdə, Rəştdə, Qəzvində, İsfahanda və b. şəhərlərdə tamaşalar vermişlər. Onların repertuarı, əsasən, Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyov və N.Nərimanovun, həmçinin, Qərb dramaturqlarının əsərlərindən ibarət olmaqla, mədəni mühitdə ilk mühüm addımlar atılmışdır. Beləliklə, Cənubi Azərbaycanda qısa müddətdə (10-12 il ərzində) milli teatr yaradılması prosesinin təməl daşı qoyuldu (1, s. 638). 1916-cı ildə Təbrizdə ilk teatr binası tikildi (8, s. 586-587). Teatr tamaşaları ana dilində olduğundan, xalq tərəfindən tez qavranılırdı. Bu da Azərbaycan dilinin, eyni zamanda ədəbi dilin formalaşmasında, mədəniyyət sahəsində teatr vasitəsilə yayılmasında mühüm rol oynayırdı.

Təbrizdə “Şiri Xurşid” teatr cəmiyyətinin tamaşa göstərdiyi Şiri Xurşid teatrı  Almanlar  tərəfindən şəms tarixi  ilə 1305-1306-cı ildə müasir üsulda tikilir.  Bu zalın həm görünüşü, həm də Exosu çox gözəl imiş. Birinci cərgəsində oturan tamaşaçılar  necə eşidirdilərsə sonuncu cərgədə oturanlar da elə eşidirmişlər Lakin 1357-ci ildə İran inqilabı başlandıqdan sonra  hakimiyyətə gələn Homeyni tərəfdarlari tərəfindən dağıdılır.

Şəkili 242-ci səhifədə)

Adları mədəniyyət tariximizə pozulmaz qızılı naxışlarla həkk etdirən insanların yaradıcılığını araşdıranda əksəriyyətinin sənədlərində “Naxçıvanda doğulub” ifadəsini oxuyuruq. Çünki həqiqətən də tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın, musiqi və elmimizin elə bir sahəsi yoxdur ki, Naxçıvanda doğulub pərvazlaşan şəxsiyyətlər orada öz sözlərini deməmiş olsunlar. Maraqlısı da budur ki, bu qədim və dilbər guşədə doğulan insanların çoxu sənətin sıra nəfəri yox, azman, korifey, görkəmli nümayəndəsi olub. Elə sahələr də var ki, onların yaradıcısı da məhz naxçıvanlılardır. Bunun da səbəbi Naxçıvanın əsrarəngiz və müqayisə edilməz təbiətidir. Burada doğulan insanlar harada çalışmağından, işləməyindən asılı olmayaraq Azərbaycan mədəniyyətinin, incəsənətinin, elminin, dövlətçiliyinin inkişafında, təşəkkülündə fədakarlıq göstəriblər. Naxçıvanlı ziyalıların sənət aləmində də özlərinə məxsus sözü və izi olub.

Yarandığı gündən xalqın mədəni intibahı, milli oyanışı və maarifçilik düşüncəsinin geniş dairədə yayılmasında xüsusi rolu olan Naxçıvan teatrı yüksək hazırlığa malik kadrları ilə ölkəmizdə teatr ənənələrinin zənginləşməsində yaxından iştirak etməklə, mədəniyyətimizin ümumi tərəqqisi naminə önəmli rol oynamışdır.

 

Azərbaycan teatrının inkişafında özünəməxsus yeri, xalqımızın mədəni və ictimai həyatında mühüm rolu olan bu qədim mədəniyyət məbədinin inkişaf yolu çətin və kəşməkəşli olmuş, bu mədəniyyət ocağı müasir səviyyəyə çatana qədər ağır sınaqlarla üzləşmiş və bu sınaqlardan həmişə qalibiyyətlə ayrılmışdır. Bu ulu məbəddə xalq kütlələrini maarif və mədəniyyətə doğru aparmağa can atan, çətinliklərə sinə gərən elə adamlar fəaliyyət göstərmişlər ki, onların həyat və yaradıcılıqlarını öyrənmədən teatr tarixini aydın və hərtərəfli şəkildə təsəvvür etmək mümkün deyildir. Doğrudur, həmin sənətkarların çoxu nə mükəmməl təhsil almış, nə də geniş şöhrət qazanan teatrların səhnəsində çıxış etmişlər. Onlar yalnız öz istedad və bacarıqları, səhnə sənətinə olan tükənməz məhəbbətləri və həvəsləri ilə bu yolda böyük fədakarlıq göstərmişlər. Belə adamlardan biri də Naxçıvan teatrının inkişafında mühüm xidmətləri olan və Təbrizdə milli teatrın yaranmasında və təşəkkül tapmasında xüsusi əmək sərf edən, məşhur maarif və mədəniyyət xadimi, teatr fədaisi olan həmyerlimiz Böyükxan (Nəzərəlixan) Abbasqulu xan oğlu Naxçıvanskidir. Böyükxan Naxçıvanski 1871-ci ilin aprel ayının 2-də Naxçıvan şəhərində anadan olmuşdur. O, ev təhsili almışdır. O, 35 yaşında, 1906-cı ilin  may ayının 26-da Naxçıvan şəhər məktəbində imtahan verərək şəhadətnamə alır. Böyükxan 1904-cü ilin 30 oktyabrından Naxçıvan qəza polis idarəsində dəftərxana xidmətçisi, 1905-ci ilin may ayının 29-dan 1908-ci ilin mart ayının 22-dək Naxçıvan qəzasının 2-ci polis şöbəsinin pristavı, 1912-ci ildən 1917-ci ilin fevral ayına kimi Naxçıvan şəhər başçısı vəzifəsində  işləmişdir (2, s. 48). Böyükxan Naxçıvanski  vəzifədə işlədiyi  müddətdə xalqın dərd-sərinə biganə qalmamış, onlara hərtərəfli köməklik göstərmişdir.

Təqdirəlayiq cəhət budur ki, XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində Naxçıvanın qabaqcıl, savadlı, tərəqqipərvər ziyalıları Böyükxan Naxçıvanski ilə birlikdə teatr sənətinin inkişafı ilə yanaşı yeni üsulda məktəblərin, kitabxanaların, maarif və mədəniyyətin digər sahələrinin inkişafına, xalqın ümumi rifahının yüksəlməsinə xidmət etmiş, hərtərəfli mübarizə aparmışlar. Həmin ziyalıların həyat və fəaliyyəti xalqın tərəqqisinə, müqəddəs əməllərə sərf edilmişdir. Onlar maarif və mədəniyyətin böyük təbliğat gücünə malik olduğunu bildiklərindən xalqın azadlıq əldə etməsi üçün maarif və mədəniyyət ocaqlarının açılmasına çalışır, öz ideyalarına sadiq qalaraq bu sahədə yorulmadan birgə mübarizə aparır, xalqın maariflənməsində, mədəni tərəqqisində, siyasi oyanışında teatr tamaşalarına xüsusi üstünlük verir, teatr sənətini ideya və məfkurə silahına çevirib cəmiyyətdəki çatışmazlıqlara qarşı çıxır, insanları yeni amallar uğrunda mübarizəyə səsləyirdilər.

Böyükxan Naxçıvanski Naxçıvan teatrının inkişafında mühüm rol oynayan şəxslərdən biri idi. O, 1904-cü ildən etibarən Naxçıvanda hazırlanan tamaşalarda bir aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1909-cu ilin axırlarında Azərbaycanın görkəmli aktyoru Sidqi Ruhulla Cənubi Azərbaycana ilk qastrolundan sonra 12 nəfər aktyorla birlikdə Naxçıvana gəlir. Həmin müddətdə Böyükxan Naxçıvanskinin xidməti işlərlə məşğul olduğuna görə hazırlanan tamaşaların məşqləri müntəzəm keçmirdi. Lakin Sidqi Ruhullanın Naxçıvana gəlişi burada yaranmış çətinliyi aradan qaldırdı. O, Naxçıvanda olduğu müddətdə yerli teatr həvəskarlarının fəaliyyətinə istiqamət verərək bu işi yenidən canlandırdı (6, s. 395).  Sidqi Ruhulla burada Ə.Haqverdiyevin “Bəxtsiz cavan” əsərini tamaşaya qoydu (11, s. 190).

1905-1906-ci illərdə olduğu kimi, erməni daşnaqları 1917-ci ildə də İrəvan Quberniyasında və eləcə də Naxçıvan Qəzasında ermənilərlə müsəlmanlar arasında ədavət toxumu səpirlər. Təxminən iki ildən artıq davam edən qanlı toqquşmalarda İrəvan quberniyasında, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarında yüzlərlə kənd erməni daşnakları tərəfindən talan edilir və yandırılır. 1918- ci ildə ermənilərlə azərbaycanlılar arasında olan ədavəti yatırtmaq üçün Naxçıvan Müsəlman Milli Komitəsi yaradılır. Böyükxan Naxçıvanski də həmin komitənin üzvü seçilir (7, s. 41) və fəaliyyətə başlayır. 1920-ci ilin aprelində XI Qızıl Ordunun Azərbaycanı işğal etdiyi zaman Azərbaycanın bir çox yazıçıları, şairləri, dövlət xadimləri sovet quruluşunun əleyhinə çıxdıqlarına görə illərlə həbsxanalara salınırlar, bəziləri isə işğal və işgəncəyə etiraz əlaməti olaraq qürbətdə mühacir həyatı yaşamağa məcbur olurlar. Bolşeviklərin bu qəddar hərəkətlərindən xəbərdar olan Naxçıvanın böyük nüfuza malik olan ziyalıları, o cümlədən Naxçıvan Müsəlman Milli Komitəsinin bir sıra üzvləri bolşeviklərin Naxçıvana gəlməməsi üçün bolşeviklər əleyhinə çalışırdılar. Onlardan biri də Böyükxan idi. Bütün bu cəhdlərə baxmayaraq Naxçıvan 1920-ci ildə bolşeviklər tərəfindən işğal olundu. Bolşeviklərin gəlməsi və bilavasitə Naxçıvanda idarəetmə qurulması dövründə bolşeviklər əleyhinə çalışmış keçmiş Naxçıvan rəhbərlərinin vəziyyəti təhlükəli idi. Onlar da bu təhlükəni bildiklərindən Naxçıvanı tərk etmişdilər. Naxçıvanda qalan, bolşevikləri dəstəkləməyən nüfuzlu şəxsləri həbs etməyə başladılar. Həbs olunanlar içərisində böyük nüfuza malik olan Təbrizdən Naxçıvana qayıdan Cəfərqulu xan və qardaşı Rəhim xan da var idi. Həbs olunanlar Bakıya göndərilirdi. Cəfərqulu xan və Rəhim xan Bakıdan Şuşa həbsxanasına göndərilmiş və onlar 1943-cü ildə orada ölmüşdülər. Cənubi Azərbaycana gedən Böyükxan Naxçıvanski isə bir daha Naxçıvana qayıtmamış və ömrünün sonunadək (1941) ailəsi ilə birlikdə Təbrizdə yaşamışdır.  (7, s. 361)

Böyükxan Naxçıvanski hələ iyirminci yüzilliyin ilk çərəyində Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə öz truppasi ilə Təbrizə qastrola getdiyi zaman böyük müvəffəqiyyət qazanmışdı. O zaman Təbrizdə teatr hərəkatının fəaliyyəti onun səyi nəticəsində qüvvətli bir ədəbi hərəkat səviyyəsinə yüksəlmişdir.

Böyükxan Naxçıvanski Cənubi Azərbaycanda yaşayarkən Naxçıvanski soyadını yox, Naxçıvani soyadını daşıyır. O, Cənubi Azərbaycanda yaşadığı illərdə Təbrizdə teatr hərəkatının yayılmasına və inkişafına nail olmuşdu. Onu da qeyd etmək yerinə düşərdi ki, o zaman Azərbaycan ziyalılarının təşəbbüsü nəticəsində Təbrizdə “İslah və tərəqqi”, “Cəmiyyəti-xeyriyyə” kimi bir sıra mütərəqqi cəmiyyətlər yaradılmışdı. Bu cəmiyyətlərdə İran (Təbriz) ziyalıları fəaliyyət göstərirdilər. Onlar öz mütərəqqi fikirlərini kütlələrə çatdırmaq üçün ən güclü vasitələrdən biri olan teatr cəmiyyətlərindən istifadə edirdilər.

  Böyükxan Təbrizə köçdükdən sonra o, əvvəlcə orada fəaliyyət göstərən “İslah və tərəqqi” cəmiyyətində tamaşaların hazırlanmasında yaxından iştirak etmiş, sonra “Şiri-Xurşid”, “Aktorale-Azərbaycan” (“Azərbaycan aktyorları heyəti”) adlı müstəqil teatr cəmiyyətlərini yaradır (3, s. 357). Bu cəmiyyətlər Təbrizin mədəni həyatında  böyük və mühüm rol oynayır. Hüseyn Ümid yazır: “Qafqazdan yenicə gəlmiş Böyükxan Naxçıvaninin təşkil etdiyi teatr heyəti Azərbaycan teatr tamaşalarını çox mühüm inkişaf səviyyəsinə çatdırdı… Bu cəmiyyətin təşəbbüsü ilə 1918-ci ildə Təbrizdə incəsənət məktəbi, uşaq bağçası təşkil olundu… Burada nümayiş etdirilən pyeslər, adətən, Azərbaycan dilində ifa edilirdi (13, s. 114).

1905-1911-ci illərdə Cənubi Azərbaycanda 37 milli (Təbrizdə 22), 1911-1925-ci illərdə isə 50-dən çox (Təbrizdə 29) məktəb açılmışdı (12). Həmin məktəblərdə Azərbaycan və fars dillərindən əlavə, ərəb, fransız və rus dilləri də tədris olunurdu. 1917-ci ildə isə Cənubi Azərbaycanda ilk orta məktəb təsis edildi.

Cənubi Azərbaycanda mətbuat isə XIX əsrin ikinci yarısından başlanır. Təbrizdə hökumətin rəsmi orqanı kimi 1858-ci ildə Fars dilində çap edilən “Azərbaycan” qəzeti İranda nəşr edilən ən qədim qəzetlərdən üçüncüsüdür. 1905-ci ilədək Cənubi Azərbaycanda 18 adda qəzet və jurnal buraxılırdı. Onların bəziləri  dövlətin rəsmi mətbuat orqanları idi. 1905-1911-ci illərdə ana dilində bir sıra qəzet və jurnallar “Azərbaycan”, “Ana dili”, “Məzəli”, “Zənbur”, “Həşərat-ol-ərz” nəşr olundu. “Naleyi-millət”, “Molla Nəsrəddin” jurnalları isə Azərbaycan əyalətlərində iki dildə – fars və Azərbaycan dillərində  dərc olundu   (8,s. 637). İran müəlliflərinin verdiyi məlumata görə, həmin illərdə Cənubi Azərbaycanda 50-yə yaxın adda qəzet və jurnal nəşr edilmişdir.

           1913-1917-ci illərdə Cənubi Azərbaycanda mədəniyyətin Tehran hakim dairələri tərəfindən sıxışdırılması nəticəsində nəşr olunan qəzet və jurnalların sayı da xeyli azaldı. 1917-ci ildən sonra yenidən mətbuat tərəqqi etməyə başladı. Bu da, sözsüz ki, İranın qonşusu olan Rusiyada baş vermiş fevral və xüsusilə, oktyabr hadisələri ilə bağlı idi. Bu dövrdə Cənubi Azərbaycanda nüfuzlu qəzetlərdən olan “Təcəddüd” 1917-ci ildən   1921-ci ilə qədər qısa fasilələrlə çap olundu.

1920-ilin sentyabr ayının əvvəlində Təbrizə gedən Cəlil Məmmmədquluzadə burada tərəqqipərvər adamları, o cümlədən orada fəaliyyət göstərən artistləri “Molla Nəsrəddin” jurnalının çıxarılması işinə cəlb etdi. Bu işdə Böyükxan Naxçıvani ilə yanaşı mühacirətdə olan Naxçıvan teatrının aktyorları –Əkbər Abbasov, Hacı Nəsirov, Əkbər Namazov, Cabbar Əmirov, Teymur Kəngərli fəal iştirak edir. Onlara yerli teatr həvəskarları da yaxından köməklik göstərirlər. Jurnalın çıxarılmasına vəsait toplamaq üçün “Ölülər” əsərini tamaşaya qoymaq üçün hazırlıq işləri görüldü. “Cəmiyyəti-xeyriyyə” təşkilatı ilə danışıq aparıldı. Əsərin tamaşaya qoyulması da çox asan olmadı. Bir tərəfdən Təbrizdə böyük nüfuz və səlahiyyətləri olan ruhanilər, digər tərəfdən hökmranlıq edən şah mütləqiyyəti bu tamaşanın oynanılmasının əleyhinə idi. Cəlil Məmmədquluzadənin böyük fəaliyyəti, Hacı Məhəmməd Naxçıvaninin (Hacı Məhəmməd Naxçıvani Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi) köməkliyi ilə əsərin tamaşaya qoyulmasına icazə alındı. Hacı Məhəmməd Naxçıvani tamaşanın təhlükəsiz başa çatması üçün böyük səy göstərirdi. C.Məmmədquluzadənin razılığı ilə rollar bölündü. Məşq üç həftə ərzində C.Məmmədquluzadənin yaşadığı mənzildə aparıldı.

