Şərqin elm və mədəniyyət beşiyi – Naxçıvan Muxtar Respublikası – 100

Qədim Şərqi elm və mədəniyyət beşiyi adlandıranlar yanılmırlar. Görkəmli şərqşünas alim R.Vinter yazır ki, “Şərq, yəni bütün Ön Asiya, uzun müddət orijinal sayılmış, Avropa isə onun üzünü köçürmüş şagirddir… Demək olar ki, Avropa mədəniyyətinin hər bir yüksələn pilləsi Şərqdəki böyük ixtiranın izidir”.

Bu mənada Naxçıvan istər təbiətinə, istər coğrafi mövqeyinə, istər relyefinə, istərsə də sosial göstəricilərinə görə daim diqqət mərkəzində olan bir diyardır. Bu qədim diyarın Araz çayının sahilində bərqərar olması, 200-dən çox yeraltı şəfa sularına (Badamlı, Sirab, Darıdağ, Vayxır, Nəhəcir və s.) malik olması, zəngin biosferi, rekord səviyyədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi texnologiyası, islam dəyərlərinə dərin hörməti, elmə, təhsilə, mədəniyyətə olan sevgisi ilə daim fərqlənən bir məkana çevrilməsi xüsusi qeyd olunmalıdır.

Muxtar Respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı sistemli şəkildə tədqiqat obyektinə çevrilib. Ona həsr olunmuş kompleks məqalələr: elm və sənət adamlarının həyat və yaradıcılığı, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında xeyli yazı internet səhifələrində, beynəlxalq qəzet və jurnallarda işıqlandırılır.

Babalarımızın ağır zəhmət bahasına qurduğu, gələnin-görənin “Nəqşicahan” adlandırdığı bu gözəl şəhərin zaman-zaman daşı-daş üstündə qalmayıb. “Lakin dövran keçib, xarabazara döndərilmiş Naxçıvan xarabalıqlar içindən dönə-dönə baş qaldırıb, yenidən dirçələrək, əvvəlki görkəmini qaytarıb. Hətta əvvəlkindən də gözəl olub. Yad gözlərin ona zillənmiş kəc baxışları isə dünən olduğu kimi bu gün də üstündən çəkilməyib”.

VII əsrin ortalarında ərəblərin Azərbaycana gəlməsi ilə özünün əlverişli geosiyasi və strateji mövqeyinə görə ərəb ordusunun dayaq məntəqələrindən biri olan Naxçıvan sonrakı dövrlərdə siyasi-iqtisadi-mədəni mərkəz kimi əhəmiyyətini artırıb, yüzillərdən bəri fəaliyyət göstərən Böyük İpək Yolunun şaxələri vasitəsilə o vaxtkı dünyanın məşhur ölkə və şəhərləri ilə əlaqə saxlayıb, Azərbaycan atabəyləri dövründə isə “Nəqşicahana” çevrilərək regionun bənzərsiz şəhəri olub.

Doğrudan da, qədim dövrlərdən Şərqi Qərblə, Şimalı Cənubla birləşdirmiş, ucsuz-bucaqsız yolların qovşağında yerləşən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, mədəniyyətlərin, sivilizasiyaların yüksək zirvəyə çatdığı Naxçıvan diyarının Şərqin qapısı sayılması təsadüfi deyil. Vaxtilə Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi, Övliya Çələbi kimi tarixçi və coğrafiyaçı səyyahlar Naxçıvanı “Nəqşicahan” (“dünyanın bəzəyi”) adlandırmışlar.

Naxçıvanın tarixi eradan əvvələ söykəndiyi kimi, elm və mədəniyyət tarixi də çox-çox qədimlərə gedib çatır. İntibah dövrünün elm, təhsil və maarifi əsasən XI əsrdən formalaşmağa başlasa da, XII əsrdə Naxçıvanın mədəni həyatındakı ümumi yüksəliş, ədəbiyyatın və fəlsəfi fikrin inkişafı humanizm ideyalarının yayılmasına rəvac vermişdi. Elm-sənət məbədi sayılan Naxçıvan təkcə ölkəmizə deyil, onun hüdudlarından kənara – Yaxın və Orta Şərqə, Avropaya da ictimai və siyasi xadim, filosof, həkim, sərkərdə, alim və mütəfəkkir, şair, yazıçı, tarixçi, memar, rəssam, musiqiçi, aktyor və digər dühalar bəxş edib. Həddad əl-Nəşəvi (kitabdar), Əbu Əbdüllah ən-Müfərric əl-Nəşəvi (dini hüquqçu), Əhməd ibn Hacəf Nəşəvi (filosof), “təbiblərin sultanı” adı ilə məşhur olan Əkmələddin Naxçıvani (təbib), Həsən ibn Ömər Naxçıvani (filosof), Kəmaləddin Naxçıvani (həkim, ilahiyyatçı), Nəsirəddin Tusi (ensiklopedik-alim), Nəcməddin Naxçıvani (filosof), İzzəddin Naxçıvani (alim və ədib), İbn Sacəvi, Məhəmməd Hinduşah Naxçıvani (dilçi və tarixçi), Fəxrəddin Naxçıvani (fəqih və hüquqşünas), Baba Nemətullah Naxçıvani (filosof) və başqaları bütün Şərq və Avropa dünyasının elm xəzinəsini idrak və təfəkkürləri ilə zənginləşdirən şəxsiyyətlər olublar.

Təlim-tərbiyə, məktəb-mədrəsə, öyüd-nəsihət, yuxarıda qeyd etdiyimiz kimi, hələ orta əsrlərdən mövcud olsa da, uzun müddət milli maarifçilik ideologiyası səviyyəsinə qalxa bilməmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən qədim elm və mədəniyyət beşiyi Naxçıvanda maarifçilik hərəkatı özünü göstərməyə başladı. Çünki dövr, zaman yeni milli dünyəvi məktəblərin yaradılmasını tələb edirdi. Bu mənada görkəmli pedaqoq, maarifçi-şair Məhəmməd Tağı Sidqi parlaq bir nəsilə (Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əziz Şərif, Rza Təhmasib, Rzaqulu Nəcəfov, Əli Səbri Qasımov, Bəhruz Kəngərli, Məmməd Əli Sidqi və b.) ustadlıq edərək Naxçıvanda maarifçiliyi canlandırdı, həm də ədəbi-pedaqoji hərəkat səviyyəsinə qaldırdı. Xalq yazıçısı Mirzə İbrahimovun təbirincə desək, “Günəş yurdu” adlanan Naxçıvanda alim və pedaqoqlar elmin inkişafında getdikcə daha artıq işlər görməyə başladılar. Ölkəşünaslıq, pedaqogika və psixologiya, dilşünaslıq, tarix və digər elm sahələri üzrə müasir məzmunlu yeni əsərlər yaradıldı, elmdə dəqiqlik prinsipləri get-gedə dərinləşdi. Məktəb və pedaqoji fikir tarixinin qabaqcıl xadimləri vasitəsilə mütərəqqi ictimai və pedaqoji ideyalar Azərbaycana və onun hüdudlarından kənara nüfuz etdi. Ömrünün 50 ildən çoxunu mətbuat, məktəb, maarif və əlifba məsələlərinə həsr etmiş Məhəmmədağa Şahtaxtlıdan bəhs edən görkəmli fransız alimi Lüsyen Büva onu öz ölkəsinin “yaxın dostu, müsəlman dünyasının bütün ümidlərini doğruldacaq bir şəxs” adlandırırdı. Çünki M.Şahtaxtlı cəmiyyətin inkişafında təhsilin, elmin mühüm əhəmiyyəti olduğunu konseptual şəkildə işləyən şəxsiyyətlərdən olub. Redaktoru olduğu “Şərqi-Rus” qəzetinin məqsədini Məhəmmədağa Şahtaxtlı belə izah edirdi: “Məsləkimizi hər kəs bilir: Məmləkətimizin mədəniyyətinə xidmət etməkdir”. Başqa bir yazısında isə gənclərə müraciətində yazırdı: “Elmin dalınca gedin. Elm insanı irəli aparır”.

Azərbaycanda milli maarifçiliyin formalaşma və inkişafında Məhəmmədağa Şah-taxtlının (1848-1931), Məhəmməd Tağı Sidqinin (1854-1903), Qurbanəli Şərifzadənin (1854-1917), Cəlil Məmmədquluzadənin (1869-1932), Məmməd Səid Ordubadinin (1872-1950), Əliqulu Qəmküsarın (1880-1919), Hüseyn Cavidin (1882-1941) və başqalarının özünəməxsus xidmətləri olub, onlar təhsilin prinsipləri, tərbiyə üsulları, əxlaq, vətənpərvərlik, mənəviyyat, bədii zövq kimi zəruri məsələlərdən bəhs ediblər. Qarşıya qoyduqları əsas məqsəd xalqı maarifləndirmək və “bəsirət sahibi etmək” idi.

Öz zəmanəsinin və bugünkü dövrün də böyük pedaqoqu sayılan Məhəmməd Tağı Sidqi ruhani təhsil almasına baxmayaraq, xalqın maariflənməsi üçün əzmlə çalışmışdı. M.T.Sidqinin mühüm xidmətlərindən biri də məktəblər üçün müvafiq dərsliklər tərtib etməsi oldu. Müxtəlif yerlərdən gətirdiyi dərsliklərlə kifayətlənməyən Sidqi, özü müxtəlif fənlər üzrə dərsliklər nəşr etmişdi. Onun arxivində saxlanılan “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmələ”, “Əssərfül-ümmül-elm və Nəhvi-Ərəb” (Ərəb dilinin sərfi-nəhfi), “Tənviri Əfkar və təfhimi-insaniyyət”, “Töhfeyi-Bənat, yainki qızlara hədiyyə”, “Qiraəti-fənniyə”, “Hifzi-səhhə” kimi dərsliklər Sidqinin bir müəllim kimi Qərb mədəniyyətinə də təsirindən xəbər verir. “Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər” – deyən Məhəmməd Tağı Sidqi xalqın maariflənməsi işində əvəzsiz rol oynamışdı.

Fransız sosialisti Jan Jores yazır ki, “Keçmişin mehrabına müraciət edərkən – onun külünü yox, odunu götürün”. Bu mənada tarixi eradan əvvələ söykənən Naxçıvanın görkəmli maarifçiləri elmi, təsili, milli maarifçiliyi bir mayak kimi nəsildən-nəslə yadigar qoyub getmişlər. Cəmiyyətin tərəqqisi üçün qüdrətli vasitə rolunu oynayan elm və təhsil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hərtərəfli qayğı ilə əhatə edilib.

Mənbə: https://525.az/news/253952-serqin-elm-ve-medeniyyet-besiyi–naxcivan-muxtar-respublikasi-100?fbclid=IwAR2loOaUIZnEytuZpzmQm4GvbcEePCo9A3dW84NjO-wEBQfqBFqfsmlJ0BA

Kamal Camalov
Pedaqogika elmləri doktoru, Əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir