Qədim türklərin maddi mədəniyyəti və yazılı abidələri

Print Friendly, PDF & Email

“…Türk bəyləri! Millət! Eşidin! Üstdə Göy basmasa, altda yer dəlinməsə Türk milləti, sənin elini, sənin adətini kim poza bilir?  Ey Türk milləti! Titrə və özünə dön!…Mən millətə yaxşı vaxtında xaqan olmadım…Az milləti çox, ac milləti tox etdim. Geyimsiz milləti geyimli, yoxsul milləti bəy etdim…[1, s.111-117]”

Bilgə xaqan(VIII yüzillik)

Azərbaycan müstəqillik qazandıqdan sonra tariximizə, mədəni irsimizə dövlətimiz böyük önəm verir. Demək olar ki, bizimlə bərabər, bütün postsovet məkanında olan türk xalqlarının hamısında özünüdərk prosesi gedir. Azərbaycan tarixi ümumtürk tarixindən ayrı tam şəkildə öyrənilə bilməz. Dünya xalqları içərisində ən qədim mədəniyyət 

çalarlarını özündə yaşadan, bəşəriyyətə dövrünün ən mükəmməl ixtiralarını, döyüş sənətini, cəngavərliyi, mərdliyi bəxş edən məhz türklər olub. Bu baxımdan, türk xalqları tarixinin, mədəniyyətinin, incəsənətinin öyrənilməsində, təbliğində böyük xidmətləri olan TÜRKSOYun (türk mədəniyyəti və incəsənətinin birgə inkişaf etdirilməsinin beynəlxalq təşkilatı) təşkilatçılığı, rəhbərliyi və Monqolustan Təhsil, Mədəniyyət və Elm Nazirliyinin dəstəyi ilə paytaxt Ulan-Bator şəhərində bu ilin (2015) sentyabr ayının 22-dən 26-nadək keçirilən “Üçüncü Muzey Forumu” böyük önəm daşıyır. Forumun işində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Türkmənistan və Rusiya Federasiyasından (Moskva, St-Peterburq şəhərləri, Saxa (Yakutiya), Xakasiya, Tıva, Tatarıstan, Altay Respublikaları) gəlmiş tədqiqatçıların məruzələri dinlənildi. Məruzələr muzeylərdə qorunub saxlanılan milli geyimlərə həsr olunmuşdu.

22 sentyabr səhər saat 9.00-da Monqolustan Təhsil, Mədəniyyət və Elm Nazirliyinin konfrans zalında keçirilən plenar iclasda Monqolustan Təhsil, Mədəniyyət və Elm Naziri, Mədəni İrs Departamentinin rəhbəri L.Qantömör, TÜRKSOYun Baş katibi D.Kaseinovun adından təşkilatdakı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi L.Sattarova və Monqolustan Milli Muzeyinin direktoru D.Süxbaatar çıxışları ilə açılış edib, iştirakçılara uğurlar dilədilər. Sonra gərgin diskussiya şəraitində 20-dən artıqmüxtəlif çıxış dinlənildi. Axşama yaxın konfrans öz işini başa çatdırdı.

23 sentyabrda səhər 9.00-dan 11.00-dək Ulan-Batorda yerləşən sonuncu monqol xanı Boqdo xanın (1869-1924) ev muzeyində olduq. Bu tarix-me`marlıq kompleksi XİX əsrin sonu-XX əsrin əvvəllərinə, daha dəqiq desək 1893-1903-cü illərdə tikilib.Boqdo xan tarixi şəxsiyyət olub, müstəqil Monqol dövlətinin yaranmasında, inkişafında böyük və həlledici rol oynayıb. İqamətgahın mərkəzi hissəsi milli ənənələri əks etdirən 7 mə`bəddən və Avropa stilli ikimərtəbəli binadan ibarətdir. Sonuncunun tikintisi 1905-ci ildə başa çatdırılmış və Boqdo xan bu binada təxminən 20 il yaşamışdır[2].

