Əmim – Fikrət Rzayev

Print Friendly, PDF & Email

    Bu gün səhər acı xəbərlə açıldı gözlərim! İnana bilmirdim eşitdiklərimə! Amma… əmim artıq həyatda yox idi! Varlığını hər an görmək istəsəm də, nədənsə, bəzən uzaq qaldığım insan idi O! Uşaqlığımdan belə ona duyduğum sevgi sırf əmi sevgisi deyildi: böyük insan idi əmim mənim üçün! İdeal obraz idi həyatımda! Yerə bağlı sevgiylə çox istəmirdim onu ,

Yerdən və hər şeydən yüksəklikdə bir bağlılıq var idi əmimə qarşı çünki, Rzayev Fikrət əmim idi mənim! Yazılışda və yaxud deyilişdə adi söz kimi görünsə də O da bir Rzayev idi! Rzayev ailəsinin böyük və yaşlı üzvü idi Fikrət Rzayev. Danışmağı elə də xoşlamazdı, çox vaxt qıraqdan durub ona baxanda, sakitçilikdə, olduğu yerdən uzaqlıqda görərdim onu! Atamla olan söhbətlərinə şahidlik edə bildiyim üçün, fərqli bilərdim hərdən özümü çünki, bu şans mənə bəxş olunmuşdu. Onları dinlədikdə qulaqlarımdan insan səsləri silinərdi. Daha başqa cür, daha rahat olardım. Əmim rahatlıqla və xoşluqla həyata baxırmış kimi görünsə də, bəzən ürəyinin bir yerində uşaqlıqdan qalma gizli ağrını gözlərinə hər baxdıqca hiss edərdim! Məndən hər zaman dərslərimin necə getdiyini soruşardı! Hərdən düşünərdim: təhsilimi artıq iki ildi bitirdiyim halda, əmimin həmişə bizə gələndə soruşduğu sualın niyə bu olduğunu?! Özlüyümdə cavab tapdım bu gün! Əmim, əslində, bizlə bağlı olan nailiyyətlərə sevinirdi. Evin ən kiçiyi olmağıma baxmayaraq, məndən də istədiyi daha yaxşı nailiyətlərə sahib olmağım idi! Əmimin nailiyyətləri də məni və ailəmizi sevindirirdi! Bizə verdiyi sevinclə yanaşı, doğulduğum ölkəyə də öz “Söz” kitabıyla sözünü dedi Fikrət Rzayev! Atamla ata ayrı olsalar da, Rzayev soy adında bir idilər əslində! Ya da Vahid Rzayevin sözüylə desək, onlar “əkiz taleyli” qardaşlar idilər bu soyad altında! Bizə bəxş olunmuş bir paydı bu, bu bizim taleyimizdi bəlkə də, paklıqla, yaxşılıqla, mehribanlıqla düzgünlüyə doğru yarı payı əlimizdə ola bilən! …Bu gün taleyimizdə ağır gündür. 28 fevral 2013-cü il Fikrət Rzayevi O ağ İşığa, qayıdışına, əbədiliyinə bağışladığımız gündü!İnsan olaraq, o acını yaşadığımız gündür! Bu gün atamın gözlərində gördüyüm kədər insanlıqdan uzaq, insanlığa xas olmayan kədər idi. Atamın nə qədər pis olduğunu onun dediyi sözdən başa düşmək elə də çətin deyildi! Vahid Rzayevin; atamın “Dədəm öldü, ağlamadım, anam öldü, ağlamadım, Fikrət öldü… ağladım, Fikrət… ağlatdı məni!” deməsiylə əmimi nə qədər çox istədiyini bu gün bir daha başa düşdüm. Əminəm ki, əmim yenə o sakitçilikdə öz sakitçiliyinə qovuşub artıq! Ürəyinin bir yerində qalma o gizli ağrıdan da xilas olaraq, işıqlı nəticələrinə yetişib artıq! Əmimi çox istəyirdim – nə qədər utanıb deyə bilməsəm də! Bu gün pis olub üzülsəm belə, onun rahatlıq içində öz rahatlığına qovuşduğunu bilmək təsəlli edir məni! Axırıncı dəfə telefonla danışarkən bizə gəlməyini istəmişdim. Soyuqların keçib, havaların istiləşdiyi günəşli günlərdə gələcəyini dedi! Əmim Söz verdi və… sözünü tutub günəşi öz böyüklüyüylə təkcə mənə yox, bütün bəşərə bəxş edərək gəldi və getdi! Mənim üçün əmim bənzərsiz şəxsiyyət idi. Mənim əmim Fikrət Rzayev idi! Hər kəsin əmisindən fərqli olaraq – çünki, o da bir Rzayev idi!

Fəxriyyə Rzayeva
28.02.2013

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =