Qaytar dənizi…

Print Friendly, PDF & Email

 Səni heç vaxt belə pərişan görməmişdim…

    -Nədən belə məyussan, dəniz?

    Sanki ləpələr sənin göz yaşlarını sahilə aparır. Suların rəngi də qaralıb, elə bil üşüyürsən.

    Üfüqündə belə bir zərrə rahatlıq yoxdur. Elə hey ətrafa boylanıb o tərəf-bu tərəfə baxırsan.

    Kimi axtarırsan, dəniz? Kimdən nigaransan?

Dəniz:

-“Çətindir, çox çətindir mənə…

Hamı məni lənətləyir, hamı günahı məndə görür. Sahildə dayanıb məni qarğıyan anaların      üzünə baxa bilmirəm.

Göz yaşı töküb: “ Suyun qurusun!” deyənlərin acı kəlmələrini uda bilmirəm.

Sahildə dayanıb məlul-məlul sulara baxan uşaqların intizar dolu baxışlarının qarşısında çox acizəm. Onlara heç cür təsəlli verə bilmirəm.

Sularımda qərq olanların əzizləri məni günahkar bilir. Axı, təbiətin hökmü qarşısında hər şey  gücsüzdür.

Sərgərdan dolaşan ruhlar əzizlərinin lap yaxınlığındadır, amma onları görə bilən yoxdur.

Aram ola bilmirəm, çox az adam bilir ki, suların güclü yaddaşı var.

Buz kimi soyuq su ilə əlbəyaxa olan insanların pıçıltılarını hələ də eşidirəm.

 Kimi: “Mən ölə bilmərəm, mən ailəmə göz yaşı gətirə bilmərəm”- deyib çabalayırdı.

 Kimi: “ Uşaqlarım çox körpədir, Allahım, mənə qıyma”- deyib, inləyirdi.

Kimi: “Allahım, axı mən subayam, nə gün görmüşəm? Hələ ölmək istəmirəm”- deyib, fəryad edirdi.

Kimi: “ Qoca anamı kimin ümudinə qoyub gedirəm?”- deyib təəssüf edirdi.

Çox sözlər, çox pıçıltılar eşitdim, o müdhiş gündə. Amma əlimdən heç nə gəlmirdi. Buz kimi soyuq suyumu isidə bilmirdim,  şahə qalxan dalğaları da sakitləşdirə bilmirdim.

İndi qoynumda uyuyanlara laylay deməkdən başqa çarəm yoxdur. Qərq olanların xatirəsinə, sularıma səpilən al qərənfilləri əzizləyib bağrıma basıram, sonra onları axar sularımla hər tərəfə yayıram. Qərənfillərin al qırmızı ləçəkləri suların üzərinə səpələndikcə, günəşin şüaları altında bərq vurur, sanki suda qərq olanlara əzizlərindən salam deyir.

Bütün bunları görəndə aram ola bilmirəm…

Çətindir bu acını yaşamaq.

Çox çətindir!”

Dənizlə üz-üzə dayanmışdım…

Ona təsəlli verməyə söz tapa bilmirdim…

Axı, nə deyəydim?

Bircə onu dedim:

 “Axı, sənin nə günahın? Coşub-daşmaq, tüğyan etmək, dalğalarla əlbə-yaxa olmaq  sənin adətindir, dəniz…

Qaytara bilirsənsə, qaytar o gedənləri, dəniz!

Qaytar!”

Gülarə Munis. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.