Kəngərli soyundan qopan yarpaq

Print Friendly, PDF & Email

“Mən dünyada müəllimlikdən yüksək ad tanımıram”

Heydər ƏLİYEV

Azərbaycan xalqının Ümummilli lideri

Kəngərli Muxtar İsgəndər oğlunun əziz xatirəsinə həsr olunur….

Bu yazını nikbin əhval-ruhiyyə ilə başlayıb, bu cür də tamamlamaq niyyətindəyik. Çünki, hamının keçəcəyi bu yoldan Muxtar müəllim də keçdi. O, övladları, nəvələri, yetirmələri və ən əsası dövlət və xalq tərəfindən həmişə xatırlanacaqdır.Kimdir Kəngərli Muxtar?!…Muxtar müəllim 30 il Naxçıvan internat-məktəb kompleksinin direktoru olmuş görkəmli ziyalı, müəllim, tərbiyəçi-pedaqoq, təşkilatçı və ən əsası şəxsiyyət idi. Onu muxtar respublikanın orta və yaşlı nəslinin ziyalıları arasında tanımayan az olar.Tanıyanlardan onun barəsində ancaq xoş sözlər eşidərsən… Bu haqda bir qədər sonra…

Bu adın qarşısında olan “Kəngərli” soyu, tayfası haqqında düşünərkən yadımıza yaxın-uzaq keçmişimizdə qürur duyduğumuz adlı-sanlı ziyalılar, elm və mədəniyyət xadimləri, sərkərdələr, cəngavər döyüşçülər, kimsəsizlərə əl tutan xeyriyyəçilər düşür. Zaman-zaman Azərbaycanda olmuş tarixçilərin, səyyahların kitab və yol qeydlərində, arxiv sənədlərində qədim oguz-türk tayfaları içərisində ən çox diqqəti cəlb edən “kəngərlilərin” hərbi məharətləri, idarəçilik üsulları, adət-ənənələri haqda materiallar toplanmışdır.Kəngərlilər Azərbaycan xalqının formalaşmasında və soykökündə iştirak edən tayfalardan biridir. Onlar əsasən Naxçıvan bölgəsində yaşasalar da Urmiyaətrafı, Qərbi Azərbaycan (müasir ErmənistanRespublikası),Borçalıvə Göyçə gölü hövzəsində də məskun idilər. Mənşəyi haqqında müxtəlif rəvayətlər gəzən bu tayfa birliyinin guya, Antik və ilk orta əsrlər dövründə uzaq Hindistandan, Orta Asiyadan buraya gəlmələri barədə iddialar da söylənilir. Söz yox ki, hələ miladdan öncəki yüzilliklərdə doğma torpaqlarından Orta Asiyaya, Hindistanın şimalına yayılan qədim oguz-türk tayfalarının içərisində bəzi Kəngərli soyları da olmuş və onların bir qismi eramızın ilk əsrlərindən Ön Asiya və Cənubi Qafqaza gələn hun, subar və digər türk birliklərinə qoşularaq yenidən ata-baba yurdlarına dönmüş, öz soyköklərindən olan tayfalarla birləşmişlər.

Kəngərli eli bir neçə qola, oymağa, tayfa və tirələrə ayrılır ki,bunların da demək olar ki, hamısına Naxçıvan ərazisində rast gəlinir:-Qaraxanbəyli, Cəmşidli, Bilicı, Qızılqışlaq, Ərəfsəli, Yurdçu, Sarvanlar, Salahlı, Əlixanlı, Didvarlı və s. Cəsarətlə demək olar ki, Naxçıvan ərazisi kəngərlilərin ilkin yurd yeri, vətənidir.Əlimizdə bunu sübut edəcək digər dəlillər də  var.

İnsanlıq tarixinə böyük ixtiralarla daxil olan qədim şumerlər (“kəngərlər”, sonradan “kəngərlilər”) bəşər mədəniyyətinə çox yeniliklər gətirmişlər. Onlar ilk dəfə çivi yazını icad etmiş, Bahar bayramının fəlsəfəsi,nücum elmi-Günəşin tutulması  barədə  araşdırmalar aparmış, ulduzlar və göy cisimləri sahəsində böyük kəşflərə nail olmuşlar. Naxçıvandan İkiçayarası əraziyə-Şimali  İraqa cəmi 350-400 km-dir. Arxeoloji qazıntılar göstərir ki, orada miladdan öncə V-İV minilliklərdə (6-7 min il əvvəl) meydana çıxan Übeyd-protoşumer (erkən şumer və ya erkən kəngər) mədəniyyətini yaradan əski türk tayfaları qədim Naxçıvan tayfaları ilə sırf iqtisadi-mədəni əlaqədə olmuş və bunun müqabilində müəyyən yerdəyişmələrə də məruz qalmışlar.

Yəhudi mənşəli D.Rockefellerin bu sahədə  etirafı maraq doğurur. O, yazır:-“Şumerlər (kəngərlər) ilk yazını tapan, ədaləti qorumaq üçün ilk qanunlar çıxaran və məhkəmələr quran, ilk dəfə puldan istifadə edən, vergi toplayan, ilk məktəb açan xalqdır. Yəni dünya mədəniyyətinin başlanğıc nöqtəsidir. Tarixçilərimizin araşdırmalarına  görə soyları  türk mənşəlidir. Fəqət biz bunu ört basdır etmək üçün Yunan mədəniyyətini dünyadakı ilk mədəniyyət olaraq tanıtdıq”…

Belə misalların sayını artırmaq da olar. Bax, Muxtar Kəngərli bu soyun nümayəndələrindən biridir.Nəsil şəcərəsinə nəzər yetirəndə məlum olur ki, onun ulu babası  XVI əsrdə yaşamış Naxçıvan xanlığının vəkil (sultan) qolunun başçısı  I Kərim Sultan–Bilici Kəngərli olub. Muxtar Kəngərli də bu nəsildən gələn soykökü üzərində Əlimərdan ağa və Novruz ağanın nəticələrindəndir.

Muxtar müəllim 1931-ci ildə, çox əzablı və ağrılı bir dövrdə Naxçıvanda dünyaya göz açıb. Bir tərəfdən aclıq, digər tərəfdən təqiblər, başqa bir tərəfdən sovet hökuməti tərəfindən unudulmuş diyar…Həmin dövrdə hökumət yoxsulluq içində boğulan Naxçıvan əyalətində bunun səbəblərini “xan-bəy ünsürləri”nin olmasında axtarır və naxçıvanskilərə-kəngərlilərə qarşı repressiyaları davam etdirirdi.

Bu soyun nümayəndələri dəfələrlə təqiblərə məruz qaldıqları üçün başqa soyadlar daşımağa məcbur olmuşlar. 1828-ci ildə Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra yüksək silkə malik olanların bir çoxu “Naxçıvanski” soyadını, 1937-ci ilin repressiyalarından yaxa qurtarmaq üçün “Qədimov”, “Vəkilov” və s. bu kimi soyadlar daşımışlar. Muxtar müəllimin ailəsi isə, təqiblərə baxmayaraq, öz soyadlarını dəyişməmişlər.

1960-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirərək ali təhsil alan Muxtar Kəngərli təyinatı üzrə keçmiş Naxçıvan rayonunun Təzəkənd məktəbinə rus dili müəllimi olaraq göndərilir. 1961-ci ildə  Naxçıvan MSSR Maarif Nazirliyinin müvafiq qərarı ilə Naxçıvan şəhərində Əkbər Ağayev adına internat-məktəb fəaliyyətə başlayır.İnternat-məktəbin ilk direktoru olmuş İsa Məmmədov özünün tanıdığı müəllimləri bir araya toplayaraq gözəl kollektiv yaradır. Elə həmin il Muxtar Kəngərli də İsa müəllimin çağırışı ilə bu gözəl kollektivə üzv olur.Muxtar respublikanın digər qabaqcıl və təcrübəli müəllimləri bu məktəbə cəlb edilir.İnternat-məktəbdə 1961-1971-ci illərdə İsa Məmmədov (5il), Bayram Məmmədov (3il) və Həmzə Əhmədov (2il) direktor vəzifəsində çalışmışlar.Bu təhsil ocağı ilk açılışında 1-7-ci siniflərlə fəaliyyətə başlayır. İlk vaxtlar internat-məktəbə axın çox olduğundan qəbul prosesi çətin keçirdi.

