Yorulmaq bilməyən tədqiqatçı alim

Print Friendly, PDF & Email

Bu dünyadan köçüb – ölməyənlər
    İstedadlı  tədqiqatçı, alim Əjdər Fərzəli (Əjdər Əliş oğlu Fərzəliyev 1937-2011) son illərdə çap olunmuş monoqrafiyaları  və elmi-kütləvi məqalələri ilə diqqəti cəlb etmişdir. Onun saysız araşdırmalar və tarixi müqayisəli təhlillər əsasında aşkar etdiyi, gəldiyi nəticələr elm üçün, xalqımızın qədim və zəngin mədəniyyətinin əl çatmayan qatlarının aşkarlanması üçün çox gərəklidir. Bunu müəllifin son 40 ildə çap etdirdiyi 400 – ə yaxın elmi – kütləvi məqalələri və “Dədə Qorqud yurdu”, “Dədə Qorqud yolu”, “Dədə Qorqud sözü”, “Nizami zirvəsi”, “Gəmiqaya  – Qobustan əlifbası”, “Ноев Ковчег и Гямигая – Го – бустанский алфавит”, “Gəmiqaya – Qobustan mədəniyyəti” , “Gəmiqaya – Qobustan mədəniyyəti işığında” monoqrafiyaları əyani şəkildə sübut edir.

  Əjdər Fərzəli Azərbaycan mifologiyasının əsas xüsusiyyətlərini elmi cəsarətlə tədqiq edən, Oğuz, Adəm və Həvva haqqında əsatirn doğruluğunu açıqlayan ilk tədqiqatçılardan biri olmuşdur. Onun əsas məqsədi mifin ilkin həqiqətini açmaq, elmə yeni istiqamət verməkdir. Bu baxımdan “Oğuz”, “Adəm” və “Həvva” mifik surətlərinin əsil məzmununu, mahiyyətini aşkara çıxarmaq elmi hünər sayılmalıdır. Müəllif ilk dəfə bu nəticəyə gəlmişdir ki, “Adəm” və “Həvva”  – Dünyanın İşıq (Od) və Su başlanğıcının – bu maddi əsasın yaşarı rəmzidir ki, sonralar dini obrazlara və folklor obrazlarına çevrilmişdir. Adəm və Həvva ilk növbədə Azərbaycan mifologiyasının qəhrəmanları, əski azərilərin – azərbaycanlıların İşıq (Od) və Su inamlarının daşıyıcılarıdır. Bu inamların yaşı bəşəriyyətin ilk – ulu dilinin, ilk vahid insan dilinin, ilk sözün yaşı qədərdir. Müəllif həmin əsərləri ilə bir neçə məqamların, sualların cavabını aşkarlamışdır. Onlardan biri budur ki, dil bəşəriyyətin Ulu dili həyatın yaranması ilə bağlı olan ilk inamlar – inanışlar, etiqadlar prosesində yaranmağa, formalaşmağa, bütövlənməyə başlamışdır. “Adəm” və “Həvva” da Ulu dilin ilk “sözlərindəndir”. Bunlar Azərbaycan dili üçün “gəlmə” deyil, bilavasitə Azərbaycan dilinin də doğma sözləridir. Ə.Fərzəli “Dədə Qorqud yurdu” kitabında Od (İşıq) və Su inamının bir sıra əlamətlərini ilk dəfə elmi inandırıcılıqla aça bilmişdir.

“İşığın (Odun) bütün törəmələri” də yalnız Od (İşıq) ola bilər: “ Tanrı Adəm qüdrətinin timsalı Odun (İşığın) yaratdığı ilk ər – kişi – insan: Mən odam (İşığam) – Tanrının yaratdığının ilkiyəm, Oddan (İşığdan) yaranmış canlı varlığam, Odun (İşığın) özüyəm” – məzmunu daşıyır. Bu elmi kəşfdir və yalnız Əjdər Fərzəliyə məxsusdur. “Həvva” isə “ ilk ana – qadın” olmaqla “Su” məzmunundadır. Torpaq, hava, xalq, nəsil artıran (doğan, törədən) hər bir canlı nəhayət, sülh, dinclik də “Su” məzmununla bağlıdır. Dünya duet üzərində: 1+1 səbəbindəndir. Bunlar Ə. Fərzəlinin gəldiyi yeni və elmi nəticədir.

