Soydaşlarımıza Azərbaycanın ilkin yaşayış mərkəzi olması barədə nəşrlər təqdim edilib

Print Friendly, PDF & Email
Xaricdə yaşayan soydaşlarımıza tanınmış alim-tədqiqatçı, yazıçı-publisist Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” və sənətşünas-alim Nizami Alıyevin “Gəmiqaya qayaüstü rəsmləri” kitabları təqdim edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, “AqRA” Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mirələkbər Seyidovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan virtual müzakirələrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin məsul şəxsləri və əməkdaşları, Türkiyə, Şimali Kipr, İsrail, İordaniya, İsveç, ABŞ, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan və Çində yaşayan diaspor nümayəndələri qatılıblar.
DİDK eksperti Teymur Atayevin moderatorluğu ilə aparılan tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımızın malik olduğu milli-mənəvi dəyərləri daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində dərc olunan nəşrlər, o cümlədən Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” və Nizami Alıyevin “Gəmiqaya qayaüstü rəsmləri” kitabları böyük rol oynaya bilər. Məqsəd Azərbaycan ərazisinin ilkin yaşayış və mədəniyyət mərkəzi olduğuna, dünya sivilizasiyalarının inkişafında təkan rolu oynadığına bir daha diqqəti cəlb etməkdir. Çünki dəqiq tarixi mənbələrə istinad edən Ə.Fərzəli bu əsəri ilə dünya əlifbalarının Gəmiqaya üzərində olan ilkin əlifba əsasında yarandığını, bütün əlifbaların ondan törəmə olduğunu elmi əsaslarla sübuta yetirib.
Müzakirələrə qatılan müəllif Nizami Alıyev “Gəmiqaya qayaüstü rəsmləri” kitabının ideya və məqsədlərindən ətraflı məlumat verib. Qeyd edib ki, kitabda Azərbaycandakı Gəmiqaya abidələrində 7422 qayaüstü rəsmin mövcud olduğu göstərilib. Bu, digər ölkələrdəki qayaüstü rəsmlərlə müqayisədə dəfələrlə çoxdur.
Tədbir təşkilatçıları xaricdə yaşayan soydaşlarımızı bu kitablarla yaxından tanış olmağa, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrdə daha geniş auditoriyalara çatdırmağa dəvət ediblər. DİDK-nın həmin araşdırmaların elektron variantını internetdə yerləşdirə bilməsi istisna edilməyib.

Tədbir soydaşlarımızın çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Mənbə: http://diaspor.gov.az/xeberler2020/x3772.php

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.