XX əsrin əvvəllərində Monqolustanda xalq-azadlıq hərəkatı güclənir. Bu hərəkata rəhbərlik edən Boqdo xanın gərgin mübarizəsi nəticəsində 220 il Monqolustanı idarə edən Mancuriya hökümətinin varlığına son qoyulur və 01 dekabr 1911-ci ildə ölkə müstəqillik qazanır. Yeni Boqdoxan dövləti yaranır (1911-1919-cu illər). 25 may 1915-ci il tarixdə üçtərəfli Rusiya-Çin-Monqolustan razılaşmasının nəticələrinə görə ölkə özünüidarə hüququ qazanır [3, s.62]. 1921-ci ildə baş vermiş xalq inqilabı da bir xan olaraq dövlətin idarəçiliyini ona həvalə edir. Onun ölümündən sonra Monqolustan Xalq Respublikası yaranır.

1931-ci ildə Çinin şimal əyalətlərinin Yaponlar tərəfindən işğal olunması Monqolustana da öz mənfi tə`sirini göstərir. 1934-cü ildən yaponlar ölkənin şimal sərhədlərində hökmranlıq etməyə başlayır. Digər tərəfdən isə zəhmətkeş xalq kütlələri arasında SSRİ-nin repressiya maşınına tuş gələnlər olur. Qeyri-rəsmi mə`lumata görə, 1933-1953-cü illərdə ölkədə 36 min insan repressiyaya mə`ruz qalıb[3, s.68].

1939-cu ilin mayında Xalxin-Qol tərəfdən Monqolustana daxil olan Yapon ordusu sentyabr ayınadək orada qanlı döyüşlər aparmağa müvəffəq olur. Elə həmin tarixdən başlayaraq sovet-monqol birləşmələri yaponlara sarsıdıcı zərbələr vururlar. 1945-ci ildə sovet-monqol orduları Yaponiyanın Mancuriyada olan Kvantun ordusunu darmadağın edir. Hal-hazırda Ulan-Bator şəhərində G.K.Jukovun nəhəng büstü ucalır. 1990-cı ildə ölkə SSRİ-nin tə`sirindən çıxaraq, tam müstəqil həyata qədəm qoyur.

23 sentyabr saat 12-00 da Çingizxan adına Mərkəzi meydanda Xubilay xanın anadan olmasının 800  illik yubileyi ilə əlaqədar möhtəşəm dövlət tədbirində iştirak etdik. Günorta Monqolustan Milli Muzeyində olduq. Həmin gün axşam isə yubiley tədbirləri ilə əlaqədar mərkəzi teatr binasında gözəl konsert proqramı və moda nümayiş olundu.

Bunlar haqda bir qədər sonra…

Xubilay xan kim olub? Nədən ona bu qədər diqqət və hörmət bəslənilir? Çingiz xandan başlayan böyük Monqol imperatorluğunun tarixi haqda nə bilirik…?

Monqollar haqqında çox əsərlər yazılıb. Lakin XII-XIII əsrlərdə yaşamış monoqollara aid mə`lumatlar onların qəhrəmanlıq dastanlarında qalıb. Monqol tarixinin bir hissəsi Ugedey xanın (Çingiz xanın oğlu) əmrilə 1240-cı ildə “Monqollar nəsli haqqında qiymətli Rəvayət” adı ilə bir yerə toplanır.1247-1318-ci illərdə yaşamış, Qazan xanın, Olcaytu xanın və Əbu-Səidin divan başçısı-vəziri olmuş Fəzlullah Rəşid-əd-dinin «Cami-ət-təvarix» «Tarixlər toplusu» (Salnamələr məcmuəsi) əsərinə bütün göstərilən kitabların qaymağı demək olar. Rəşid-əd-din çox qiymətli xatirə yazmışdır. O, monqolların bütün tayfaları, onların başçıları Çingiz xanın 5-ci babasından başlamış,ümumi nəsil şəcərəsi haqqında, Çingiz xanın arvadları, oğlanları, qardaşları, kənizləri, nəvə və nəticələri, onların keçdiyi döyüş yolları haqqında mə`lumat verir [4]. Rəşid-əd-dinin əsərində Ugedey xanın “Monqollar nəsli haqqında qiymətli Rəvayət”indən daha çox istifadə edilmişdir.