Əjdər Fərzəli dilçiliyin mühüm sahəsi olan etimologiyanın əsas prinsiplərini elmi baxımdan aşkarlaya bilmişdir. Məsələn, o, belə qənaətə gəlmişdir ki, etimologiya vahid və dəyişilməz qanunauyğunluğa əsaslanır. Bununla da o, onomastik vahidlərin təhlilində yozumların qeyri  – elmiliyini aşkar etmişdir. Ə. Fərzəli dilçiliyin tarixinə müraciətlə son 2500 il ərzində etimologiyanın keçdiyi inkişaf mərhələlərini ardıcıllıqla izləmiş, Hind – Avropaçı dilçilərin birtərəfli təhlillərə daha çox meyl etdiklərini üzə çıxarmış və tarixi – müqayisəli təhlilin vacibliyini bir daha əsaslandırmışdır. Məhz, bu sahədə onun elmə gətirdiyi yenilik sanballı və gərəklidir. Əjdər Fərzəli ilk dəfə belə nəticəyə gəlir ki : – Hər bir söz daxili “yük” ə – məzmuna malikdir. Sözə yaşarlıq verən   onun “bətnindəki” yükdür. Söz məhz daxili yükünün, nüvəsindəki yüklü hissəciyin” hesabına yaranmışdır:

–             Sözlərin yaranması riyazi sistem kimidir:

–             bu və ya digər sözün daşıdığı ulu məzmun aşkara çıxarılmalıdır.

“Nə üçün dillər bir – birinə bu qədər yaxındır !”. Son 2500 ildə dünya alimlərini düşündürən həmin suala Ə. Fərzəli belə cavab vermişdir: “Dillərin bir – birinə heyrətamiz dərəcədə yaxınlığı sözlərin yaranmasının vahid sisteminə bağlıdır. Dillərin bir – birinə yaxınlığı sözlərin bir birinə yaxınlığında aşkar oluna bilər.” Alim öz fikrini bir qədər də inkişaf etdirərək bildirmişdir: “ Sözlərin yaranmasının sistemini ikilik (1+1) sistem də adlandırmaq olar. Bu sistem kainatın, həyatın, nəhayət insanın yaranması ilə bağlıdır.  – Etimologiyanın prinsipləri də həmin riyazi prinsipin tərkib hissəsidir.”

Ə. Fərzəli öz “kəşfinə” aparan yolun ən kiçik “daşlarını” belə açıb göstərməyə çalışır: “ Kainatda bütün predmetlər ( ən kiçik hissəciklər də!) mütləq iki tərəfdən birinə ya Oda, ya da Suya, ya müsbətə, ya da mənfiyə, ya istiyə, ya soyuğa, ya Adəmə, ya Həvvaya və s.) bağlıdır.  Bu cəhət nişanverici kimi, ünvan daşıyıcı kimi sözlərə də aid olur. Bu səbəbdən də bütün sözlərdə  – söz köklərində Odun  və Suyun bu və ya digər əlaməti ulu məzmun  kimi yaşamaqdadır. Hansı dilə aidliyindən asılı olmayaraq, bütün sözlər ya “Od-dəm”, ya da “Su-Həvva” bölgüsünə – sinfinə bağlıdır. Tədqiqatçı əlavə etmişdir ki, “həm də etimoloji prinsipin mühüm şərtlərindəndir”.  Yəni etimoloq belə suala axtarmalıdır: “Tədqiq edilən söz hansı bölgüdəndir?”

İsti rənglər – soyuq rənglər  – soyuq hərflər  işarələr, isti saitlər – soyuq saitlər, isti səslər  – soyuq səslər:  – Bu bölgülərin də qanunauyğunluğunu Əjdər Fərzəli ilk dəfə, həm də elmi inandırıcılıqla əsaslandıra bilmişdir. Alimin “Ulu dil hadisəsi” adlandırdığı yeniliklərdən biri: İlkin mənsubiyyət şəkilçiləridir. O,  çoxlu təhlillər, müqayisələr aparmaqla  belə qənaətə gəlir ki, yalnız bir hecalı sözlər  – Sadə sözlərdir. Bugünkü qrammatik qaydalara toxunmadan, sadə sözlər hesab edilən “ağa”(böyük), “sarı” (rəng), “ali” (uca, şöhrətli), “alim” (yüksək ağıl sahibi!), “baqi” (əbədi), “pəri”(gözəl), “oda” (ev) və müxtəlif dillərə aid onlarca, yüzlərcə sözün kökünü – kodunu – daxili “yük”ünü müəyyən etməklə onların mənsubluq – aidlik  bildirən şəkilçilərini də təyin etmək mümkündür. Eyni zamanda alimin fikrincə, “bir hecalıya qayıdış müasir qrammatikaların  şərh etdiyi şəkilçilərin yeni, daha doğrusu, bu günədək aşkarlanmamış funksiyalarını da üzə çıxara bilər”. Nəhayət, Ə.Fərzəlinin əsas tapıntısı, kəşfi budur: “Sözün məzmuna görə araşdırılması  –  Elmi metoddur”. Alim göstərir ki, onomastik vahidlərin necə, hansı səbəblərdən yaranması, daşıdığı məna və s. həmin elmi metodla aşkar edilərsə, nəticə daha dəqiq olar və heç bir yozum xatirinə həmin nəticəyə müdaxilə edilə bilməz, başlıcası: onu inkar edə bilməz. Müəllif bunu “Məzmun nəzəriyyəsi” adlandırır.

