Nuhçıxandan-Naxçıvana tarix və müasirlik

Print Friendly, PDF & Email

Nuhdaban – Nuhçıxan

İndiyədək Naxçıvan sözünün mənşəyi və etimologiyası barədə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif fikirlər meydana çıxmışdır. Mənbələrdə Naxçıvan sözünün əsasən Naxsuana, Aksuana, Nəşavə, Akçıobon, Nəqçuan, Naxçirvan, Naxcivan, Nəqşi-cahan şəklində işlədildiyi barədə məlumatlar mövcuddur. Bu onomastik vahidlərin hərəsi müxtəlif tarixi mərhələlərdə yaranmış və həmin dövrün ictimai-siyasi şəraitinin nəticəsində formalaşmışdır. Belə ki, Naksuana coğrafi adı yunanlara, Aksuana saklara, Nəşəva ərəblərə, Nəxçir ifadəsi, yaxud Naxçı tayfa bildirən sözlər parfiyalılara, Nəqşi-cahan söz birləşməsi isə farslara aid mənbələrdə özünə yer almış, zaman-zaman yayılaraq genişlənmişdir. Tədqiqatçılardan Avropa yönlü araşdırma aparanlar yunan mənbələrinə, yəni Klavdi Ptolemeyin «Coğrafi təlimlər» kitabına, şərqşünaslar isə ərəbdilli və farsdilli mənbələrə üstünlük vermişlər. Fikrimizcə, digər bu tip anlayışlarla yanaşı, Naxçıvan sözünün etimologiyasını izah edərkən daha çox əcnəbi qaynaqlara istinad olunması həm də keçmiş sovet hakimiyyəti zamanı milli söyköklə bağlı məsələlərin xalqın özünə məxsus qədim mənbələr, ilkin qaynaqlar əsasında öyrənilməsinin məhdudlaşdırılması ilə bağlı olmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra nəhayət ki, bu istiqamətdə ciddi və əhəmiyyətli tədqiqatlar meydana çıxmağa başlamışdır.

 Müşahidələr göstərir ki, Muxtar Respublikanın ərazisində Naxçıvan sözü ilə səslənən yerli materiallar arasında Dünya tufanı hadisəsi ilə və Nuh peyğəmbərlə bağlı toponimlər, əfsanə və rəvayətlər çoxluq təşkil edir. Belə ki, regionda Nuhdaban, Nuhəcir (Nəhəcir), Nuhram (Nehrəm) kimi qədim yaşayış yerləri ilə əlaqədar toponimlərin, habelə Nəbi yurdu (Peyğəmbər yurdu), Qaranquş yaylağı, Naharbaşı məscidi (Ordubad) kimi yer adlarının, Peyğəmbər ayağı adlı əraziyə dair toponimlərin çağımıza qədər yaşaması burada Nuhun tufanı hadisəsinin dərin iz qoyduğunu nəzərə çarpdırır.

Fikrimizcə, qeyd olunan toponimlərin Naxçıvan diyarındakı məşhur Gəmiqayaya yaxın ərazilərdə yerləşməsi Nuhun tufanı hadisəsinin bu regionla bağlılığı etimalını daha da qüvvətləndirir. Həmin baxımdan yanaşdıqda Nuh peyğəmbərin gəmisinin son dayanacaqlarından biri kimi ehtimal olunan Gəmiqayanın sağ və sol ətəklərindəki Nürgüt, Nüvədi kimi yaşayış yerlərinin adlarının da müəyyən səviyyədə Nuh hadisəsi ilə səsləşdiyini ehtimal etmək olar. Hətta Gəmiqayanın qabaq-qənşərindəki Naxçıvandan çox da uzaqda olmayan cənub ərazilərində tərkibində Nuh elementi olan Nəhənd, Nehran, Nehram, Nəhqan kimi toponimlərin olması qeyd edilən ehtimalı gerçəkliyə daha da yaxınlaşdırır. Özündə qədim tarixin izlərini əks etdirən bu qəbildən olan çaxsaylı toponimlər Naxçıvan diyarının Dünya tufanı, Nuh peyğəmbər hadisəsi ilə əlaqədar olduğunu diqtə edir. Bütün bunlar isə Naxçıvan sözünün Nuhçıxan, yəni həzrəti Nuh peyğəmbərin gəmisinin gəlib çıxdığı məkan olduğu barədəki mülahizələrin reallığına inamı artırır. Məşhur Gəmiqaya rəsmlərində üzərində qayıq, gəmi, tufan, qasırğa təsvirlərinin geniş yer tutması da toponimlərdə yaşayan həqiqətlərin təbiət abidəsində də öz əksini tapdığına şahidlik edir.

