Əkrəm Məmmədlinin nota yazdığı “Azərbaycan muğamları” kitabı haqqında

Print Friendly, PDF & Email

Əkrəm Məmmədlinin nota yazdığı “Azərbaycan muğamları” kitabı haqqında

 

Prezident təqaüdçüsü, görkəmli musiqi xadimi, tarzən Əkrəm Məmmədli yaradıcılıq əhatəsilə diqqəti cəlb edən, fitri istedada malik ifaçı və Azərbaycan musiqi mədəniyyətində öz yeri olan sənətkarlarımızdandır.

Ona ilahi tərəfindən bəxş edilmiş tarda ifaçılıq qabiliyyəti, bununla bərabər öz üzərində daima çalışması, gələcəkdə hərtərəfli bir sənətkara çevrilməsinə səbəb olmuşdur.

Bizim ustad tarzən kimi tanıdığımız Əkrəm Məmmədli, mahir pedaqoq, musiqi təşkilatçısı, milli musiqimizin incəliklərini dərindən duyan musiqi xadimi, həm də bədii yaradıcılığa (bəstəkarlığa) ciddi əhəmiyyət verən sayılıb seçilən yaşlı nəsl nümayəndələrimizdəndir.

Müşahidəmə əsasən deyə bilərəm ki, Əkrəm müəllim keçən əsrin 50 – ci illərin sonlarından başlayaraq peşəkar musiqi və digər bədii kollektivlərdə (Naxçıvan Dövlət mahnı və rəqs ansamblı, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili-  Dram Teatrı nəzərdə tutulur.) solist-tarzən, ansambl ifaçısı kimi qibtə ediləcək dərəcədə fəaliyyət göstərmişdir.

Təsadüfü deyildir ki, Əkrəm Məmmədli 60-cı illərdə Bakı şəhərində musiqi təhsili aldığı müddətdə böyük bəstəkar, görkəmli dirijor Cahangir Cahangirov, onu rəhbərlik etdiyi Dövlət mahnı və rəqs ansamblına (hal-hazırda Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblı) solist-tarzən qəbul edir. O, kollektiv tərkibində Azərbaycanın bütün regionlarında, keçmiş SSRİ adlanan məkanın respublikalarında, habelə xarici ölkələrdə qastrol səfərlərində olmuş, milli musiqi mədəniyyətimizin təbliğində fəal iştirak etmişdir.

Qeyd edim ki, Ə. Məmmədli Dövlət mahnı və rəqs ansamblında ifaçılıq sənətini püxtələşdirməklə yanaşı, C. Cahangirovun yaradıcılıq üslubunu dərindən mənimsəmiş və ondan bir çox yaradıcılıq keyfiyyətlərini də əxz etmişdir [milli kökə bağlılıq, xor və vakal sənətinin (janrının) incəliklərini, kollektivlə işləmək metodu (dirijorluq) və s. göstərmək olar].

Belə ki, ustad tarzən  Naxçıvan Dövlət filarmoniyasında solist-tarzən, dirijor və bədii rəhbər kimi fəaliyət göstərərkən mahnı, vokal-insturmental janrlarda gözəl melodik əsərlər bəstələyərək musiqi mədəniyyətimizi zənginləşdirmişdir. Həmin əsərlərdən nümunələr Naxçıvan və Azərbaycan Dövlət Televiziya və Radio verlişləri şirkətinin (ATRV  QSC) proqramında vaxtaşırı səsləndirilir.

Əkrəm Məmmədlinin bəstəkarlıq fəaliyyətində tar üçün yazdığı “Etüdlər” və “Qamma və arpeciolar”adlı tədris vəsaiti zənnimcə özünə məxsusluğu ilə seçilən önəmli əsərlərdəndir. Çünki adını çəkdiyimiz vəsaitlərin hər bir xanəsində tarın spesifikası dəqiqliklə melodik düzümlərdə öz ifadəsini rəngarəng ştrixlər, applikaturalarla tapmışdır.