Ulu dildən bəhs edən dünyanın görkəmli alimləri onun “iki dil ağacından yaranması” prinsipini irəli sürmüşlər. Ə.Fərzəli həmin alimləri əməyini qiymətləndirməklə yanaşı, “Bütün dillərin yalnız bir – vahid dil ağacından törəndiyi”ni elmi dəqiqliklə əsaslandırır.  Ə.Fərzəlinin qənaətincə, etimologiyanın yeni imkanlarının açılması dilçilik elminin inkişafına yeni təkan vermiş olacaq. “Məzmun dili”, “Məzmun: söz içində sözdür”, “Dil yox ikən dil var idi”, “Etimologiya və komputer”, “Toponimlər: qiyabi adlar”, “Kod sözün modelidir”, “Söz kökü poetikadır”, “Alınma formalı sözlər”, “Dilin mifoloji mənzərəsi”, “Əşyaya aid olan məzmuna aiddir”, “Çoxmənalılıq – məzmundan gəlir”, “Sıfırın mifoloji qiyməti”, “Dilçilikdə xüsusi tarixi mərhələ” və s. adlı məqalələri etimologiyanın çoxsaylı, çoxtərəfli imkanlarından xəbər  verir, etimologiyanın hüquqlarını müəyyənləşdirir, bununla da dilçiliyin bir elm kimi, inkişafına xidmət etmiş olur.

Dilçilikdə tarixi mərhələlərin öyrənilməsi və şərhi sahəsində bir sıra tədqiqatlar bəllidir. Ə.Fərzəli Azərbaycan dilinin tarixi haqqında yeni fikir söyləyir. Bu fikir mübahisəli görünsə də, fərziyyə olsa da, bu barədə ciddi düşünməyə çağıran işdir, burada polemikaya geniş meydan var.

Ə.Fərzəli dahi Zərdüştün adı ilə bağladığı: varlığın ikili təbiətinin əzəliliyi və əbədiliyi fikrini əsaslandırmaq üçün  yüzlərcə misal çəkir. O, fərdi ruh, xalq ruhu, ümumbəşəri ruh, nəhayət, kainat ruhu – Ulu ruh haqqında söhbət açır, bu ruhlar arasında qırılmaz bağlılıq görür, İkili varlığın bir mərkəzdən – İlahi mərkəzdən idarə olunduğu qənaətinə gəlir. O, rənglərin bu günədək güman edildiyi kimi, 7 yox, 6 olduğunu, yəni kainatda lap əzəldən yalnız altı rəngin: üç isti, üç soyuq rəngin mövcud olduğunu elmi surətdə əsaslandırır. Onun qənaətinə görə: hər şey – yaxşı da, pis də; isti də, soyuq da; məhəbbət də, nifrət də… sonsuz qədər ola bilir.

Fiziklərin “Kainatın əbədi, sonsuz genişlənməsi” konsepsiyasına Ə.Fərzəli “əbədi çoxalma” – məntiqi nəticəsini əlavə etmişdir. “Sıfırın mifoloji – qiyməti” haqqında söhbət açan tədqiqatçı dəqiq elmlərin də mifoloji ilə hansı dərəcədəsə bağlılığını yada salmışdır. Yazıya qədərki yaddaş mədəniyyəti, insanın altıncı təkamül dövrünün məhsulu olması, Qafqaz dağlarının dünya ucalığı inamı ilə bağlılığı, Mif körpüsü haqqında tədqiqatçı fərziyyəsi oxucu fikrinə qanad verir. Bütün bu konsepsiyalar, fərziyyələr xalqın qədim inamlarından qida aldığını göstərir. Tədqiqatçı bu nəticələrə sözün kökünü, “görünməyən tərəfini” görə bilməsi ilə gəlmişdir.