Yer kürəsindəki Dünya tufanı hadisəsinin əhatə etdiyi coğrafiyada, heç bir ərazidə, Ağrıdağ ətrafında və ya Altayda Naxçıvandakı qədər həmin hadisə ilə səsləşən çoxsaylı mifoloji motivlərin, əfsanə və rəvayətlərin, etnoqrafik materialların, toponimlərin olması qeydə alınmamışdır. Nuh peyğəmbərin əfsanəvi gəmisinin yerə endiyi ehtimal edilən Kiçik Qafqaz dağ silsiləsinin ən uca zirvəsi sayılan Qapıçıq dağının yaxasındakı Gəmiqayadan və  ətraflardakı ərazilərdən toplanmış zəngin materiallar tarixin pozulmaz naxışlarıdır. Maraqlıdır ki, əldə edilmiş nümunələrdə Nuhun gəmisi və  Dünya  tufanı ilə bağlı ən müxtəlif məsələlərlə yanaşı, ulu peyğəmbərin və övladlarının Naxçıvan ərazisində yaşayış məskənləri salmasını, burada yaşamasını, fəaliyyət göstərməsini nəzərə çarpdıran motivlər də vardır. Məsələn, «Nuhdaban əfsanəsi»ndə deyilir ki, «Nuh Nəbi sözün qurtardı. Dayandığı yerdən bir addım irəli atdı. Ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar. Adına da Nuhdaban dedilər». Nuhla bağlı Naxçıvan ərazisindən toplanmış materiallarda ulu peyğəmbərin öz övladlarına bu ərazidəki «tüstüsüz alova bürünən», «od tutub yanan» dağların: Gəmiqaya, İlandağ və Ağrıdağın arasında yurd salmağı məsləhət görməsi motivi də öz əksini tapmışdır. Diqqətlə nəzər salsaq, Naxçıvan şəhəri də məsafə etibarilə Naxçıvan ərazisindəki Gəmiqaya ilə Türkiyə tərəfdəki Ağrıdağın tən ortasında yerləşir. Hətta XIX əsrin səksəninci illərində Naxçıvanda yaşayıb-işləmiş tanınmış rus maarifçi ziyalısı K.A.Nikitinin yerli əhali arasından topladığı materiallarda da Naxçıvan şəhərinin Nuh peyğəmbər tərəfindən salınmasına dair konkret mətləblər ifadə olunmuşdur: «Nuh hazırda Naxçıvan şəhərinin olduğu yerdə məskunlaşmışdır. O, burada gələcək şəhərin əsasını qoymuş və ailəsini orada yerləşdirmişdir. … Nuh və onun nəsli uzun illər Naxçıvanda yaşamışdır. Rəvayətə görə ilk insan nəsilləri buradan yayılmışdır. Nuhun özü, bacısı və ailənin bəzi digər üzvləri Naxçıvanda vəfat etmiş və orada dəfn olunmuşlar».

Elmi dəlillər əsasında Həzrəti Nuh peyğəmbərin məzarının da Naxçıvan şəhərində olduğu müəyyən edilmişdir. Bu barədə rus, türk və ərəb mənbələrində rəsmi məlumatlar mövcuddur. Eyni zamanda Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin 1919-1921-ci illərdə Nuh peyğəmbərin Naxçıvandakı məzarının naturadan çəkdiyi rəsmlər bu gerçəkliyi bir daha təsdiq edir. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun «Nuh peyğəmbərin Naxçıvan şəhərindəki  məzarüstü türbəsinin bərpa olunması haqqında»kı 28 iyun 2006-cı il tarixli xüsusi sərəncamı ilə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki türbəsinin mənbələrdə yazılan təsvirlərə uyğun şəkildə bərpa olunaraq yenidən ucaldılması tarixlə müasirliyin vəhdətini özündə cəmləşdirir.

Başqa bir məsələ: Fikrimizcə, Naxçıvan sözünün tərkibindəki Nax komponenti də Nuhla bağlı məna ifadə edir. Doğrudur, tədqiqatlarda Nax-dan əsasən nax-lar, yəni Nax etnosu, Nax tayfası kimi bəhs edilir. Ancaq nəzərə almaq lazımdır ki, geniş mənada bəşəriyyət dünya tufanından sonra yeni həyata Nuhun tayfasının davamı olaraq, Nuhun törəmələrinin artması ilə başlamışdır. Həzrəti Nuh peyğəmbər ayrılıqda götürülmüş bir xalqın, xüsusi bir etnik qrupun deyil, bütövlükdə bəşəriyyətin ulu babasıdır. Naxçıvan sözünün tərkibindəki Nax komponenti çox asanlıqla Nuh kimi də oxuna bilər. Məlum olduğu kimi, həzrəti peyğəmbərin hazırda türk-müsəlman dünyasında Nuh kimi yazılan və tələffüz edilən adı ayrı-ayrı qövmlərdə Noy, hətta Nox kimi də işlədilir (Q.Qədirzadə). İndi də Noy forması Avropa xalqlarının dillərində qalmaqdadır. Bizə görə Nax etnosu kimi zaman-zaman dəyişərək Nuh-Noy-Nox-Nax, yaxud da Noy-Nuh-Nəx-Nox-Nax şəklini almışdır. Azərbaycan dilində fonetik hadisə kimi x-h, yaxud da y-x, o-a səsdəyişməsi proseslərinin olduğunu nəzərə alsaq, Nuh-Noy, Nox-Nax formatındakı inkişafı təbii bir proses kimi asanlıqla izləmək və qəbul etmək lazım gələr. Yəni Nax etnosunun Nuh, Noy, Nax adları və anlayışları ilə əlaqədar olması mümkün ola bilən bir haldır. Vaxtilə akademik Ağamusa Axundov da Nax etnonimin nəticə etibarilə Nuh adından yaranması barədə ehtimal irəli sürərək yazmışdı: «Toponimin (Naxçıvan yer adının-İ.H.) birinci tərkib hissəsi Nax Nuh peyğəmbərin adının fonetik variantıdır».  

