Əbülfəz Əhməd

Print Friendly, PDF & Email

Ön söz əvəzİ

Əbülfəz Əhməd kimdir? Ədəbi aləmdə o qədər də tanınmayan, nə Yazıçılar birliyinin, nə Jurnalistlər birliyinin üzvü olmayan, nə “Qızıl qələm” mükafatı, nə Məmməd Araz mükafatı, nə Rəsul Rza beynəlxalq mükafatı, nə Media mükafatı, nə beynəlxalq Andersen mükafatı, nə Nobel mükafatı almayan, lakin şeirləri olan bir şairdir. Özü də elə şairdir ki, ədəbiyyatımızın, poeziyamızın cəfasını və təəssübünü çəkməkdən yorulmur, usanmır. O mətbuatda, sosial şəbəkələrdə bar-bar bağıran, klassiklərə ləkə yaxan, palçıq atan cavan “şairciklərə” “yazar”lara ədəbi yaradıcılığın nə olduğunu sübut eləməyi bacaran şairdir. Əbülfəz kimi şairlər cavan yaşlarında mətbuata yol tapa bilmədilər. Bu yolda necə getməyin “yollarını” bilirdilər. Amma bu “relsə” düşə bilmədilər. Ona görə də tanınmaq, məşhurlaşmaq imkanları olmadı. Ədəbi orqanlarda lövbər salmış istedadsız qələm sahibləri “ştamplanmış, bədii cəhətdən zəifdir” cavabları ilə yüzlərlə istedadlı gənclərin yolunda istehkam oldular. Əbülfəz Əhməd də belələrindən idi. O, abırlı-həyalı, yerini tanıyan, özünə, sözünə qiymət qoyan adamdır. Heç vaxt redaksiyalarda qapıdan qovulub, bacadan girmədi. Özü üçün yazdı, yaratdı – himayədar axtarmaq ağlına belə gəlmirdi. Bu günə qədər də yazılarının çap olunması, kitablarının nəşr edilməsi üçün heç kimə ağız açmayıb. Əbülfəz Əhməd necə şairdir? Bu suala cavab verməzdən əvvəl deyim ki, Əbülfəz Əhməd bu günə qədər bir dəfə də olsun “mən şairəm” deməyib. O sadəcə olaraq qəlbinin səsinə qulaq asıb, arzu və istəklərinin, qanından, canından qopan duyğuları şeir dili ilə bəyan eləməyə çalışıb. Həm də bunu dizini yerə qoyub, qələmini və könlünü zorlayıb ağ vərəqlərə köçürməyib. Poeziya süfrəsinə təbii və halal məhsulunu qoyub. Ədəbi aləmdə o, sısqa həm də saf bulaqdır (elə başa düşürəm ki, bu bənzətmə onun xətrinə dəyməyəcək). Gah dumduru, göz yaşı kimi gələ bilər, gah bulanıq şəkildə. Dediklərimizi təsdiq üçün bir neçə şeirinə diqqət yetirək: İlk əlimə keçən bir şeiri “Kərəmə” adlanır.

“Bu Əsli qızların əsil xisləti,
Döndü xəyanətə, a Kərəm indi.
Hardasa babalar çəkən ləzzətin,
Oturub altını çəkirəm indi.

 

…Bir tərsa qızının oduna düşüb
Gəzdin obaları, gəzdin birbəbir.
Indi obalara pıçha-pıç düşüb –
Ellər süd puludur, dalbadal gedir.

 

Hansı məşhur şairin şeirindən zəifdir.

…Düymə açılmadı… cəhənnəmə ki,
Yüz gözəl önündə baş əyməzdimi?

 

Bundan artıq Əbülfəz Əhməd nə deməliydi.

Əslilərin, Haykanuşların qucağından başladı torpaqlarımızın haylara “axını”.

Bu, Əbülfəzin dili ilə desək – tərsa gözəllərin bizə yaşatdıqları! Bəs öz gözəllərimiz şairi necə “incidir”

“Söz ki, verdin, olasan həmdərd gözəlim,
Həm fərəh verdin bizə, həm dərd gözəlim.
Naz eylə dedik, anla ki, məna məcazi,
Sən də qoysana nazına sərhəd gözəlim!

