ADƏM DİLİ HAQQINDA

Print Friendly, PDF & Email

ADƏM DİLİ HAQQINDA

Minilliklər boyu insanlar arasında Allah-Taalanın Adəm peyğəmbəri (ə) yaratdıqdan sonra ona sözləri və danışığı öyrətməyi haqqında söhbətlər gedir. Bu haqda müqəddəs kitablarda və başlıca olaraq Qurani-Kərimdə uyğun məlumatlarla rastlaşırıq. Lakin indiyə qədər bu məsələ elmi surətdə öyrənilməmiş, dilçilik üzrə müvafiq tədqiqat işləri aparılmamışdır. Odur ki, müxtəlif dillərin əmələ gəlməsində təkamül prosesi kimi əməyin roluna və uyğun nəzəriyyəyə üstünlük verilmişdir.

Belə hesab edirik ki, dilçilik problemlərinin həllində bu nəzəriyyə, eləcə də əsaslı surətdə tənqid olunmuş digər nəzəriyyələr (dilin yaranmasına dair: səs təqlidi, nidalar, ictimai razılaşma, jestlər, əmək hıçqırtıları və s.) əsas götürülə bilməz. Çünki dil, dilçilik elminin tədqiqat obyekti olduğundan onun mənşəyinin təyin olunması, o cümlədən dilçiliklə bağlı digər məsələlər dilçiliyin özündə axtarılmalıdır.

Qarşıya çıxan ən müxtəlif suallar, məsələn: “Nə üçün rus və slavyan sözlərinin quruluşları Azərbaycan dilindəki sözlərin quruluşlarından az fərqlənir?” Azərbaycan dilinin özü necə yaranmışdır? Nə üçün hər hansı bir əşya məhz bu cür adlandırılmışdır? Nə üçün qarpız, deyək ki, “ilan” sözü kimi adlandırılmamışdır?” və s. suallar dilçilik sahəsində tədqiqat işinin aparılmasına səbəb oldu. Belə ki, Azərbaycan dili üçün əldə olunan nəticələr bir çox rus, alman, ingilis, ərəb sözlərinin daxili mənalarının anlanılmasına uğurlu yol açdı.

Araşdırmanın əsas nəticələri aşağıdakılardan ibarətdir:

  1. Hər hansı fonem (danışıq səsi) bir və ya bir neçə əlamət və ya vəzifələrə malikdir. Bu əlamət və vəzifələr bir çox dillərdə eyni cür səslənən fonemlər üçün universallıq təşkil edirlər. Sait fonemlər əsasən həndəsi anlayışlarla bağlıdır və sözlərdəki hadisə göstəriciləri olan samitlərin istiqamətləndiricisi roluna malikdir. Dildə saitlərin yoxluğu sözlərin heca çoxluğunu yaradır, yəni saitlər hadisələri izahedicilik, istiqamətləndiricilik qabiliyyətinə bir qədər çox malik olurlar. Samitlər sözlərdə əsasən fiziki (məkanlılıq, zamanlılıq, məsafəlilik, istiqamətlilik, müxtəlif növ təsirlər və onların nisbi qiymətliliyi, iş, güc, enerjilik və s.), psixoloji (anlaqlıq, inkarlıq, pislik, xarablıq, kiçildicilik, gücləndiricilik, düşüncəlilik, fanilik, ruh-ağıl və s.) və canlı təbiətə (insan, heyvan bitkilər) aid anlayış və hadisələri ifa edirlər.