Bizim fikrimizə görə, Nuhçıxan sözü Naxçıvan adının ilk əsas variantlarından biridir. Naxçıvan ərazisindəki Kiçik Qafqaz dağları silsiləsinin ən uca nöqtəsi olan, 3906 metr yüksəklikdə yerləşən Qapıçıq zirvəsi bəşəriyyətin babası həzrəti Nuh peyğəmbərə dünya tufanından sonra torpağa qədəm basmaq üçün açılmış kiçik qapı, yaxud ilk giriş yeridir. Yaxası ilin bütün fəsillərində qarla örtülü olan Qapıçıq zirvəsi sanki dünya sularında Nuh peyğəmbərin xilaskarlıq simvolu kimi qaldırdığı ağ bayrağın rəmzi kimi də görünür. Qapıçıq, eyni zamanda, Nuh peyğəmbərin əfsanəvi gəmisinin birinci limanı, ilk dayanacağı da deməkdir. Qapıçıq zirvəsində Gəmiqayadan qaynayıb çıxan Baca bulağı çeşməsi insanlığı Dünya tufanından xilas etmiş Nuh peyğəmbərin şərəfinə qaldırılmış həyat piyaləsinə bənzəyir.  Qapıçıq nöqtəsindən süd kimi köpüklənərək dərə yenişə üzü aşağı iki min metrədək məsafədə Nəsirvaz kəndinə qədər böyük sürətlə axan Baca bulağı suları sanki Gəmiqayanın zirvəsinə qalxmaq üçün istifadə olunan alpinist kəndiridir. Ordubad rayonundakı Nəsirvaz kəndinin adı “Bilqamıs” dastanında Nuh peyğəmbərlə əlaqədar təsvir olunan Nisr dağını yada salır. Gəmiqayanın yüksək ətəyindəki Nəbi yurdu (Nuh-Nəbi yurdu) Dünya tufanından sonra artıq burada ilkin məskunlaşmanın başlandığı məkan mənasını daşıyır. Bu ərazidəki Qaranquş yaylağı Nuh peyğəmbər əsatirindəki dimdiyində dəfnə yarpağı gətirən, yaxud caynaqları palçığa batmış vəziyyətdə gəmiyə geri qayıtmış qaranquş əhvalatının yadigarıdır. Gəmiqaya rəsmlərində bir neçə vəziyyətdə qaranquş təsvirləri qeydə alınmışdır. Gəmiqaya yüksəkliyinin sağ yaxasındakı Xəzər obası toponimi Nuh peyğəmbərin oğlu Yafəsin törəmələrindən birinin adını yaşatmaqla yanaşı, ilkin məskunlaşma dairəsinin genişlənməsini əks etdirir. Haçadağ – İlandağ Nuh peyğəmbərin Dünya tufanının başa çatdığını və bəşəriyyətin yeni həyatının başlandığını  elan etdiyi möhtəşəm xitabət kürsüsü – Elandağı təəssüratı yaradır. Haçadağdan üzü arana doğru olan ərazidəki Peyğəmbər ayağı sahəsindəki 52 ayaq izi yeri, yaxud təsviri həyati proseslərin ilkin məskunlaşmadan oturaq məkana doğru inkişaf etdiyini əks etdirir. Nəhayət, Naxçıvan şəhərinin cənub hissəsindəki Nuhdaban, adından da göründüyü kimi, həzrəti peyğəmbərin artıq ayaq saxladığı, dabanını yerə basdığı, yəni oturaq həyat qurduğu yerin adıdır. Nuh peyğəmbərin məzarının da Nuhdaban adlı sahədə olması buranın çox qədim tarixə malik olduğunu göstərir.