Muxtar müəllim bu məktəbdə əvvəllər rus dili müəllimi və tərbiyəçi, sonra baş tərbiyəçi, 1972-2001-ci illərdə isə direktor vəzifəsində çalışmışdır.(Qeyd edək ki, 1998-2001-ci illərdə bu təhsil ocağı Naxçıvan şəhərində 8 saylı orta məktəb kimi fəaliyyət göstərsə də, onun təməli internat-məktəb olan zaman qoyulmuş, yəni orada oxuyan şagirdlər təhsil almağa məhz internat-məktəbdən başlamışlar).

Onun işlədiyi dövrdə məktəb həmişə Naxçıvan şəhərinin qabaqcıl təhsil ocaqlarından olmuş, 1985-ci ildə Azərbaycan Respublikasında fəaliyyət göstərən 64 internat-məktəbi arasında keçirilən baxış müsabiqədə 1-ci yerə layiq görülmüşdür.

Muxtar Kəngərlinin rəhbərlik etdiyi dövrdə məktəbin təhsil və təsərrüfat bazası genişləndirilərək günün tələbləri səviyyəsinə çatdırılmışdır. O zaman internat-məktəbin şəhər ətrafında yerləşən 3 hektar əkin sahəsində şagirdlər müxtəlif  tərəvəz məhsulları olan pomidor, xiyar, qovun, qarpız və s. yetişdirirdilər. Həmin tərəvəz məhsulları tamamilə şagirdlərin ehtiyacını təmin edirdi. Artıq məhsul yetişdirilirdisə, şəhərdə olan uşaq bağçalarına verilirdi. Deməli, internat-məktəbdə şagirdlər həm təhsil alır, həm də əməyə, zəhmətə alışırdılar.

Hər gün internat-məktəbin yeməkxanasında və yataqxanasında müəllimlər və şagirdlər növbətçilik edirdilər.Yataq otaqlarının təmizliyinə xüsusi nəzarət olunur və qiymətləndirilirdi. Verilən  qiymətlər xüsusi cədvəldə qeyd edilərək divardan asılırdı.Bu isə şagirdlərin intizamında, kollektiv tərbiyəsində önəmli rol oynayırdi.Burada radio qovşağı fəaliyyət göstərirdi.Radio vasitəsilə hər gün dərsdən “əla” və “qeyri-kafi” qiymət alan şagirdlərin adları oxunur və məktəbin kollektivinə çatdırılırdı.Bu da şagirdlərin dərslərə marağını artırır, onlarda təhsilə, elmə, Vətənə, xalqa məhəbbət aşılayırdı.

İnternat-məktəbdə təhsilin və nizam-intizamın gücləndirilməsi üçün satirik “Sancaq” və ,,İrəli” divar qəzetləri, ,,Kim irəlidə gedir” adlı lövhə fəaliyyət göstərirdi.Həftədə bir dəfə bu qəzetlərdə intizamı pozan,dərsə gecikən, şagird yoldaşlarına qarşı kobudluq edənlərin karikaturası verilir, tənqid edilir və eyni zamanda irəlidə gedənlər,təhsili və əxlaqi davranışlari ilə fərqlənənlər nümunə göstərilirdi.Belə ictimai işlərdə şagirdlər yaxından iştirak edirdilər.Onların hərtərəfli inkişafına kömək edən müxtəlif dərnəklər fəaliyyət göstərirdi:- Bunlardan özfəaliyyət, musiqi, dram dərnəkləri,orkestr, müxtəlifyönlü əmək dərnəkləri(dülgərlik,çilingərlik,foto,dərzilik), ədəbiyyat, fizika, riyaziyyat, kimya  rəsm  dərnəkləri və digərlərini göstərmək olar.Məktəbdə müxtəlif fənn kabinələri, laboratoriyalar dərslərin əyani keçirilməsinə xidmət edirdi.Bir qayda olaraq fizika və riyaziyyat dərsləri əyani keçirilirdi.

