Sözün sirlər aləmi

    Sözün zahiri və daxili cəhətindən danışırıq. Onun səslənməsinə, səs kompleksinə, mənasına diqqət yetiririk. Səs kompleksinə malik olmayan sözün mənası yoxdur deyirik.  Ancaq sözün səs kompleksinin – zahiri cəhətinin fonematik mahiyyətinə enmirik, səs kompleksindəki ayrı – ayrı fonemlərin daşıdığı məna yükü barəsində düşünmürük. Fonemlərin daşıdığı məna yükünü sözlərdə bərpa etmək, onların sistemli,

ardıcıl sıralanması ilə mənanın (sözdəki) yaranmasına xidmət göstərməsi cəhətləri barədə düşünmürük. Ya bu barədə özümüzü yormaq istəmirik, ya da dərin təfəkkür, inandırıcı məntiq tələb edən bu işə baş qoşmuruq. Nəticədə söz yenə də sirli olaraq qalır. Sadəcə olaraq sözün normativ və kommunikativ funksiyasından istifadə etməklə kifayətlənirik. Çox az fikirləşirik, əksər vaxtlar isə heç fikirləşmirik ki, hər hansı bir söz söz adlı qəlibə necə qoyulubdur? Bu qəlibi heç kəs nə dağıda bilir, nə də dəyişə bilir. Min illərdir ki, söz öz qəlibində insanlara xidmət edir. Həmin qəliblərə yersiz müdaxilə dilin söz adlı qəlibini müqavimət göstərməyə məcbur edir. Sözün fonetik, leksik, morfoloji, sintaktik və üslubi normaları sözün qəbul olunan qəlibləridir. Ancaq yenə də bu qəliblərin hamısının yaranmasında sözün zahiri cəhəti, onun səslənməsi, səs kompleksi və buradakı fonemlərin daşıdığı məna aparıcı rol oynayır. Bu mənada fonemlərin hər birinin sözün mənasının yaranmasında oynadığı rolu tədqiq etmək olduqca vacib və aktualdır. Dilçilik elminin bugünkü inkişaf səviyyəsi imkan verir ki, fonemlərin əsas vəzifə və əlamətləri, onların sözün mənasının yaranmasında oynadığı rolu tədqiq edək, araşdıraq. Məhz Fikrət Rzayevin araşdırmaları, xüsusilə bu kitabı müasir dünya dilçiliyinin müasir səviyyəsinə uyğundur. Bu cür mövzular bəsitlikdən, sadəlikdən uzaq olmaqla nəzəri – praktik əhəmiyyət daşıyan mövzulardır. Belə tədqiqatların aparılması dilin yaranması və mənşəyi ilə bağlı mövcud olan nəzəriyyələrin müasir tələblər səviyyəsində təsdiqinə geniş imkanlar aça bilər. Qeyd edək ki, həmin nəzəriyyələr yarandıqdan sonra dilçilik elmi yüksək səviyyədə inkişaf etmiş, bu elmin tədqiqat metodları, bütövlükdə metodologiyası zənginləşmişdir. Odur ki, dilin quruluşu, mənşəyi barəsində yeni tələblər baxımından düşünməyə ehtiyac vardır. Məhz qloballaşma şəraitində dillərin əmələ gəlməsi ilə bağlı mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsi dilçilik elminin qarşısında duran qaçılmaz faktdır.

    Yeni fikir, düşüncə, obyektə yeni yanaşma tərzi həmişə müqavimətlə qarşılanır. Çünki yenilik ənənə ilə üz-üzə qalır. Ənənənin isə nə qədər müasir tələblərə cavab verdiyi çoxlarını düşündürmür. Nəticədə yeniliyin özünə meydan alması üçün zamana ehtiyac olur. Əsas məsələ odur ki, yeni ideya hansı məkandan, mühitdən baş qaldırır. Konkret bir məkandan, mühitdən yol alan yenilik bütün bəşəriyyətə fayda verir. Yeniliyi stimullaşdırmaq isə bəşəriyyətə yeni ideyalar qapısının açılmasına şərait yaradır. Əsas məsələ odur ki, dillə, sözlə bağlı bu yeni ideya, yanaşma tərzi Azərbaycan adlı məkandan doğulur. Konkret olaraq Fikrət Rzayevin təqdim etdiyi bu kitab  əsasında. Kitabda düşündürücü suallar çoxdur. Sual varsa, onun cavabı da olmalıdır. Sual da, onun cavabı da düşüncədən, məntiqdən qaynaqlanır. Odur ki, bu kitabı oxuyanlar yaranmış sual və cavablar barəsində düşünməklə məsələnin mahiyyətinə vara bilərlər. Kim düşünmək istəmirsə, onun üçün bu kitabdakıları qəbul etmək əzablı bir işdir, olduqca çətindir. Kim düşünürsə, o, bu kitabdakıları axıra qədər oxuyacaq, bildiyi bir həqiqəti bir daha təsdiq edəcək. Bu həqiqət də odur ki, əsl elm insanı düşündürməlidir.

    Kitabda birsəsli, ikisəsli, üçsəsli morfemlər barədə müəllif maraqlı hesablamalar aparır, bunların hər biri düşündürücüdür. Uğultu, oğul, oğuz, oğru, noğul, soğan, zoğ, zoğal, qoğal, bogaz, doğmaq, qul, dul, pul, iti və s. sözlərdə fonemlərin məna əmələ gətirməsi, vəzifə və əlamətləri düşündürücüdür. Kitabda qədim Azərbaycan dili tarixinə dair qısa məlumat düşündürücüdür. Bu barədə səbrlə, təmkinlə düşünənlər ya tədqiqat aparmalı olublar, ya da aparılmış tədqiqatların tariximiz üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişlər. Bu mənada Fikrət Rzayevin Əjdər Fərzəlinin Gəmiqaya – Qobustan mədəniyyəti ilə bağlı apardığı araşdırmalara istinad etməsi təsadüfi deyildir. Belə ki, Əjdər Fərzəlinin Qayaüstü təsvirlərdə oxuduğu sözlərin çoxu dilimizdə işlənir. Həmin sözlərin mənalarının tapılması qədim Azərbaycan dili barəsində çox böyük tarixi həqiqətləri üzə çıxara bilər. Bununla da bəşəriyyətin mədəniyyət tarixinə Azərbaycandan elm baxımından yeni, daha müasir bir qapı açıla bilər.

    Təsadüfi deyildir ki, bu tədqiqatlara mühüm əhəmiyyət kəsb edən bir iş kimi yanaşanlar Əjdər Fərzəlinin tədqiqatlarına biganə qalmamışlar. Məsələn, akademik İsa Həbibbəyli yazır: “Əjdər Fərzəli çağdaş mərhələdə Gəmiqaya – Qobustan mədəniyyətinin əsas tədqiqatçısıdır”. İsa Həbibbəyliyə görə, “Tanınmış tədqiqatçı Əjdər Fərzəli bu istiqamətdə uzun illər axtarışlar aparmış və həmin elementlərdən Gəmiqaya – Qobustan əlifbası tərtib etməyə müvəffəq olmuşdur.

    Əjdər Fərzəlinin formalaşdırdığı Gəmiqaya – Qobustan əlifbası bu əlifbanın vahid mədəniyyətə dair materiallar əsasında təkmilləşdirilməsinin əməli ifadəsi kimi mühüm əhəmiyyət kəsb edir”.

    Təkcə Əjdər Fərzəlinin deyil, elə Fikrət Rzayevin də tədqiqatlarına diqqətlə yanaşmaq, ən azı bu istiqamətdə elmi müzakirələr təşkil etmək vacibdir. Təbii ki, bu istiqamətdə olan tədqiqatlar dilçiləri, tarixçiləri, mədəniyyətşünasları düşündürməlidir. Konkret olaraq Fikrət Rzayevin araşdırmaları da belə tədqiqatlardan biri kimi elmin maraqlarına uyğun şəkildə müzakirə olunmalıdır. Onun bu kitabında sözlərdə sait və samit fonemlərin məna əmələgətirən vəzifələri, əlamətləri göstərilir. Bunlara dair maraqlı cədvəllər tərtib olunur. Cədvəllərdə sait və samit fonemlərin sözlərdə əmələ gətirdikləri məna, vəzifə və əlamətlər qruplaşdırılır. Bunların hamısının dilçilər tərəfindən müzakirə obyekti kimi yeri görünür.

    Orta əsrlərin görkəmli mütəfəkkiri Əbu Turxan yazırdı: “Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah – sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə – sahman yaratmaqdır”. Bu mənada Fikrət Rzayevin tədqiqatları ön cəbhədə olan dilçiləri “silah – sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə – sahman yaratmaq” işinə bənzəyir. Onun tədqiqatları, fikir və mülahizələri yaradıcı alimlərin olduğu ön cəbhəyə keçməlidir. Fikrət Rzayevin bu kitabındakı ideyalar yoxlanılmalı, müzakirə obyekti kimi diqqət mərkəzində saxlanılmalıdır. Yaxşı deyilmişdir: “Elmdə heç bir ideya ehkam deyil; hər bir adam ən məşhur alimin ən çox yayılmış ideyasını da istənilən vaxt yenidən yoxlamaq səlahiyyətinə malikdir”.

 

Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
2012-ci ildə “Maarif” nəşriyyatında çapdan çıxmış “Söz konstruktorluğu” kitabından.

Kitabı yüklə 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir