Naxçıvan folkloruna həsr edilmiş dəyərli monoqrafiya

Print Friendly, PDF & Email

Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil, və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şö’bəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Rüfət oğlu Hüseynzadənin “Elm və təhsil” (2016) nəşriyyatı tərəfindən çapdan çıxmış “Naxçıvan folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiyası, Azərbaycan folklorşünaslığına, o cümlədən Naxçıvan folklorunun öyrənilməsinə dəyərli bir  töhfədir.

Naxçıvan folklorunu dərindən öyrənməyi, ciddi tədqiq etməyi Ulu Öndərimiz Heydər Əliyev bir vəzifə kimi qarşıya qoymuşdur. O,  2002-ci ildə AMEA-nın Naxçıvan Bölməsinin açılışında etdiyi çıxışında qeyd edirdi ki, “Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənil­məyibdir… Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi – həm təbiətinin, həm adət-ən’ənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür” .

Monoqrafiyanın redaktoru filologiya  üzrə elmlər doktoru, Seyfəddin Rzasoy, rəyçiləri – tanınmış folklorşünas mərhum  Rafiq Babayev, AMEA-nın müxbir  üzvü, professor Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlıdır.

Qeyd  edək ki, Naxçıvan qədim və zəngin mədəniyyətə malik olmaqla, bəşər sivilizasiyasının, şəhər mədəniyyətinin ilk beşiklərindən biri kimi həmişə regionun mədəni, iqtisadı, siyasi həyatında mühüm yer tutmuş və özünün zəngin arxeoloji, etnoqrafik, xüsusilə  folklor qaynaqları ilə tədqiqatçıların diqqətini cəlb etmişdir. Naxçıvanda Nuh Peyğəmbərin məzarı, Əshabi-Kəhf mağarası, Türkün oğlu Əlincə xanın adını daşıyan Əlincə qalası, Çalxanqala, Gəmiqaya, Haçadağ kimi dağlarda həkk olunmuş kitabələr, Naxçıvan ərazisində hələ miladdan 6 (altı) min il əvvəl türk-oğuz tayfalarının yaşadığını təsdiq və təsbit edən faktlardır. Arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət sənədləri Naxçıvanın 3500-4000 illik tarixini alimlər təsdiq və təsbit etmişdir. Bütün Naxçıvanda qədim türk-oğuz tayfalarının o cümlədən ata sözləri yaranmışdır. Oğuznamələrdə, Dədə Qorqud dastanlarında, oğuz-Kağan dastanında, daha çox qədim türk yazılı abidələrində əks etdirilmiş atalar sözlərinin Naxçıvan atalar sözləri ilə uyğunluğu bir tərəfdən atalar sözlərinin qədimliyini, digər tərəfdən də böyük türk dünyası ilə sıx bağlı olduğunu göstərməkdədir.

Deyə bilərik ki, xalqın ilkin mədəniyyəti, mənəviyyatı ilkin düşüncə tərzi, dünyaya, həyata sistemli baxışı folklor nümunələrindən, xalq müdrikliyindən  başlayır və bu nümunələrdə öz parlaq ifadəsini tapır. Naxçıvan folkloru öz zənginliyi, qədimliyi, xüsusilə mə`na dəyəri ilə seçilir,  semantik anlamı ilə həm filoloji, həm də elmi-ictimai əhəmiyyəti ilə xüsusi dəyər kəsb etməkdədir.

Bu baxımdan Naxçıvan folklor mühitinə məxsus mətnləri toplamaq, təhlil etmək, oradakı adların semantik xüsusiyyətlərini tədqiq etmək, əlbəttə, çox aktual və əhəmiyyətlidir. Bu qədim diyarın folklorunu öyrənmək, və araşdırmaq nəinki folklorşünaslığımızın zənginləşməsinə bir töhfədir, həmçinin böyük ictimai, siyasi əhəmiyyət kəsb edən bir məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İ.H.Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illiyi münasibətilə imzaladığı sərəncamda bu barədə deyilir: “…Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvan tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ən’ənələrinə malik olan bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”. Qədim Naxçıvan diyarının bütün sahələrinin, o cümlədən zəngin ədəbiyyatının, mədəniyyətinin, folklor və etnoqrafiya­sının hərtərəfli, geniş və ətraflı öyrənilməsi zərurəti, Naxçıvan folklor mühitinin ətraflı və sistemli tədqiqini, onun problematik şəkildə araşdırılmasını daha da  aktuallaş­dırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvanın tarixinə, mədəniyyətinə, xalq yaradıcılığına, folkloruna daim xüsusi diqqət və qayğı göstərməsi və bu məsələlərlə bağlı verdiyi sərəncamlar, xüsusilə nəşr edilən çoxcildlik “Naxçıvan folkloru antologiyası” Naxçıvan folklorunun öyrənilməsinə, təbliğinə diqqəti xeyli gücləndirmişdir.

Monoqrafiyadan mə`lum olur ki, müəllif tərəfindən Naxçıvan folklor nümunələri toplanmış, təhlil edilmiş, yaşlı insanlarla, folklor biliciləri ilə söhbətlər  aparılmış, onların yaddaşlarında qalan xalq müdrikliyi nümunələri, kağıza köçürülmüş,  habelə audio və video lentlərinə alınmışdır.

Müəyyən еdilmişdir ki, Naxçıvan fоlklоr mətnlərindəki adlar, оbrazlar və ideyalar Naxçıvanın tarixi ilə, adət və ən’ənələri, məişəti, həyat tərzi, inancı, habelə təbiəti və cоğrafiyası ilə sıx bağlıdır. Ümumtürk fоlklоru nümunə­lərinin müqayisəli şəkildə araşdırılması nəticəsində müəyyən еdilmişdir ki, qədim dövrlərdə şəxs adı оnun cəmiyyətdəki mövqеyindən asılı оlmuşdur. Əsərdə Naxçıvan folklor mətnlərində ad sistеmlərinin tarixi kеçmişi, inkişafı ətraflı şərh еdilmiş və onların  səciyyəvi cəhətləri üzə çıxarılmışdır. Naxçıvan folklor mətnlərində ayrı-ayrı adların, оbrazların və оnları sistеmli şəkildə əks еtdirən strukturun sеmantik təhlili vеrilmiş, bir sıra adların inamlarla, inanclarla  bağlılığına aydınlıq gətirilmişdir.

 Araşdırmalardan mə`lum olmuşdur ki, Naxçıvan folkloru ortaq türk ağız ədəbiyyatı ilə üzvi şəklidə bağlıdır. Belə ki, tоplanmış matеrialların ümumtürk xalqlarının fоlklоr mətnləri ilə müqayisəli öyrənilməsi nəticəsində adlar sistеmində sıx bağlılıqlar, ümumi qanunauyğunluqlar, semantik yaxınlıqlar və ya eyniliklər olduğu aşkar edilmişdir. Bə`zi Naxçıvan folklor nümunələri, xüsusilə Nuh peyğəmbərlə bağlı olan əfsanə və rəvayətlər Şumer folkloru ilə eyniyyət təşkil  edir. Beləliklə monoqrafiyadan çıxarılan nəticəyə əsasən demək olar ki –  

– Naxçıvan folklor nümunələri Naxçıvan diyarının zəngin mədəniyyətə və qədim tarixə  malik olmasını təsdiq edir.

– Naxçıvan folklor nümunələri Naxçıvanın tarixi, coğrafiya­sı, təbiəti, etnoqrafiyası ilə sıx bağlı olub, insanlarının məişəti, həyat tərzi və düşüncəsini əks etdirir.

– Naxçıvan folklor mətnlərində xüsusi əhəmiyyət kəsb edən adların semantikasının tədqiqi, folklorun yaxşı mənimsənil­məsinə və ona müxtəlif yönlərdən yanaşılmasına kömək edir.

– Müqəddəs ziyarətgah olan “Əshabı-kəhf”, onunla bağlı Naxçıvan rəvayətləri və oradakı adların semantik təhlili təsdiq edir ki, adı Qurani- Kərimdə zikr olunan “Əshabı-kəhf” Naxçıvandadır.

– Nuhun tufanı ilə bağlı Naxçıvan əfsanə və  rəvayətlər Şumer əfsanələri ilə üst – üstə düşür. Mə`lum olur ki, qədim Şumerler özlərinə Kəngər demişlər ki, Kəngərlilər də Naxçıvan tayfalarının adlarından biridir. Kəngərlilər Dədə Qorqud dastanlarında və “Oğuznamələr”də “Kanqlı”, “Qanqlı”, Qanlı” kimi təsvir olunur.

– Naxçıvan folklor mətnlərində adı keçən Nəhəcir, Nehrəm, Nəsirvaz toponimləri Nuh peyğəmbərin adı ilə bağlıdır. Naxçıvan toponiminin də Nuhla bağlı olduğu ehtimallarımızı doğruldur. Naxçıvan – “Nuhçıxan” sözü ilə sıx əlaqəli olduğu təsdiqlənir. Nuhun qəbri də Naxçıvandadır. Məzarı üzərində Əcəmi Naxcıvani  me`marlıq üslubuna  uyğun möhtəşəm məqbərə ucaldılmışdır.     

– Dədə Qorqud dastanlarında adı keçən 50-yə yaxın yer, tayfa adlarının Naxçıvanda və ona yaxın ərazilərdə olması və buradakı adların semantikası bu məkanın qədim türk-Oğuz yurdu, Dədə Qorqud məkanı olduğunu təsdiqləyir. Belə ki, dastanda adı keçən Şərur-Dərələyəz, Qaraçux, Altuntaxt, Dərəşam, Qazan, Əlincə Qalası və s. adlar  Naxçıvan bölgəsindədir.  

– Naxçıvanda Gəmiqaya, Köhnə Qala, Oğlan qala, Əlincə qalası, İlanlı dağ, Qara təpə, Əshabi-kəhf, Nuhtaban-Nuhun məzarı kimi müqəddəs tarixi yerlərlə bağlı əfsanə və rəvayətlər, buradakı adların mə`naları Naxçıvan diyarının dünyanın ən sivil və  ən qədim yaşayış məskənlərindən biri olduğunu  sübut edir.

 

Pedoqoqika elmləri doktoru, professor

                                         Rüfət Hüseynzadə 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.