Məktəbin təhsil və təlim qrafiki təxminən bu cür idi(1-5-ci günlər):

-İdmana və şagirdlərin fiziki hazırlığına xüsusı diqqət yetirilirdi. Hər gün səhər saat 7-də şagirdlər məktəbin bədən tərbiyəsi müəllimi Səmil Rəhimovun çağırışı ilə yuxudan qalxaraq mərkəzi meydana toplaşar və günə idmanla başlayardılar.

-Günorta yeməyindən 0,5-1 saat sonra ayrı-ayrı siniflərdə növbəti günə verilmış  dərslərin hazırlığı başlayar və bu saat 4-5-ə kimi davam edirdi.

-Ondan sonrakı azad vaxtda sagirdlərdən kimisi asudə vaxtını tərbiyəçi və digər müəllimlərin ümumi nəzarəti altında müxtəlif fənn,özfəaliyyət və əmək dərnəklərində,kimisi kitabxanada mütaliədə,kimisi müxtəlif idman dərnəklərində(futbol,voleybol,basketbol,şahmat,stolüstü tennis və s.),idman zalındakı digər bölmələrdə davam etdirərdi.

-Axşam yeməyindən sonra yenə azad vaxt verilir, saat 10-da internat-məktəbin şagirdlərinin yatmaq vaxtı yetişir və bunun dəqiq icrasına tərbiyəçi müəllimlər nəzarət edərdilər. Onlar bəzi şagirdlərin həmin vaxt dərs oxumalarına və ya mütaliə etmələrinə mane olmurdular.

Şənbə günü(6-cı gün) günortadan sonra kimlərsə (arzusundan asılı olaraq) evlərinə  gedə və ya məktəbdə tərbiyəçi müəllimin nəzarəti altında qala bilərdilər. O zaman bəzi təsirləndirici hallar da baş verirdi:-evlərinə gedə bilməyən şagirdlərin bir qismini yaxında yaşayan və nisbətən imkanlı şagirdlər və ya müəllimlər öz evlərinə qonaq aparardılar…

Yuxarı  sinif  şagirdlərinin  aşağı sinif şagirdləri üzərində şefliyi praktikasının özülünün qoyulmasında, tətbiq edilməsində və həyata keçirilməsində Muxtar müəllimin həm görkəmli pedaqoq, həm də əsil-nəcabətli bir insan kimi böyuk xidmətləri olmuşdur.

Şagirdlər asudə vaxtlarında kollektiv şəkildə həm şəhərin, həm Muxtar Respublikanın görməli tarixi yerlərinə gəzintilərə,təhsildə və davranışda ən çox seçilənlər isə həm Azərbaycanın müxtəlif rayonlarına,həm də qonşu respublikalara ekskursiyalara, gəzintilərə  aparılırdı. Məktəb daxilində şair, yazıçı, elm adamları ilə görüşlər keçirilərdi.Məktəbin həkimi şagirdlərin təmizliyinə, sağlamlığına xüsusi fikir verirdi.

Bu illərdə onlarca məzun internat-məktəbi “qızıl” və “gümüş” medallarla, fərqlənmə attestatı və tərifnamə ilə bitirərək, respublikamızın və keçmiş SSRİ-nin Moskva, Kiyev, Minsk, Leninqrad, Xarkov və digərşəhərlərindəki ali məktəblərə qəbul olunmuşlar. Muxtar müəllim xatirələrinin birində yazır ki:-“Bəzən gecə 2-3 radələrində internat-məktəbdə reyd keçirərkən, bir çox şagirdlərin dərs hazırladıqlarını görürdüm. Elə buna görə də medalçı məzunlarımızdan Səfərov Səməd, İbrahimova Gültəkin, Abbasova Zərifə, Abdullayeva Dilşad, İmanov Murad, Rüstəmov Eldar, Əliyev Kamal, Qazıyeva Fəridə, Həziyev Yadulla, Rüstəmov Elşad, Abbasova Məlahət, Fərzəliyeva Püstə, Qəhrəmanova Xəyalə, Seyidov Mirələkbər, Qasımov Kamal, Paşayev Muxtar, Quliyev Hidayət, Abdullayeva  Dezdemona, Quliyev Fərrux, Hacıyev İnqilab, Dünyamalıyev Qoçəli, Əliyev Tofiq, Rəcəbov Talıb, Bəşirov Sədrəddin, Nəbiyev Hidayət və başqaları  ali  məktəblərə  imtahan verərkən elə birincidən“əla” qiymət alaraq qəbul olunmuş və onlara göstərilən etimadı doğrultmuşlar”.

Söz yox ki, bu nailiyyətlərdə qabaqcıl müəllimlərdən Mikayıl Sadiqov, Şəfiqə Əliyeva, Qonça Tarverdiyeva, İbrahim Qazıyev, Zeynəb Hacıyeva, Kəmalə Ağayeva, Lətifə Kələntərli, Şəmil Rəhimov, Firuz Rəhimov, Xürrəm Rəhimov və başqalarının əməyi az olmamışdır.

İnternat-məktəbin məzunlarından Əliyev Məhərrəm, Həsənov Əli, Əliyev Qafar, Xəlilov Şirin, Əliyev Nizaməddin, Əsgərov Mirzə, Paşayev Muxtar, Qasımov Kamal, İsmayılov Cəbi, Seyidov Mirələkbər, Qasımov Ələkbər, Hacıyev Yenisey, Hacıyev İnqilab, Əliyev Tofiq, Rəsulov Əsgər, Dünyamalıyev Qoçəli, Cəfərov Hüseyn, İsmayılov Əli, Həsənov Siracəddin, Həmidov Sabir, Məhərrəmov Elmar,Qurbanov Eldar,Rəsulov Əskər və başqaları hazırda Azərbaycan dövlətçiliyinin keşiyində dayanaraq respublikamızda və onun hüdudlarından kənarda da hüquq, elm, səhiyyə, tikinti sahələrində və xalq təsərrüfatının müxtəlif istiqamətlərində uğurla çalışırlar.

          İnternat məktəbin fəaliyyət göstərdiyi 40 il ərzində (1961-2001-ci illər)bu təhsil ocağını 919 şagird bitirmişdir ki, onlardan 13 nəfəri qızıl, 2 nəfəri qızıl medalı əvəz edən fərqlənmə attestatı, 14 nəfəri gümüş medal almış, 69 nəfər tərifnaməyə layiq görülmüşdür (bəzən bu,qızıl və gümüş medalların yerinə verilirdi).  Bu 98 nəfər internat-məktəbi bitirənlərin 10,6%-ni təşkil edir. Göründüyü  kimi, pis göstərici deyil.Həm də, məktəbin tarixində elə hal olmayıb ki, medalla və ya fərqlənmə ilə bitirən məzunlar Respublikamızda və onun hüdudlarından kənarda yerləşən ali təhsil müəssisələrinə(təkcə 1971-1990-cı illərdə  47 nəfər) qəbul olunmasın.Nisbətən zəif şagirdlər isə texnikumlara və orta ixtisas məktəblərinə daxil olurdular. Muxtar müəllim həmişə fərəhlə deyərdi: -“Mən  bütün  məzunlarımızla  fəxr  edirəm”…

1961-ci ildən təyinatla Ə.Ağayev adına internat-məktəbdə çalışmış, yüksək kateqoriyalı  fizika-riyaziyyat  müəllimi (metodist) Tarverdiyeva Qonça Həsən qızı həmin illəri belə xatırlayır:

-“O zaman Azərbaycan Respublikasının müxtəlif bölgələrində imkansız ailələrin uşaqlarının təhsilə cəlb edilməsi məqsədilə internat-məktəblər açılmışdı.O cümlədən Naxçıvan şəhərində və  muxtar respublikanın Əbrəqunus,Ordubad kimi rayon mərkəzlərində internat-məktəblər fəalıyyət göstərməyə başladı.1961-ci ildə gənc kadr kimi fəaliyyətə başladığım internat-məktəbdə ilk əvvəl 210  şagird təhsil alırdı.Məktəbdə ən yuxarı sinif  VII sinif idi.Məktəbin direktoru İsa Məmmədovun tələbkarlığı və təşkilatçılıq bacarığı sayəsində qısa müddətdə məktəbin sorağı hər yerə yayıldı.Məktəbdə ilk fəaliyyətə başlayan müəllimlərdən Lətifə Kələntərli,Şəfiqə Əliyeva,İbrahim Qazıyev,Muxtar Kəngərli,Şəmil Rəhimov,Ələviyyə Musayeva,Mikayıl Sadiqov və başqaları şagirdlərin təlim və tərbiyəsində xüsusi rol oynamışlar.Şagirdlər məktəbi ikinci evləri hesab edirdilər.Onlar ən yüksək qayğı ilə əhatə edilirdilər.Məktəbdə təhsil korpusu,yeməkxana,idman meydançası şagirdlərin ixtiyarında idi.Şagirdlər məktəbin mədəni və sosial həyatında böyük fəallıq göstərirdilər. Mənim iki oğlum,iki qızım da həmin internat-məktəbin məzunlarıdır.

1985-ci ildə yaradılan informatika kabinəsində şagirdlər dərslərini əyani surətdə keçirdilər.Kabinəyə rəhbərliklə bərabər dərsləri də mən tədris edirdim.Çox keçmədi ki,internat-məktəbin qabaqcıl təcrübəsi digər məktəblər arasında da yayılaraq bülleten buraxıldı və mənə metodist müəllim adı verildi.

Bu təhsil ocağı Muxtar Kəngərlinin direktor olduğu dövrdə daha da inkişaf etdi.Şagirdlərin sayı 420 nəfərə çatdı və hər il 10-11-ci siniflərin buraxılışı oldu.Məktəbin müəllim kollektivinin  bir  çox  üzvü Azərbaycan Təhsil Nazirliyi və  Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək “Qabaqcıl maarif xadimi”,”Əməkdar müəllim” adına layiq görüldülər.Təhsil Nazirliyinin “Fəxri-Fərman”ları ilə təltif edildilər. Naxçıvan Təhsil Nazirliyi tərəfindən keçirilən attestasiyada Q.Mirzəyeva, İ.Qazıyev,Ş.Rəhimov,L.Kələntərli, M.Kəngərli və mən yüksək kateqoriyalı müəllim statusu aldıq”.

30 il həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş Zeynəb xanım Hacıyeva internat-məktəbi və Muxtar Kəngərlini belə xatırlayır:

“ Bir neçə gün əvvəl aramızda olan müdrik, ziyalı insan, məşhur kəngərlilər nəslinin nümayəndəsi, Respublikamızda tanınmış təcrübəli maarifçi-pedaqoq, qocaman müəllim Muxtar Kəngərli dünyasını dəyişdi, əbədiyyətə qovuşdu.Bu ayrılıq, bu gediş dünyanın müxtəlif  yerlərində  yaşayan adamları, xüsusən keçmiş məzunları çox sarsıtdı.Muxtar Kəngərli 40 ildən artıq müəllim, tərbiyəçi, direktor işləmiş, şərəfli bir həyat yolu keçmişdir.

          Mənim üçün fəxrli haldır ki, məhz elə həmin müddətdə bu məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişəm. Gəldiyim gündən böyük ata qayğısı, mehriban və tələbkar məktəb direktoru ilə rastlaşdım. Onun pedaqoji təcrübəsindən faydalandım. İşlədiyim 30 il müddətində Muxtar müəllimin təşəbbüsü ilə mənə “ Metodist müəllim “ adı və Ali kateqoriya dərəcəsi verildi. Pedaqoji təcrübəm (muxtar respublika məktəblərində) Naxçıvan Muxtar Respublikası  Müəllimlərin  Təkmilləşdirilməsi İnstitutu tərəfindən yayıldı. Mən bu nailiyyətlərimə görə Muxtar müəllimə borcluyam.

Bizim internat-məktəbimizdə Qərbi Azərbaycandan (Müasir Ermənistan Respublikası) və müxtəlif rayonlardan gələn şagirdlər də təhsil alırdılar. Muxtar müəllim şagirdlərə elə qayğı və məhəbbətlə yanaşırdı ki, heç kim özünü qərib, kimsəsiz hiss etmirdi. O, gecə – gündüz onların əhatəsində idi. Ayrı–ayrılıqda valideyn kimi söhbətlər aparar, maraqlı əyləncələr, görüşlər, tətil günlərində gəzintilər təşkil edər, onlara hər şeyi unutdurardı.

