YER KÜRƏMİZ QATARIMIZ

Print Friendly, PDF & Email

ŞAİR İLHAMINDAN DOĞULAN

POEZİYA

 

            Qarşımızda atəşpərəstliyin simvolunu alov dili ilə təcəssüm etdirən bir kitab var. Kitabın adı “Şeir özü çınqıdır”. Çınqı həm də tonqaldan ətrafa səpə­lənən yandırıcı qığılcım deməkdir. Gözəl şeirin özü kimi. “Döndün qövsi-qüzehə” (“Məktəb” 2005), “Nuhçıxan-Naxçıvan” (“Əcəmi” 2006), “Köksüm altda söz döyünür” (“Əcəmi” 2008), “Qarabağdır Azər­baycan” (“Əcəmi” 2010), “Son sevgi məktu­bum” (“Əcəmi” 2012), “Ömür boyda zaman” (“Əcəmi” 2016) şeir və hekayələr kitablarını sevə-sevə oxudu­ğumuz pedaqoq-şair Tofiq Qəbul. Güclü xarakterik cəhətləri ilə bir-birindən seçilən hadisələr­dəki inandı­rıcılıq, təsvirlərdəki liriklik və reallıq, dərin psixolojizm şairin yüksək sənətkarlıq mövqe­yində dayandığını göstərən cəhətlərdir. Şeir­lərdə ən kiçik təfərrüatlar belə şair süzgəcin­dən keçirildikdən, yüz ölçüb bir biçildikdən sonra qələmə alınmışdır.

            Sənətinin vurğunu, ədəbiyyatın gözəl bilicisi və təbliğatçısı olan müəllimlərdən söhbət düşəndə, şeirləri ilə ürəkləri oxşayan, ağıla, idraka nüfuz edən istedadlı şairlərdən söhbət açanda Tofiq Qəbulu yada salırıq. Tofiq müəllim Naxçıvan Muxtar Respublika­sın­da tanınmış və təcrübəli ədəbiyyat müəl­lim­lərin­dən biridir. O, qəlbən ədəbiyyata bağ­lıdır, fitrətən şairdir. Vətənpərvərlik duy­ğu­larının, təbiət gözəllik­lə­rinə vur­ğun­luğu­nun incə lirizmlə yoğrulmuş nümu­nələri…

            Şair ilhamının vərəqlərə səpilmiş şeir sətir­ləri….

            Kitabın vərəqlərini çevirdikcə şirin mis­raların ləzzətini duya-duya özünü təbiə­tin, gö­zəlliyin qoy­nun­da hiss edirsən. “Şərq qapısı Naxçıvan”da necə hərəkət edəsən ki, təbiətə bə­zək verən bu gözəl naxışlar pozul­masın:

 

Haçadağı ehram kimi,

Sıra dağlar sərhəd-kəmər.

Bu şəhəri soran kimi

Ağıla ilk Duzdağ gələr.

Min-min qonaq heyran ona,

Duz-çörəkli Naxçıvana.

 

Naxçıvançay axır, axır,

Dövrəsini alıb evlər.

Nuh türbəsi qucaq açır,

Gülərüzdür bizim ellər.

Köhnəqala gəlib cana,

Qürur verir Naxçıvana.

(“Şərq qapısı Naxçıvan”)

            Şair şeirlərinin əksəriyyətində ciddidir. Möv­zu­­ları rəngarəng və aktualdır. O, az söz­lə çox mət­ləblər deməyi bacarır.

            Dili aydın, səlis və oxunaqlıdır. O, klassik şeirimizdən və folklorumuzdan bəh­rə­lənir. Bu xüsu­siyyətlər şairin şeirlərinə tə­ra­vət və yığcamlıq verir. Axı xalq şeiri və ya folklor nümunələrindən bəhrə­lənməyin ü­s­tün­lüklərinə görkəmli sənətkarlar həmişə də­yər vermişlər. Şairin “Son çərşənbə” şeiri­nə nəzər salaq. Şeirin məzmunu belədir: Son çərşənbədə təbi­ətin yuxusu qaçır və günəş öz nuru ilə torpağı oyadır. Günəş yatandan sonra həyətlərdə od qalanır, tonqallar çatılır. İnsanların üzündə sevinc və fərəh oynayır:

 

İlin axırıdır, son çərşənbədir,

Daha təbiətin yuxusu qaçır.

