İLK ŞƏHİD-ALİMLƏRİMİZDƏN, TÜRKLÜK FƏDAİSİ TAĞI QASIMOĞLUNUN ƏZİZ VƏ İŞIQLI XATİRƏSİNƏ…

İLK ŞƏHİD-ALİMLƏRİMİZDƏN, TÜRKLÜK FƏDAİSİ TAĞI QASIMOĞLUNUN ƏZİZ VƏ İŞIQLI XATİRƏSİNƏ…
DOSYE
Qasımov Tağı Qasım oğlu 20 fevral 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. 1965-ci ildə Yaycı kənd orta məktəbini bitirib və elə həmin il Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra doğma kəndində — Yaycı kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb.
Daha sonra APİ-nin aspiranturasına qəbul olunub. 1970-ci illərin ortalarında “Maddələrin fotoelektrik xassələri” mövzusunda elmi iş yazaraq dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Alimlik dərəcəsi aldıqdan sonra onlarca elmi məqalə yazıb. Bununla yanaşı, ədəbi-fəlsəfi yaradıcılıqla da məşğul olub. “Dil zəlzələsi” pyesi, “Çavuş” hekayəsi və bir sıra şeirlər qələmə alıb.
Yaxın dostu, sənətşünaslıq doktoru Cəfər Qiyasinin Tağı Qasımoğlunun bizə az məlum olan başqa bir tərəfi haqqında maraqlı qeydi var:
«“Tağı Bəyin çoxlu əlyazmaları içərisində tariximizi əks etdirən yazılar da az deyil. ‘Dədə Qorqud: Dual Təşkilat və sürətlər arasında münasibət məsələsi’ əsərinin taleyi çox ağır oldu. İki dəfə nəşr olunmaq ərəfəsində maneələr yaranmış, sonda üçüncü dəfə nəşri həyata keçirə bildik. Əminəm ki, bu əsər vətənsevər alimlərimiz tərəfindən layiqli qiymətini alacaq. Əgər bu əsəri xaricdə yaşayan oxuculara çatdıra bilsək, dünya şöhrətli tədqiqat əsərləri siyahısına daxil olacaqdır.”»
28 avqust 1990-cı ildə Tağı Qasımoğlu doğma Yaycı kəndində, Araz çayında çimmək üçün ayrılmış xüsusi qolda Sovet ordusunun rus zabiti tərəfindən snayperlə qətlə yetirildi.
O, ilk şəhid-alimlərimizdən biri idi.
36 İL ÖNCƏ ŞƏHİD TAĞI QASIMOĞLUNUN QƏLƏMƏ ALDIĞI BİR ŞEİR ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏRİM…
“PAYIZ YARPAĞI…”
Tağı Qasımoğlunun aşağıdakı şeiri bir vaxtlar onun evində arxivi ilə tanış olarkən əlimə keçmişdi.
1999-cu ildə “Yeni Müsavat” qəzetində onun haqqında yazı hazırlayarkən ailəsinin icazəsi ilə Culfa rayonunun Yaycı kəndindəki evlərində Tağı Bəyin arxivi ilə tanış olmuşdum. Şeiri öz dəst-xətti ilə bir vərəqə yazmışdı.
Düzü, onun şair tərəfini bilmirdim. Ədəbiyyat bilgisinin çox dərin olduğunu bilirdim, əlbəttə. Şəhriyar haqqında “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuş çox gözəl bir yazısını oxumuşdum. Fərqli, elmi təsbitlərlə zəngin bir yazı idi. Həmçinin onun “Dil zəlzələsi” pyesi və “Çavuş” hekayəsi ilə tanış olanda bir oxucu kimi, sözün yaxşı mənasında, əməlli-başlı heyrətlənmişdim.
Amma “Payız yarpağı” şeiri ruhumda daha dərin iz buraxdı.
Bu şeirin həm də hüznlü bir tarixçəsi var.