XII əsrdə monqollar Kulun-Bugir gölündən Altay dağlarına, şimalda Baykal gölünə, cənubda Qobi səhrasının o tayında, Böyük Çin səddi yaxınlığında yaşayırdılar. Onların əsas hissəsi çöllərdə maldarlıqla məşğul olurdu. Monqolların sərvəti böyük at ilxılarından, qoyun sürülərindən və qaramal naxırlarından ibarət idi. Monqol tayfalarının içərisində sayca və hərbi qüvvəcə fərqlənənlər var idi ki, bunlar da tatarlar, naymanlar, kereitlərdən ibarət idi. 1206-cı ildə Onon çayı sahilində monqol noyonlarının qurultayı Temuçini (1162-1227) monqol tayfalarının böyük xanı (xaqanı) e`lan edir. Çin adətinə görə yeni seçilən hakim öz adını dəyişməli idi[5, s.11]. Odur ki, Temuçin yeni ad – Çingiz xan (türkcə tengiz-dəniz, okean) adı ilə tanınmağa başlayır (1206-1227). Bə`zi mənbələrdə “Çinq” monqol dilində “qüvvət”, “güc” mə`nasında işlədilir [6, s.284].

Çingiz xanın kunqirat tayfasından olan xanımı Börtə-Fucindən («Fucin» kitay dilində «qadın» deməkdir) 4 oğlu və 5 qızı olmuşdur. Oğlanları – Cuçi, Çağatay, Ugedey, Tuluy, qızları – Fucin bəyi, Ciciğan, Alaqay bəyi, Tüməlün, Altəlün. Çingiz xan gələcəkdə monqol hakimiyyətində ara müharibələri olmasın deyə göstərmişdi ki, mənim ölumümdən sonra hakimiyyətə ancaq Börtə-Fucindən olan oğlanlarım yiyələnə bilər. Çingiz xan və Cuçi hər ikisi 1227-ci ildə vəfat etdiyindən böyük xan vəzifəsinə Çingiz xanın üçüncü oğlu Ugedey (1187-1241-ci illərdə yaşayıb) seçilmişdi (xanlıq dövrü-1229-1241).Mə`lumatlara görə, Çingizin anası Selin əkə türk qızı idi. Atası isə Yesugey bahadur olmuşdur.

Çingizxan imperiyası 5 xanın dövründə çox geniş ərazilərə malik olub. Çingiz xan və Ugedeydən sonra böyük xan taxtına ardıcıl olaraq Çingizin nəvəsi Göyük xan (yaşadığı dövr – 1206-1248, xanlıq dövrü – 1246-1248), Münkə xan (yaşadığı dövr – 1208-1258, xanlıq dövrü – 1251-1258) və Xubilay xan (yaşadığı dövr – 1215-1294, xanlıq dövrü – 1260-1294) seçilmişlər (Çingiz xanın kiçik oğlu Tuluy xaqan seçilməsə də, 1241-1246-cı illərdə monqol imperiyasını idarə etmişdi). Bunların dövründə yaratdıqları imperiyanın ərazisi 50-dən artıq xalqın yaşadığı 24.000.000 kv.km sahəni əhatə edirdi. Sibirdən cənub-şərqi Asiyaya, Koreya yarımadasından Bolqarıstana qədər olmuşdu. Bu çiçəklənmə dövründə imperiyanın tərkibinə Çin-Yuan imperiyası, Qızıl Orda, Hülakülər və Cığatay dövlətləri daxil idi [3, s.28].

Monqol imperiyasının paytaxtı Qaraqorum (türk dilində “qara daşlardan ibarət sədd” deməkdir) şəhəri idi.Hələ Ugedey xaqanın dövründə Çinin çox hissəsi işğal olunur. 1235-ci ildə Böyük qurultayda Ugedey xaqan Qərbə doğru hərbi yürüşlər etmək barədə qərar qəbul edir. Batı xan (Cuçinin oğlu) baş komandan tə`yin olunur. Xubilay xanın zamanında Yaponiyadan başqa (Yaponiya Monqolustanın vassalı idi) demək olar ki, bütün Şərqi Asiya işğal altında düşür. 1264-cü ildə Xubilay xan Pekin şəhərini Monqol imperiyasının paytaxtı edir və 1271-ci ildə imperiyaya yeni ad verir – Yuan[3, s.33].