Fikrimizcə, bu məqamda tarixşünaslıqda Sasani hökmdarları tərəfindən bizim eranın altıncı-yeddinci əsrlərində tikildiyi ehtimal edilən Köhnə Qalanın adındakı «köhnə» sözü də həmin qala divarlarının daha əvvəllərdən mövcud olduğunu, sonradan bərpa edildiyini düşünməyə müəyyən əsas verir. Xalq arasında yaşayan rəvayətlərdə Köhnə Qalanın təxminən iki min dörd yüz il bundan əvvəl Naxçıvan şəhərinin Makedoniyalı İskəndərin hərbi yürüşlərindən qorunmaq üçün tikildiyini bildirən məlumatlar da yer almaqdadır. Bununla belə, bizim ehtimalımıza görə bəlkə də Köhnə Qala ilkin olaraq Nuh peyğəmbərin məzarının – mavzoleyinin mühafizəsi üçün salınmış, tədricən Nuhdabanın-Nuhçıxanın-Naxçıvanın müdafiəsi məqsədilə genişləndirilmiş və inkişaf etdirilmişdir. Beləliklə, Qapıçıqdan, Gəmiqayadakı Nəbi yurdundan başlamış məskunlaşma prosesləri Nuhdaban oturaq məkanının salınması ilə başa çatmışdır. Nuh peyğəmbərin vəfatından sonra naxlar, nuhlar, peyğəmbərin tərəfdarları bu yeri onun şərəfinə Nuhçıxan adlandırmışlar. Naxçıvan şəhər adı da Nuhçıxandan yaranmışdır. Məsafə etibarilə çox yaxın ərazidə qədim Duzdağ mədənlərinin yerləşməsi Naxçıvanda şəhər tipli yaşayışın formalaşmasında mühüm rol oynamışdır. Mənbələrdə Duz dağının da Nuh peyğəmbər tərəfindən aşkar edilməsi və işə salınması haqqında məlumatların olması Naxçıvanda ilkin şəhərin yaranmasının qədim tarixinə dair mövcud təsəvvürləri elmi şəkildə tamamlayır. Böyük yaşayış məskəni üçün zəruri sayılan ibadət yerinin – Əshabi kəf ziyarətgahının da Nuhdabana çox yaxın məsafədə olması Naxçıvan ilkin şəhəri haqqında təsəvvürləri tamamlayır. Hətta Nuhdaban şəhər tipli yaşayış yerinin altında dərin mağara tipli sığınacaqların, kəhrizlərin mövcudluğu da ilkin şəhər mədəniyyəti mənasında Nuhdaban-Nuhçıxan-Naxçıvan ehtimalını qüvvətləndirir. Bütün bunlar Naxçıvanın ilkin səhər mənasında beş min illik qədim tarixə malik olduğunu düşünməyə əsas verir. Ona görə də dünyadakı digər qədim yaşayış yerləri kimi, Naxçıvan şəhərinin də tarixini müəyyən edərkən arxeoloji tədqiqatlarla bərabər, mifologiyaya və toponimikaya, etnonimiyaya dair materiallara da istinad etməyin, problemə kompleks yanaşmağın diqqət mərkəzinə çəkilməsi daha obyektiv yanaşma olardı.

   Azərbaycan tarixində Naxçıvan

         Çoxəsrlik tarixə malik olan Naxçıvan diyarı həmişə Azərbaycanın üzvi tərkib hissəsi olmuşdur. Naxçıvan – qədim türk-oğuz yurdudur. «Kitabi –Dədə Qorqud» dastanlarındakı yer adlarının çoxusu Naxçıvan ərazisində indi də yaşamaqdadır: Əlincə qalası, Dəvəşam, Şərur, Qaraçuq, Altuntaxt, Buğa çeşmə, Qazan göl, Sədərək, Günortac… Dədə Qorqudun Naxçıvandakı möhürləridir. Ən qədim dövrlərdə, eramızdan əvvəllərdən etibarən orta əsrlərədək Naxçıvan həmişə bir parçası olduğu ana Vətəni – Azərbaycanı təmsil etmişdir. Tarixin ən müxtəlif dövrlərində Naxçıvan Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin məsuliyyətli imtahanlarından keçmişdir. Böyük İpək Yolunun üzərində yerləşməsi bu diyarda iqtisadiyyatla yanaşı, elmin və sənətkarlığın da inkişafına səbəb olmuşdur. Naxçıvandan Şərqə: Təbriz-Həmədan-Məşhəd-Aşqabad yolları bu regiona türk-müsəlman sivilizasiyalarının axınlarını, buradan Qərbə: İrəvan-Tiflis-Batum-Ərzurum-Trabzon-İstanbul, yaxud Tiflis-Rostov-Moskva-Peterburq-Varşava yolları bura Avropa düşüncəsini gətirmişdir. Bu mənada Naxçıvan – Şərq ağırlıqlı Qərb düşüncəsini və mədəniyyətini özündə əks etdirir. Şərq müsəlman təfəkkürü də, Qərb iqtisadi-maarifçi təsəvvürləri də burada möhkəm milli əsaslara malik olan Naxçıvanın süzgəcindən keçərək özünəməxsus şəkildə həyata vəsiqə almışdır. Nəticədə Naxçıvanda qədim zamanlardan etibarən millilik və dünyəvilik baxışları aparıcı faktora çevrilmişdir.  XII əsdə bir müddət Azərbaycan Atabəyləri dövlətinin  paytaxtı funksiyasını uğurla həyata keçirməsi isə burada milli dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır.

Böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrdə tikilmiş  məşhur Mömünəxatun məqbərəsi Azərbaycan milli memarlığının daş «Xəmsə»sidir. Sonrakı əsrlərdəki Naxçıvan tüməni, Naxçıvan bəylərbəyliyi, Naxçıvan xanlığı, Naxçıvan mahalı müxtəlif tarixi mərhələlərdəki inzibati-ərazi vahidləri, dövlət qurumları regionda milli maraqların qorunub saxlanılmasında, ölkəmizin taleyində və inkişafında özünəməxsus rol oynamışdır. XX əsrin əvvəllərində Naxçıvanda qurulmuş Araz-Türk Respublikası mürəkkəb hərbi-siyasi şəraitdə bu diyarın erməni təcavüzündən xilas edilməsinə və ölkənin ərazi bütövlüyünün təmin olunmasına uğurla xidmət etmişdir. Azərbaycan Demokratik Respublikası dövründə Naxçıvan Araz-Türk Respublikasını təmsil edənlərin istiqlalçılıq idealları uğrunda mübarizəsi yeni yaranmış müstəqil dövlətin ümummilli maraqlarının qorunmasına və möhkəmləndirilməsinə etibarlı bir dəstəyin reallaşması mənasında da mühüm əhəmiyyətə malik idi. Bundan sonra bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində Naxçıvan Sovet Sosialist Respublikasının elan edilməsi əslində Sovet Rusiyasının Naxçıvanı tədricən Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-in tərkibinə daxil etmək istiqamətindəki məkrli oyunlarının təzahürü idi. Bir çox mürəkkəb və ziddiyyətli vəziyyətlərin meydana çıxmasına, dövrün tələblərindən doğan irəli-geri gedişlərin müşahidə olunmasına baxmayaraq, Azərbaycan Xalq Komissarlar Sovetinin Sədri Nəriman Nərimanovun və qısa müddətdə ölkə rəhbərliyində Xalq Ədliyyə Komissarı, Xarici İşlər Komissarı, Azərbaycan SSR-in Rusiya Sovet Federativ Respublikasındakı Fövqəladə nümayəndəsi, nəhayət Xalq Komissarlar Soveti sədrinin müavini vəzifəsində çalışmış Behbud ağa Şahtaxtinskinin möhkəm siyasi iradəsi və dönməz milli mövqeyi sayəsində atılmış məqsədyönlü tarixi addımların nəticəsində Naxçıvan bolşevik-erməni oyunlarından xilas edilmiş, Azərbaycan SSR-in tərkibində muxtariyyat statusu qazana bilmişdir. Behbud ağa Şahtaxtinski həm Rusiya mərkəzi hökumət orqanlarında, həm də Azərbaycan bolşevik təşkilatında müxtəlif vəzifələrə sahiblənmiş erməni millətçilərinin, hətta bir çox hallarda ümumi maraqlar adı altında onlara yaxın mövqedən çıxış edən bir qrup azərbaycanlı bolşeviklərin separatçı niyyətlərinin aradan qaldırılması cəbhəsində mərdliklə mübarizə aparmışdır. 

Behbud ağa Şahtaxtinski bolşevik hökumətində vəzifə daşıyan, lakin Azərbaycanın milli maraqlarına vicdanla xidmət edən vətənpərvər dövlət xadimidir. Behbud ağa Şahtaxtinski Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və başqaları kimi RSFSR qarşısında milli təslimçilik fəaliyyətini icra edən bir çox Azərbaycan bolşevik rəhbərlərindən fərqli olaraq, keçmiş İttifaq dövlət çərçivəsində olsa da müstəqillik üçün bütün bacarığı ilə çalışmış, həmin xəttin daha da inkişaf etdirilməsinə şəxsi töhfələr vermişdir. Bu görkəmli dövlət xadiminin Naxçıvanın muxtariyyat qazanması uğrunda apardığı ardıcıl və məqsədyönlü mübarizə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına xidmətin ölkə səviyyəsində mükəmməl bir nümunəsidir.

 Sovet Rusiyasının rəhbəri Vladimir İliç Leninə yazdığı bəzi məqamlarda etiraz notası kimi səslənən rəsmi məktublar Behbud ağa Şahtaxtinskinin mükəmməl siyasi təcrübəyə və yetkin diplomatik düşüncəyə və cəsarətli mövqeyə malik olduğunu aydın surətdə nümayiş etdirir. Leninə ünvanlanmış 13 avqust 1920-ci il tarixdə yazılmış məktubdakı aşağıdakı sətirlər Behbud ağa Şahtaxtlının siyasi dünya görüşü və şəxsiyyəti haqqında aydın təsəvvür yaratmağa imkan verir: «Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir. Çünki buradan bir dəmir yolu xətti İranın Maku xanlığına və oradan Türkiyənin Bəyazid şəhərinə, digər isə İranın Təbriz şəhərinə aparır. Beləliklə mühüm dəmir yol məntəqəsi kimi Naxçıvan diyarı bizi Türkiyə ilə və İranın zəngin əraziləri ilə birləşdirir. Daşnakların xeyrinə bu vacib birləşdirici məntəqədən Azərbaycan və Rusiya imtina etməməlidirlər.  …Bu diyarın Ermənistana verilməməsi xalqın özünütəyin prinsipi və Sovet Azərbaycanının  hüquqlarını pozur… Ümid edirəm ki, Sovet Rusiyasının hökuməti mənim bəyanatımı diqqətsiz qoymayacaq, Sovet Azərbaycanının və Sovet Rusiyasının özünün hüquq və maraqlarının pozulmasına yol verməyəcəkdir». Azərbaycan mərkəzi hökumətində erməni bolşeviklərinin və onların tərəfdarlarının təzyiqilə 1920-ci ilin dekabrında Naxçıvanın Ermənistan SSR-ə verilməsi barədə bəyanatlar səslənərkən Behbud ağa Şahtaxtinskinin həyatını və karyerasını böyük risk qarşısında qoyaraq  öz daxili iradəsi ilə, heç bir icazə almadan və razılaşma əldə etmədən Bakıdan Naxçıvana gəlməsi, yerli əhalinin kütləvi etirazlarını təşkil etməsi və referendum keçirilməsinə nail olması tarixdə az təkrar olunan hadisələrdən biridir. Əslində 1921-ci ilin yanvar ayında keçirilmiş referendumda əhalinin doxsan faizdən çoxunun Naxçıvanın Azərbaycan SSR-in tərkibində qalmasına səs verməsi ilə ərazinin və burada yaşayan azərbaycanlıların taleyi həll olunmuşdur. Bu mənada 1921-ci ilin yanvar referendumu Naxçıvanın Azərbaycanın tərkibində qalmasını və muxtariyyat qazanmasını təmin etmişdir.