Əjdər Fərzəli “XAÇ” sözünün ilkin məzmununu, özünün dediyi kimi, kodunu və çoxlu çalarlarını aşkarlayan ilk müəllif olmuşdur. Sözlüklərdə – lüğətlərdə nə qədər dolaşıqla, təhriflərlə qeyri – elmiliylə yol verilmişdir. Dünyada, o, cümlədən bizim Azərbaycanda bu günədək çap olunmuş sözlüklərə – lüğətlərə o, sıradan izahlı lüğətlərə yenidən baxmaq tələb olunur.

Filologiya üzrə fəlsəfə doktoru Əli Saləddin yazır: “ Ə. Fərzəlinin “Dədə Qorqud” mövzulu əsərləri dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya, coğrafiya, etimologiya, arxeologiya və s. elmlərin kəsişdiyi xətlər üzərində əmələ gəlmişdir. Həmin xətlərin yerləşdiyi müstəvi müxtəlif regionları, şəhərləri, kəndləri, çayları, gölləri, dağları ilə birlikdə bütöv Azərbaycandır. Buraya xalqımızın yaddaşında yaşayan yurd yerlərini də əlavə etmək lazımdır. Şübhə yoxdur ki, həqiqət yalnız bir elm sahəsində aparılan tədqiqat nəticəsində meydana çıxa bilməz. Elmi həqiqət əsasən müxtəlif elmlərin qovuşduğu nöqtələrdə kəşf edilir, üzə çıxır. Çünki elmlər bir – birinə dayaqdır, bir – birinə arxadır. Onların arasında min cür əlaqə mövcuddur. Birinin köməyi ilə digərini izah etmək, qapalı qalan sirrləri açmaq daha asandır. “Dədə Qorqud yurdu”, “Dədə Qorqud sözü”, “Dədə Qorqud yolu” kitablarında kəşf olunan faktlar bu məlum həqiqətləri bir daha təsdiqləyir.” (Bakı qəzeti, 24.04.1990)

Fizika – riyaziyyat elmləri namizədi Malik Məmmədov: “ – Bu günədək elmdə əsasən “Yerdə həyatın əmələ gəlməsin” dən danışılıb. Məhz Yer ilkin  yaranma prosesi üçün başlanğıc hesab edilir. Ə. Fərzəli bu elmi konsepsiyanı heç də inkar etmədən irəli gedir və yeni elmi nəticəyə gəlir: Yer, Günəş, qalaktikalar mövcud olmazdan əvvəl də həyatı Yaradan, həyata çevirilməyə hazır olan OD və SU, od və odun hərəkəti daha dürüstü: hərəkət – Odun baş əlaməti kimi, mövcud olmuşdur. Deməli, “Yerdə həyatın əmələ gəlməsi” haqqında məlum elmi konsepsiya daha da inkişaf etdirilir. Həyatın yaranmasının sirri Yerdə yox, Yerdən əvvəl “Kainatın mətnində” axtarılmalıdır.

Birqütblü maqnitin alınmasının mümkünsüzlüyü elmə bəllidir. Bununla belə, elmdə bu fikir də var ki, “ nə zamansa bir qütblü maqnit almaq mümkün olacaq.” Lakin Ə. Fərzəli gəldiyi nəticə – Kainatın əzəli ikili əlamətə malik vahidliyi “birqütblü maqnit” gümanını heçə çıxarır. (“Həqiqət qəzeti 23.07.1991”)

Fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev: “– Azərbaycan xalqının və başqa türk xalqlarının çox qədim və çox zəngin mifologiyası yəqin ki, hələ bundan belə özgə arxivlərindən, ünvanlarından tapılıb, toplanıb, nəhayət cildlərə yığılmalı, bütöv halda oxuculara təqdim olunmalıdır. Ə. Fərzəli diqqətimizi bu dərdlərimizə yönəltməklə haqlıdır”. ( “Ədəbiyyatvə incəsənət” qəzeti. 21.09.1990)

Filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadə: “ – Ə. Fərzəli etimologiyanın bir elm kimi, əsas prinsiplərini işləyib hazırlamışdır. ( “Azərbaycan gəncləri” qəzeti, 08.03.1990”)

Filologiya elmləri doktoru, professor Azad Nəbiyev: – “Əjdər Fərzəli yorulmaq bilməyən axtarışları ilə hər şeydən öncə azərbaycanşünaslığa dəyərli xidmət göstərir. Onun elmi – yaradıcılıq imkanları böyük, əhatə etdiyi mövzuların dairəsi olduqca genişdir. Azərbaycan mifologiyasının, xalqımızın mifik təfəkkürünün, soy psixologiyasının, özümlüyünün geniş və əhatəli şəkildə açıqlanmasında Ə. Fərzəli tədqiqatçı əməyi xüsusi qiymətə layiqdir. Ə. Fərzəli elmə yenilik gətirmişdir: “Sözün məzmununa görə təhlili elmi metoddur”. Etimoloji təhlillər yalnız həmin metodla aparıldıqda alınan nəticə dəqiq olar. Özünün işləyib hazırladığı: yeni etimoloji prinsip hər bir söz açımı üçün əsasdır. ( “ Panorama” qəzeti, 4.10.1996)”

Filologiya elmləri namizədi Vüqar Əhmədli: – “Əjdər Fərzəli seçdiyi mövzuların obyektini dərindən öyrənir, vaxtilə səhvən və ya cəbrən “yadlaşdırılmış” sözlərimizin etimologiyasını açmaqda tarixi faktlara, məxəzlərə, deyimlərə, duyumlara, ədəbi – bədii nümunələrə əsaslanaraq düzgün qənaətə gəlir. ( V. Əhməd “Hər kəsin öz səsi” kitabı, Bakı, 1993)”

Tofiq Əhməd Nizamülmülk:

“Azərbaycan alimi, tanınmış filoloq – dilçi, etnoqraf, etimoloq, geniş müşahidə duyumuna malik yazıçı və tədqiqatçı Ə. Fərzəli “dilin necə əmələ gəlməsi” sualının doğurduğu mübahisələri “Dədə Qorqud yolu” əsərində belə yekunlaşdırır : “Müxtəlif dil ailələrinə mənsub sözlərin özləri qohum olduqlarını, eyni ananın bətnindən, eyni kökdən, budaqdan doğulduqlarını görə bilərlər”. ( “Tarix Azərbaycandan başlanır” kitabı, Bakı 1998 səh.33)

Filologiya elmləri doktoru Aida Feyzullayeva Əjdər Fərzəlinin araşdırmalarını “böyük elmi hünər” adlandırır. (Elm qəzeti 25 may 2005)

Başqa alimlərdən, Azərbaycanımızın müxtəlif regionlarından, bir sıra xarici ölkələrdən ( o, cümlədən Qırğızıstan Respublikasının sadiq dövlət katibi Dastan Sarıkulov və başqaları) Ə. Fərzəlinin ünvanına göndərilmiş və onun Dədə Qorqudçu – Gəmiqaya – Qobutsan mədəniyyətinin məhsuldar təqiqatçı əməyini, axtarışlarını yüksək qiymətləndirən məktublardan da çoxlu misallar gətirmək mümkündür.

Ə. Fərzəlinin gəldiyi elmi nəticələrdən dilçilər və folklorşünaslarla, tarixçilərlə yanaşı, filosoflar, fiziklər və başqa mütəxəssislər öyrənə bilər, ondan faydalana bilərlər. Ə. Fərzəli türkologiyanın bir sıra qaranlıq sahələrinə aydınlıq gətirmişdir. Məs: bu günədək türkoloji ədəbiyyatda yazıldığı kimi Azərbaycan dilindəki, eləcə də bir sıra türk dillərindəki bəzi sözlərin guya “monqol dilindən alınma” olduğu yanlışdır. Türkoloji ədəbiyyatda hələ də “türk”, “tərəkəmə”, “türkmən”, “oğuz”, sözlərinin guya mənasının “dəqiqləşdirilmədiyini” yazırlar ki, bunun da elmi əsası yoxdur. Ə. Fərzəli monoqrafiyalarında həmin sözlərin və mübahisəli görünən digər sözlərin də mənası və məzmunu elmi dəqiqliklə açıqlanmışdır. Ə. Fərzəli Azərbaycan dilindəki yüzlərcə sözün hələ də “ərəb – fars mənşəli” təqdimatının elmi həqiqətə uyğun gəlmədiyini sübuta yetirmişdir. O sıradan “muğam” və “tar” sözlərinin də ərəb və fars dillərinə Azərbaycan dilindən onun Şumer mərhələsindən keçdiyini qeyd edir. Ə. Fərzəli Qorqudşünaslığa elmi aydınlıq gətirməklə yanaşı bu günədək elmə məlum olmayan, çox qədim böyük və zəngin bir mədəniyyəti: “Gəmiqaya – Qobustan mədəniyyətini aşkar etmişdir. O, böyük bir sirrdən – Gəmiqaya – Qobustan sirrindən, sivilizasiyanın Gəmiqaya – Qobustan başlanğıcından dünyanı agah etmişdir. O, öz kəşfi ilə dilşünaslığı, folklorşünaslığı, tarixşünaslığı və fəlsəfəni daha da zənginləşdirmişdir.

Ə. Fərzəli qədim Azərbaycan (oğuz – türk) əlifbasını aşkar etmişdir. Bu elmi yenilik və tarixi hadisədir. Əlifba hər zaman yaranmır. O, insanın özünü dərk etdiyi çox uzaq çağlardan soraq verir. Yazı sözün, dilin yaranma prosesinin davamıdır. İlk söz kimi, ilk işarədə çox çətin formalaşmışdır. Bunların yaranması insanın kamilləşmək uğrunda mübarizə yollarından keçir. Yazı şifahi sözün əbədiləşdirilməsi ehtiyacından irəli gəlmişdir. Qədim insan ətraf aləmi duyub anladıqca müşahidələri genişləndikcə yeni nəticələrə gəlib çıxmışdır. Bütün varlığın Tanrıya, yerə, göyə, bağlılığı düşüncəsi, qənaəti insanın yaradılış ideyasının özülünə çevrilmişdir. Sözün və yazının meydana gəlməsini bu ideyada görməsi Ə. Fərzəliyə uğur qazandırmışdır. O, qədim Azərbaycanın əlifbasının Azərbaycan xalqının yaradılış ideyası əsasında meydana gəlib formalaşdığını elm baxımından sübut etməyə çalışmışdır.

 Ə. Fərzəli dünya  xalqlarının – əlifbası olan və əlifbası olmayan adı altında bölündüyünü qeyd edən fərziyyələrə qarşı (Azərbaycan xalqı da əlifbası olmayanlar qrupa daxil edilmişdir) çıxaraq yazır: “Azərbaycan xalqı neçə min əvvəl dünya xalqlarının çoxuna əlifba dərsi keçmişdir. Belə ki, bu xalqların mövcud əlifbaları eradan əvvəl və sonra məhz qədim Azərbaycan ( oğuz -türk ) əlifbasının əsasında, ondan iqtibasla tərtib edilmişdir.”

Zaman – zaman işğallara, milli – mənəvi zülmlərə məruz qalan Azərbaycan xalqına öz doğma əlifbası qadağan edilmişdir. İşğalçılar qədim əlifbamızı, bu əlifba ilə yazılan kitabların, əlyazmalarının hamısını məhv etməyə çalışmışlar. Amma düşmənlər buna tam nail ola bilməmişlər.

Ə. Fərzəli hələ 1970 – ci illərdə bu qənaətə gəlmişdir ki, qədim Azərbaycan əlifbası Azərbaycanda və ona yaxın ərazilərdə qayalara, daşlara, yer altında çıxarılan müxtəlif qablara, nəhayət Azərbaycan xalçalarına həkk edilərək, köçürülərək yaşadılmış və yaşadılmaqdadır. Beləliklə, inadlı, fasiləsiz tədqiqatlar, dəlil – sübutları müəllifin nə qədər haqlı olduğunu sübut etmişdir.

“Gəmiqaya – Qobustanın”, “Orxan – Yenisey” və dünyanın başqa əlifbaları ilə müqayisələri tədqiqatın elmi dəyərini artırmışdır. O, Naxçıvan və Qobustanla yanaşı Gəncə, Şamaxı, Mingəçevir, Hacıqabul, Pirallahı adası, Nüvədi və Təbriz yaxınlığında tapılan yazıların da qədim Azərbaycan əlifbasının işarələri olduğunu sübuta yetirmişdir. Ə. Fərzəli son illərdə dünya alimlərinin geniş mübahisəsinə səbəb olmuş Alban əlifbası haqqında da yeni elmi nəticəyə gəlmişdir. Alimin fikrincə, Alban əlifbasının əsli bilərəkdən ermənilər tərəfindən təhrif edilmiş və gərəksiz şəklə salınmışdır. Əsl Alban əlifbası isə qayalarımızda, daşlarımızda, xalçalarımızda yaşadılan müəllifin ad verdiyi Gəmiqaya – Qobustan əlifbasıdır.

Orxon – Yenisey hazır mətnlər – daş kitabələr əsasında oxunmuşdur. Gəmiqaya – Qobustan isə Əjdər Fərzəli mətnsiz aşkar etmiş, oxunmuşdur. Bu da onun elmi yaradıcılıq nailiyyəti sayılmalıdır. O, qədim əlifbamızın sait və samitlərini yüzlərlə işarələr arasından seçib nizama düzmüş, onun soldan – sağa oxunduğunu təyin etmiş və ilk dəfə bu əlifba ilə “Tanqrı” sözünü oxumuşdur. Bundan sonra Gəmiqaya, Qobustan, Kəlbəcər və Mingəçevir daşlarında ana, adam, kök, kökümüz, tum, quş, at, gəmi, Survan, Novruz, saf, xan, gün, iştar və s. çoxlu qədim Azərbaycan sözlərini də oxuya bilmişdir. Yorulmaz tədqiqatçının ömrünün sonunda çap etdirdiyi “Gəmiqaya – Qobustan mədəniyyəti” kitabında tərtib etdiyi sözlükdə qayaüstü təsvirlərdə oxuduğu sözlərin sayı 440  – dan yuxarıdır.

 Ə. Fərzəli yazır: “Qaya üstü təsvirlərə, Azərbaycan və xarici ölkə alimlərinin fikirlərinə əsaslanaraq demək olar ki, Gəmiqaya – Qobustan mədəniyyəti e.ə VIII – V minilliklərdə öz inkişaf və çiçəklənmə dövrünü yaşamışdır”.

Ə. Fərzəli məntiqi güclü idi. Bununla belə o, faktın özünə daha çox diqqət yetirmiş, məhz faktların dili ilə, tutuşdurmalarla, müqayisələrlə danışmışdır. Finikya əlifbası guya “dünyada ən qədim və mükəmməl əlifba” kimi, uzun illər ərzində dərsliklərdə eninə – boyuna təriflənmişdir. Ə. Fərzəli təkzibedilməz elmi – tarixi faktlar, onların təhlili, tutuşdurma və müqayisələri ilə isbat etmişdir ki, Finikiya “Gəmiqaya – Qobustandan” iqtibas etmişdir. Yunan – latın, ərəb, yəhudi, iran (pəhləvi), erməni, slavyan – kiril, hind (braxmi), Bibliya yazıları da Gəmiqaya -Qobustan törəmələridir.

Yaxud dünya alimləri yazırlar ki, “sami (semit) əlifbaları Misir heroqlifərindən törəmişdir”. Ə. Fərzəli onların öz müqayisələrinə kiçik əlavəsi ilə təsdiq etmişdir ki, sami əlifbaları Gəmiqaya – Qobustan mənşəlidir. Sami əlifbaları Misir heroqliflərinə demək olar ki, heç yaxm gəlmir. Bunu yalnız uydurublar. Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli 2010-cu ildə Macarıstanın Budapeşt şəhərində keçirilən Beynəlxalq elmi konfransda Əjdər Fərzəli yaradıcılığını yüksək qiymətləndirərək demişdi: «Azərbaycanda Qobustan və Gəmiqaya mədəniyyətinə vahid mədəniyyət kimi baxmaq, yanaşmaq, vahid bir mədəniyyətin tərkib hissəsi kimi təhlil etmək, birləşdirmək və üzə çıxarmaq işi hamıdan çox Əjdər Fərzəliyə məxsusdur. Gəmiqayada olan boşluqları Qobustandan, Qobustanda çatmayan və ya gözə görsənməyən elementləri Gəmiqaya ilə doldurub və vahid Gəmiqaya – Qobustan  əlifbası – işarələr sistemi hazırlayıb. Qobustan mədəniyyəti ilə Gəmiqaya mədəniyyəti arasındakı oxşarlıqları, bənzərlikləri ortaya qoymaqla sistemli fikir deyə bilib. Azərbaycanın qayaüstü mədəniyyət dövrü haqqında ilk dəfə sanballı elmi fikirlər söyləyə bilib. Bu məncə Əjdər Fərzəlinin xidmətləridir.» (Ə. Fərzəli “Salam Layısqi dağları” kitabı, Bakı, Ozan, 2011)

Filolofiya elmləri doktoru Burxan Xəlilov Fikrət Rzayevin “Söz Konstruktorluğu” kitabına (Bakı maarif 2012) yazdığı giriş sözündə Ə. Fərzəlinin “Gəmiqaya – Qobustan” mədəniyyəti ilə apardığı araşdırmalarla əlaqəli qeyd edir ki,: “Ə. Fərzəlinin Qayaüstü təsvirlərdə oxuduğu sözlərin çoxu dilimizdə işlənir. Həmin sözlərin mənalarının tapılması qədim Azərbaycan dili barəsində çox böyük tarixi həqiqətləri üzə çıxara bilər. Bununla da bəşəriyyətin mədəniyyət tarixinə Azərbaycandan elm baxımından yeni, daha müasir bir qapı açıla bilər”.          Tarix elmləri doktoru professor Abbas Seyidov: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” 11 iyun 2007-ci il tarixli sərəncamında Qobustanı xalqımızın milli sərvəti, dünyada bu tipli abidələrin ən zəngini adlandırıb, bu abidələri qorumaq və daha dərindən tədqiq etmək üçün konkret tapşırıqlar vermişdir.

