Ərəb mənşəli bir neçə pedaqoji terminin etimoloji izahı

Print Friendly, PDF & Email

     Dilimizdə işlənən   bir  çox  terminlərin özünəməxsus mənşəyi,  semantikası və təyinatı vardır. Bir çox  terminlər müəyyən elm sahəsində ixtira etmiş alimin öz  adı ilə, bir çox termin yarandığı ölkənin dilinin adı ilə,  bəziləri də sadəcə dilimizə  daxil olaraq “vətəndaşlıq hüququ”  qazanmış terminlərdir.   Dilimizdə işlənən bir çox pedaqoji terminlərin mənşəyinə, törəməsinə  diqqət yetirdikdə onların ərəb  və  fars mənşəli olduğunu  öyrənirik. Bu cəhətdən, həmin terminlərin mənasını, mənşəyini, yaranma tarxini, yerini, məkanını  bildikdə o termin haqqında  daha ətraflı məlumata, mükəmməl biliyə  sahib olmaq olur.                

Pedaqoji elmlər doktoru, prof. Rüfət Hüseynzadə “Pedaqogika” dərsliyində (Bakı: Mütərcim,  2021)  bir  neçə pedaqoji  terminin izahını verərkən haqlı olaraq  onun  mənşəyini də açıqlamış və belə    hesab etmişdir ki, pedaqoji terminlərin izahı verilərkən onların əsl mənbəyi, kökü, mənşəyi haqqında məlumat  verilərsə, o  anlayış  daha yaxşı mənimsənilər.

       Biz bu kiçik məqaləmizdə bir neçə ərəb mənşəli pedaqoji termin haqqında, onun etimologiyası və mənşəyi haqqında  məlumat  veririk, hansı ki onlar  dilimizdə  daha tez- tez və fəal işlənir.

      Dərs – tədris prosesinin məna, vaxt və təşkili cəhətdən bitkin kəsiyidir. (3, 6)

     Dərs sözü ərəbcə “d-r-s” (درس) kökündən olub “təfsir yolu ilə öyrətmə” mənasını verir. Bu söz ərəb dilinə qədim arami dilində “Tövratı cümlə-cümlə izah etmək” mənasını verən “drāş” (דרש) sözündən keçmişdir.

     Tədris (dərs keçmə), mədrəsə (dini məktəb) və müdərris (dərs verən adam, müəllim) sözləri də bu kökdəndir.

     Təlim – müəllimin rəhbərliyi altında öyrənənlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesidir. (1, 11)

     Təlim sözü ərəbcə elm (علم) kökündən olub “öyrətmə”, “elmi nəzəriyyə” mənalarında işlənir. Elm (علم)  “bilgi”, “nəzəri bilgi” deməkdir. Müəllim sözü də bu kökdəndir.

     Bəzən təlimtədris anlayışları qarışdırılır. Onları bir-birindən ayırd etmək üçün sözlərin mənşəyinə nəzər salaq. Təlim sözü ərəbcə “bilmək, bilgi” mənalarını verən elm sözündən yaranmışdır.

 Tədris sözü isə “təfsir yolu ilə öyrətmə” anlamını ifadə edən dərs sözündən törəmişdir. Demək ki, təlim – bilgi ilə, tədris – dərslə əlaqəlidir. Təlimdə hər hansı bir sahə üzrə , həır hansı bir yerdə  bilik, bacarıq  və ya vərdişlər öyrədilə bilər, tədrisdə isə yalnız dərs mövcuddur. Məsələn Zooparkda heyvanlara təlim verirlər.Yəni  yerindən, məkanından asılı olmayaraq onlara müəyyən vərdişlr  aşılanır.

     Dərs isə, bildiyimiz kimi, tədris prosesinin məna, vaxt və təşkili cəhətdən bitkin kəsiyidir. Buradan da belə nəticə çıxır ki, təlim bilginin öyrədilməsini ümumi şəkildə nəzərdə tutur. Tədris isə müəyyən bir mövzunun, və ya bir fənnin ardıcıl, sistemli olaraq müxtəlif sayda dərslər, saatlar şəklində öyrədilməsidir. Yəni tədris təlimdən öz bitkinliyi, sistemliliyi, planlı olması ilə fərqlənir. Onu da qeyd etmək yerinə düşər ki, sözlərin etimoloji mənası ilə hazırkı mənası fərqlənə bilər. Çünki sözlər zamanla məna genişlənməsi və ya daralması nəticəsində yeni mənalar verə bilir. Məsələn, təlim sözü hazırda seminar, vebinar sözlərinin sinonimi kimi də istifadə olunur.