Tağı Bəyin bacısı Həlimə xanım göz yaşları içində bunu mənə danışmışdı. Həyətlərində böyük bir tut ağacı vardı. Tağı Bəy bu ağacı çox sevərmiş. 1970-ci illərdə bu ağacın altında kimlər oturub çay içməyib ki?!
Əbülfəz Elçibəy, məşhur memar, milli və istiqlal məfkurəli aydın Cəfər Qiyasi, şaman ruhlu şairimiz Rüstəm Behrudi, Ordubadın Üstüpü kəndindən olan əqidəli insan Şəmil Bəy və başqaları…
Tut ağacı Tağı Bəyin bütün söhbətlərinin də şahidi idi. Bəlkə də bu bağın, bu əlaqənin kökündə dayanan sevgi də elə buydu.
Tağı Bəy qədim Türk tarixini və mifologiyasını çox dərindən bilirdi. Həm də elə-belə deyil — elmi-tarixi, bədii-fəlsəfi təfəkkürlə, yüksək səviyyədə dərk edəcək qədər.
Ağac, işıq, qaranlıq, aydınlıq — qədim Türk mifologiyasında və kosmoqonik dünyagörüşündə bu anlayışların nə ifadə etdiyi Türkçü alim və araşdırmaçıların yaxşı bildiyi məsələlərdəndir.
Tağı Bəyin şeirində də bütün bu elementlər var.
Bacısı Həlimə xanım Tağı Bəyin ən dalğın vaxtlarında belə həmin tut ağacına, onun gövdəsinə, yarpaqlarına sığınıb baş-başa qaldığı anları böyük bir kədərlə danışmışdı mənə…
Kədərin beləsi olmaz olaydı.
Rüstəm Behrudinin ağaca həsr etdiyi misralar istər-istəməz yada düşür:
Canım ağac, gözüm ağac!
Köklü ağac, qaba ağac
Tanrımızın bizdən əvvəl
Doqquz budaq yaratdığı
Babamıza baba ağac!
Kölgəsində barındığım —
Barındığım,
Sonra dönüb
Yarpaq-yarpaq arındığım,
Uca ağac.
Dünya kimi qoca ağac!
Bu şeirin tarixinin 9 avqust 1990-cı il olduğunu görəndə, sözün əsl mənasında, diksindim.
Çünki avqustun cırhacırında tut ağacı adətən büsbütün yaşıla bürünür. Yaşıl yarpaqlar budaqda ömür kimi bitir, payızadək qopmamaq üçün sanki həyata sarılır.
Bəlkə də Tağı Bəy hansısa payız günündə, xəzan çağında elə həmin tut ağacının budağından qopub yerə düşən, havada rəqs edən saralmış bir yarpağın yaddaşı ilə özünü, insanı, dünyanı, qaranlığı, aydınlığı və torpağın yaddaşındakı eyniyyəti şeirə çevirmişdi.
Amma bunu isti avqust ayında, keçmiş payızların diqtəsi ilə etmişdi.
Bu diqtə həyatla ölüm arasında gedən, sirrini heç kimə verməyən o çılğın mübarizənin sözlərə tökülməsidir. Ən çılpaq boyalarla, ən dərin fəlsəfi düşüncə ilə, ən zərif lirizmdən doğan bir ruh halı ilə…
İsti avqust ayında payız düşüncələri ilə bu şeirin son misralarını:
“Yarpaq son dəfə
Ölüm ilə oyuna girdi.
Mənim belə oyunlarda fürsətim
Yox!..”
— yazıb nöqtəsini qoyanda, vaxtsız əcəlin, o “kəmfürsət ölüm”ün Tağı Bəyin başının üstünü alacağını, ona cəmi 19 gün möhlət verəcəyini haradan biləydi?!
Haradan biləydi ki, həmin vərəqə köçürdüyü ölüm düşüncəsi çox keçmədən öz taleyinin də acı xəbərçisi olacaq?!