Yel cövlan eləyir belədən-belə,

Günəş torpaq üstə nurunu saçır.

 

Tonqallar çatılır günəş yatanda,

Hər evdə, həyətdə bir çınqı, bir od.

Elimdən, obamdan səslər yüksəlir:

-“Var olsun gözəl yaz! Var olsun həyat!”  

 

            Kitabın “Uşaq şeirləri” bölməsində təq­dim edilmiş şeirlər, əsasən, məktəbəqədər yaşlı uşaqlar və ya kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulub. Çünki bu şeirlərdəki vətənpərvərlik, vətəndaşlıq duy­ğuları, torpa­ğa, elə məhəbbət, düşmənə nifrət hissləri və digər əxlaqi-mənəvi, bədii-estetik keyfiyyət­lər uşaq­ların anlamı və dünyagörüşü səviyyə­sində təq­dim olunur. “Bilirəm Qarabağı”, “Gəl, Novruz bay­ramım”, “Ağıl oyunu”, “Cib telefonu və mən”, “Nənə və nəvə”, “Oyunçu Özləm” şeirləri bu qəbildəndir.

            Azğın ermənilər Azərbaycan torpaq­larına köçüb gəldi. İki yüz ilə yaxındır ki, bu yerlərdə za­man-zaman qırğınlar, fəsadlar tö­rə­dirlər. Qarabağ ca­maatı öz ev-eşiyindən köçkün oldu. Göylərə yük­sələn nalələr, ahlar hələ də cavabsız qalıb. “Bilirəm Qara­bağı” uşaq şeirini oxuyanda görürük ki, atalar, ana­lar, babalar, nənələr və müəllimlər Xan­kən­dindən, Şuşa­dan, Topxana meşəsindən, Əs­gə­­ran qalasından, Pə­nah xandan, Natəvan­dan, Xan Şuşinskidən, Bülbül­dən söhbət sa­lır, Qarabağ salnaməsini uşaqların zeh­ninə həkk edirlər:

 

Mən balaca olsam da,

Bilirəm ki, el nədir.

Bilirəm, Vətən nədir,

Bilirəm ki, dil nədir.

 

Qarabağ cənnətməkan,

Elə şirindir mənə!

Çox deyibdir bu haqda

Atam, babam, müəlliməm.

            Uşaq köksündə əminliklə yazılıb ki, əzəli torpağımız Qarabağ çox da uzaqda ol­ma­yan günlərin birində Ali Baş Koman­danımız tərəfindən geri qayta­rılacaqdır. Uşaq da bizim kimi əmindir ki, Qarabağ arxalı kö­pəklərdən azad olunacaq və üçrəngli bayra­ğımız Qarabağda dalğalanacaqdır:

 

Bilirəm ki, ordum var,

Alacaq Qarabağı

Orda dalğalanacaq

Azərbaycan bayrağı!

 

            Şeirin nikbin və optimist duyğuları, sa­baha ümi­di, inamı balaca körpələri, növca­van­ları ruhlan­dırır, inandırır:

Mən balaca olsam da

Əzizimdir bu torpaq.

Bax, köksümə yazılıb;

“Dünya cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

Yaddan çıxmaz Qarabağ!”

            Müdrik düşüncələrdən, humanist duy­ğu­lardan süzülən bu misralar hikmət çələn­ginə, həyat fəlsə­fəsinə çevrilib ki, balaca oxu­cular duyğulansınlar, haqq yolunu seçsin­lər və ən əsası torpağımıza, yurdu­muza bağ­lansınlar.

            Tofiq Qəbulun “Oyunçu Özləm” adlı şeirini oxuyan zaman şairin bir arzusunu gö­rürük. Bu arzu körpənin gülüşünün daim çöh­rəsində qalması arzu­sudur. Bildiyimiz ki­mi, nəvələrin emosional və intel­lektual inki­şafında baba və nəvələrin rolu heç də az de­yil. Uşaqlar sonsuz sevgi və istəkləri baba və nənə­də tapır. Çox zaman uşaqların hər bir oyun istəklərini reallaşdıran yenə də baba və nənələr­dir. Budur,             Öz­ləm hakimdir-baba müt­təhim, Özləm həkimdir – baba xəstə, Özləm müəllimədir – baba şagird, Özləm mü­hən­disdir  – baba fəhlə:

 

Özləm həkimdir sanki.