Hətta bir dil daxilində bir çox fonemlərin əlamət və vəzifələri bir-birini təkrar edərək, eynilik yaratma qabiliyyətinə malik olurlar. Görünür ki, Allah-Taala danışıqda rəngarənlilik, müxtəliflik, ehtiyatlılıq prinsiplərini seçərək, insanı cansıxıcılılıqdan uzaqlaşdırmış və hətta eyni əlamətli fonemlər əsasında çoxvariantlılıq üçün yol qoymuş, bir dil daxilində omonim və sinonimlərin düzəlməsinə, hətta ilk baxışda bir-birinə heç oxşamayan, qohum sayılmayan müxtəlif dillərin yaranmasına şərait yaratmışdır. Burada da riyazilik, variasiyalılıq gözlənilmişdir. Əldə etdiyimiz nəticəyə görə fonemlərin əlamət və vəzifələrinin sayı hazırda 70-80-ə çatır. Belə hesab edirik ki, gələcəkdə tapılacaq təqribən 20-30 əlamət və vəzifə fonem bəhsinin təkmilləşməsinə, tamlaşmasına səbəb ola bilər və təqribən fonemlərə аid 100-120 əlamət və vəzifələri bilməklə ən müxtəlif dilləri əhatə edə bilən çox mənalara malik sözlər yaratmaq mümkündür.

  1. Sözlər fonemlərin məqsədli surətdə, ardıcıl olaraq müəyyən düzülüşü, mənalarının növbəli ifası ilə əmələ gəlir. Söz köklərindəki vurğular əsas mənanın sözün daxilində hansı hecada olduğunu, şəkilçili sözlərdə isə əsas məqsədin harada güdülməsini göstərir. Sözlərin vurğu düşməyən hissələrindəki fonemlər isə əşyanın hansı keyfiyyətə malik olmasını və hadisənin necə baş verməsini anladır.

Məlumdur ki, quruluşuna görə ən sadə sözlər bir, iki, üç səslilərdən ibarət olurlar və səslər artdıqca sözün quruluşu mürəkkəbləşir. Mürəkkəb səsli fonemlər isə mənanın daha da genişlənməsinə səbəb olur. Bir səsli sözlər dillərdə çox azdır. Məlumdur ki, müasir Azərbaycan dilində 9 sait, 24 samit səs var. Əvvəli sait, ikincisi isə samit olan ikisəsli mümkün morfemlərin düzülüş variantlarının sayı 216-dır. Bu qədər sayda da əvvəli samit, ikincisi isə sait olan morfemlər ikisəsli sözlərin riyazi mümkün variantlılığını təşkil edir. Təqribi hesablamalar göstərmişdir ki, müasir Azərbaycan dilində I tip quruluş üzrə 110 mənalı 72 söz, II tip üzrə isə 23 mənalı 18 söz kök morfemlər şəklində, müstəqil mənalarda işlənilirlər. Azərbaycan dilinin digər daxili qanunauyğunluqlarını və hadisələrin kainatda, o cümlədən Yerdə baş verməsi şərtiliklərini nəzərə aldıqda, aydın olur ki, 75 morfem müstəqil söz kimi işlənə bilməz. Deməli, ümumilikdə qalan 267 variant Azərbaycan dilində həm budaq, həm də ikisəsli əlavə kök morfemlər yaratmaqdan ötrü ehtiyat rolunu oynayır. Məsələni daha da geniş təsəvvür etmək məqsədilə üçsəsli sözlər üçün də araşdırmalar aparılmışdır. Məlum olmuşdur ki, Azərbaycan dili üçün üçsəsli sözlərin mümkün variantlarının ümumi sayının 7128 olmağına baxmayaraq, təqribən 1396 mənaya malik 1163 kök morfem dildə hazırda işlənənlər sırasındadır ki, bu da 16.3% təşkil edir. Müqayisə üçün göstərək ki, rus dilinə aid bu təqribi rəqəmlər uyğun olaraq 3402, 256, 248 və 7.3%-dir.

Yuxarıdakı hesablamalardan görünür ki, hər hansı bir dildə sözlərin yaranması və geniş curətdə işlənməsi üçün Allah-Taala insanlara böyük imkanlar və daxili ehtiyatlar yaratmışdır.