     Tələbə – ali məktəb və ya kollecdə oxuyan şəxsə deyilir.

     Tələbə – ərəbcə “elm tələb edən”, “istəyən, diləyən”, “namizəd, elm namizədi”, “mədrəsədə öyrənən” mənalarını verən “talib” (طالب) sözündən yaranmışdır.

     Tələbə – ərəb sözüdür, “tələb edən” deməkdir. Student də (latıncadır) “cəhd göstərən” deməkdir.(4, 247)

     İnkişaf – şəxsiyyətin kəmiyyət və keyfiyyət dəyişiklikləri prosesində irəliyə doğru əldə edilən müsbət nəticədir. (1, 14)

     İnkişaf sözü ərəbcə “k-ş-f” (کشف) kökündən düzəltmişdir. Bu kökdən olan  kəşf sözü “açmaq, meydana çıxarmaq” mənasındadır. İnkişaf isə “açılma, meydana çıxarılma” anlamını ifadə edir. Ola bilər ki, inkişaf deyilərkən insanın öz istedadlarını meydana çıxarması, onları kəşf etməsi nəzərdə tutulsun.

     Məktəb – təlim-tərbiyə verən müəssisədir.

     Məktəb sözü ərəbcə “k-t-b” (کتب) kökündən düzəlmişdir, “yazı yazılan yer” mənasını verir. Eyni kökdən yaranmış kitab sözü “yazılı şey, sənəd” mənasındadır. Məktub və katib sözləri də müvafiq olaraq yazı və yazıçı məfhumlarını ifadə etməklə  “Ketebe”  kökündəın  yaranmışdır..

     Tərbiyə şüur və davranışın istənilən şəklə salınması üçün yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, ardıcıl olaraq yetişən gənc nəslə aşılanması və öyrədilməsidir. (1, 12)

     Tərbiyə ərəbcə rəbb (ربّ) kökündən əmələ gəlmiş və “artmaq, çoxalmaq”, “böyütmək, ərsəyə çatdırmaq”, “tərbiyə etmək, doğru yol göstərmək, islah etmək” mənalarını ifadə edir. Müqəddəs Qurani-Kərimdə ən çox xatırlanan ”Rəbb” sözü Allahın 99 adından biri olub “tərbiyə edən”, “nemət verən”, “insanları mənəvi yüksəlişə aparan” deməkdir. Mürəbbi sözü də “rəbb” kəlməsindən əmələ gəlib “tərbiyəçi” mənasını verir. (1, 12)

     Tərbiyə sözü bizim dildə bəs sözü ilə işlədilib. Bəslə “tərbiyə et”, “qidalandır” demək olub. (4, 249)

     Ərəb dilində tərbiyə sözünü digər bir mənası da “suda yumşaltmaq”dır. Ola bilsin ki, tərbiyə sözü bu mənası ilə insanın mənən “yumşaldılıb” lazımi formaya salınmasını nəzərdə tutur.

     Təhsil – təlim və tərbiyə prosesində meydana gələn nəticə və dəyərdir. (1, 13)

     Təhsil (تحصيل) sözü ərəb dilində “hasil”, “məhsul” mənalarını verən “həsələ” (حصل) kökündən əmələ gəlmişdir. Təhsil – yəni, nəticə, yekun.

     Təhsil sözü istehsal sözü ilə kökdaşdır. Terminoloji mənası “bioloji varlıq olan adamdan insan (şəxsiyyət, sosial varlıq) istehsal etmək” deməkdir. (4, 246)

Muxtar Muradov

Mənbələr:

  1. Hüseynzadə R.L.  Dərslik. Bakı: Mütərcim,  2021, 488 s.
  2. Ərəbcə-azərbaycanca lüğət, Bakı: Şərq-qərb, 2007
  3. Qısa izahlı pedaqoji terminlər lüğəti, “Elm və təhsil”, Bakı-2019
  4. Bəşir Əhmədov – Etimologiya lüğəti, “Altun kitab”, Bakı-2017
  5. Azərbaycan dilinin izahlı lüğəti, “Şərq-qərb”, Bakı-2006
  6. com
  7. com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.