23 sentyabr tarixində saat 14.00-da Ulan-Bator şəhərinin mərkəzində yerləşən Milli Tarix Muzeyində olduq. Muzeyin direktoru bizi qarşıladı. Muzeyə Vətənimizin tarixini və mədəniyyətini əks etdirənkitablar müxtəlif hədiyyələr bağışladıq. Muzeyin eksponatları ilə tanış olduq. Əvvəla, muzey bir neçə böyük zaldan ibarətdir. Qədim və orta əsrləri əks etdirən zallar üç tarixi-xronoloji dövrü əhatə edir: birinci zal–Böyük Hun imperatorluğu (e.ə. III-eramızın I əsri), ikinci zal–Göytürk İmperatorluğu(VI-VIII əsrlər) və üçüncü zal–Böyük Monqol imperatorluğu dövrünü (1206-cı ildən 1634-cü ilədək 37-ci – sonuncu monqol xaqanı Ligden xaqanın vəfatınadək olan dövr).

Monqollar böyük həvəslə hakimiyyətlərindən əvvəlki dövrləri özlərinin və babalarının mirası kimi qəbul edib, böyük hörmətlə yanaşırlar. Burada müasir Monqolustan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş Syanbi, Nirun,Türk, Uyğur, Kidan xalqlarının dövlətçilik ənənələrini[7], mədəniyyətini və tarixini göstərən əşyalar, müxtəlif dövrlərdə imperiyanın ərazisini göstərən xəritələr nümayiş olunur. Qeyd edək ki, Hun türklərinə aid ilkin mə`lumata e.ə.1764-cü ilə (yəni 3779 il əvvəl – A.S.) aid Çin mənbələrində rast gəlinir [8, s.23].E.ə. IV-III əsrlərə aid edilən Pazırıq kurqanlarından arxeoloji qazıntılar zamanı tapılmış qədim Hun-Türk imperatorluğuna aid silahlar, qızıl, gümüş və digər metallardan hazırlanmış, qədim skif incəsənətinin nümunələri sayılan-“heyvan stili” adlandırılan bəzək əşyaları muzeyin stellajlarını bəzəyir. Mete xaqanın dövründə hunlar dünya tarixində ilk dəfə olaraq erkən köçəri çöl xalqlarını birləşdirib böyük dövlət qurublar[9, s.15].

İkinci zal Göytürk imperatorluğunun tarixini əks etdirir. Burada böyük və əzəmətli tariximizin, tarixdə ilk olaraq “Türk” kəlməsini özündə daşıyan bir dövlətin maddi-mədəniyyət nümunələri nümayiş olunur. Diqqəti çəkən eksponatlar içərisində mərmərdən hazırlanmış, ölçüləri 40 sm x 19 sm x 21,5 sm olan Gültəgin xaqanın (685-731) başının büstü xüsusi yer tutur. Bu nadir eksponat monqol-çex arxeoloji ekspedisiyasının “Xaşat-Somon” adlı yerdə, Gültəkinin qəbrində apardığı arxeoloji qazıntılar zamanı aşkar olunub.Onun baş hissəsi qırılaraq iki hissəyə bölünüb. Muzeyin bu salonunda Bilgə xaqanın yazılı bəngüdaşı (türk ulularının sözlərini əbədiləşdirən abidə daşlar) yerləşir. Göytürk bəngüdaşları 13 ədəddir. Salonda digər  yazılı daşlar, tısbağa heykəlləri, silahlar, hərbi geyim və s. nümayiş etdirilir.

Üçüncü və ondan sonrakı zallarda Böyük Monqol imperiyasının yaranmasından müasir zamanadək olan dövr xronoloji ardıcıllıqla əks olunur. Muzeyin zalları eksponatlarla çox zəngindir. Burada monqol döyüşçülərinin paltarları, silahları, atlarının uyuğu (heykəli), döyüş səhnələrini əks etdirən şəkillər, yurtlar, təsərrüfat alətləri və s. vardır.

Həmin gün axşam Mərkəzi Teatr binasında möhtəşəm moda nümayişində və Xubilay xanın 800 illik yubileyinə həsr olunmuş konsertdə iştirak etdik. Konsertdən əvvəl türk-monqol xalqlarının qədim, milli geyimləri nümayiş olundu. Konfransın işində iştirak edən, bütün türk dövlətlərindən gəlmiş nümayəndələr özlərinin milli geyimlərini (qadın, kişi və uşaq) böyük həvəslə nümayiş etdirdilər.

24 sentyabr tarixi daha maraqlı idi.Yolumuz öncə Bilgə və Gültəgin xaqanın vəziri olmuş, bilici Tonyukuqun yazılı daşlarını görmək oldu. Bu yazılı daşlar Bilgə və Gültəgin xaqanın abidələrindən təxminən 360 km məsafədə-Ulan-Batordan 47 km aralı, əsas yoldan isə əlavə 11 km çöllərə doğru uzanan düzənlikdə yerləşir. Verilən mə`lumata görə,son 11 km yol Türkiyə Respublikasının vəsaiti hesabına çəkilib və abidə onlar tərəfindən mühafizə olunur. Tonyukuqa aid iki yazılı daş abidə dəmir barmaqlıqlar arasında qorunur. Bu daşlardan birinin üzərində Göytürk hərfləri ilə türk dilində yazılmış 35, digərinin üzərində isə 27 sətir yazı vardır. Göytürk yazıları Orxon əlifbası ilə yazılmışdır. 38 hərfdən ibarətdir. Bu yazılar xaqanların türk millətinə hesabat verməsi, doğru yol göstərməsi,ibrətamiz məsləhətlər və s. yanaşı, türk millətini birliyə, dövləti düşmənlərdən qorunmağa səsləyən bir çağırışdır: “Türk milləti arasında silahlı düşmən qoşdurmadım…Düşmən çox deyə, qorxmadım…Tanrı güc verdiyi üçün savaşdıq, qələbə qazandıq…”.

Göytürk kitabələri haqda ilk dəfə XIII əsrdə yaşamış Əlaəddin Ata Məlik Cüveyni “Tarih-i Cihan-güşə” əsərində mə`lumat verir. Bu kitabələri ilk dəfə 1889-cu ildə Yadrintsev oxuyub. 1891-ci ildə türkoloq alim Radlov bu yazılar üzərində araşdırma aparır və 1893-cü ilin 25 noyabrında bu yazıları oxumağa nail olur. 15 dekabr 1893-cü ildən etibarən bunları dünyaya yayır.

Buradan sonuncu 11 kilometri geri dönüb, əsas yolla bir qədər də irəlilədikdən sonra (şəhərdən cəmi 53-54 km məsafədə), uzaqdan görünən böyük təpələrdən birində dairəvi me`marlıq üslubunda tikilmiş binanın üzərində Çingiz xanın at belində nəhəng heykəlinə çatdıq. Dairəvi binanın tikilişində 36 nəhəng sütun Çingiz xandan sonra hakimiyyətdə olmuş 36 monqol xanının idarəçiliyinə işarədir. Abidənin hündürlüyü 40 metrdir. Dairəvi bina üç hündür mərtəbədən ibarətdir. İçəridə bufet, restoran, mağazalar və Çingiz xanın qamçısını, ayaqqabılarını əks etdirən nəhəng eksponatlar vardır. Liftlə tam yuxarıya–at heykəlinin üstünə qalxmaq mümkündür. Binanın zirzəmisi isə iki böyük salondan ibarət muzeydir. Birinci salonda Böyük Hun imperatorluğuna aid tunc alətlər, silahlar, bəzəklər və s.,ikinci salonda isə monqol imperatorluğuna maddi-mədəniyyət qalıqları nümayiş etdirilir. Abidənin ətrafı isə yan-yana düzülmüş 8-10 ağ çadırdan ibarət kiçik otellərdir.

Buradan yolumuz daha bir maraqlı yerə-“XIII əsr şəhəri”nə idi. 20 km asfalt yolla və təxminən bir o qədər də çöllə-torpaq yolla getməli olduq. Məqsəd XIII əsrdə monqolların hansı şəraitdə yaşadıqlarını görmək idi. Xaqanın iqamətgahına çatmaq üçün yeddi gözətçi məntəqəsindən keçdik. Bütün məntəqələr 3-5 çadırdan və çox da böyük olmayan həyətyanı sahədən ibarətdir. Sonunca şəhərcik və burada olan 5 çadır isə şamanlara aid idi. Orada şaman ayini (kamlaniya) keçirmək üçün xüsusi yer də düzəldilmişdi. Şaman çadırlarının hər biri Uzaq Şərqin müxtəlif xalqlarının şaman adətlərini və xüsusiyyətlərini özündə əks etdirir. Nəhayət xaqanın “XIII əsr şəhəri”nə çatdıq. Çox böyük həyətyanı sahəsi olan, dörd yandan gözətçi məntəqələri ilə əhatələnmiş şəhərcik 7 çadırdan ibarət idi. Mərkəzdəki böyük çadır xaqana aid olub. Xanın taxtı çadırın içərisində, baş tərəfdə qoyulmuşdu. Bu gəzdiyimiz yerlərin heç birində elektrik enerjisi yox idi. Axşam yeməyini orada yedik. Musiqi dinlədik. Gecə oradan qayıdıb, Çingiz xanın abidəsi yanında olan çadır otellərdə gecələdik. 25 sentyabr tarixində günortaya yaxın Ulan-Batora qayıtdıq. Həmin gün sərbəst gəzmək imkanı əldə etdik. 26 sentyabrda səhər Ulan-Bator-Bişkek-İstanbul-Bakı reysi ilə Vətənə qayıtdıq. O qədər gözəl təəssüratlar almışdıq ki, 12-13 saat təyyarədə oturmağımıza baxmayaraq, yorğunluq nə olduğunu bilmədik.

Oxuduqlarım və Monqolustanda gördüklərim məni bir qədər düşünməyə vadar etdi. Bu düşüncələrimin bir qismini oxucularla bölüşmək istəyirəm.

Yuxarıda sadaladıq ki, Böyük Monqol imperiyası yaranmazdan əvvəl burada Hun türklərinə, Göy türklərə və müxtəlif türk boylarına məxsus dövlət birləşmələri olub. Araşdırmaçılar belə qənaətə gəlirlər ki, imperiya yaranan zaman ərazidə yaşayan digər xalqlar bölgədə yaşayan əhalinin 8-10 %-indən artıq olmayıb. XX əsrin 70-ci illərində bir milyon, bu gün cəmi 3 milyon olan (mə`lumata görə mal-qaralarının sayı təxminən 93 milyondur) monqollar o zaman nə qədər idilər ki, 24 milyon kvadrat kilometr əraziyə səpələnmişdilər? Təbii ki, döyüşçülərinin sayı 150 min olsaydı belə, hər 24 min kvadrat kilometrə 1500 adam düşürdü(müqayisə üçün, belə çıxır ki, bugünkü Azərbaycanın ərazisində cəmi 5250 adam).Bu, hakimiyyəti saxlamağa kifayət edərdimi? Belə bir sual da meydana çıxır:monqollar necə olub ki, yüz illərlə böyük dövlətləri öz caynağında saxlaya bilib? Bəs, bu qədər türk birdən-birə yoxamı çıxdı? Axı, bölgənin qədim sakinləri olan, böyük sivilizasiyaya, hərb sənətinə malik, Mu qitəsindən yayılan, Çinin şərqində nəhəng “Ağ piramidalar” tikən, miladdan öncə və sonra dövlətlər, imperiyalar quran, yazı mədəniyyəti olan, “Altun geyimli adam”ı qızıl zirehlə bəzəyən, daha nələrə malik olan türklər hara itdilər?

Çingizxan adına Beynəlxalq Akademiyanın (Monqolustan) akademiki Anatoliy Olovinçov “Türklər yoxsa monqollar? Çingizxan dövrü” adlı kitabında 11 əsaslı dəlil gətirir ki, Çingizxan imperiyasının dövlət dili türk dili olub. O, buraya Göyük xanın dövlət möhürünü (Vatikandan tapılmış məktub), Xubilay xanın və xələflərinin məktublarını, həmçinin Çin kağız pulu “Yuan” üzərində uyğur şriftləriilə türk dilində yazılmış Xubilay xanın möhürünün olmasını  və b. misal gətirir. Həmçinin tədqiqatçı qeyd edir ki, “monqol” adlı millət mövcud olmayıb. “Monqolustan” termini siyasi anlam daşıyır. Müqayisə üçün, o, ABŞ-ı misal gətirir. Kimdir amerikalılar? Onlar ABŞ-da yaşayan afrikalılar, fransızlar, italiyanlar və b. XIII əsrdə avroasiya çölləri türklərin geniş yaşadığı ərazi olub. Onlar tatar, kereit, cəlair, nayman və s. kimi tayfalara ayrılıblar. Salnamələrin birində yazılır ki, bir dəfə Çingiz xanın qəbuluna Çin elçisi Menhun gəlir. Çingiz xan yürüşdə olduğundan elçini onun canişini Muhali qarşılayır. Çin elçisi ondan soruşur: “Sən kimsən?”. Muhali cavab verir: “Mən tatar adamıyam”. Deməli, o dövrdə tatarlar fəxri səviyyədə dayanırdılar. Çingiz xanı müxtəlif milli mənsubiyyəti olan insanlar əhatə edib. Elə ki, o, yeni dövlət qurmaq istəyir, o zaman bütün tayfaları bir millət adı altında birləşdirmək qərarına gəlir. Bəs bunları hansı ad altında toplasın? Monqolustan adı ən neytral və ucadan səslənir. “Menqu” –“əbədi” və “kol”- “ordu” kəlmələrinin birləşməsindən yaranan “Əbədi ordu”. Çingiz xan isə türkdür. Dövlət yaratdıqdan sonra isə monqol olub[10].

