Söz nədir?

Print Friendly, PDF & Email

Aşağıda sizə təqdim edilən “Söz nədir?” adlı məqalə 04.11.2012-ci il tarixdə Azad Azərbaycan qəzetində dərc olunmuşdur.

    Təbii ki, bu suala cavab vermək ilk baxışdan elə də mürəkkəb deyil! Söz səslərdən ibarət ifadədir. Əlbəttə ki, bu, ilk baxışdan olduqca sadə, olduqca asan görünən aksiomadır. Əlbəttə ki, sözlərə, səslərə bizim bildiyimiz, duyduğumuz kimi yanaşdıqda  məhz bu belə də görünür və belə var. Lakin dərindən yanaşıb səsin necə və haradan yarandığını düşündükdə məsələ olduqca qəlizləşir. Qəlizləşir ona görə ki, bu qəlizlikdən istər-istəməz suallar doğur. Səs necə yaranıb və bizlərə necə gəlib. Biz bu səslərə necə yiyələnmişik və özümüzünküləşdirmişik.

     Köklü şəkildə bu məsələyə yanaşdıqda görürük ki, planetlər saysız-hesabsız, ucsuz-bucaqsız, yəni sonsuz olduğu qədər səslər də bir o qədər saysız-hesabsız, sonsuzdur. Əlbəttə ki, insanı sonsuzluq aləmi daima düşündürmüş, o, bu fikrindən istifadə etmiş, lakin onun varlığını – sonsuzluğun mahiyyətini hələ də anlaya bilməmişdir. İnsan üçün sonsuzluq, nəhayət, sonda sonluqdur. Sonsuz nə ola bilər ki? Bu yerdə təkrar sözlərə və səslərə dönərək bir daha dərindən fikirləşib, görəcəyik ki, səslər özü də sonsuzdur.

    Hamımızın sevə-sevə dinlədiyi musiqi aləmində cəmi yeddi not var, bu yeddi notdan bütün dünya xalqları istifadə edir, musiqilər bəstələyir, lakin musiqi bitmir ki bitmir. Bəs yeddi notu sonsuz edən nədir? Bu səslər haradan qaynaqlanır? Suallar olduqca çox, lakin cavablar bundan da  çox məhduddur. Bu yerdə məhduddur ifadəsini məhdud idi  ilə əvəz edib, son vaxtlar özünün “Söz” və “Söz konstruktorluğu” kitabı ilə dilçiləri və sadə oxucuları heyrətləndirən bir şəxsin kitabı haqqında  danışmaq, mübahisə edib, analiz etmək yerinə düşəcək.  

    Söhbətin dildən, sözdən, səsdən getdiyini nəzərə alsaq, düşünmək olardı ki, haqqında danışdığımız şəxs hansısa ədəbiyyatçı, tarixçi və ya dilçi alimdir. Lakin belə düşünmək təbii olsa da, yanlışdır. Yanlışdır ona görə ki, doğma Azərbaycanımız fitri istedadları ilə o qədər zəngindir ki, bu diyarda, bu ölkədə hər kəs istedad sahibidir və hər kəsdən yeni ixtira, yeni kəşf gözləmək adi haldır. (Nə yazıq ki, biz xəzinə üstündə gəzdiyimiz halda,  bu xəzinədən xəbərimiz olsa da, istifadə edənlər başqaları olurlar. Bu yerdə mətləbdən uzaqlaşmamış kimdən danışdığımızı, nəhayət ki, açmağın zəruriliyi özünü göstərir.

    Fikrət Rzayev 1936-cı il təvəllüdlü, Azərbaycan Sənaye İnstitutunun  “Neft Mexanikası” fakültəsini bitirib, ixtisasca konstruktordur. Bu şəxs məhz yuxarıda sadalanan bildiyimiz və hələ də bilə bilmədiyimiz suallara özünün “Söz” və “Sözün konstruktorluğu” kitabında tam çılpaqlığı ilə aydınlıq gətiribdir. Əlbəttə, bu kitablar haqqında həftələrlə, aylarla, bəlkə də, illərlə danışmaq, yazmaq, təhlil etmək, onlardan öyrənmək, bu kitablardan qalaq-qalaq elmi məqalələr yazmaq olar, lakin bu artıq dilçilərin və bu sahədə məşğul olan elm adamlarının işidir deyə bu məsələni onların öhdəsinə buraxıb, istiqamətimizi dəyişərək mövzuya qayıdaq.

    Fitri istedad sahibi Fikrət Rzayev bu “Söz” və “Səs” tədqiqatının bizdə – xəzinələr diyarında deyil, haradasa başqa bir ölkədə kəşf etsəydi, indi o, “Nobel” mükafatına layiq görülərək şəninə kitablar yazardı.

    Qəribədir, nədən biz özümüzü qiymətləndirməkdə bu qədər xəsislik edirik? Axı “Con və ya Conlar adları daşıyan bəziləri  birisi elmə və bəşəriyyətə belə bir yenilik gətirmiş olsaydı, biz bu yeniliyi sevə-sevə orta məktəblərdə, elm ocaqlarında, ali təhsil müəssisələrində tədris edər, onun bu kəşfini beyinlərə yeridib “Con” adını zirvələrə yüksəldərdik.

    Təbii ki, yuxarıda qeyd edilənlər o demək deyil ki, kitablarda yazılanlar hamısı mütləqdir və dəyişdirilməyə, müzakirə edilməyə, yeni çalarlar əlavə etməyə ehtiyac yoxdur. İdeallıq nisbi anlayış olduğundan bu ifadəni “Söz”, “Söz konstruktorluğu” kitablarına da şamil etmək lazımdır. Lakin kitabda yeniliklər, yeni yanaşmalar,  ixtiralar və kəşflər öz zənginliyi ilə diqqət çəkir və bu diqqətə diqqətlə yanaşıb mənanı və məntiqi, həqiqəti və reallığı öz yerinə qoyub, dilimizin zənginliyini, insanlarımızın istedadını önə çəkib, biz hər yerdə varıq, hər yerdə öndəyik deməyin vaxtı çoxdan çatıbdır deməyə başlamalıyıq. Məhz bu səbəbdəndir ki, hörmətli Prezidentimiz, zati-aliləri İlham Əliyev 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı” sərəncamını imzalayaraq bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bir daha bildirdi.

Növbə bizimdir!

Yazıçı-publisist: Məhərrəm Zaman

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.