Azərbaycanın dövlətlərarası münasibətlərində mühüm tarixi əhəmiyyəti olan 1921-ci ilin Moskva və Qars müqavilələri ölkə rəhbəri Nəriman Nərimanovun və Behbud ağa Şahtaxtinskinin ideya və əməl birliyinin mühüm tarixi hadisəsidir. Moskva və Qars müqavilələrinin hazırlanması və imzalanması prosesinə Azərbaycan tərəfdən Behbud ağa Şahtaxtinski rəhbərlik etmişdir. Qars müqaviləsində Behbud ağa Şahtaxtinskinin imzası vardır. Moskva və Qars müqavilələri ilə Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtariyyat statusu qazanması təmin edilmişdir. Moskva və Qars beynəlxalq müqavilələri Azərbaycan dövlətinin tərkib hissəsi qismində Naxçıvan Muxtar Respublikasının hüquqi-siyasi təminatıdır. Bütün bunlar 9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılmasını hazırlanmış, bu tarixi faktın həyata keçirilməsinə real zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə xidmət edən böyük tarixi hadisədir. Muxtar Respublika statusu Naxçıvanın regionda ölkəmizin ərazi bütövlüyünün mühafizə edilməsində Azərbaycan dövlətinin mövqeyinin qorunub saxlanılmasına və daha da genişləndirilməsində rolunun və imkanlarının qüvvətlənməsinə imkan yaradır.

Xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyev XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən böyük uzaqgörənliklə regionun erməni təcavüzündən xilas edilməsində beynəlxalq statusa malik Qars müqaviləsinin müddəalarını ön mövqeyə çəkmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Qars müqaviləsi əsasında apardığı məqsədyönlü dövlətçilik siyasəti müstəqilliyin başlanğıc illərində Azərbaycan-Türkiyə münasibətlərinin, region dövlətləri ilə əlaqələrin yenidən qurulmasında, Muxtar Respublikanın ərazi taleyinin beynəlxalq hüquq çərçivəsində həll edilməsində dünya ictimaiyyətinin problemə ciddi münasibət bəsləməsinin təmin edilməsində mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 oktyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibətilə keçirilmiş təntənəli yığıncaqdakı tarixi nitqində muxtariyyat tarixinə və bu siyasi-hüquqi statusun müasir əhəmiyyətinə verdiyi qiymət beynəlxalq hüququn da, Azərbaycan reallıqlarının da mahiyyətini aydınlaşdırır: «Naxçıvanın muxtariyyatı tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mubarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün… Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur.  Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyatını gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir». Çox məsuliyyətli, mürəkkəb və gərgin hərbi-siyasi şəraitdə Naxçıvan Muxtar Respublikasının erməni işğalından xilas edilməsi, regionun siyasi-hüquqi təminatının möhkəmləndirilməsi, burada iqtisadi böhranı aradan qaldırması görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycana əvəzsiz xidmətlərindən biridir. Naxçıvan Muxtar Respublikasının qorunub saxlanılması Azərbaycan dövlətinin sərhədlərinin bütövlüyünün təmin edilməsi uğrunda mübarizənin mühüm tarixi səhifəsidir. Böyük dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 17 noyabr 1990-cı il tarixdə keçirilmiş sessiyasında hələ Sovetlər İttifaqı dağılmamış üç rəngli Azərbaycan bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi Azərbaycanın istiqlal tarixinin çox şərəfli hadisəsidir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası formatında qəbul olunmuş rəsmi siyasi-inzibati tərkibdən «Sovet Sosialist» sözlərinin çıxarılmasına qərar verilməsi də böyük siyasətin reallığı və siyasi uzaqgörənliyin əməli ifadəsidir. Həmin dövrdə məhz böyük dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi ilə həmrəy olan xalqın yekdil qərarı ilə SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvanda təşkil edilməməsi  milli istiqlala xidmətdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışı ilə ölkə miqyasında böyük xilaskarlıq missiyası və bütövlükdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi vəzifələri qətiyyətlə və məqsədyönlü şəkildə həyata keçirilmişdir. Ölkəmizin digər regionları ilə bir sırada Azərbaycan Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikası da ulu öndər Heydər Əliyevin müdrik siyasətinin işığında özünün yeni inkişafı üçün real və etibarlı təminat qazana bilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün regionların, o cümlədən də Naxçıvan Muxtar Respublikasının ardıcıl olaraq, hərtərəfli və sistemli şəkildə inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində böyük proqramların həyata keçirilməsini təmin edir. Naxçıvan Muxtar Respublikası hazırda inkişafdan böyük intibaha doğru özünün yeni yüksəliş dövrünü yaşayır.