Deməli, tatar-monqol dəstələri dedikdə, göz önünə türk-monqol döyüşçüləri gəlir.Döyüşçülərin əsas hissəsini və çoxluğu türklərin təşkil etmələri şəksizdir. Sadəcə, monqol siyasi hakimiyyəti altında birləşiblər.Müxtəlif  mənbələrdə şimal türkləri “tatar” adlandırılıb. Türkün düşmənlərinin “tatar” adlandırdığı xalq da məhz türklərdir. “Türk” kəlməsindən çəkinənlər bizi “Azərbaycan tatarları” (“Azərbaycan türkləri” yox), Krım türklərini “Krım tatarları”, Volqaboyu türkləri “Volqa tatarları” və s. adlandırıblar.

Monqollar Azərbaycanı müxtəlif fasilələrlə 190 il (1221-1410) əsarətdə saxlayıblar. Monqol işğalları bu ölkəni zəbt edən digər yağıların işğallarından fərqlənməyib. Təbii ki, torpaqlarımıza göz tikən hər hansı millət olur-olsun, bizim düşmənimiz sayılır. Elə monqollar da onun kimi. Ərazi işğal olunub, təsərrüfat dağıdılıb, insanlar öldürülüb və s. Lakin insan hər hansı bədbəxtliyin içərisində müəyyən xoşbəxtlik də axtarır. Monqollar Azərbaycana gələn zaman burada ərəb və fars dili hakim dil olub. Yerli xalq isə öz ana dilində-Azərbaycan türkcəsində danışıb. Türk-monqollar bu dilin onlara yaxın olduğunu nəzərə alıb, dövlət yazışmalarını üç dildə-ərəb, fars və türk dillərində aparıblar. Bu da monqol imperiyasının dilinin türk dili olmasını göstərən başqa bir dəlil.

Qeyd edim ki, mən sadəcə, Monqolustanda gördüklərimi oxucularımla bölüşdüm. Bunlar əraziyə yayılmış qədim türk tarixinin və mədəniyyətinin kiçik bir parçasıdır. Gələcək tədqiqatlarda tariximizin yeni səhifələrinin araşdırılacağı şübhəsizdir.

ƏDƏBİYYAT

1.     Rəfik Özdək.Türkün Qızıl kitabı, Bakı, 1992.

2.     Путеводитель музея-резиденции Богдо хана., Улан-Батор, 2008.

3.     Национальный Музей Монголии., Улан-Батор, 2013.

4.     Рашид-ад-дин Ф. Сборник летописей. Т.I, книгавторая, M.-Л, 1952.

5.     Seyidov A.Q., Azərbaycan XIII-XIV əsrlərdə. Monqol işğalları. M/V, Bakı, 2009.

6.     Muxtarova Ə.İ., Türk xalqlarının tarixi, Bakı, 2002.

7.     Qumilyov L.N. Qədim türklər., Bakı, 1993.

8.     Гумилев Л.Н. Хунны., M., 1960.

9.     Ахундова Н.Ч., Гусейнзаде Р.А., Кавказ и великие тюркские империи. Баку, 2012.

10.       Оловинцов А.Г.Тюрки или монголы? Эпоха Чингизхана., Издательство: LEM (Лем), 2014., Оловинцов A.Г.: «Чингисхан не был монголом» – Zakon.kz., 03 июл 2013., Газ. «Мегаполис».

 

http://www.zakon.kz/4565115-v-kokshetau-gruppa-deputatov-prinjala.html.

 

Abbas Seyidov

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

tarix elmləri doktoru, professor

Qədim türklərin maddi mədəniyyəti və yazılı abidələri Fotolarda

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.