Xəstəyəm nəzərində,

“Həblərini ud!”-deyir

“Gözlərim üzərində”.

 

Özləm olub mühəndis,

Fəhləyəm nəzərində.

Deyir: “Evi yaxşı tik,

Gözlərim üzərində!”

 

Hərdən də qucur məni,

Babayam nəzərində.

Deyirəm: “Gözəl nəvəm,

Həmişə belə şən ol,

Gözlərim üzərində”

 

            Uşaq psixologiyasını yaxşı bilməsi, ki­çik yaş­lıların dünyasını həssaslıqla duyması şairə bu sahədə gözəl şeirlər yazmağa geniş imkanlar vermişdir.

            Torpağa bağlılıq, gözəlliyə vurğunluq, insana məhəbbət – bunlardır. “Şeir özü çın­qıdır” kitabından aldığımız bəşəri hisslər, dü­şün­cələr. Sadəliyi ilə seçilən, lakin ehtiraslı qələmə malik olan şair bir çox şairlər kimi xəyala dalmağı sevmir, daha çox qəlbin ya­şadığı, müşahidə etdiyi fakt və hadisələri qə­ləmə alır, real duyğularını pafos və ritorikaya varmadan oxucularına təqdim edir. “Dar ağacı”, “Ruhu yandıran sual”, “Belə də olur”, “Güllə yaraşır”, “Nə mənası var”, “İlahi əda­lət” və digər şeirlərində axıcılıq, ob­razlılıq, məzmun dərinliyi oxucunu razı salır, həyə­canlandırır. Bu kimi şeirlərin xoşagələn cə­hət­lərindən birincisi budur ki, mənalı son­luqla bitir, tamdır, bütövdür. Şeir nədən bəhs edirsə etsin, oxucunu əsas ideyanı mənimsə­məyə məcbur edir. “Nəyindən ya­zım” şeirinə fikir verək. Hər bir insanda doğruluq, mərd­lik, namus, ləyaqət kimi ali insani keyfiy­yə­tlər və prinsiplər cəmiyyətimizdə daxili gö­zətçi rolunu oynayır. Bu ali keyfiyyətlərin yerini riyakarlıq, yal­taq­lıq, mütilik, xəbislik və s. mənfi keyfiyyətlər əvəz edirsə, o adam sağlığında da, dünyadan köçəndə də ittiham olunur. Şair altı bəndlik bu şeirində mənfi obrazı necə gözəl ustalıqla təsvir edir:

 

Deyirsən, məndən yaz, yazım ey, yazım,

Ancaq, söylə görüm, nəyindən yazım?

Hər baxdıqca sənə tükənir sözüm,

Əxlaqın iy verir, iyindən yazım?…

 

Qəlbin döyünürmü millətin üçün?

Elə çırpınırsan sərvətin üçün.

Qəpik xərcləmirsən hörmətin üçün,

Saxta şivənindən, vayından yazım?

 

            Məhəbbət lirikası şairin həzin və incə hissləri­nin lirikasıdır. Heç vaxt solmayan, heç vaxt sönmə­yən məhəbbətin tərənnümü hansı şairin rübabında öz ifadəsini tapmayıb? Bu mənada Tofİq Qəbul da yaradıcılığında ismət dolu, həyat dolu lirik şeirlərə də yer ayırmışdır. Ona görə ki, Belnski dediyi kimi: “Lirika dilsiz duyğulara söz və surət verir, onları dar köks qəfəsi içindən bədii həyatın təmiz havasına çıxarır, onlara xüsusi bir hə­yat verir”. Tofiq Qəbul insan həyatını məna­landıran sevgidən-vəfalı və səda­qətli sevgi­dən yazmağı unutmur. Onun lirik şeirlə­rində səmimilik, nikbinlik, xoş əhval, əhd-pey­ma­na sədaqət və s… öz ifadəsini tapır. Şair “Səni sevə­cə­yəm Şərqli sayağı” şeirində gəncliyə Şərq ənənə­lərinə, eləcə də, milli ənə­nəyə sadiq qalmağı, yəni ulu babalar sa­yağı sevməyi məsləhət görür:

                       

Mən diz çökməyəcəm qarşında sənin,

Səni sevəcəyəm Şərqli sayağı.

Mən gül səpməyəcəm başına sənin,

Səni sevəcəyəm Şərqli sayağı.

 

Yalan vədlər ilə aldatmayacam,

Özümü qarşında alçatmayacam,

Səni tərif edib ucaltmayacam,

Səni sevəcəyəm Şərqli sayağı…

        

Sevgi qəlbimizdə yaşayacaqdır,

Sonra övladlara daşınacaqdır,

Ailə sevgisi başlanacaqdır,

Səni sevəcəyəm Şərqli sayağı.

            Tofiq Qəbulun bu şeirini oxuyan zaman Qurban Səidin “Əli və Nino” əsərindən bir epizodu xatırlamamaq olmur. Səfər xanın oğ­lu Əlixana etdiyi nəsihətlərdən biri də be­lə­dir: “Qadın tez sınan bir qabdır. Bunu bil­mək vacibdir… Bilirsən ki, müsəl­manlar dörd ar­va­dı birdən saxlaya bilər. Amma biri ilə kifa­yətlənsən, daha yaxşıdır. Onunla (Nino nə­zər­də tutulur) səbrli ol. İstədiyin vaxt ona çoxlu hədiy­yələr gətir, ipək və daş-qaş ver… Kişi gərək arvadı sevməsin. Kişi Vətə­ni, müharibəni sevər. Kişi qadını qorumalıdır, sev­məli deyildir”. Lakin şair bu şeirdə daha irəli gedir. Saxta Avropa qaydası süni müna­sibətləri rədd edir, sədaqətli və möhkəm ailə modeli tərəfində durur.

            Tofiq Qəbulun lirik qəhrəmanları aciz və passiv deyillər. Onun qəhrəmanları mə­həbbəti uğrun­da çar­pışan, vüsala qovuşmağa, ən şirin arzulara ina­nan nikbin aşiqlərdir. Onların əhvali-ruhiyyəsi oxucu ruhu­nu ox­şayır:

 

Bir payız gecəsində

Sən yadıma düşmüsən.

Xəzəllərin səsindən

Sandım ki, üşümüsən.

(“Mən, gecə, külək, xəzəl”)

            Şairin şeir yaradıcılığının əsas məsu­liy­yətlə­rinin biri də lirik ovqat, lirik portret və peyzaj yaratmaq bacarığıdır:

 

Bir vaxt qışın sərt günündə

Sən, mən, bir də şəhər idi.

Qar nur idi gecəmizə,

Elə bil ki, səhər idi.

 

Atabəylər türbəsinin

Meydanında əylənirdik.

O, sanki eşq Kəbəsiydi,

Dövrəsində hərlənirdik.

(“O gecənin xatirəsi”)

 

            Bunu bütün oxucular təsdiq edə bilər ki, Tofiq müəllimin şeir dili dadlı, duzlu və dərin ideya daşıyı­cısıdır. Ona görə də o, icti­maiyyət tərəfindən qəbul edilir və şeirləri ma­raqla oxunur. Maksim Qorki belə insanlar haqqında necə də gözəl deyib: “Əgər sən bü­tün ömrün boyu həmişə və hər yerdə adamlar üçün ancaq yaxşılıq-yaxşı çiçəklər əkmisən­sə, yaxşı fikir­lər yaymısansa, özün barədə xoş xatirələr qoya bil­misənsə, sənin həyatın asan, xoş və şən olacaqdır”. Şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə, şagird­lərə həsr edən Tofiq Qəbul poeziya aləminin inkişafına ləyaqətlə xidmət edir. Bu sadə və səmimi insanı uğurlu yaradıcılığına görə təb­rik edir, ona yeni-yeni zirvələr arzulayırıq.

Kamal CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi Azərbaycan Yazıçılar Birliyinin üzvü.

2 iyul 2019

 

 

KİTABI YÜKLƏ

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.