Qeyd edilən tədris vəsaitlərinin əhəmiyyətini dəyərləndirən görkəmli alim-musiqişünas, Azərbaycan Respublikasının xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov yazır: “…Əkrəm Məmmədli gənc tarzənlərin yetişdirilməsi üçün müəllimliklə yanaşı, tədris vəsaitlərinin yazılmasında da fəal iştirak edir. Bu baxımdan biz xüsusilə Əkrəm Məmmədlinin tar üçün “Etüdlər”, “Qamma və arpeciolar” kimi tədris vəsaitlərinin Təbriz şəhərində “Behnamçap evi” tərəfindən 1500 nüsxədə nəfis şəkildə nəsr olunmağını önəmli bir iş kimi qiymətləndiririk. Ə. Məmmədlinin özünün dediyi kimi bu kitabların yazılmasında əsas məqsəd tar musiqi alətində çalanların texniki imkanlarının cilalanmağına , kamillləşməsinə kömək etməkdir. Söz yox ki, bu kitablar orta və ali musiqi məktəblərində təhsil alan tələbələr üçün dəyərli və gərəkli vəsait kimi əhəmiyyət kəsb edir…” [Əkrəm Məmmədli: “ Azərbaycan muğamları” (Elmi redaktor və ön söz müəllifi Ramiz Zöhrabovdur.) Bakı Azərbaycan nəşriyyatı. 2010-cu il, səh. 5.]

Yuxarıda göstərdiyimiz qısa məlumatlardan sonra hörmətli oxucuların nəzərinə çatdıraq ki, Əkrəm Məmmədlinin yaradıcılıq fəaliyyətlərindən biri də yaxın keçmiş dövrə aid olan şifahi ənənəli Azərbaycan profesional musiqisinin – muğamların tar ifaçılığı xüsusiyyətlərində not yazısına almasıdır.

Məqalənin bu yerində təbii caizdir ki, XX əsrdən başlanan muğamların not yazısı barədə bəzi məqamları yada salaq. Bu mənada müstəqillik dövrümüzdə nəşr olunan “Muğam  ensiklopediyası”ndakı faktlara nəzər yetirək.(Baş redaktor Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevadır). Orada oxuyuruq: “… 1930-cu illərdən sonra yetişən bəstəkar və musiqişünaslar tərəfindən muğam dəstgahları , zərbi muğamlar, təsnif və rənglər nota salınıb çap olunmuşdur…Azərbaycanda ilk dəfə muğamın nota köçürülməsi işi ilə Müslüm Maqomayev məşğul olmuşdur. O, 1928-ci ildə Qurban Primovun ifasından “Rast” muğamını nota salmışdır. Həmin not yazısı çap olunmamışdır. Muğamların nota yazılması sahəsində Niyazinin xidmətləri qeyd edilməlidir. “Rast” və “Şur” dəstgahlarını vokal-instrumental şəkildə Cabbar Qaryağdıoğlunun ifasından nota yazılmış, lakin çap olunmamışdır….

1936-cı ildə nəşr olunmuş ilk not yazıları-Tofiq Quliyevin “Rast” , “Zabul”, Zakir Bağırovun “Dügah” muğam dəstgahları tarzən Mənsur Mənsurovun ifasından nota yazılmışdır… Qara Qarayev tərəfindən Qurban Pirimovun ifasından nota yazılmış “Şur” muğamı muğam melodiyalarını orjinalda olduğu kimi heç bir işlənmə elementlərinə yol verməyərək , dəqiq əks etdirir…1960-cı illərdə bəstəkar Nəriman Məmmədovun tarzən Əhməd Bakıxanovun ifasından nota yazdığı instrumental muğamlar çap olunmuşdur: “Bayatı-Şiraz” və “Şur” (1962), “Rast” və “Şahnaz” (1963), “Cahargah” və Rahab (1965).  N. Məmmədovun 1970-ci illərdə vokal-instrumental şəkildə nota yazdığı “Çahargah” (1970) muğamı xanəndə Yaqub Məmmədovun, “Rast” (1978) muğamı Hacıbaba Hüseynovun ifaçılıq tərzinə uyğundur. 2000-ci illərdə muğamların not yazıları kamança ifaçısı, sənətşünaslıq namizədi Arif Əsədullayev  tərəfindən Elxan Mirzəxərovun ifasında nota salınıb çap edilmişdir. “Bayatı-Şiraz” və “Hümayın” (2003), “Rast və Çahargah” (2005), “Şüştər”, “Şur”, “Zabul Segah”(2006)…. [“Muğam Ensiklopediyası” Heydər Əliyev Fondu Bakı, 2008-ci il səh 144-145. (qeyd: Ətraflı məlumat adıçəkilən kitabdan almaq olar)].