 Tamaşaya rejissorluğu böyük dramaturqun özü edirdi. Tamaşa Əkbər Abbasovun kirayə götürdüyü teatr binasında 1 may 1921-ci ildə göstərildi. Təbrizdə “Ölülər” əsəri tamaşaya qoyularkən “biletlər… siyahı üzrə müəssisələrə və şəhərin görkəmli xadimlərinə” Əsgərxan Qasımzadə tərəfindən verilirdi (8,  s. 586-587).

Tamaşada ölülər dünyasının ittihamçısı olan İsgəndər surətini Böyükxan Naxçıvani, Şeyx Nəsrullah surətini təbrizli ziyalı Əli Azəri, Hacı Baxşəli surətini təbrizli gənc Səməd Mövləvi, Kərbəlayı Fatma surətini Liza, Nazlı surətini Teymur Kəngərli, Məşədi Oruc surətini Cabbar Əmirov, Cəlal surətini Midhət Məmmədquluyev (Cəlil Məmmədquluzadənin oğlu- Ə.Q) oynayır (9, s. 419-421).  

İranlı tədqiqatçı Mahmud Rəncbər Faqiri Cəlil Məmmədqulzadənin “Ölülər” əsərinin Təbrizdə tamaşaya qoyulması barədə yazır:  “Əsgərxan biletləri Təbrizin bəzi məşhur adamlarına verirdi. Tamaşa yaxşı keçdiyi üçün həmin adamların hərəsi 10-15 tümən sonradan yolladılar. Muxbiri səltənə 100 tümən pul verdi ki, aktyorlara paylasın. Münəvvər tamaşaya baxmaq üçün teatra getmək istəyirdi. Lakin o zaman Təbrizdə heç bir qadının teatra gedib tamaşaya baxmadığından o da mənzillərinə qayıtdı. Tamaşanın sakit keçəcəyini təsəvvür etməyən aktyorlar hətta özləri iə tapança da götürmüşdülər. Tamaşa oynanılan zalı əvvəlcədən bir aylıq kirayə etmişdilər” (8, s. 586-587).

Böyükxan NaxçıvaniTəbrizdə yaşadığı illərdə müxtəlif teatr cəmiyyətlərində fəaliyyət göstərmiş və həmin cəmiyyətlərin tamaşaya qoyduğu əsərlərə rejissorluq etmiş və tamaşalarda müxtəlif obrazlarda oynamışdır. Böyükxan  Naxçıvanının təşəbbüsü ilə 1926-cı ildə Təbrizdə “Arin teatr cəmiyyəti” yaradılır. Cəmiyyətin 19 nəfərdən ibarət üzvü seçilir (8, s. 121).

Cəmiyyətin fəaliyyət göstərməsi üçün Şəms təqviminin 1306-cı ilin 9-cu ayının 19-da (1926-cı ilin dekabr ayının 9-da) Zat Qərin Əşrəf Mulukanənin imzası ilə Tehranda“Arin teatr cəmiyyəti”nin fəaliyyətinəizin verilir (8, s. 122). “Arin teatr cəmiyyəti”ninbir nömrəli bileti də Böyükxan Naxçıvaniyə verilir.

Böyükxan həmin tarixdən başlayaraq ömrünün axırınadək öz təşəbbüsü ilə yaradılan “Arin teatr cəmiyyəti”ndə 58 tamaşaya -“Bəzən-bəzən”, “Döymə qapımı, döyərlər qapını”,  “Zaman kişi bir qız alır” (1926, şəms təqvimi ilə 1306), “Şairlər məclisi yaxud Məhbubun xəyalı”, “Rəcəb əmi uşaq olub” (1927), “O olmasın bu olsun”, “Nadir Şahın sonuncu yadigarı” (1928, 1933), “İran səltənətinin düzgun yolu” (1929), “Əsarəte nəsəvan”,“Əsli və Kərəm”, “O olmasın, bu olsun” (1930), “Yalandan ölmək”, “İki kirayəçi və ya Tağı və Nağı”, “Qaçan kürəkən”, “Kərbalayi Qubad”, “Əbülüla”, “Abbas Mirzə Naibolsəltənə”, “İranı qarət edənlər”, “Şeytanın rəqsi”, “Yeni kürəkən, mübarək olsun”, “Tağı və Nağının pulsuzluğu” (1931), “Arşın mal alan”, “Ustad Fərəmərz”(1932), “Qeysər və Bəhramın sarayında”, “Yusif və Züleyxa”, “Cibi boş xod gedən insan”, “Kədu satan”, “Pursoqqulu”, “Firdovsi”, “İblis”, “Şeyx Sənan”, “Hacı ağanın toyu başlanmadı”, “Həkim Ömər Xəyyam”, “Aycan-aycan” (1934), “Həyat ya ölüm”, “Bir öpüş” və ya “Əkinçinin məşuqəsi”, “Yalançı ölüm” və ya “Hacı ağa vaxtınız var?”, “Əmr kəbir”, “Kirin dedikləri”, “Komediya pərdəsi”, “Həkim Ömərxəyyam” (1935), “Cicəkəlişah”, “Kef içində”, “Cəhalət qurbanı” (1936), “Sasani qızı Pərvin”, “Şeytan Mahmud Qəznəvi”, “Eprət xoab və xial ya…”, “Harun Əlrəşid”, “Biçarə aşiq”, “Cəhalət qurbanı” (1937), “Əsli və Kərəm” (1938), “Ağayi çərəsi nökərbangi” (1939), “Bəhram və ğisərrum”, “Sər şəmari”, “Seyah puş” (1941)quruluş vermiş (8, s. 117-120)və müxtəlif rollarda oynamışdır. Özünün yazdığı “Hacı oğlu Yağbəstili” əsəri öz quruluşunda tamaşaya qoyulmuşdur.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Yaxın Şərqdə ilk mənzum dramaturgiyanın əsasını qoyan Hüseyn Cavid pyesləri uzun illərdir ki, səhnədən düşmür, öz romantik vüsəti və fəlsəfi kamilliyi ilə böyük bir aktyor məktəbinin mənəvi inkişafında müstəsna rol oynayır. Hüseyn Cavidin bəşəri ideyalı, dərin mündəricəli, fəlsəfi siqlətli romantik pyeslərinin hər biri «Şeyx Sənan», «İblis», «Topal Teymur», «Xəyyam», «Knyaz», «Səyavuş», «Şeyda» ayrı-ayrılıqda istək və arzuların, duyğu və düşüncələrin, fikir və mülahizələrin, insan və zaman fəlsəfəsinin bədii inikasıdır. Hüseyn Cavidin romantik ruhda yazdığı sənət inciləri nəinki Azərbaycanda, eləcə də Orta Asiyada, Volqa boyu şəhərlərdə böyük uğurla tamaşaya qoyulmuşdur. Bu baxımdan Hüseyn Cavid pyeslərinin İranda tamaşaya qoyulması Təbriz Azərbaycan teatrının formalaşmasında mühüm rol oynamışdır. Qüdrətli dramaturqun İranda-Təbriz səhnəsində oynanılan ilk dramaturji əsəri «Şeyx Sənan» faciəsidir. Əsər 1928 ilin payızında böyük uğurla tamaşaya qoyulmuşdur. Tamaşanı istedadlı aktyor Mirzə Bağır Hacızadə hazırlamış, özü də Şeyx Sənan rolunu ifa etmişdir. Elə həmin il (1928) şair Yusif Ziya «Şeyx Sənan» pyesini fars dilinə tərcümə etmiş və təbrizlilərin xahişi və təkidi ilə tamaşa 6 ay sonra yenidən oynanılmışdı.

Hüseyn Cavidin «İblis» faciəsi 1930 il teatr mövsümündə «Ayineyi-ibrət» adlı truppa tərəfindən Təbriz səhnəsində tamaşaya qoyuldu. Rzaxan Quluzadə Şərqinin rejissorluğu ilə hazırlanan bu tamaşa Təbrizdə böyük bir canlanmaya cəbəb oldu. «Ayineyi-ibrət» truppası 1932 ildə Hüseyn Cavidin başqa bir pyesini-«Peyğəmbər»i oynamağa cəhd etdi. Əsərin iki dəfə də məşqi oldu, nəzmiyyə idarəsi bu işə ciddi maneçilik törətdi.

1936 ildə Təbrizin «Arin teatr cəmiyyəti»ndə Böyükxan Naxçıvaninin rejissorluğu ilə «İblis» faciəsi yeni quruluşda tamaşaçılara təqdim olundu. İblis rolunu Hüseyn Ərəboğlu ifa edirdi. Tamaşa “İttihad” məktəbinin yoxsul şagirdlərinin nəfinə tamaşaya qoyulmuşdu. 1945 ildə Təbrizdə rejissor Əli Kənaninin quruluşunda «İblis» faciəsi yenidən tamaşaya hazırlandı. Tamaşanın rəssamı Bakı Rəssamlıq Texnikumunun məzunu Vəli Xakedan idi. Əsas rolları Nemət və Nəriman İbrahimzadə (İblis), Leyla Möhsünpur (Xavər), Salman Salmanpur (İbn Səmin), Həbib Quluzadə (İxtiyar) ifa edirlər. Təbrizdən başqa, İranın digər şəhərlərində – Ərdəbildə «Şeyx Sənan» (1940) Feyzi Çübəkzənin quruluşunda və Marağada «İblis» (1944) tamaşaları uğurla oynanılmışdır.

 Ümumiyyətlə, Böyükxan Naxçıvaninin istər Naxçıvanda, istərsə də Təbrizdə quruluş verdiyi tamaşaların və oynadığı obrazların əsas məqsəd və qayəsi maarifçilik ideyalarının xalq arasında təbliği olmuş, mövzusundan və janrından, təsvir etdiyi dövrdən asılı olmayaraq, zamanın aktual problemlərinə toxunmuş, teatrın ideya, məzmun, üslub, həm də təşkilatca möhkəmləndirilməsinə çalışmışdır. Böyükxan Təbrizdə fəaliyyət göstərdiyi müddətdə teatr həvəskarlarını müxtəlif cəmiyyətlərdə birləşdirməklə, onların peşəkarlığının artırılması üçün böyük səy göstərmişdir. Maarif, mədəniyyət və azadlıq carçısı olan Böyükxan Naxçıvaninin maarif və mədəniyyət sahəsində istər Naxçıvanda, istərsə də Təbrizdə gördükləri işlər fərəh doğurucudur. O, Təbrizdə yaşayıb fəaliyyət göstərdiyi illərdə teatrın dövlət səviyyəsində status qazanmasına çalışsa da buna nail ola bilməmişdir. Lakin, Böyükxanın Təbrizdə maarif və mədəniyyət sahəsindəki, xüsusilə teatrın inkişafı yolundakı xidmətləri o dövrdə İran hakim dairəsi tərəfindən yüksək qiymətləndirilərək “Şiri Xurşid” medalı ilə təltif edilmişdir. Amansız ölüm 1941-ci ildə onun teatr sahəsindəki istəklərini ürəyində qoydu. O, həyatla vidalaşıb əbədiyyətə qovuşandan sonra sənət aləmində saldığı yola yeni izlər düşdü. Onun məslək yoldaşları Böyükxanın arzusunun həqiqətə çevrildiyinin şahidi oldular. “1946-cü ildə Təbrizdə Dövlət Dram Teatrı yaradıldı” (12). 

Naxçıvan və Təbriz teatrlarının tarixində mühüm izlər qoymuş sənətkarların, o cümlədən Böyükxan Naxçıvaninin xatirəsi heç bir zaman unudulmamış, əbədi sevgi ilə yad edilmiş və edilməkdədir.

 

ƏDƏBİYYAT

1.  Azərbaycan tarixi. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1994, 687 s.

2.  Cəfərov F. Böyükxan və Nəzərəlixan Naxçıvanski: bir vaxt o, Naxçıvan teatrının rejissoru və    aktyoru olmuşdur. “Yeni Mədəni-maarif” jurnalı, 2008, N-9.

3.  Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Baki: Azərnəşr, 1997, 682 s.

4. Hüseynzadə L. Naxçıvan teatrının tarixindən. ”İncəsənət” almanaxı, Bakı: Azərbaycan SSR EA nəşriyyatı, III c. 1950, N-3.

5.  Qəhrəmanov Ə. Naxçıvan teatrı: intibah yollarında. Bakı: MBM, 2008, 160 s.

6.  Qəhrəmanov Ə. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı. Bakı: MBM, 2004, 420 s.

7. İbrahim Etnem Atnur. Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1821). “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, Naxçıvan; 2013, 496 s. 

8.  Mahmud Rəncbər Fakiri. Təbriz teatrı. Tehran: 2005, 736 s.

9.  Məmmədquluzadə C. Məqalələr, xatirələr. Bakı: Azərb. SSR EA nəşri, 1967, 460 s.

10. Məmmədov C. Rza Təhmasib. Bakı: ATC, 1966, 98 s.

11. Məmmədli Q. Azərbaycan teatrının salnaməsi. 2 c-də, I c. Bakı: Azərnəşr, 1975, 583s.

12. Ömərov V.XIX əsrin sonu, XX əsrin əvvəllərində Cənubi Azərbaycanda mədəniyyətin inkişaf xüsusiyyətləri. Səs qəzeti, 29 oktyabr 2012.

13. Ümid H. Tarix-e fərhəng-e Azərbaycan. I c. Təbriz: 1953, 430 s.

14. Rasizadə Ə. Naxçıvanın məişətindən. “İqbal” qəzeti, 28 iyun 1913.

15. “Baku” qəzeti, 16 fevral 1912.

16. “İqbal” qəzeti, 23 noyabr 1911.

17. “İqbal” qəzeti, 10 mart 1912.

18. Naxçıvan MR DA. F. 26, siy. 1, iş 204, v. 5-6.

 

Али Гахраманов

Тебризский тэатр и Бойукхан НахчыванскиНахчывани

В статье говорится об исторической развитии Нахчыванского театра,о его жизни и деятельности, о великой заслуги его с историей театра. Здесь всесторонне анализированы деятельность Бойукхан Нахчыванского, его связи с Нахчыванского и Тебризского театра и его роль в развитии этих организаций. В результате обнаружены многие научно-важные и исторические факты.

Ключевые слова: театр, режиссер, актер, спектакль.

 

Ali Gahramanov

The article deal with Boyukkhan Nakhchivanski life and activity who has irreplaceable services in the development of Nakhchivan theatre. In the article his activities in the development of the theatre art of Nakhchivan and Tabriz have been lightened widely.

 Result of this investigation the author has got many necessary scientific and historical facts.

Key words:theatre, producer, actor, spectacle.

 

 ARİN QRUPUNUN GÖSTƏRDİYİ TAMAŞALAR

Rejissor Böyükxan Naxçıvani

№  Nümayiş olunan əsər, müəllif, rejissor, oynanılma tarixi, məsul şəxs.

1. “Bəzən-bəzən”. ?.—-, ?—— 1305 (1926)

2.”Döymə qapımı, döyərlər qapını”. N.Vəzirov. 1305 (1926)

3. “Zaman kişi bir qız alır”.Əsədulla Tələt. 1305, 12.12  (1926)

4. “Şairlərin məclisi yaxud Məhbubun xəyalı (Məclisi  şüəra ya Məhbube Xəyali” Hüseyn Ümid.——— Əhrmah   1306  7 ci ayı (1927)

5. Rəcəb əmi uşaq olub“Əmu rcəb bəççe şode”——– Molyer ———-1306. 10. 29  (1927)

6. “O olmasın bu olsun” Ü.Hacıbəyov. Böyükxan Naxçıvani.1307. 11. 5.  (1928)

7. “Nadir Şahın sonuncu yadigar”. Səid Nəfisi . 1307. 12. 24   (1928)

8. “Rəstaxize (düzgun yolu) səlatini İran” Mirzadə Eşqi. 1308. 2. 20  (1929)

9. “Əsarəte nəsəvan –öyrənməli”———-Üzeyir Hacıbəyov. 1309   (1930)

10. “Əsli və Kərəm” Ü.Hacıbəyov.1309.  (1930)

11. “O olmasın bu olsun” Ü.Hacıbəyov. Naxçıvani-Quluzadə. 1309. 11.25. (1930) Əbülqasim Liqvani

12. “Yalandan ölmək”  “Mərge duruği” —-?—,Böyükxan Naxçıvani. 1310. 2. 16.  (1931) Çələbi

13. “İki kirayəçi ya Təqi və Nəqi” (iqtibas) Böyükxan Naxçıvani. 1310. 6. 14. (1931) Əli Munie Üskülü.

14.Qaçan kürəkən “Damade fərari” (Molyer tərcümə edən Purrəsul. 1310 6.19  (1931)

15. “Kərbalayi Qubad” Ü.Hacıbəyov.1310. 6.19,  (1931)Yusif Rəhbər

16. Əbüləla“Əbüləlaı” H.Bahəddin və M.Rüfət (tərcümə edən Cavad Məncəmzadə. Böyükxan Naxçıvani. 1310. 5.30. (1931) N.Səfayi

17. . Əbüləla “Əbüləlaı” H.Bahəddin və M.Rüfət (tərcümə edən Cavad Məncəmzadə). Böyükxan Naxçıvani. 1310. 7. 8. (1931) N.Səfayi

18. “Abbas Mirzə Naibolsəltənə” Səid Nəfisi, Böyükxan Naxçıvani. 1310. 9. 5. (1931)Məhəmmədzadə vəBuxarayi

19. “İranı qarət edənlər” “Ğarətgərane İran ”   (Böyükxan Naxçıvani) 1310. 9. 26. (1931) C.Natiq

20. Şeytanın rəqsi “Rəqse şeytan”. Hüseyn Ümid, Böyükxan Naxçıvani. 1310.11. 1. (1931) T.Ərəbzadə

21. Yeni kürəkən- mübarək olsun “Təzə damad-Mübəarəkbada”. Urnəg Xodyəvi, Böyükxan Naxçıvani. 1310. 12. 13 Y.Rəhbər

22. Təqi və Nəqinin pulsuzluğu “Bipuli” və “Təqi və Nəqi” —-?—–, Böyükxan Naxçıvani. 1310. 12. 25.  (1931) Heyət müdirə- Müdirlər heyəti

23. “Arşın mal alan” Ü.Hacıbəyov. 1311. 2.4. (1932) Y.Rəhbər

24. Yeni kürəkən mübarək olsun “Təzə damad-Mübəarəkbada”. Ürəng Xodyəvi, Böyükxan Naxçıvani. 1311. 10. 9. (1932) Mehti Həkimi Əqdəm.

25. Fəramərz ustad“Ustad Fəramərz”—————- 1311.12.12.  (1932)Yəhya Arinpur

26. Qeysər və Bəhramın sarayında “Dərdərbare Qeysər və Bəhram”. Türbəti. Böyükxan Naxçıvani.1312. 4.19. (1933) C.Nvidi

27. “Yusif və Züleyxa” tercümə edən M.Fəzli. 1312. 4. 30. (1933) Məhmədzadə

28 Cibi boş xod gedən insan “.  Poze ali cibe xali ”,——?—–,————-, Böyükxan Naxçıvani..1312. 7. 26. (1933) H.Təqizadə

29.Nadir şahın sonuncu yadigarı “Axərin yadigare Nadir şah” Səhid Nəfisi, Böyükxan Naxçıvani. 1312. 10. 8. (1933) Məhəmməd Əmini

30. Kədu satan, yalandan ölmək, Pursoqqulu “Taçer kədu, mərge duruği, pursoqqulı” —-?——, Böyükxan Naxçıvani,1313. 4. 29. (1934) Böyükxan Naxçıvani

31. “Firdovsi” C.Əxgəri,  Böyükxan Naxçıvani .1313. 5. 19, (1934)Böyükxan Naxçıvani

32. “İblis” Hüseyn Cavid, Böyükxan Naxçıvani, 1313. 5.25,  (1934) Əsədi

33. Hacı ağanın toyu başlanmadı“Ərusi Hacağa sər Nəgreft”——?——,1313. 10.14, (1934)—-?—-.

34. “Həkim Ömər Xəyyam” Resam Ərjengi, Böyükxan Naxçıvani, 1313. 10.16. (1934) Əsədi.

35. “Aycan-aycan” Abbasəli Əsədi, Böyükxan Naxçıvani, 1313. 11. 12. (1934) Əsədi

36.Həyat ya ölüm “ZendegiYa mərg” Şəmim, Böyükxan Naxçıvani, 1314. 4.15. (1935) Şəmim

37. Bir öpüş və əkinçinin məşuqəsi“Yek buse” və “Məşuqeye dehqan”——?——–, Böyükxan Naxçıvani, 1314. 5.24, (1935)—-?—

38. Yalançı ölüm və Hacı ağa vaxtınız var? “Mərgedruği və Haci Ağa vəət darid” —–?—–, Böyükxan Naxçıvani,1314. 7. 30. (1935) Ənçmən mərkəzi xətabə və nümayiş

39. “Əmr kəbir” Halal Nasiri, Böyükxan Naxçıvani,1314. 9.7., (1935) Əsədi

40. Kirin dedikləri “Futuhate  kuruşekəbir” —?—, Böyükxan Naxçıvani, 1314. 10.2. (1935) Rzazadə

41. Cibi boş xod gedən insan ya Pirqolinın toyu “.  Poze ali cibe xali ya ərusiye Pirqoli ”,——?—–,————-, Böyükxan Naxçıvani..   1314. 10. 4. (1935) H.Nəvin Fərahid

42.Komodun pərdəsi“(Pərdə komodi)” —?—, Böyükxan Naxçıvani,1314. 10. 12. (1935) Əshədi

43. “Həkim Ömər Xəyyam” Resam Ərjəngi, Böyükxan Naxçıvani, 1314. 11. 24. (1935) Əsədi

44. “Cicəkəlişah” Zəbihollah Bəhruz, —?—,1315. 7.7. (1936) Əsədi

45. “Kef içində” Fəhmi və Hacızadə. Böyükxan Naxçıvani, 1315. 8. 29. (1936) Nəvinn Fərahid