 

Bu rübainin nəyi çatmır?

Əbülfəz Əhmədin şeirlərinin birinə yazdığı epiqraf bir çox şairlərinin qalaq-qalaq kitabına dəyər. Atasına həsr elədiyi şeirlərinin birində Əbülfəz belə yazır:

“Anamız yanına köç edəndən bəri başdaşı şəklində atamın üzünə təbəssüm qonub”. Budur, şair duyğusu, budur şeirin bədii, fəlsəfi yükü, budur tapıntı. Şeir deyil, amma şeir qədər bədii yükü var.

Əbülfəzin şeirlərində mövzu müxtəlifliyi, rəngarəngliyi diqqəti cəlb edir. Sevgi-məhəbbət, vətənə həsr olunmuş, təbiət mənzərələrindən bəhs edən onlarla şeiri var Əbülfəzin. Dünya haqqında hansı qələm sahibi şeir yazmayıb? Əbülfəz də yazıb:

Nizamına iradım yox,
Çox sirrini aradım, çox,
Fələk qarı- Əbülfəz qorx
Tutar sənə toy dünyada!

“Fələyin adama toy tutmağını” şair belə təsvir edir.

Dediyim kimi Əbülfəzin şeirləri gah “durulur”, gah “bulanır”. Bəzən az sözlə çox incə mətləbləri çatdıra bilir. Məsələn:

Yetim uşaqlar kimidir

Ahıl yaşlarında
Tənha yaşayan kişilər…
Qulluğunda xanımı, qızı,
Gəlini dayanan tay tuşlarını görəndə
“kiçilər”

 

Daha bir konkret misal:

Heyifim gəlir
Iki qadın tanışımın
Birinə,
O birinin də – ərinə.

 

Başqa bir yazısında sərrast ifadəyə fikir verin:

Sənə kar eləmir
mənsizliyin.
Mən də dadını yaxşı bilirəm
Səninlə sənsizliyin.

Bu qısa və yığcam şeirlər mənalı və düşündürücüdür həm də kifayət qədərdir. Amma Əbülfəzin elə şeirləri var ki, uzun və darıxdırıcıdır. Bir fikri çatdırmaq üçün “dolama yollarla” getmək oxucudan çox bəlkə müəllifin özünü yorur.

Əbülfəzin şeirləri haqqında mən uzun-uzadı yazmaq istəmirəm, nə də təhlil edib, tənqidi fikirlər söyləyib “Amerika açmaq” fikrim yoxdur. Çox güman ki, heç ədəbi tənqid də ola bilsin Əbülfəzin bu kitabını görmədi. Görsə də “öz şairlərini” tərifləməkdən vaxtları olmayacaq ki, Əbülfəz Əhməd adlı şairə qiymət versinlər. Heç Əbülfəzin buna ehtiyacı da yoxdur. Tənqidçilərdən də ummur, küsmür, incimir. Heç annotasiyada “geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur” da yazılmayacaq. Çünki adlı-sanlı xalq şairlərinin, xalq yazıçılarının kitabları cəmi-cümlətanı beş yüz nüsxə çap olunursa hansı “geniş oxucu kütləsindən” danışmaq olar.

Əbülfəz Əhməd bu kitabında çap olunan şeirlərində də öz sadə, zəhmətkeş, səmimi bir insan olduğunu yaxın dostlarına, qohum-əqrəbasına, tanışlarına izhar eləmək üçün qələmə pənah gətirmişdir. Şair hər bir oxucusuna dərin minnətdarlıq hissi ilə “hələlik” deyir. Mən də Əbülfəzi yaxından tanıyan bir adam kimi ona yeni kitabının həzzini dadmağı arzulayıram və yeni-yeni kitablarını gözləyirəm.

Ramiz İsmayıl

Şair-publisist, yazıçı

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.