Qeyd edilən faktlara onu da əlavə edək ki, son vaxtlarda instrumental muğam ifaçılığı ilə bağlı əməkdar müəllim, sənətşünaslıq namizədi, Azərbaycan Milli Konservatoriyasının professoru Rafiq Musazadənin magistr pilləsi üçün ərsəyə gətirdiyi “Muğamın Tədrisi metodikası” [Rafiq Musazadə “Muğamın tədrisi  Metodikası” Bakı, 2012-ci il  ( Elmi redaktor əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Vaqif Əbdülqasımov, ön söz müəllifi Azərbaycan milli konservatoriyasının rektoru, xalq artisti professor Siyavuş Kərimi)]  adlı dərs vəsaiti  və Qədim Muğamlar”  [Rafiq Musazadə. “Qədim muğamlar” Bakı, 2013-ci il (Elmi redaktor, professor Vaqif Əbdülqasımov)] adlı  dərslik kitabları işıq üzü görmüşdür.

            Yuxarıdakı faktları vaxt baxımından müqayisələndirsək müstəqillik dövründə, xüsusilə yaşadığımız  XXI əsrdə muğamların nota salınması daha intensiv şəkildədir.  Əlbəttə, bunlara görə biz Dövlətimizə minnətdarlıq hisslərimizi bildirməliyik.

Əkrəm Məmmədlinin hazırki, söhbət açacağımız “Azərbaycan muğamları” məcmuəsində 14 muğam instrumental şəkildə təqdim edilir.  Bura “Rast”,  “Bayatı-Qacar”,  “Mahur-hindi”,  “Orta-mahur”,  “Zabul-segah”,  “Xaric-segah”,  “Şur”,  “Bayatı-Şiraz”,  “Çahargah”  “ Hümayun”, “Şüştər”,  “Şahnaz”,  “Rahab”,  “Bayatı-Kürd” muğamları daxildir. Adı çəkilən muğamları Əkrəm müəllim vaxtı ilə ustadı olmuş görkəmli pedaqoq-tarzən, muğam bilicisi,  Azərbaycan Respublikasının əməkdar  mədəniyyət işçisi Kamil Əhmədovun muğam  məktəbi əsasında öz ifasında nota yazmışdır.

            Məlumdur ki, bizim ana dilimiz kimi müqəddəs olan ulu muğamlar indiyə qədər böyük inkişaf yolu keçmişdir və bu sənətin tərəqqisində xanəndələr ilə bərabər instrumental ifaçıların da böyük rolu olmuşdur. Bu mənada muğam sənətində aparıcı  alət olan Azərbaycan tarında  muğam ustadlarımızdan  gələn üslub müxtəlifliyi  nəticəsində instrumental muğam ifaçılığı inkişaf edib yeni ifadə vasitələri ilə zənginləşmişdir. Belə ustadlardan  biri də görkəmli tarzən Əkrəm Məmmədlinin müəllimi Kamil Əhmədovdur.

            Əkrəm müəllimin  “Azərbaycan muğamları” adlı kitabının  ilkin məziyyətlərindən bizi muğamların bütünlüklə tar açarında yazılması və onun alətdə köklənməsinin notlar vasitəsilə göstərməsidir. 

Daha sonra Əkrəm Məmmədliyə xas olan tarda işlədilən ifadə vasitələrinin təsnifatı və kitabda  məntiqli ardıcıllığıdır.  (Muğam melizmləri – Ə. M. səh. 7-8).

            S. Rüstəmovun “Tar məktəbi”ndə  rast gəldiyimiz metodik ənənələri davam etdirən müəllif  ilk öncə muğam ifaçılığının tarda əsas və lazimi terminlərini sadə  və anlaşıqlı dildə şərh edir.(Əkrəm Məmmədli həm də filologiya üzrə universitet təhsili almışdır). Və bu zaman Əkrəm Məmmədli özünəməxsus şəkil və işarələrdən istifadə edir.

  Bu işarələr:

Xum vermə:

Tremolo ilə sürüşdürmə:

 

 Qırtma:

 

 Barmaq sürüşdürülməsi :

 Iki tərəfli barmaq sürüşdürülməsi:

Simin barmaqla (sol əldə – A.N) yuxarı qaldırılması:

Vibrasiya bənzər:

Lal barmaq: 

Birinci kök simin yanındakı ağ simin işarəsi: 

kimi terminlərin izahını açaraq tələbə, yaxud şagirdə tar ifaçılığı üzrə ilkin metodiki istiqamət verir.

            Əkrəm Məmmədli muğamların not yazısının əvvəlində qeyd edir ki,  burada Kamil Əhmədovun muğam ifaçılıq məktəbinə uyğun olaraq öz ifasında notlaşdırılmışdır.