  1. Fonemlərin çox böyük əksəriyyəti özlərində fiziki hadisələrin əlamətlərini əks etdirirlər. İnsanın anatomiyası, danışıq, eşitmə sistemi ətraf mühitdə baş verən hadisələrlə uzlaşdırılmış, uyğunlaşdırılmış şəkildə və onlarla müvazi yaradılmışdır. Əgər bəşəriyyət tarixində bir deyil, bir neçə ulu dil olmuşsa, bunlar da fiziki hadisələr və insan psixologiyası qanunauyğunluqlarına tabe olmuş və müasir dillərin uyğun tədqiqatları vasitəsilə onları ortaya çıxarmaq olar.
  2. Azərbaycan, rus, alman, ingilis və ərəb sözləri üzərindəki araşdırmalar göstərir ki, dillərin indiki morfoloji bölgüsündən (amorfköklü, aqlütinativ-iltisaqi, flektiv və inkorporlaşan dillər) asılı olmayaraq onların hamısında inkorporlaşma (söz-cümlə) xüsusiyyətləri vardır. Ayrı-ayrı səslər bu dillərdə kiçik fərqlərə baxmayaraq universallıq təşkil edirlər. Odur ki, dillərin indiki genеoloji bölgüsündən daha ümumi bölgü sistemləri üzərində düşünmək imkanı vardır.
  3. Uzun səslənən saitlər sözdə hadisələrin nə cür inkişaf etdiyini göstərir və mənaların dəqiq alınmasına xidmət edir.

Azərbaycan dilində alınma hesab edilməyən sözlərdə də bu keyfiyyətlər mövcuddur. Odur ki, bu halı təkcə ərəb və fars sözlərinə aid etmək olmaz və alınma hesab edilən sözlərin mənşəyinə yenidən baxmaq lüzumu ortaya çıxır.

  1. Eyni adlı əşya və hadisələrin müxtəlif dünya dillərindəki leksik mənaları (əsasən) eyni olsa da, bu sözlərdəki fonemlər üzrə əlamətlər bir çox hallarda həmin əşya və hadisələrə dair bir-birinə nisbətən az və ya çox dərəcədə məlumatlar verirlər. Odur ki, linqvistik lüğətlər, xüsisilə izahlı lüğətlər, etimoloji lüğətlər, terminoloji lüğətlər tərtib edərkən müxtəlif dünya dillərindəki eyni mənalı sözləri birlikdə təhlil etmək mənaların geniş surətdə anlaşılmasında sərfəli nəticələr verə bilər.

Beləliklə, dilçilik elmi, əsl məcradan çıxaraq, bu gün özünün böyük müvəffəqiyyətlərinə baxmayaraq, bir çox haqlı suallara cavab verə bilmir. Ona görə də, hər bir xalq öz dilinin yaradılışını mütləq şəkildə özünün xidməti hesab etmiş və bir xalq digərindən mənəvi cəhətdən uzaqlaşmışdır. Nəticədə də, müxtəlif məzhəblər, təriqətlər, yaranmış, dünyanın, kainatın vəhdəti barəsində fikirlər yalnız dildə və kağız üzərində qalmış, insanların qardaşlığı unudulmuş, Adəm (ə) babamız isə nəzər-diqqətdən, öz layiqli mərtəbəsindən ayrı düşmüşdür.

Belə hesab edirik ki, göstərilən dəlillər əsasında hər bir şəxs öz dilini möhkəm bilməklə yanaşı digər qohum olan və olmayan dilləri də tez və asanlıqla öyrənə bilər.

 

Fikrət Rzayev

REDAKSİYADAN: F. Rzayevin ümumi dilçilik probleminə həsr olunmuş bu məqaləsi redaksiyamıza professorlar Afat Qurbanovun və Əbülfəz Rəcəbovun rəyləri ilə birgə daxil olmuşdur. Müəllifin mülahizələrinin maraqlı olduğunu və məqalənin polemik ruhunu nəzərə alaraq onun çapını məqsədəuyğun saydıq.(İslamın səsi; 10(58), 1995.08.02)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.