Ulu daş salnaməyə böyük sevgi

Print Friendly, PDF & Email

İri və inamlı addımlarla irəliləməsi heç vaxt səngiməyən Azərbaycanın sosial-mədəni həyatı yaşadığımız 2020-ci ildə də əlamətdar hadisələrlə zəngin olmuşdur. Onlardan biri Türk-oğuz dünyasının keşməkeşli çağlarını yaşadan və əks etdirən misilsiz Gəmiqayanın daş salnaməsi haqqında möhtəşəm yeni əsərin – ən dolğun kitabın nəşridir. Haqqında bəhs edəcəyimiz kitab, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla işıq üzü görən “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental nəşrdir. Elmi yeniliklərlə zəngin kitabın layihə rəhbəri, gərgin elmi tədqiqatların ideya təşəbbüskarı və himayədarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdur.

Azərbaycanın əsrarəngiz yerlərindən olan Gəmiqayadakı təsvirlər artıq yarım əsrə bərabərdir ki, elm aləminə məlumdur və hələ də öz zənginliyi, özəllikləri ilə diqqət mərkəzində qalmaqda davam edir.

Məlumdur ki, qədim qayaüstü təsvirlər arxeologiyada maddi mədəniyyət abidələrinin özünəməxsus xüsusiyyətləri ilə seçilən və ən geniş yayılmış nümunələrindən biridir. İnsan dünyaya göz açdığı gündən görüb eşitdiklərini, keçirdiyi hiss və həyəcanı nəyinsə üzərində əks etdirməyə cəhd göstərmişdir. Çox güman ki, məhz elə buna görə qədim rəsmlərə, təsvirlərə dünyanın insan ayağı dəyən hər yerində təsadüf olunmuşdur. Bu Qayaüstü təsvirlər spesifik xüsusiyyətləri olan arxeoloji abidələr qrupudur. Bu abidələrin yaranması müvafiq coğrafi şəraitdən, ətraf mühitin fauna və florasından, regionda yaşayan qədim tayfaların təsərrüfat həyatının xüsusiyyətlərindən və onların dünyagörüşündən asılı olmuşdur. Azərbaycan qədim qayaüstü təsvirlərin geniş yayıldığı yerlərdəndir. Qobustan, Abşeron, Kəlbəcər, o cümlədən Gəmiqaya təsvirləri dünyanın arxeoloji xəritəsində xüsusi yer tutur.
Gəmiqaya Azərbaycanda qədim təsvirlərin aşkar olunduğu ən böyük abidədir. Bu ərazi Cənubi Qafqazın əlverişli iqlim şəraitinə malik strateji bir nöqtəsindədir. Keçilməz sıldırımlı Zəngəzur silsiləsində, Batabat yaylaqlarından ta Həkəri çayına qədər yeganə keçid olan Qapıcıq aşırımı da burada yerləşir. Bu ərazi, qədim dövrlərdən Araz boyunda yaşayan qədim tayfaların yaylaq yerləri olmuşdur.
Gəmiqaya təsvirlərini digər analoji abidələrdən fərqləndirən burada rəsmlərin geniş ərazilərdə yayılması, çoxluğu, məzmun müxtəlifliyi və uzun bir xronoloji dövrü (IV-I minilliklər) əhatə etməsidir.
