Sarıköynək

Print Friendly, PDF & Email

… viran olan bağdan çoxdan idi ki, quş səsi gəlmirdi. Sanki yuvası dağılan quşlar bağdan küsmüşdü.

Əvvəllər səhərin gözü açılmamış, gün şəfəqlərini saçmağa macal tapmamış, quşların cəh-cəhi bağı bürüyərdi. Güllər nazlanar, yırğalanıb ətrini ətrafa yayardı.

Səhərin mehi bu gözəl ətri bütün bağa çatdırardı. Güllərin ətrindən bihuş olan quşlar daha şövqlə oxuyar, bir-birinə səs verərdilər.

Bəs bu axşam vaxtı bu quş səsi haradan gəlirdi?

Səs yaxından, qurumuş badam ağacı tərəfdən  gəlirdi.

Qoca bağban ayaqlarını sürüyə-sürüyə quru ağacın yanına gəldi. Başını qaldırıb ağacın uca budağına baxdı. Gözlərinə inanmadı, budağa bir sarıköynək qonmuşdu. Quş oxuyurdu, amma cəh-cəhlə yox, kədərlə, qəmlə oxuyurdu. Bu nəğmədən çox naləyə bənzəyirdi.

Qoca bağban sakitcə quşa baxırdı.

 Birdən quş qanad çalıb uçdu, yaxınlıqda yanıb külə dönmüş evin üzərində dövrə vurub, yenə əvvəlki yerinə qayıtdı və oxumağa başladı.

Qoca bağban quşa baxdıqca, göz yaşları yanağından axıb, ağ saqqalına süzülürdü. Ətrafda başqa quş yox idi, heç sərçə də yox idi. Görəsən bu sarıköynək haradan uçub gəlmişdi?

Quşun əlvan lələkləri toza bulaşmışdı. Sarı köynəyi bir az çirklənib  qaralmışdı. Qoca bağban az qala nəfəs çəkmədən nəzərləri ilə quşu izləyirdi.

Birdən iri bir qarğa gəlib yanmış evin uçulmuş damına qondu. Qarğa ucadan qarıldayan kimi sarıköynək səsini kəsdi.

Qarğa qalib gəlibmiş kimi lovğa-lovğa damda gəzişməyə başladı. Bunu görən sarı köynək yenə uçub evin üzərində üç dəfə dövrə vurdu sonra var gücü ilə özünü evin divarına çırpdı.

Bağban yaşına yaraşmayan cəldliklə qaçıb yerə düşən sarıköynəyi əlinə götürdü. Quşda həyat əlaməti yox idi.

Qoca bağban əlində quş bir an xəlaya getdi. Axı bu evin sahibinin əzizlədiyi bir sarıköynəyi var idi. Onun qəfəsi daim açıq pəncərə qarşısında olardı. Sarıköynək qəfəsdə cəh-cəhlə nəğmə oxuyanda, bağdakı quşlar onun səsinə səs verərdi.

Bütün bunlar bir kino lenti kimi bağbanın gözü önündən keçdi. O, dərindən köks ötürüb öz-özünə dedi:

-Ey zalım dünya, bülbüllərin yurdunda  qarğalar yuva salanda, quşlar da buna dözə bilmir…                                                          

Gulara Munis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.