Əlbəttə ki, müəllif not yazısında Kamil Əhmədovun ifaçılıq üslubunu yüksək səriştə ilə əks etdirməklə bərabər özünün tarzənlik məharəti və bəstəkarlığa məxsus yazı texnikası, yaradıcılıq fantaziyasından, ifaçılıq məziyyətlərindən ustalıqla istifadə etmişdir.  Bu cəhətləri hər bir  tarzən, ifaçı, musiqişünas, yaxud muğamşünas kitabı vərəqləyib nəzər yetirsə müşahidə edə bilər.

            “Azərbaycan muğamları” adlı dərs vəsaitinin növbəti məziyyətlərindən biri də orada olan muğamların şöbə və guşələri haqqında Azərbaycan dilində anlamların şərh edilməsidir. Belə metodika  da dərs vəsaiti kimi instrumentalçıya həm ifaçılıq baxımından həm də  muğam bilik dairəsinin artırılmasına dəyərli impulslar verir.  Əqidəmizcə musiqidə hər bir detalın sözlə açıqlanması professional ifaçılıq üçün ümdə şərtlərdən biridir.   Həmçinin müəllif muğamların tarda köklənmə  intervallarını [birinci kök sim, yanındakı ağ sim və ikinci kök sim (tan sim)] qeyd etdikdən sonra məqsədli şəkildə ifa zamanı simlərin notlar vasitəsilə yazılışı və səslənmə  fərqlərini göstərir.

            Əkrəm Məmmədlinin “Azərbaycan muğamları” kitabını yüksək dəyərləndirən görkəmli musiqişünas, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov  belə yazır: “… Kitabda verilmiş «əlavə işarələr  haqqında izahlar» da maraqlı yenilikdir.  Axı əvvəl ki, illərdə çap olunmuş not yazılarının heç birində belə izahlar qeyd olunmamışdır. Biz onu da deməliyik ki, metodiki cəhətdən əlavə işarələr izahı şagird və tələbələr  üçün lazımlı və məqsədə uyğundur”.

            Əvvəlki instrumental  muğam məcmuələrində muğamlar “sərbəst  metroritmik  ölçüdə qeydə alınmadığı halda Əkrəm Məmmədlinin  not yazılarında ölçülərin dəyişkənliyi göstərilir. Bəli ölçülərin dəyişməsinin qeydə alınması metodik cəhətdən zəruridir.

            “Bu kitabdakı instrumental muğamların not yazısı ilk dəfə olaraq orijinal açarda, yəni metso-soprano açarında şərhini tapmışdır. Bu onu göstərir ki, məcmuə bilavasitə tar çalanlar  üçün nəzərdə tutulmuşdur…  ( Adı çəkilən məcmuə səh.6)

            Biz həm də diqqəti ona yönəldib qeyd edək ki, Əkrəm müəllimin muğamların not yazısında tara məxsus istifadə edilən applikatura və ştrixlərin mütəmadi olaraq notların üstündə göstərməsi bu kitaba aid olan önəmli cəhətlərdəndir. Misal üçün “Rast” muğamının  “Bərdaşt”şöbəsinin başlanğıcında  (re1-sol1, səh: 10-un birinci xanəsi) səkkizlik notlarda üst mizrablar (n) və bu zaman applikaturanı qeyd etmək, zil mayedə (sol1) otuzikilik, onaltılıq notlarda ardıcıl olaraq ştrixlərin sona qədər qeydə alınması metodiki cəhətdən muğamın öyrənilməsi üçün tələbəyə xeyli köməklik edir. (səh. 10-un birinci dördüncü xanələri).

            “Bərdaşt”ın  növbəti cümləsində variantlılığa yol verilir. (səh.10-un, beşinci və onuncu xanələri). Bu zaman alətin ağ və sarı simindən not qruplaşmalarında , mizrab ştrixlərindən olan alt-üst, qarışıq, üst mizrablarda tara məxsus bədii ifadə vasitələrindən-sürüşdürmə barmağın bir tərəfli növündən lal barmaqlardan ( l ) zövqlə istifadə edilir. Xanələrin müxtəlif ölçülərlə növbələşdirilməsi muğam cümlələrinin daxili quruluşunda not qruplaşmalarında pozisiyalarda paylanması maraqlı cəhətlərdəndir və bunu çalan tarzən həm muğamı, həm də ştrixlərin düzgün yolunu əyani olaraq necə səslənməsini müşahidə edib, gələcəkdə muğamlara məxsus ştrixləri yaddaşında daha da möhkəmləndirir.