Bu təsvirlər Naxçıvanın qədim tayfalarının həyat tərzini, mənəvi mədəniyyətini, təsərrüfat həyatını, dini dünyagörüşünü, incəsənətini ətraflı öyrənməyə imkan verir. Qobustan, Gəmiqaya, Şərqi Anadolu, Qərbi Azərbaycan, Kəlbəcər qaya təsvirlərinin üslub və süjet oxşarlığı onların vahid bir mədəniyyətə aid olduğunu göstərməklə, eyni zamanda bu təsvirlər etnik identifikator kimi də çıxış edirlər. Bu rəsmlər süjet və obrazların yığımına, nisbətinə, kompozisiya quruluşunun xüsusiyyətlərinə görə Cənubi Qafqazın bir çox qayaüstü təsvirlərindən, o cümlədən Qobustan təsvirlərindən fərqlənir. Gəmiqaya təsvirlərində təkfiqurlu səhnələr çoxluq təşkil edir. Buradakı ov və rituallarla bağlı səhnələr, müxtəlif simvol və işarələr Naxçıvanın qədim tayfalarının tarixi və mədəniyyəti haqqında tutarlı nəticələr çıxarmağa imkan verir. Ümumiyyətlə, Naxçıvan elə bir tarixi-mədəni diyardır ki, burada metalın mənimsənilməsi dövründən başlayaraq yerli zəmin əsasında arxeoloji mədəniyyətlər formalaşmış, Yaxın Şərqdə yayılmış mədəniyyətlərin isə (Boyalı qablar mədəniyyəti) lokal variantları yaranmışdır.
XX əsrin 70-ci illərindən – Gəmiqaya təsvirləri elmə məlum olduqdan sonra Azərbaycan ərazisindəki qayaüstü təsvirlərin öyrənilməsinə diqqət artırıldı. Lakin əsrin sonlarında baş verən siyasi proseslər hər işdə olduğu kimi, bu sahədə də uzun müddət fasilə yaratdı. Gəmiqaya təsvirlərinin öyrənilməsində əsas mərhələ XXI əsrin ilk ilindən – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamı ilə başlamışdı. Gəmiqaya təsvirlərinin tədqiqi sahəsində gələcəkdə aparılacaq elmi axtarışların mahiyyəti və əsas istiqamətləri həmin sərəncamda aydın şəkildə öz əksini tapmışdır: “Qədim türk dünyası mədəniyyəti üçün səciyyəvi olan qayaüstü rəsmləri özündə əks etdirən Gəmiqaya abidələri Azərbaycan xalqının ən qədim tarixinin və mənəvi mədəniyyətinin öyrənilməsi üçün xəzinədir”.
Məhz bu tarixi dövlət sənədinin imzalanmasından sonra abidənin tədqiqi üçün Gəmiqaya arxeoloji ekspedisiyası yaradılmış, ekspedisiyanın fəaliyyəti nəticəsində 1000-dən artıq qayaüstü təsvir tədqiq olunmuşdur. Məlumdur ki, Gəmiqaya abidəsi əlçatmaz, nəqliyyat vasitələrinin yaxınlaşa bilmədiyi bir ərazidə yerləşir. Gəmiqayaya avtomobil yolunun çəkilməsi burada tədqiqat aparan ekspedisiyaların normal fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmışdır.

Gəmiqaya abidəsi ilə bağlı mühüm tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 may tarixli Qərarı ilə Gəmiqaya Tarix-Bədii Qoruğunun yaradılması və abidənin mühafizəsinin təmin edilməsidır. 2013-cü il dekabrın 21-də Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq Muzeyi açılmışdır.
Gəmiqaya abidələrinin tədqiqi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin daim diqqət mərkəzində olmuşdur. Hazırda 576 səhifəlik yüksək səviyyədə nəfis şəkildə nəşr olunan “Gəmiqaya qayaüstü rəsmləri” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2016-cı ildə sənətşünas Nizami Alıyevin rəhbərliyi ilə yaradılmış Gəmiqaya ekspedisiyasının bir neçə illik fəaliyyətinin bəhrəsidir. Gəmiqaya abidəsində 2016-cı ilə qədər aparılmış tədqiqatlara kitabın girişində ətraflı toxunulmuş, onların əsas nəticələri qısa şərh edilmişdir.
Bir neçə kəlmə yeni albom-kataloqun müəllifi – tanınmış, istedadlı sənətşünas alim Hizami Alıyev haqqında deməyi özümə borc bilirəm. Nizami müəllim tariximizə, milli mədəniyyətimizə vurğun, yorulmadan Naxçıvanı qarış-qarış gəzən, müxtəlif dövrə aid abidələrin tanıdılması, qorunması, konservasiyası və bərpası məsələlərində böyük əməyi olan insandır. Gəmiqaya təsvirlərinin tədqiqi ilə indiyədək müxtəlif ixtisas sahibləri məşğul olsalar da, abidə sənətşünasların diqqətindən kənarda qalmışdır. Yaddan çıxarmaq olmaz ki, qayaüstü təsvirlər, ilk növbədə, incəsənət tarixinin öyrənilməsində unikal mənbədir. Bu baxımdan Gəmiqaya təsvirlərinin istedadlı sənətşünas Nizami Alıyev tərəfindən ən dolğun şəkildə nəşrə hazırlanması böyük elmi dəyəri olan təqdirəlayiq işdir. Onun rəhbərlik etdiyi ekspedisiyanın fəaliyyətinə qiymət vermək üçün bir neçə faktı qeyd etmək kifayət edər: tədqiqatçılar axtarış dövründə 136 hektar sahədə 2040 daş üzərində 7422 təsvir qeydə almış, onları işləyərək nəşrə hazırlamışlar. Avrasiya məkanında bu nadir nümunədir.
Qayaüstü təsvirlər ərazidə müxtəlifadlı sahələrdə səpələnmiş şəkildə yerləşmişdir. Təsvirlər düzgün olaraq bir sırada kodlaşdırılmış, lakin qruplaşdırılaraq sahələr üzrə qeydə alınmışdır. Yəni oxucu üçün hər bir təsvirin yerini müəyyən etmək çətinlik törətmir.
“Gəmiqaya qayaüstü təsvirləri” kitabının nəşrə hazırlanmasında elmi redaktor, görkəmli arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin də böyük əməyi vardır. Vəli müəllim Gəmiqaya təsvirlərini daim tədqiqata cəlb etmiş, digər arxeoloji materiallarla müqayisəli təhlilini aparmış, onların semantikası haqqında qiymətli fikirlər söyləmişdir.
Yeni nəşrin əhəmiyyətliliyi bir də ondadır ki, burada rəsmlərin yerləşdiyi daşların təsviri ilə kifayətlənilməmiş, onların dəqiq ölçüləri də verilmişdir. Təsvirlərin fotoşəkillərinin miqyasla çəkilməsi isə gələcək tədqiqatlar üçün vacib amillərdən biridir. Kitabın üstünlüklərindən biri də mətnlərin, şəkillərin alt yazılarının Azərbaycan, ingilis və rus dillərində verilməsidir. Bu onun geniş oxucu kütləsi qazanmasına, Gəmiqaya abidəsinin dünyada tanınmasına və təbliğinə, eyni zamanda daha geniş elmi dövriyyəyə çıxmasına şərait yaradır. Gəmiqaya təsvirlərinin yeni albom-kataloqu bu sahədə hələ görüləcək işlərin çox olduğunu da göstərir. Yeni tədqiqatlarda “Gəmiqaya qayaüstü rəsmləri” kitabı əvəzsiz mənbə olacaqdır.
Yeni nəşrdəki məlumatlardan müxtəlif elm sahələrində çalışan mütəxəssislər təsvirlərin təsnifatı, işlənmə texnikası, üslub xüsusiyyətləri, estetik, funksional xüsusiyyətləri, semantikası və kulturoloji aspekti haqqında araşdırmalarda istifadə edə bilərlər. Albom-kataloq Naxçıvanşünaslığa və milli tariximizə böyük töhfə olmaqla, dünya elmi ictimaiyyətinin də diqqətini cəlb edə biləcək mükəmməl elmi-kütləvi nəşrdir.

Qüdrət İsmayılzadə
Azərbaycan Respublikasının
Əməkdar müəllimi,
tarix elmləri doktoru, professor

Mənbə: serqqapisi.az
 
 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.