O məşum tarix — 28 avqust 1990-cı il — hər şeyə son qoydu.
Doğma kəndi Yaycıda, Araz çayında çimərkən rus zabitinin snayperdən atdığı güllə ilə Tağı Bəy amansızcasına qətlə yetirildi.
O, daşıdığı uca Türklük məfkurəsindən, dönməz əqidəsindən, yüksək analitik təfəkküründən və aydın düşüncəsindən qorxulan bir ziyalı idi.
İŞIQ VƏ QARANLIQ ARASINDA
“Payız yarpağı” mənə həm də işıq haqqında düşünməyə vadar edir.
Çox maraqlıdır ki, Tağı Qasımoğlu fizika-riyaziyyat elmləri namizədi, pozitiv elmlər üzrə alim idi. Fizika dəqiq elmdir. Tağı Bəy də bütün elmi, ədəbi və fəlsəfi düşüncəsində son dərəcə dəqiq idi.
Hətta dissertasiya işi belə işıqla bağlı idi:
“Maddələrin fotoelektrik xassələri”.
Şeirdə isə belə misralar var:
“Aylı-ulduzlu, işıqlı həyatla qaranlıq
dəhşətli ölüm kimi
Barışmaz düşmənləri barışdırıb
Qorxunc uçurumun üzərindən
Asma körpü saldı…”
Bu misraları ilk oxuduğumda istər-istəməz Tağı Bəyin alimliyini xatırladım.
İnsan dünyaya gələrkən ilk işığı gözünə, bədəninə, ruhuna qəbul edir. Ölüm haqqında düşüncələrdə də işıq obrazı insan şüurunun ən qədim və ən sirli simvollarından biri olaraq qalır.
Demək, həyat da, ölüm də bir işıq təkin ruhumuza ələnir.
Amma Tağı Bəyin şeirində bunun sehri məhz sirrində gizlidir. Yarpağın yerə dəyib ölməsi kimi…
“Amma, heyhat.
Anası tez əlini onun ağzına tutdu
və ‘belə sirrlər, oğlum, açılmazdır!’ deyə ah çəkdi…
Yarpaq yerə dəyib öldü…”
Bu misraları oxuyarkən adamın içindən qəribə bir sükut keçir.
Çünki şair burada yalnız yarpağın ölümünü yazmır.
O, həyatla ölümün sərhədində dayanmış insanı yazır.
1999-CU İL — MƏZAR BAŞINDA OXUNAN ŞEİR
Mən bu şeiri onu cəmi bir dəfə — 1999-cu ildə Tağı Bəyin doğma Yaycı kəndində, anıt-məzarı önündə keçirilən tədbirdə çıxış edərkən oxumuşam.
Və demişdim:
“Burada olanların içində Tağı Bəyin köksündə necə zərif bir şair ürəyi daşımasından bəlkə də heç kimin xəbəri yoxdur.”
Gerçəkdən də hamı heyrətlənmişdi bu şeirə, onun sözlərinə və ruhuna.
Hələ bir də yer Tağı Bəyin məzarının başı olunca, bu şeir hamımızı bambaşqa, daha dərin bir kədərə boğmuşdu.
Mərhum, gözəl şairimiz Əliağa Kürçaylının bir payız gününü anlatdığı şeirdəki bu sual da istər-istəməz yaddaşda canlanır:
“Mən baxıram bayaqdan saralmış yarpaqlara,
Xəzan olub tökülür, qarışır torpaqlara.
Dili ola yarpağın, sən də qulaq verəsən.
Budaqdan ayrılanda o nə deyir, görəsən?!”
Məncə, Tağı Bəyin “Payız yarpağı” şeiri də həmin dərin sualın başqa bir davamıdır.
Təbii ki, bəlkə də Əliağa Kürçaylının bu misralarından Tağı Bəyin xəbəri olmayıb.
Amma ömrün və ölümün payız diqtəsindən qaça bilməyib.
Demək ki, bu şeiri vərəqə köçürərkən belə, bilmədən öz taleyinin qapısına çox yaxın dayanmışdı.
PAYIZ YARPAĞI…
Ağacdan qopan payız yarpağına qibtə edirəm.
Yarpağın havada son ölüm rəqsi…
Aylı-ulduzlu, işıqlı həyatla qaranlıq,
dəhşətli ölüm kimi
barışmaz düşmənləri barışdırıb
qorxunc uçurumun üzərindən
Asma körpü saldı…
Yarpaq son dəfə bütün keçib-gedən
həyatını yada salıb, saralmış dodaqlarıyla:
“Əlvida, Atam Ağac, əlvida, həyat!” — deyə pıçıldayır…
Ölüm ölkəsi olan Anası Torpaq
yarpağı
bağrına basana qədər
gözünü göylərdən
və Ağacdan ayırmadan
havada rəqs etdi.
Yerə çatan anda
onun işıqlı Dünyası olan Atası Ağacın
qüvvətli köklərinə,
Ölüm Dünyası Anası torpağı
bərk-bərk qucaqladığını görüb
mat qaldı…
“Dayan, ölüm!
Bir an dayan!
Yaşıl-yaşıl yarpaqlara sözüm vardır!” —
deyə pıçıldadı…
Amma, heyhat.
Anası tez əlini onun ağzına tutdu
və:
“Belə sirrlər, oğlum, açılmazdır!” — deyə ah çəkdi…
Yarpaq yerə dəyib öldü…
Ağacdan qopan payız yarpağına
qibtə edirəm.
Yarpaq son dəfə
Ölüm ilə oyuna girdi.
Mənim belə oyunlarda fürsətim yox!..
Şəhid Tağı Qasımoğlu
09 avqust 1990-cı il
(Araz çayında rus zabiti tərəfindən snayperlə qətlə yetirilməsindən 19 gün əvvəl yazdığı şeir.)
MÜHÜM QEYD
Yaxın dostu, sənətşünaslıq doktoru Cəfər Qiyasinin Tağı Qasımoğlunun bizə az məlum olan daha bir tərəfi haqqında maraqlı qeydi var:
«“Tağı Bəyin çoxlu əlyazmaları içərisində tariximizi əks etdirən yazılar da az deyil. ‘Dədə Qorqud: Dual Təşkilat və sürətlər arasında münasibət məsələsi’ əsərinin taleyi çox ağır oldu. İki dəfə nəşr olunmaq ərəfəsində maneələr yaranmış, sonda üçüncü dəfə nəşri həyata keçirə bildik. Əminəm ki, bu əsər vətənsevər alimlərimiz tərəfindən layiqli qiymətini alacaq. Əgər bu əsəri xaricdə yaşayan oxuculara çatdıra bilsək, dünya şöhrətli tədqiqat əsərləri siyahısına daxil olacaqdır.”»
Cəfər Qiyasi
Sənətşünaslıq doktoru
Qaynaq: “İncəsənət” qəzeti,
11 sentyabr 1991-ci il, səh. 4–7.
Tağı Qasımoğlunun ömrü qısa oldu. Amma bəzi ömürlərin uzunluğu illərlə ölçülmür.
Bəzən bir insanın ömrünə onun yazdığı bir neçə səhifə, bir şeir, bir elmi əsər, bir fikir və bir də arxasında qoyduğu işıq sığır.
Tağı Bəy də belə insanlardan idi.
O, alim idi, mütəfəkkir idi, türkçü idi, şair idi və şəhid idi.
Və bəlkə də ən ağrılı tərəfi budur:
O, ölümündən cəmi 19 gün əvvəl yazdığı şeirdə:
“Mənim belə oyunlarda fürsətim yox!..”
— deyərkən, bilmirdi ki, ölüm artıq onunla oynamağa başlamışdı.
İşıqlar içində yatsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir