Quşların bəslənməsi zamanı doğru bildiyimiz yanlışlar
İnsan orqanizminin sağlıqlı bəslənməsində quş ətinin istifadə olunması əvəzolunmaz yerə malikdir. Çünki qırmızı ətlə müqayisədə , quş əti insan orqanizmində rahat həzm olunur və xolestirol yaratmır. Həmçinin lazımlı vitamin qrupu və elementlərlə təmin edir. Nəticə etibariylə daimi təmiz quş ətiylə bəslənən orqanizm bir çox problemlərdən uzaq olur. Amma hal-hazırki dövr üçün ən böyük aktual problemlərdən biri sağlıqlı yetişdirilməyən quş ətləridir. Çünki quşların inkişafı zamanı istifadə olunan antibiotiklər onların bağırsaq florasının və faunasının, qan -dövranın, sinir-sisteminin, qaraciyər toxumasının sıradan çıxmasına səbəb olur. Nəticədə quşlarda düzgün immunitet sistemi formalaşmır. Bu daimi şəkildə müəyyən qrup dərman preparatlarından istifadə etməyə məcburiyyət yaradır. Yaranmış məcburiyyət sağlam olmayan quş ətinin yetişdirilməsi və onun insan orqanizmi tərəfindən zərərli şəkildə qəbuluna səbəb olur.
Körpə quşların bəslənməsində ilk vaxtlarda kiçik hissələrə doğranmış bərk yumurta, göyərti qatılmış səpələnən nəm yem qarışığı vermək lazımdır. 10-15 günlüyədək cücələri gündə 6 dəfə, hind toyuq balalarını 7-8 dəfə yemləmək məsləhətdir. Cavan quşlar böyüdükcə rasionda dənin, yemin çəkisini artırmaq lazımdır. Cavan quşların vitaminli yemlərlə təmin olunmasına xüsusi fikir vermək lazımdır. Bizim şəraitdə ən əlverişli vitaminli yem yoncadır. Yonca yaz-yay dövründə yaşıl halda, başqa vaxtlarda isə quru ot unu halında verilməlidir. İkiaylığa çatmamış cavan quşlar üçün yem qarışığı hazırlayarkən unu və yarmanı narın xəlbirdən keçirib, qabıqdan, qılçıqdan təmizləmək lazımdır. Çünki onlar pis həzm olunub bağırsağın selikli qişasını zədələyə bilər.
Quşların bəslənməsi zamanı istifadə olunan bəzi antibiotik qruplara da diqqət yetirməliyik ki, onlar sağlam böyüsünlər. Onların bəzilərinin adlarını qeyd edib və fəsadları haqqında məlumatları nəzərinizə çatdırıram. Yumurtadan çıxan quşlara ilikin olaraq tövsiyyə olunan antibiotik oksitetraskilindir . Kimyəvi formulu 1953-cü ildə Robert Vodvard tərəfindən kəşf edilmişdir. Əsasən gram-pozitiv və gram-neqativ bakteriyalar və digər mikroorqanizmlərin məhv olmasını təmin etmək üçün istifadə olunur. Bu antibiotik bu parazitləri məhv etməklə yanaşı bağırsaqda yaşayan və immun sisteminin düzgün formalaşmasında iştirak edən faydalı bakteriya qruplarını da məhv edir. Bağırsaq sistemi müdafiəsiz qalır. Eyni zamanda qaraciyər toxumasınıda zədələyir. Quşların böyüməsi davam etdikcə onların digər parazitlərlə qarşılaşması baş verir. Bu parazitlər yastı qurdlardır. Müdafiəsiz bağırsaq və yastı qurdları məhv etmək üçün əlavə istifadə edilən yeni dərman preparatı quşların sıradan çıxmış immun sisteminin daha da zəifləməsinə səbəb olur. Eyni zamanda müəyyən dövrlərdə quşların orqanizminə yeridilən vaksinlər onların müəyyən xəstəlik daşıyıcısı olmağına səbəb olur. Sonda əlavə xarici parazitlərlə də qarşılaşdıqda tamamiylə orqanizmi müdafiyəsiz qalır. Müdafiyəsiz orqanizm isə uzun müddət yaşaya bilmir və kütləvi quş tələf olması ilə nəticələnir.
Bəs necə edək ki, həm sağlam quş əti yetişdirək, həm də kütləvi quş tələf olmasının qarşısını alaq. Təbiətdə olan bitkiləri düzgün araşdırsaq və düzgün şəkildə istifadə etsək, təbii ki, bir çox problemlərin öhdəsindən gələ bilərik.
Çobanyastığı bitkisini hamımız çox yaxşı tanıyırıq. Bu bitki nəinki insan orqanizminə, eyni zamanda quşlar üçün də çox faydalı bitkidir. Bu bitkinin istifadəsi quşların sağlam şəkildə böyüməsinə səbəb olur. Nəticədə quşlar həm ekoloji təmiz, həm də əzab çəkmədən böyüyürlər.
Çobanyastığı bitkisinin nə kimi faydası vardır?!
Çobanyadtığı bitkisi haqqında hələ qədim zamanlarda elm adamlarının kitablarında geniş məlumatlar yazılmışdır. Qalenin, Hippokratın, İbn Sinanın Dioskorid və Asplekiyin kitablarında çobanyastığının necə şəfalı bitki olduğuna rast gəlmək olar.
Çobanyastığı çiçəyində uçucu yağlar (matrikarin və matritsin) , xolin , kardinen, beta-keratin, izonid, askorbin turşusu, valerian turşusu, salisil turşusu, fitostreollar, bidabolol, ketospirt, kumarin, flavonidlər, xamazulen, seskviterlenov, farnezinlər, acı maddələr vardır. Bundan başqa marqanes, kalium, kalsuim, maqnezium, dəmir, sink elementləri və A, B1, B2, B5,B9 vitaminləri ilə zəngindir ki, bu həm insanlara həm də quşların yemində faydalıdır.
Çobanyastığı antiseptik təsirə malikdir. Eyni zamanda sakitləşdirici, qıcolma əleyhinə, ödqovucu xüsusiyyətlərə malikdir. Həmçinin mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, ürək və tənəffüs ritmlərinin sürətlənməsi səbəb olur. Çobanyastığı həzm sisteminin normal fəaliyyət göstərməsinə, ödün axının sürətlənməsinə səbəb olur.
Bu bitki quş orqanizminə daxil olan zərərli mikroorqanizmləri məhv edir. Eyni zamanda faydalı bakteriya qruplarına heç bir mənfi təsiri olmur. Ən başlıca xüsusiyyətlərindən biri orqanizm üçün lazım olan qoruyucu zülal-interferon zülalının yaranması və sintez olunmasıdır. Bu zülal da orqanizmdə immunitet sisteminin formalaşmasında vacib rol oynayan yeganə zülal qrupudur. Bitkini mütamadi istifadə etdikdə inkişaf edən quşlar çox sağlam və təbii şəkildə inkişaf edərək sağlıqlı böyüyürlər.
Ramazanova Xəyalə Sərdar qızı
Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov
adına 2 saylı tam orta məktəbin biologiya müəllimi.
xeyaleramazanova88@gmail.com