Alma almaya bənzər…

Print Friendly, PDF & Email

Azərbaycanın zəngin təbiətinə  istinadən deyirlər ki, dünyanın on bir iqlimindən doqquzu bizim məmləkətimizdədir. Bu Allahın Azərbaycana və  xalqına olan lütfü, mərhəmətidir.

Torpağımızda bitən nemətlərin sayı hesabı yoxdur, meyvə, tərəvəz, gül-çiçək, min bir dərdin dərmanı otlar, daha nələr, nələr?

Allahın verdiyi, torpağın yetişdirdiyi nemətlərə görə şükür əlaməti olaraq tarix boyu nənə-babalarımız nağıllarda, bayatılarda, o

 nemətlərin müqəddəsliyini, saflığını, halallığını nəzmə çəkib. Bəstəkarlar o nemətlərin şəninə yazılan şeirlərə mahnı bəstələyib. Xalqın qəlbindən dilinə süzülən, ürəklərə axan bu sənət nümunələri bu gün də yaşamaqdadır.

İstər klassik, istərsə də, çağdaş poeziyada ən çox vəsf olunan meyvə almadır. Almanı gözəlin yanağına, buxağına, ağlığını gözəllərin bənizinə bənzədən bir çox şairlər olub və bu gün də var.

Şifahi xalq ədəbiyyatına nəzər salsaq, foklorumuza diqqət etsək görərik ki, nağıllarda alma uzunömürlülük rəmzi kimi qələmə alınıb. “Məlikməmməd” nağılındakı amla buna parlaq misaldır. Dastanlarımızda Xızr Peyğəmbərin aşiqlərə alma verməsi, onu öz istəklisi ilə bölüb yemələrini tövsiyyə etməsi, hətta övladı olmayan qadınlara yuxuda alma verib: “ Ömür-gün yoldaşınla böl, ye!” – kimi ifadələr almanın müqəddəs bir meyvə olduğuna işarədir.

Alma meyvəsi ilə bağlı  saysız mahnılar  indi də xalq mahnıları kimi ifa olunmaqdadır. Məs:

     “Alma atdım, nar gəldi,

       Köynəy aldım, dar gəldi…”

                       ***

     “Ağacda alma yanağı qırmızı,

     Dər səbətə yığ, onu bağban qızı…”

                       ***

    “Alma almaya bənzər,

      Alma, ağacı   bəzər,”

                     ***

     “Ağ alma, sarı alma,

      Bağların barı alma…”

                   ***

     “Almanı atdım xarala,

      Qaldı sarala-sarala…”

                   ***

     “Qubanın ağ alması,

       Yeməyə bağ alması…”

               ***

      “Al bıçağı, kəs almanı,

       Ver yara dilim, dilim…”

                   ***

       “Mən bir qızıl alma olub,

        Sandığa girsəm, neylərsən…”

                      ***

        “Almanı alma, gəlin,

         Al, yerə salma, gəlin…”

                      ***

        “ Meyvələrdə üç meyvə var,

           Üçü də balam, yeməli,

          Biri alma, biri heyva, biri nar…”

                         ***

Bu misralar xalqın çox sevdiyi mahnılardan götürülüb, bu siyahını artıqmaq da olardı…

Xalqın dilindən süzülən bu misralara dərindən diqqət etsək, görərik ki, hər misranın arxasında necə böyük hikmət və mənalar yatır…

 

   “Almanı atdım xarala, qaldı sarala sarala…”

Şərh: Əvvəllər hər alma qışa qalmazdı. Çünki o vaxt müasir dövrdə istifadə olunan zəhərli dərmanlar yox idi. Qışa qədər yaxşı qalan balaca ölçüdə olan sarı almalar olardı. Yaxşı yadımdadır nənəm  ona “Anton alması”- deyərdi. Alma qaldıqca bir az da yetişər, rəngi saralardı. Almanı məhz xaralda saxlamaq ona işarədir ki, xaralda olan almaya hava dəyəcək, çürümək qorxusu olmayaçaq.

Mahnının sözlərində gizli bir məna var. Sevən oğlan öz sevdiyinə işarə edir ki, sənin həsrətindən alma kimi saralmışam və saralmaqdayam. Xaralda olan alma kimi sanki qəfəsdəyəm….

 

“Mən bir qızıl alma olub, sandığa girsəm neynərsən?”

Şərh: Ən ətirli alma “Qızıl Əhmədi” almasıdır. Sandığın bir küncünə qoyulan almanın ətri sandıqda olan hər şeyə hopur və sandığı açanda xoş ətir gəlir.

“Al bıçağı, kəs almanı, ver yara dilim, dilim…”

Şərh: Həsrət, intizar çəkənlərin ürəyi zəifləyir, vitamin ehtiyatı tükənir. Yarının sağlamlılğı üçün narahat olanlara məsləhət görülür ki, almanı dilim-dilim kəsib, ona versinlər. Bildiyimiz kimi alma meyvəsi bütün vitaminlərlə zəngindir. İntizar çəkənlərə ən yaxşı qida elə almadır.

Əhsən, bizim nənələrə! Hər kəlmədə nə qədər sətiraltı mənalar qoyub gediblər…

Amma niyə belə gözəl nemətin adını “ALMA” qoyublar? Bu suala cavab tapmadım…

Gulara Munis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 9 =