Xanəli Kərimli – “Ata” poeması

Print Friendly, PDF & Email

 

A T A

(xatirə-poema)

 

“Ata” xatirə-poemanı mənə dostum, iman-irfan əhli Çingiz Süleymanovun gördüyü yuxu yazdırıb. Dedi, bu yaxınlarda axşam namazını qılıb yatdım, yuxumda dolu bədənli, ağsifət bir kişi dedi: “Xanəli Kərimlini tanıyırsan?” Cavab verdim, bəli, tanıyıram. Dedi, onun atasıyam, adım da Abbasəlidir. De ki, niyə adımı kitabına salmır? Bu kağızı da ona verərsən. Ka- ğızı aldım, gördüm yazılıb ki:

 

“Nurdan gələn nur oğluyam,

Xanəli Abbasəli oğluyam”.

 

Yuxudan ayılıb sənin “Vikipediya” səhifənə baxdım, əmin oldum ki, həqiqətən, atanın adı Abbasəlidir.

04.09.2021.

 

Sifarişin çatdı, ay əziz Atam!

Mənim könül dostum Çingiz qardaşdan.

Sən mənim canımda, qanımda ilkin,

Sən heç vaxt, heç zaman çıxmazsan yaddan.

 

Mən sənin adını kitabıma yox,

Qəlbimin başına yazmışam, Ata.

Sənin sifarişin, sənin tövsiyən

Təzədən qaytardı məni həyata.

 

Dünyadan köçəndən qırx beş il keçir.

Bir dəfə yuxuma niyə gəlmədin?

Axı, mən səninçün təşnə-paraydım…

Nələr çəkdiyimi niyə bilmədin?

 

Bu bir giley-güzar deylidir, əsla.

Haqqım yox ki, səni çəkim qınağa.

Mən sənin adının gölgəsindəcə

Yaşayıb, yaradıb çatdım bu çağa.

 

Hər nəfəs aldıqca, nəfəs verdikcə

Səni öz yanımda hiss etmişəm mən.

Bu həyat yolunda çətində-darda

Səni neçə kərə kəşf etmişəm mən.

 

Harda soruşublar: “Kimin oğlusan?”

Adını deyəndə xoş üz görmüşəm.

Mən sənin adına, sanına görə

Hər nə iş görmüşəm, düz iş görmüşəm.

 

Yaltaqlıq, xəbislik bilməmişəm mən,

Əl də açmamışam bir tikə üçün.

Kimsənin haqqına girməmişəm mən,

Yaşadım sənin tək ömrümü bütün.

 

Bildim ki, hər nə var gəldi-gedərdir,

Bir təmiz ad qalır, bir təmiz ünvan.

Yaxşı da, yaman da ölüb-itəndi,

Elə yaşayım ki, çirklənməsin qan.

 

Qanı çirklilərdən nə qədər bəla

Görübdü, bu başı bəlalı Vətən.

Oğullar itirdik, şəhidlər verdik

Bitib-tükənmir heç məlalı -Vətən.

 

Biz tək ata-oğul deyildik, Ata,

Bir canda döyünən ürəkdik,ürək.

Sənin məsləkdaşın, yol yoldaşındım,

Mənim yuxuma sən gələydin gərək…

 

Sən mənə nur dedin, nurdan doğulan,

Elimin, günümün saf işığıydın.

Mahalda, kəndində, eldə, obada

Xeyir-şər məclislər yaraşığıydın.

 

Bir darlıq olanda göz gəzirdilər –

Abbasəli kişi, görən, hardadır.

İnsanın dəyəri, şərəfi, şanı

Təmiz ad, düz ilqar, etibardadır.

 

Ay ata,ay mənim pirim,ehkamım,

Səndən sonra dünya qarışdı yaman.

Başımız daşlardan daşlara dəydi.

Nə elat əl tutdu, nə də ki zaman.

 

Bir vaxtlar uğrunda qanlar tökdüyün

SSRİ adlanan dövlət dağıldı.

Bunun səbəbini yazsam çox çəkər,

Bu uzun həngamə, uzun nağıldı…

 

İllərlə qaldıq biz yolayrıcında,

Heçimiz, köçümüz çıxmışdı əldən.

Səsimiz çıxanda, haqqı deyəndə

Qınaq da yağırdı bizə yer-yerdən.

 

Nə qanun qalmışdı, nə də ki qayda,

Hərə bir “bəy” idi öz dərəsində.

Sahibsiz qalmışdı Vətən, vətəndaş

Qoruna bilmirdi öz ölkəsində…

 

…Sən qoyub getdiyin o kənd-kəsəkdən

Əsər-əlamət də belə qalmadı.

Köçənlər köçdülər, ölənlər öldü…

Bir kimsə təzə bir yuva salmadı.

 

Köçüb dağıldılar diyarbadiyar

Bir tikə çörəyin ucbatındanca.

Yadlaşan qohumlar, dostlar, qardaşlar

Hələ yol gedirlər ümid dalınca.

 

Yadında qalıbmı kənd su arxları

Aşardı, daşardı gen zəmilərə.

Suçu suçu idi, bağban da bağban

Fərəhlə baxardı ildən illərə.

 

O vaxtlar mən uşaq, körpə olsam da,

Yaxşı yadımdadır briqadirliyin.

Bir atın var idi, alnı səkilli

At üsə keçirdi iş gündəliyin.

 

Bilirdin kim necə torpaqcanlıdır,

Əlindən, dilindən daş çiçək açar.

Ürəyin günəş tək yaxıb-yandırar

Gecəni səhərə dirigöz açar…

 

Yaxşı yadımdadır qapı qonşumuz

Məmmədqulu kişi, İsmayıl kişi.

Doğma qardaş idi – daşıqçıydılar,

El malına dönük çıxmadı onlar,

Halaldan halala bir ad qoydular.

 

O daşıq yolları ağ işıq kimi

(İndi də gözümün qabağındadır).

Zəmidən xırmana işıq saçardı.

Heşan çəkilərdi, vəl qoşulardı,

Sonra xırmançılar sovruq atardı.

 

Cüt əkən, su çəkən, naxır otaran

Gön çarıq geyərdi bağı qotazlı.

Tarlada, bağçada, bağlı-bağatda

Torpaq dil açardı şirin avazlı.

 

Çörəyini daşdan çıxaran kəndli

Torpağı əliylə dənərləyirdi.

Toxumu səpdikcə qara şumlara

Dillər də “Allahu-Əkbər” deyirdi.

 

Bir candı, bir qəlbdi sanki el, elat,

Kimsənin kimsədən yoxdu gizlini.

Bir süfrə başında şirin söhbətlər,

Alırdı qoynuna yaxın-özgəni.

 

Hamı bir nizamda, bir intizamda

Cəbhəyə yollanan əsgər kimiydi.

Torpağı suvaran alın təri də

Tarın şah pərdəsi, sarı simiydi.

 

Halal zəhmətinin bəhrəsin görcək

Hamı sevinirdi, bayramlanırdı.

Böyük gələcəyə, xoşbəxt günlərə

Nə sirdi, hamının inamı vardı.

 

Elə bil o vaxtlar azar-bezar da

Qəhətə çıxmışdı kənddən-kəsəkdən.

Hərdən eşidərdik filənkəs kişi

Atı səyirdəndə düşüb yəhərdən.

 

Hərə öz-özünün həkimi idi,

Həkim də, filan da yalandı onda.

Təbiət insanın loğmanı idi,

Tuturdu əlindən xəstə olanda.

 

Bir də halallıqdır, qabarlı əldir

Bütün xəstəliyin dava-dərmanı.

Bir işin qulpundan yapışan zaman

Coşurdu insanın bədəndə qanı.

 

Sən mənə halallıq dərsi öyrətdin,

Dedin ki, halalın ucadır başı.

Alnı açıq olar, sözü də ötkəm,

Etibarlı olar dostu-sirdaşı.

 

Səndən örnək aldım əkin əkməyi,

Hər gülə, çiçəyə sığal çəkməyi.

Dağda çoban oldum, aranda bağban,

Nə borandan qorxdum, nə də şaxtadan.

Yayın bürküsündə, payız nəmində

Qazandım süfrəmə halal əkməyi.

 

…Yadına gəlirmi, ömrün boyunca

Bənnalıq edərdin, evlər tikərdin.

Kasıba,yetimə daxma tikəndə

Halal zəhmətinin üstdən keçərdin.

 

Deyərdin, hər kəsin öz ruzisi var.

Bəndəsin ac qoymaz Ulu Yaradan.

Kasıbın, fağırın əlindən tutan

Seçən olubdular ağı qaradan.

 

Özgə tikəsindən doymaz göz, qarın,

Allah süfrəmizə versin bərəkət.

Haram tikə ilə böyüyən övlad

Vətənə, millətə gətirməz hörmət.

 

Vətəncanlı olar, haqcanlı olar

Halal ocaqlarda böyüyən övlad.

Vətəni, milləti satar yadlara

Haram tikə ilə yetişən bir zat.

 

– Ay Ata, bilmirəm, yadında varmı,

Ağzının tikəsin verdiyin biri

Nələr gətirmədi başına bir vaxt,

Malını, mülkünü satıb sovdular,

 

Bizi evimizdən söyüb, qovdular.

Bizdən uzaq gəzdi əl tutduqların,

İpin çəkmədilər qudurğanların,

Onda tənhalaşıb, təklənən zaman

 

Sənə dayaq durdu bir qoca anan,

Bir də ki, anamız – fədakar qarın…

Sən yenə sınmadın, heç əyilmədin,

Bir yol da kimsəylə üzə gəlmədin…

 

Şükür ki, biz yenə artdıq, ağardıq.

Evimiz də oldu, çörəyimiz də.

Nə bir kin bəslədik, nə qisas aldıq,

Hamıya yer verdik ürəyimizdə

 

-Hərə əməlinin çəkir hesabın,

Bir az səbirli ol, bir az təmkinli.

Sənə daş atsa da bir əhli-nadan

Yaşama qərəzli, yaşama kinli.

 

Ən çətin məqamda, ən çətin anda

Çalış dərk edəsən öz kimliyini.

Hər yalın başlara, yalınqatlara

Baş verib itirmə öz mənliyini.

 

İnsan insanlığın dərk etsə əgər,

Dağlar da diz çökər onun önündə.

Özündən, sözündən xəbərsiz olan

Hörmətdən düşəcək günün birində.

 

Çalış öz həddini, öz sözünü bil,

Özünü bilməyən bilməz Allahın.

Allahın bilməyən, haqqı bilməyən,

Dərk edib anlamaz suçun, günahın.

 

Hər şeyə cavabdeh bilsən özünü

Əlindən, dilindən çıxmaz bir xəta.

Kiminsə tikəsin əlindən alsan,

Çətin ki, bu millət, xalq səni tuta…

 

                 ***

 

…Bir nur heykəliydin nur təbli Atam,

Məni yetşdirdin, bişdim hər işə.

Sən altmış dörd yaşda köçdün dünyadan

Mən isə çatıram indi yetmişə.

 

Nə ağlım, nə zəkam sən deyən deyil,

Sən bir məktəb idin hər addımında.

Yerişin, duruşun, gülüşün belə

Şirin xatirə tək qalıb yadımda.

 

İndi xatirələr yaşadır məni,

Atalı, analı qayğısız illər…

Daha fəsil-fəsil görüşüb gedir

O keçən nəsillər, gələn nəsillər…

 

               ***

 

Oxucum, bu çağda, bu dəmlərdə də

Atalı günlərim düşdükcə yada,

Yaxşılar, yamanlar ələnir bir-bir.

İndi haqq dünyada yatır çoxusu,

Bəzisi artıq heç yadıma gəlmir.

 

Bir çoxu atamla gor qonşusudur,

Qəbirdən qəbirə bir qarış ara.

Burda şəriksizdir hamının haqqı

Burda baxılmır heç şöhrətə, vara.

 

Bir ibrət dərsidir hər məzar daşı,

Biz fani dünyanın qonaqlarına.

Ancaq düşünürsən, niyə, bəs nədən

İnsan yerikləyir insan qanına?

 

Çoxumuz bilmirik, bilə bilmirik,

Bizi qandan qana bələdi dünya.

Bir tikə çörəyin qulu eyləyən

Şeytandan qalma bir tələdi dünya.

 

Ata, bu dünyanı tanısaq da biz,

Hələ də biz onun yedəyindəyik.

Bu nahaq dünyada görüşməsək də,

O haqq dünyasında görüşəcəyik…

 

Onda bölüşərik dərd-sərimizi

Üz-üzə, diz-dizə, göz-gözə belə.

Nə qədər içimdə çözələsəm də,

Çox sirrin sirləri qalıbdı hələ…

 

…Sən sinəsi dolu söz adamıydın,

Hər sözün bir hikmət çaları vardı.

Bəzən ilhamınla qoşduğun sözlər

Bizi ovsunlayıb bizdən alırdı.

 

Mən hələ bilmirəm, niyə o vaxtı

Dediyin nağıllar nağıl idilər.

Hər sözün hikməti, hər sözün içi

Qızıldan qiymətli ağıl idilər.

 

Gəraylı deyərdin, qoşma deyərdin

Aşıq Ələsgərdən, Aşıq Alıdan.

“Misri” havasına ney kökləyərdin

Qonşular baxardı köhnə barıdan.

 

Nədənsə, dediyin dastan, nağılda

Haqqı deyənlərin yolu açıqdı.

Sən də Haqq deyirdin, Haqqa sığınıb

Bəs niyə yoluna şeytanlar çıxdı?

 

Bəlkə də, o da bir Haqq sınağıymış,

Sənin imanını yoxlamaq üçün.

Şükür, hər sınaqdan çıxdın üzü ağ,

Haqqın haqq yolunu saxlamaq üçün.

 

Bu başı bəlalı insan övladı

Yarımçıq doğulub başdan-binadan.

Kamillər dünyaya tək-tək gəlirlər,

Hər gündə doğulur min əhli-nadan.

 

Onunçün xeyir-şər tərəzisində

Bəzən ağr gəlir şər duran tərəf.

Haqlı haqlılığın sübut edincə

Min cələ toxuyur şər quran tərəf.

 

Onda nağıllarda axtarmışıq biz

Haqqın, ədalətin əsl rəngini.

Əli yerdən, göydən üzülən insan

Yaşayıb həyatın öz ahəngini.

 

Hərdən düşünürəm,daşınıram mən

Niyə o dünyaya “haqq” deyib insan?

Nədən bu dünyamız “nahaqq” olubdu?

Yəqin, o dünyaya iblis-şeytanlar

Yol tapa bilməyib, burda qalıbdı.

 

Ancaq Haqqın yolu kəsə yol deyil,

Səbrdir, təmkindir Haqqa gedən yol.

Sən özün deyirdin bunları, Ata,

Haqq düşmən olsa da, Haqqa təslim ol.

 

…Nə isə, nə qədər yazıb-pozsaq da,

Qələmlə açılmaz sirri Xudanın.

Nahaqq nahaqqında, Haqq da haqqında.

Yerini dəyişər zaman hər anın.

 

“Hər şeyin zamana ehtiyacı var” –

Deyənlər haqq imiş, haqlı imişlər.

Haqlı da, haqsız da qiyamət günü

Haqqın dərgahına bir gələcəklər.

 

Yaxşılıq, yamanlıq seçilər onda,

Hər kəs əməlindən alar qiymətin.

Onda özünə də olacaq agah

Necə qoruyubdu öz ləyaqətin.

 

…Bilirəm, nigaran qalmısan, Ata,

Vətənin, millətin gün-güzarından.

Zamanla, düşmənlə əl-yaxa olduq,

Çıxardıq Vətəni, milləti dardan.

 

İndi öz sözümüz, öz bayrağımız,

Bir canda döyünən millətimiz var.

Dünyanı heyrətə salan ordumuz,

Tarixlərə dastan şöhrətimiz var.

 

Mən də o şöhrətin yol yolçusuyam,

Mərmidən qüdrətli söz qələmimlə.

Yazdım bu Vətənin uca dastanın,

Düşmən bağrı yaran öz qələmimlə.

 

                  ***

 

Baxıram, üfüqdə – göyün üzündə

Bir ulduz bürünüb nur işığına.

O ulduz sənin öz ruhundur, Ata.

Dönüb dünyamızın yaraşığına…

 

Qayıtdın ruhuma bir işiq kimi,

Yatmış duyğuları oyatmaq üçün.

Mən səni özümə sariban etdim,

O keçmiş günlərə qayıtmaq üçün.

 

Dünənim günümlə bir addımlayır,

Böyük gələcəyin şanlı gününə.

Gəlib əsrlərdən Ruhlar ruhları

Qovuşsun Vətənin toy-düyününə.

 

Nə qədər oğul var, bu cahan vardır

Atalar yaşayır oğullarıyla.

Dönür bu dünyanın möcüzəsinə

Şirin xatirələr, nağıllarıyla.

 

10-15.09.2021.

 

Kitabı Yüklə

 

Xanəli Kərimli: Şairin könül dünyası.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.