Səkinə Əliyeva – “Azadlıq carçısı”, İşığın dostu, zülmətin düşməni olmuşdur

Print Friendly, PDF & Email

“Azadlıq carçısı” kitabında Naxçıvan MR Respublikası Ali Soveti Rəyasət heyətinin sabiq sədri, Sovet ittifaqının tərkibindən çıxmaq haqqında ilk dəfə mərdanə qərar qəbul edən Səkinə xanım Əliyevanın ömür yolundan (1925-2010) bəzi məqamlar açıqlanmışdır. Kitabda eyni zamanda Səkinə xanım haqqında dostlarının xatirələrinə və ürək sözlərinə də yer verilmişdir.

 İŞIĞIN DOSTU, ZÜLMƏTIN DÜŞMƏNI

 Onunla Mərdəkanda sanatoriyada tanış oldum. Bu tanışlığa səbəbkar görkəmli folklorşünas, professor Mürsəl Həkimov idi. Görünür Səkinə xanımın kəşf olunmamış dünyasındakı qeyri-adilikləri, maraqlı həmsöhbət olduğunu duyduğundan idi ki, belə bir ziyalı xanımla yaxından tanış olmağı mənə məsləhət bilmişdi. Foyedə bu xanım-xatun insanla görüşdiim. Qapqara, məna dolu gözlərindən bir dünya işıq süzülürdü. Mərdanə çöhrəsində təbii ki illərin qayğı yükü görünürdü. Üzünün cizgilərində, geniş alnında bir mətinlik, cəsarət oxunurdu. İndiyə qədər onu qiyabi tanıyırdım, mətbuatdan, tutduğu vəzifədən bir jurnalist kimi xəbərim vardı. Səkinə xanıma zülmün, müstəmləkənin tilsimini sındıran bir azadlıq carçısı kimi baxırdım. Doğrudan da o, AZADLIQ CARÇISI  idi. Və burada böyük öndər Mustafa Kamal Atatürkün sözlərini xatırlatmaq yerinə düşərdi: “Mən yaşaya bilmək üçün müstəqil bir dövlətin övladı olmalıyam ”. Bəli, o gözəl günün başlanğıcı gəlib çatmışdı. Sadəcə olaraq mətin bir addım atmaq lazım idi. Bu addımı ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Soveti Rəyasət Heyətinin sədri Səkinə xanım Əliyeva atdı. Qorxmadı, qarşıda onu nələr gözləməsindən asılı olmayaraq, haqq səsini qaldırdı. Çünki o, düşmən başı kəsən Tomrisin varisi idi. Çünki o, iyirmi ildən çox at belində düşmənlərə qarşı mübarizə apararaq qaçaq həyatı keçirən Həcərin, kişi paltarı geyinib döyüşlərə atılan Rüstəmənin, Quba hakimi Fətəli xanın xanımı, öz amalı uğrunda qardaşına belə güzəştə getməyən, doqquz il Dərbəndi igidliklə müdafiədə saxlayan Tuti Bikənin, Atabəylər dövlətinin axırıncı xanı Özbəyin arvadı Mehrican xanımın və s. yurdumuzun zaman-zaman azadlığı uğrunda mübarizəyə qoşulan mübarizlərin varisidir. Hər zamanın, hər tarixin öz qəhrəmanları var. Səkinə xanım Əliyeva dövrün, zamanın bu gün yetişdirdiyi tarixi qadın qəhrəmanıdır.

Onun ömür yolunda gördüyü məşəqqətlər, haqsızlıq və ədalətsizliklər Səkinə xanıma geniş həyat təcrübəsi vermişdi. Yaxşını yamandan seçməyi öyrətmişdi. Yaxşıları isə Səkinə xanım heç zaman unutmur. Millətindən, tutduğu mövqeyindən, vəzifə kürsüsündən asılı olmayaraq yaxşı hər yerdə yaxşıdır. Bizim sevimli, mətin, cəsur Azərbaycan xanımı Səkinə xanım kimi, öz halal zəhməti, gərgin əməyi ilə günbəgün, pillə-pillə qalxan bu cəsur qadın SSRİ-nin tərkibindən çıxmaq barədə qərarı ilə atdığı ilk, təkrarolunmaz addımla tarixdə yeni bir səhifə açdı. Və bu səhifə Azərbaycan xalqının ömrü qədər yaşayacaq. Türkiyənin “Günaydın” qəzetində də Səkinə xanımın bu cəsur hərəkəti haqqında Muammer Elveren maraqlı bir açıqlama verdi.

Səkinə xanımın bu addımına dodaq büzənlər də olmuşdu. Amma o insanlar bir qədər sonra həqiqəti etiraf etməyə məcbur oldular. Çünki Səkinə xanım həqiqəti duyub, görüb belə addım atmışdı.

… Əziz oxucu! Mən Səkinə xanım haqqında bəlkə daha çox söz deyərdim. Amma onun mənə verdiyi qovluqda hər şeyi özü o qədər səliqə və ardıcıllıqla yazıb ki, əslində mənim bu bir-iki kəlməmə belə ehtiyac qalmayıb. Bu kitab əslində Səkinə xanımın mənalı ömründən əsas anları yazdığı bir xatirə dəftəridir. Siz də mənim kimi oxuyub bu xanıma bir daha qibtə edəcəksiniz, vurulacaqsınız. Onun həyat yolundan çox şey öyrənəcəksiniz. Öyrənin ki, sabah həqiqətin gözünə düz baxasınız, öyrənin ki, hər kəsin qiymətini düz verəsiniz. Səkinə xanım İŞIĞIN DOSTU,  ZÜLMƏTİN DÜŞMƏNİDİR. Həyatınız hər zaman işıqlı olsun, işıq sevənlər!

FƏRİDƏ LƏMAN

Azadlıq carçısı” kitabına giriş sözündən (tərtibçi və redaktor filologiya elmləri namizədi   Fəridə Ləman)  

Bakı, “ADİLOĞLU nəşriyyatı”, 2003,  130 nüsxə, 144 səh.

 

Azadlıq Carçısı kitabını yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.