46. “Cəhalət qurbanı”  Rza Vaizzadə, —-?—, 1315. 9. 6. (1936) M.Zərinfam

47. “Həkim Ömər Xəyyam ya seyare dəbestani” Resam Ərjəngi, —?–, 1316. 4. 11. (1937) Rəhbər

48. Sasani qızı Pərvin “Pərvin doxttəre sasan” Sadeq Hidayət, —?—, 1316. 4.25. (1937) Nəvinn Fərahid

 

+++++

49. “Soltan Mahmud Qəznəvi” Mirzə Əli Abbasov. ? Məhmud Sefayi —?—,1316. 5. 7. (1937) Məhmud Səfahi

50. “Eprət xoab və xial ya…” Şəfi  Məqdati, N.Səqayi,1316. 5. 22. (1937) N. Səqayi

51. “Harun Əlrəşid” —?—,Nasiri, 1316. 6.5. (1937) Nasiri

52.  “Aşiq biçarə” Hecazi, Şabət, 1316. 6.19. (1937) Şabət

53. “Qafarbani cəhalət”Vəağazadə. Əsədi,1316. 7.16. (1937) Əsədi

54. “Əsli və Kərəm” Ü.Hacıbəyov., Böyükxan Naxçıvani, 1317. 3.27. (1938) Məhmədəli Rəşdi

55. “Ağayi çərəsi nokərbangi” —?–, Böyükxan Naxçıvani, 1318.4.9. (1939) Nuinfərahid

56. “Bəhram və ğisərrum” Tərbəti, Hüseyn Ərbav Ğeli. 1320.1. 29. (1941) Böyükxan Naxçıvani

57. “Sər şəmari” Hüseyn Ərbav Ğeli, Hüseyn Ərbav Ğeli,1320. 1.29. (1941) Böyükxan Naxçıvani

58. “Seyah puş” Hüseyn Ərbav Ğeli, Hüseyn Ərbav Ğeli, 1320.4.6. Böyükxan Naxçıvani

                             

Böyükxan Naxçıvanlı 1926-cı ildən ömrünün axırınadək Arin teatr cəmiyyətində 58 tamaşaya rejissorluq etmişdir. O, aşağıdakı tamaşalara“Bəzən-bəzən”, “Döymə qapımı, döyərlər qapını”,  “Zaman kişi bir qız alır” (1926), “Şairlər məclisi yaxur Məhbubun xəyalı”, “Rəcəb əmi uşaq olub” (1927), “O olmasın bu olsun”, “Nadir Şahın sonuncu yadigar” (1928), “İran səltənətinin düzgun yolu” (1929),  “Əsarəte nəsəvan –öyrənməli”———-Üzeyir Hacıbəyov, “Əsli və Kərəm”, “O olmasın bu olsun” (1930), “Yalandan ölmək”, “İki kirayəçi və ya Təqi və Nəqi”, “Qaçan kürəkən”, “Kərbalayi Qubad”, “Əbülüla”, “Abbas Mirzə Naibolsəltənə”, “İranı qarət edənlər”, “Şeytanın rəqsi”, “Yeni kürəkən mübarək olsun”, “Təqi və Nəqinin pulsuzluğu” (1931), “Arşın mal alan”, “Ustad Fərəmərz”(1932), “Qeysər və Bəhramın sarayında”, “Yusif və Züleyxa”, “Cibi boş xod gedən insan”, “Nadir şahın sonuncu yadigarı (1933), “Kədu satan”, “Yalandan ölmək”, “Pursoqqulu”, “Firdovsi”, “İblis”, “Hacı ağanın toyu başlanmadı”, “Həkim Ömər Xəyyam”, “Aycan-aycan” (1934), “Həyat ya ölüm”, “Bir öpüş və əkinçinin məşuqəsi”, “Yalançı ölüm” və ya “Hacı ağa vaxtınız var?”, “Əmr kəbir”, “Kirin dedikləri”, “Komediya pərdəsi”, “Həkim Ömərxəyyam” (1935), “Cicəkəlişah”, “Kef içində”, “Cəhalət qurbanı” (1936), “Sasani qızı Pərvin”, +++++ “Şetan məhmud ğəznoi”, “Eprət xoab və xial ya…”, “Harun Əlrəşid”, “Biçarə aşiq”, “Cəhalət qurbanı” (1937), “Əsli və Kərəm” (1938),  “Ağayi çərəsi nokərbangi” (1939), “Bəhram və ğisərrum”, “Sər şəmari”, “Seyah puş” (1941)quruluş vermişdir. Özünün yazdığı “                 ” əsəri öz quruluşunda 19  -ci ildə tamaşaya qoyulmuşdur.

+

(Qeyd:1. Şiri Xurşid teatr cəmiyyətinin tamaşa göstərdiyi Şiri Xurşid zalını Almanlar şəms tarixi ilə 1305-1306-cı ildı tikmişdilər. Bu zalın birinci cərgəsində oturan tamaşaçılar  necə eşidirdilərsə sonuncu cərgədə oturanlar da elə eşidirmişlər Exosu çox gözəl imiş. Lakin 1357-ci ildə İran inqilabı başlandıqdan sonra  hakimiyyətə gələn Homeyni tərəfdarlari tərəfindən dağıdılır. Şəkili 242-ci səhifədə) 

  (               Qeyd:2.Böyükxan  Naxçıvanlının təşəbbüsü ilə Arin teatr cəmiyyətinin 19 nəfərdən ibarət üzvü təşkil olunur. Şəms təqviminin 1306-cı ilin 9-cu ayının 19-da Zat Qərin Əşrəf Mulukanənin icazəsi ilə Tehranda təsdiqinə izn verilir. Bax. Səhifə 122-yə)

ƏLİ  QƏHRƏMANOV

 AMEA  Naxçıvan Bölməsi

 E-mail: a.qehremanov@yahoo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.