            Not yazısının səviyyəli xüsusiyyətlərindən biri də not uzunluqlarının əvvəldə qeyd edildiyi kimi daimi  dəqiq metro-ritmik  ölçülərlə xanə növbələşmələrində praktiki qeydə alınması muğamın dinamikasını, özünəməxsus fərdi ifaçılıq xüsusiyyətlərini dəqiq aydınlaşdıran elementlərdəndir. Xatırlıadaq ki, kitabda cəmlənən 14 muğamın hər birinin ifaçılıq üslubunu Ə. Məmmədli tarda çalınma texnikasını və bədii elementlərini ustalıqla və dəqiqliklə not yazısında göstərməyə nail olmuşdur. Onu demək istəyirik ki, tar alətinin özünməxsus muğam çalarlarından dinamik formada yararlanan müəllif tara məxsus ştrixləri lazım olan nöqtələrdə daima notun üzərində yeri gəldikdə göstərir və biz kitabı vərəqlədikdə Kamil Əhmədovun çalma üslubunu  müşahidə edə bilirik.  Muğam bilicisi  Kamil müəllimin  işlətdiyi ştrixlərdən “Santur mizrab” , “Çahar mizrab”, “Döymə mizrab”, “Əlif mizrab”, “Qoşa mizrab”  növlərinin müxtəlif ardıcıllığı Əkrəm Məmmədlinin not yazısında öz təcəssümünü tapır. Burada yeri gəlmişkən onu vurğulayaq ki, görkəmli  ustad tarzən Ə.Məmmədli sadəcə olaraq Kamil Əhmədovun muğam məktəbini nota köçürməyib o, virtuoz ifaçı olaraq təmsil etdiyi məktəbin üslubunu əks etdirməklə yanaşı, yazı müəllifinin öz ifaçılığından irəli gələn dinamika, rəngarəng applikaturalar, not qruplaşmaları, tarda bədii ifadə vasitələrinin dolğunluğunu (melizmlər), frazalaşdırmaları və bir  çox məziyyətləri zərgər dəqiqliyi  ilə not yazısında təcəssüm etdirmişdir. 

             Bir cəhəti də göstərək ki, not yazısında ümumi terminlərlə yanaşı Əkrəm Məmmədli əvvəldə qeyd edildiyi kimi milli ifaçılıq ornamentləri konteksində özünün tərtib etdiyi xüsusi bədii ifadə işarələrdən də istifadə edir.  Buna misal olaraq vibrasiyaya bənzər, qırtma  və sairə işarələri qeyd edə bilərik. Məqaləni yekunlaşdıraraq aşağıdakı  nəticəyə gəlmək olar:

            Burada muğam ifaçılığının tar versiyasına aid məziyyətlərin daha dolğun not yazısında təşəkkülünü; tar alətində onun bədii xüsusiyyətlərini əks etdirən əlavə işarələr,  tarın muğamlarda  köklənmə qaydasının yazılışı və praktiki cəhətdən göstərilməsi; muğama aid musiqi istilahlarının lüğəti mənası; maraqlı pozisiya, applikatura və ştrixlərinin əsas nöqtələrdə notların üzərində  yazıya alınması; not yazılarında ölçü dəyişkənliyinin göstərilməsi  və s xüsusiyyətləri göstərmək olar.

            Beləliklə ümumi nəticə odur ki, Əkrəm Məmmədlinin  “Azərbaycan muğamları” adlı kitabı tar ifaçılıq xüsusiyyətlərində muğamların  nota yazılması  baxımından öz fərdiliyi ilə seçilərək muğamların nota yazma ənənə ədəbiyyatını həm praktiki, həm də metodiki cəhətdən daha da zənginləşdirmişdir.

İstifadə edilmiş ədəbiyyat

•         Əbdülqasımov V. “Azərbaycan tarı”. Bakı, İşıq 1989.

•         Kərimov M. Azərbaycan xalqının musiqi irsi. Bakı, DKA ofse, 2007

•         Kərimov R. Naxçıvan Musiqi Mədəniyyəti Tarixindən. Bakı, 2012

•         Musazadə R. Muğamın Tədrisi Metodikası. Bakı, 2012.

•         Musazadə R Qədim Muğamlar. Bakı, 2013.

•         Muğam Ensiklopediyası. Redaksiya heyətinin sədri, baş redaktor Azərbaycan mədəniyyəti-Dostları Fondunun və HeydərƏliyev fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun  xoşmərasimi səfiri, Millət Vəkili Mehriban xanım Əliyevadır.

•         Quliyev N. Naxçıvan Musiqi Mədəniyyəti Tarixindən.  Bakı, Elm, 1999

•         Zöhrabov R. F. Muğam. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1991.

 

 

Afət Novruzov sənətşünaslıq

 namizədi , AMK-nın dosenti

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.