 Yeniləşən Naxçıvan

Azərbaycanın müstəqillik epoxasının ən böyük göstəricilərindən  biri də Naxçıvan Muxtar Respublikasının müasir yüksək inkişafıdır. Naxçıvan Muxtar Respublikasının hərtərəfli və sürətli inkişafı müstəqil Azərbaycan dövlətinin mühüm nailiyyətidir. Naxçıvan Muxtar Respublikasının müasir inkişaf səviyyəsi özünəməxsus çətinlikləri olan blokada şəraitində də böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etməyin mümkünlüyünün isbatıdır. Muxtar Respublikanın paytaxtı qədim və çoxəsrlik tarixə malik Naxçıvan şəhəri Avropanın inkişaf etmiş regional mərkəzləri ilə müqayisə oluna bilər. Naxçıvanda ordu quruculuğu da, aqrar siyasət də, sənayeləşmə də uğurla həyata keçirilməkdə davam edir. Naxçıvanın ən yüksək standartlara cavab verən gömrük xidməti sərhəd qapılarında ölkəmiz haqqında yüksək təsəvvür yaradan, iqtisadi təhlükəsizliyə təminat verən mühüm giriş nöqtələridir. Naxçıvanın duzu, mineral suları, dərman bitkiləri, Naxçıvan avtomobili… böyük bazarda özünəməxsus çəkiyə malikdir. Naxçıvan şəhərindəki beşulduzlu Təbriz və Duzdağ otellərinin beynəlxalq turizm üçün hər cür imkanları vardır. Milli mədəniyyətin aparıcılığı ilə və Şərq-Qərb mədəniyyətlərinin ənənələrinin sintezi əsasında yenidən qurulan Naxçıvan şəhəri şəhərsalmanın yeni modelini özündə cəmləşdirir. İndi nəinki Naxçıvan şəhərində, eyni zamanda Şərurda və Ordubadda da çox rahatlıqla beynəlxalq səviyyəli tədbirləri həyata keçirmək mümkündür. Türkdilli ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilməsi, region dövlətlərinin xarici işlər nazirlərinin Naxçıvanda toplaşması, bir çox rəsmi nümayəndə heyətlərinin Naxçıvana səfərləri Muxtar Respublikanın geniş mənada Azərbaycan üçün həm də yeni xarici siyasət məkanına çevrildiyini nümayiş etdirir. Dünyanın və Azərbaycanın görkəmli alimlərinin bir çox beynəlxalq elmi tədbirlərdə, «Uluslararası qaynaqlarda Naxçıvan» (1996), «Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan» (2009), «İlkin şəhər və Duzdağ» (2012) və sair kimi aktual məsələlərə həsr edilmiş simpoziumlarda Naxçıvanda müzakirələr aparmaları Naxçıvanın həm də cəlbedici elmi mərkəzlərdən birinə çevrildiyini əyani şəkildə nümayiş etdirir.

 Naxçıvan Dövlət Universiteti dünyada müasir tipli ali məktəb səviyyəsinə örnəkdir. Dünyanın 10 ölkəsindən tələbələri olan, ölkəmizin bütün regionlarını təmsil edən gəncliyi özündə birləşdirən Naxçıvan Dövlət Universiteti beynəlxalq universitetlər mühitində qəbul olunan və ölkəmizdə özünəməxsus nüfuz qazanmış ali məktəbdir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi özünün elmi məktəblərini yaratmaq yollarında inamla inkişaf edir. Son illərdə çap olunmuş çoxcildli ensiklopediyalar və antologiyalar, monoqrafiyalar və atlaslar Azərbaycan elminin Naxçıvan məktəbinin böyük uğurlarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 avqust 2012-ci il tarixli sərəncamı əsasında hazırlanmış və «Əcəmi» nəşriyyatında 2013-cü ilin axırlarında nəşr edilmiş 3 cildlik «Naxçıvan tarixi»nin birinci cildi qədim diyarın möhkəm elmi əsaslara malik mükəmməl tarixi salnaməsini yaratmaq istiqamətində atılmış böyük addımdır. Azərbaycan Milli Elmlər Akademiyasında və Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən elm adamlarının çoxillik axtarışlarının nəticəsi kimi meydana çıxmış və zəngin elmi mənbələrlə yanaşı, həm də nadir yerli tədqiqat materialları əsasında yazılmış «Naxçıvan tarixi» Azərbaycan tarixşünaslığına qiymətli əlavədir.

    Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvanşünaslıq Mərkəzində yaradılmış elektron kitabxanalar dünyanın ən müasir elmi mərkəzlərinə və kitabxanalarına çıxış imkanlarına malikdir. Naxçıvanın universitet görkəminə malik olan bütün ali və orta məktəbləri ən müasir informasiya texnologiyaları ilə təchiz edilmişdir. Yeni salınan Naxçıvan Özəl Universiteti kompleksi XXI əsrin universitet quruculuğunun əsas göstəricilərini özündə əks etdirir.

Azərbaycan bəstəkarlığının və ölkə rəssamlığının Naxçıvan məktəbi vahid ümummilli mədəniyyətimizi zənginləşdirən töhfələr verə bilir. Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatını milli düşüncəni inkişaf etdirən əsərlərlə daha da zənginləşdirir. Hazırkı dövrdə ədəbi prosesdə bu diyardan Azərbaycana və dünyaya ucalmış böyük demokrat ədib Cəlil Məmmədquluzadənin, tarixi roman məktəbinin yaradıcısı Məmməd Səid Ordubadininın, romantizm ədəbi cərəyanının banisi Hüseyn Cavidin adı və ölməz sənəti ilə bağlı ənənələrin müsirlik ruhunda yaradıcılıqla davam etdirməyin məsuliyyəti yaşamaqdadır. Hələ 1883-cü ildən fəaliyyətə başlamış Naxçıvan teatrı bütövlükdə Azərbaycan teatrının əsas inkişaf mərkəzlərindən biridir. Son illərdə Naxçıvan teatrında Üzeyir Hacıbəyovun “Koroğlu” operasının qoyulması ölkə miqyaslı böyük mədəniyyət hadisəsidir. Naxçıvan Dövlət Universitetinin “Bəstəkarlıq” kafedrasının müəllimi Yaşar Xəlilovun “Əshabi-Kəhf” baletinin meydana çıxması regionda müasir mədəniyyətin inkişafına daha bir nümunədir. Bir sözlə, Azərbaycanın bu tarixi ərazilərində müasir həyat və ictimai-ədəbi mühit daim yeniləşir və inkişaf edir. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin yeni epoxadakı məqsədyönlü, düşünülmüş siyasətinin və müasir inkişafının mühüm göstəriciləridir. Bir neçə ölkənin coğrafiyasını əhatə edən bir regionda Azərbaycanın dövlətçilik maraqlarının qorunması və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Muxtar Respublikanın ölkə qarşısında məsuliyyətli bir hesabatıdır. Müstəqil Azərbaycan dövlətinin siyasətinin uğurla həyata keçirilməsi, regionda böyük quruculuq proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi, maarifçilik hərəkatının genişləndirilməsi, müasir inkişafın təmin edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çoxillik dövlətçilik təcrübəsinin, böyük əməllə əsil sədaqətin  vəhdəti olan yorulmaz fəaliyyətinin real nəticələridir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında aparılan geniş miqyaslı işlərə həmişə yüksək qiymət vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi, «Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər  görə bilər».

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən böyük quruculuq proseslərinə verdiyi qiymət aşağıdakı sözlərdə öz əksini tapmışdır: «Azərbaycanın digər bölgələri də inkişaf edir, amma Sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir… Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir».

Naxçıvan Muxtar Respublikasının 90 yaşının tamam olması Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsidir. Naxçıvanda müasir inkişafın böyük təzahürləri Azərbaycanın dövlət müstəqilliyinin uğurudur. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində əldə olunan parlaq nəticələr qədim ənənələrə malik olan bu diyarın müstəqil Azərbaycan dövlətinə sanballı töhfələridir. Nuhdabandan, Nuhçıxandan başlanan böyük yolların, əsrlər boyu formalaşmış möhkəm təməllərin üzərində ucalan müasir Naxçıvan yeni Azərbaycanın qiymətli bir əsəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik  yübileyinin keçirilməsi haqqındakı 14 yanvar 2014-cü il tarixli sərəncamı ölkəmizin ayrılmaz tərkib hissəsi olan bu qədim diyarın tarixi nailiyyətlərinin və müasir inkişafının qiymətləndirilməsinə dövlət səviyyəsində göstərilən yüksək münasibətin ifadəsidir. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd ounması ölkəmizdə milli-mənəvi özünüdərk proseslərinin, ərazi bütövlüyü amalının daha da dərinləşməsinə, azərbaycançılıq  ideyasının möhkəmləndirilməsinə meydan açan əhəmiyyətli böyük siyasi tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında» sərəncamında deyildiyi kimi, «Azərbaycanın qədim bölgəsi Naxçıvan çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik Muxtar Respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir».

Azərbaycanın ayrılmaz bir parçası olan 5 min illik yaşa malik qədim Naxçıvanın muxtariyyatının 90 illiyi mübarək olsun! Daha böyük uğurlar!

İsa HƏBİBBƏYLİ,

 Azərbaycan Milli Elmlər

Akademiyasının vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.