Heç yadımdan çıxmaz, 1982–ci ildə məktəbimizin 20 illik yubileyi keçiriləndə əksər məzunlar gəlmişdilər. Hamısı necə də şad, xoşbəxt idilər. Öz sevimli  direktorlarını əhatə edib, keçmiş şirin, unudulmaz xatirələrini məhəbbətlə yad edirdilər.Bunlar hamısı Muxtar müəllimin zəhmətinin, əməyinin nəticəsi, qürur bağının bəhrələri–meyvələri idi.İndi o məzunların səsi Türkiyədən, Yaponiyadan, ABŞ-dan–dünyanın çox yerindən gəlir.

Muxtar müəllim  iradlarını çox sakitcə, mədəni, müdrikcəsinə bildirirdi.Onun alicənablığı, insanlığı, humanistliyi, yoldaşlığı, ziyalılığı həmişə diqqətimizi çəkirdi. Bəlkə də bu nəsildən, kökdən gələn bəyzadəlik xüsusiyyətləri idi. Ailəcanlı insan idi. Kollektivin xeyrində-şərində həmişə yaxından iştirak edərdi. Hətta bir tədbirə gedəndə deyərdilər ki, “Muxtar müəllim yenə balalarını yığıb gətirir”.  

Muxtar müəllimin işıqlı əməlləri, xatirələri onu sevənlərin, tanıyanların, xüsusilə, müəllim və internat məktəbi məzunlarının qəlbində daim yaşayacaq.

Bəli, əbədi heç nə yoxdur. Olanlar öz forma və məzmunu dəyişərək başqa formada təzahür edirlər. Məlum olduğu kimi, ictimai vəziyyətin dəyişməsi ilə əlaqədar ölkənin bir çox yerlərində, o cümlədən Naxçıvanda fəaliyyət göstərən internat-məktəblər bağlandı.Yaxşı olmazmı ki, internat-məktəb komplekslərinin şəbəkəsi indi daha da genişləndirilməklə, təhsil günün tələblərinə uyğun inkişaf etdirilərdi? Axı, belə tədris komplekslərini daha da mükəmməl, müasir şəkildə qurmaq  mümkündür!  Buna ehtiyac da var. Bu gün valideynlərini itirmiş onlarla şəhid, qaçqın, imkansız ailələr yoxdur? Var. Təbii ki, onlar dövlətin qayğısından faydalanırlar. Dövlətimiz hər il təhsilin inkişafına, yeni məktəblərin tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə kifayət qədər vəsait ayırır. Fikrimizcə, şagirdlərə təhsillə bərabər əmək vərdişləri aşılayan yeni quruluşlu internat-məktəb komplekslərinin açılmasına da ehtiyac var.

Yaxşı haldır ki, internat-məktəbin məzunları tez-tez bir araya yığışıb, keçmiş günləri xatırlayırlar. Onlardan sonuncusu 2013-cü ilin 29 iyununda,“Təhsilimiz və gələcəyimiz” mövzusunda həmin internat-məktəbin 1967-ci il məzunu, “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin idarə heyətinin sədri Mirələkbər Seyidovun təşəbbüsü ilə Bakıdakı C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında keçirildi. Görüşdə,vaxtilə internat-məktəbin direktoru olan M.Kəngərli, direktor müavini Ə.Qurbanov, tərbiyəçi müəllimə Ə.Musayeva, fizika-riyaziyyat müəlliməsi Q.Tarverdiyeva, fransız dili müəlliməsi–şairə-dramaturq, Əməkdar incəsənət xadimi K.Ağayeva, Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edən Z.Hacıyeva iştirak edirdi.Əsasən yaşlı (1966-1970-ci il məzunları) keçmiş şagirdlərinin dəvətlərini qəbul edib gəldikləri üçün onlara minnətdarlıq bildirildikdən sonra internat-məktəbə 30 il rəhbərlik etmiş M.Kəngərli təhsil ocağında bu illər ərzində görülən işlərdən ətraflı danışdı.

Məzunlardan bir neçəsi bizimlə internat-məktəb və Muxtar Kəngərli haqqında xatirələrini belə bölüşdü:

“-Şəxsiyyətin formalaşmasında müəllimlərin valideynlərdən heç də az olmayan rolu var. Oxuduğumuz  Naxçıvan şəhər Ə.Ağayev adına internat məktəbdə bütün müəllimlərimiz xoş xatirələrlə xatırlanır. Amma elələri var ki, onların adları çəkiləndə üzümüzdə xoş bir təbəssüm görünür. Belə müəllimlərdən biri Muxtar Kəngərlidir.Məktəbimizdə təşviqat işlərinə rəhbərlik edən tədris hissəsinin müdiri,  rus dili müəllimi Muxtar Kəngərli həm də gözəl bir insan idi.

-O zaman səhərlər məktəbin təlim-tərbiyə məsələləri üzrə direktor müavini Muxtar müəllim və baş dəstə rəhbəri bizi sıraya düzür, sinif nümayəndələrini raportunu dinlədikdən sonra növbə ilə sinfimizə yollanmağa icazə verirdi. Biz məktəbimizin bu qədər geniş profilli olmasını xəyalımıza gətirə bilməzdik. İndi isə, bu, xəyal yox, həm xoş xatirə, həm də müqayisə etməyə tay tapa bilmədiyimiz realliqdır.

-Əvvəllər bizim üçün çox rəsmi və quru görünən bu qaydalar tədricən adiləşdi. Muxtar müəllim isə sözün əsl mənasında bizim üçün doğmalaşdı. Bütün problemlərimizi ona və pioner dəstə rəhbərinə deyərdik. Hətta, bizə evdən göndərilən qəpik-quruşu da etibar edib onlara verərdik. Bunun üçün müəllimlərdə adlarımız və pulumuzun məbləği yazılan dəftər olardı.

-Muxtar müəllim axşamlar məktəbin yataqxanasına gələr, növbətçi müəllimlərə və uşaqlara nəzarət edər, hamını yerbəyer etdikdən sonra evlərinə gedərdi. Harada bir çətinliyə düşsək, mütləq problemimizi ona danışar, bizə kömək etməsini xahiş edərdik. Təbii ki, arzularımız cavabsız qalmazdı. Ümumiyyətlə, bizim məktəbdə bir mehribançılıq var idi. Uşaqlar arasında heç vaxt dava-dalaş olmazdı. Məktəbimizdə hökm sürən bu mehribanlıq məhz Muxtar müəllimin fəaliyyətinin nəticəsi idi.Onun hər bir şagirdin üzərində xüsusi nəzarəti və onlara, davranışlarına uyğun pedaqoji yanaşma tərzi var idi. Çox tələbkeş və ciddi rejimi sevən insan idi.Başda Muxtar müəllim olmaqla, bizim üçün əziz və boynumuzda haqqı olan, bütün müəllimlərimizə minnətdarıq”…

Bu gün Muxtar müəllim sıralarımızda yoxdur. Lakin onun bütün əməlləri, xoş gülüşü, təbəssümü heç zaman yadımızdan çıxmaz. Allah sənə rəhmət eləsin, ulu ustad!…

Epiloq əvəzi:-“Mən babam Muxtar Kəngərli ilə və daşıdığım bu soyad ilə fəxr edirəm. Çalışacağam ki, babalarımın keçdiyi şərəfli yolu davam etdirəm və Vətən üçün layiqli övlad olam”. Bu sözləri Muxtar müəllimin ocağını bu gün alovlandıran 11 yaşlı Muxtar Kəngərli deyir. Bəli, nəsillər bir-birini əvəz edir. Böyük Yaradana şükürlər olsun ki, Muxtar Kəngərli ocağında bu gün balaca Muxtar yanan o ocağın odunu həmişə qorumağa hazırdır.

         Abbas Seyidov  –   tarix elmləri doktoru, professor

Mirələkbər Seyidov“AqRa” EİDİB-in idarə heyətinin sədri

(Bu materialın bir hissəsi “Azad Azərbaycan” qəzetinin 10 oktyabr 2014-cü il tarixli, 143 nömrəli sayında və “Müəllim Sözü” qəzetinin oktyabr 2014-cü il 07 saylarında nəşr olunmuşdur.)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eight =