          Əjdər Fərzəli 2010-cu ildə nəşr olunan “Gəmiqaya-Qobustan mədəniyyətinin işığında” monoqrafiyasında bir ziyalı və Gəmiqaya-Qobustan  rəsmlərinin tədqiqatçısı kimi, bu sərəncamdan irəli gələn tapşırıqların – vəzifələrin yerinə yetirilməsinin və Prezident Sərəncamının icrasının ləngiməsinin əsas səbəblərindən biri Gəmiqaya-Qobustan rəsmlərinin oxunması və elmi sirrinin açılması məsələsinin hələ də gündəmə gətirilməməsindən çox narahatlıq hissi keçirdiyini bildirir. Əjdər Fərzəli həmin monoqrafiyasında çox faydalı təkliflər irəli sürür və qeyd edir ki, son 200 ildə Qobustan dəfələrlə fəlakətlə üz-üzə , köməksiz qalıb. Yalnız 1969-cu ildə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Qobustan məhv edilməkdən həmişəlik xilas edilib”

“Əjdər Fərzəlinin kəşflərindən biri də ilk milli xəritəmizdir. O, bu xəritəyə, əsasən, Aşina xaqanlığı haqqında geniş təsəvvür yaradır və ilk milli xəritə ilə müasir xəritənin müqayisəli təhlilini verir. Bundan əlavə, Əjdər Fərzəli  “Pirəbədil” xalçasının şifrələrini ilk dəfə üzə çıxarmış 5 rəqəminin möcüzələrini vermiş  və dünya xalqlarının folklorunda və bir sıra başqa abidələrdə təsvir olunan Buraq at-şimşək at hekayəsinin mənbəyini məhz Gəmiqaya – Qobustan abidələrindən götürüldüyünü sübut etmişdir”. (Gəmiqaya zirvəsinə gedən “Yolçu” 525 – ci qəzet 08 noyabr 2012). 

Ə. Fərzəli qeyd edirdi ki, bugünədək guya “Avesta” əlifbasında cəmi 6 sait səslərin olması fikri mövcud idi. O, isə göstərmişdir ki, “Avesta”- nın 6 saiti yox, 9 saiti var. “Avesta” da sağır nun işarəsinin aşkar edilməsi də bizim tədqiqatçının  elmi uğurlarından sayılmalıdır. Ə. Fərzəli 1946-cı  ildən bəri  dünyada  saysız  mübahisələrə  səbəb  olmuş, Mingəçevir epitapiyasını oxuyan ilk müəllif olmuşdur. Bununla da o, Gəmiqaya – Qobustan   əlifbasının qədim Azərbaycan türk – oğuz əlifbası olduğunu bir daha təsdiqləmiş, həmin epitafiynın üstündəki “naxışların” da ümumi türk – oğuz düşüncəsinə,  türkün yaradılış ideyasma bağlılığını  aşkar etmişdir.

Ə. Fərzəlinin elmi axtarışlarını 1893-cü ildə Gültəkin abidəsində ilk – Tenqri sözünü oxumaqla Orxon – Yenisey əlifbasını və mədəniyyətini yenidən dünyaya qaytarmış Danimarkalı alım V. Tomsenin elmi hünərinə, kəşfinə bərabər iş kimi qiymətləndirmək olar.

Ə. Fərzəlinin monoqrafiyalarını oxuyub və düşünürəm: Gəmiqaya və Qobustan, Kəlbəcər və Mingəçevir, Şamaxı, Gəncə və Təbriz, Əhər, Urmiya yazıları, piktroqrafik təsvirləri türk (oğuz) xalqının Az, A – zər, A –zər – bəy – can xalqının öz dəsti xəttidir, özünün düşündüyü yaradılış fəlsəfəsinin təzahürüdür.

Linqivistik baxımdan sirri açılmış daşın – qayanın, o, qayalardakı qədim Azərbaycan əlifbasının inkarına yer yoxdur.

Qeyd:  Əlavə materialların təqdim olunmasında göstərdikləri köməyə görə Fərzəliyeva Könül Əjdər qızına və “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinə təşəkkürümü bildirirəm

                                                                                   

Qara Məşədiyev
                                                                       Filologiya elmləri doktoru, professor

“Bütöv Azərbaycan” qəzeti, 19-25 dekabr, 2012, 44 (176)

“Gəmiqaya – Qobustan mədəniyyətinin işığında”Kitabını yüklə

                                                                                               

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.