Hara gedİr bu dünya

Print Friendly, PDF & Email

Hazırda dünya əhalisinin sayı 8,7 milyarddır. Əhali artımı hər il 90 milyondan çox olur. Bu gedişlə 2050-ci ildə dünya əhalisinin sayının 10 milyard nəfərə çatacağı gözlənilir.

Hal bu ki, XIX əsrin əvvəllərində Yer kürəsində cəmi 1.6 milyard əhali var idi.

Eramızın əvvəlində Yer üzündə yaşayan əhalinin sayı 230 milyon nəfər, 1000-ci ildə 305 milyon nəfər, 1300-cü ildə 384 milyon nəfər, 1500-cü ildə 440 milyon nəfər, 1650-ci ildə 545 milyon nəfər, 1800-cü ildə 906 milyon nəfər, 1850-ci ildə 1.250 milyon nəfər, 1900-ci ildə 1.6 milyard nəfər, 1920-ci ildə 1.8 milyard nəfər, 1940-cı ildə 2.3 milyard, 1950-ci ildə 2.6 milyard nəfər, 1960-cı ildə 3 milyard nəfər, 1964-cü ildə 3.2 milyard nəfər… 1990-cı ildə 5.3 milyard nəfər, 2000-ci ildə 6.1 milyard nəfər, 2011-ci ildə 7 milyard nəfər olmuşdur.

…ABŞ alimləri planetimizin 7 milyardıncı sakinin nə vaxt dünyaya gələcəyini hesablamışdılar. Onların fikrincə bu, 2012-ci ilin oktyabrın 18-də Qrinviç vaxtı ilə gecə saat 00-36 da baş verməli idi. Hesabat aparılan vaxt dünyada 6.8 milyard insan var idi.

16 dekabr 2011-ci ildə “Xoşbəxtliyə gedən yol” kitabım çapa gedərkən “Gündəm” xəbər qəzetinin 02 noyabr 2011-ci il tarixli 174 saylı nəşrindəki bir yazı diqqətimi cəlb etdi. Həmin yazını sizə təqdim edirəm.

“7 milyardıncı insan davası başladı”. Filippinin paytaxtı Manilada dünyaya gəlmiş Danika adlı qızı BMT dünyanın 7 milyardıncı sakini elan edəndən sonra hay-küy qopub.

İş ondadır ki, bir neçə ölkə “7 milyardıncı” insanın doğulduğu ölkə adına iddialıdır.

Hindistandan İngiltərəyə mühacirət edən və Londonda ana olan Jasmin Xərimin dediyinə görə onun oğlu Peter Bəşir Yer kürəsinin 7 milyardıncı insanıdır.

Moskva isə bəyan edir ki, xeyr, Rusiya vətəndaşı Mariya Nikolayevnanın dünyaya gətirdiyi Pyotr adlı oğlan uşağı dünyanın 7 milyardıncı sakinidir.

Yunanıstan Gorq Dükasın bu ada layiq olduğunu deyir.

Hindistan da bu çəkişmədən geri qalmamaq üçün Uttar Pradeş ştatında Acay və Vanita Yagavın dünyaya gəlmiş qızları Nərgizi “dünyanın 7 milyardıncı sakini” elan edib.

Bu dünyadan nəyi desən gözləmək olar. Dünyaya sahib olmaq istəyiriksə iradəli, dözümlü, xoş niyyətli olmalıyıq.

Arzum budur ki, dünyada müharibələr yox, 10 milyardıncı sakinin anadan olduğu ölkə adı üstündə daha çox çəkişmələr aparılsın.

Bu yazını hazırlayarkən 1985-ci ildə cib dəftərçəmdə etdiyim bir qeyd qarşıma çıxdı. Onu qısa şəkildə oxucularımla paylaşıram.

“Demoqrafiya” anlayışı ilk dəfə 1855-ci ildə fransız alimi A. Qiyar tərəfindən işlədilmişdir. Demoqrafiya – əhali haqqında ictimai elmdir. O əhalinin yerdəyişməsinin, strukturunun inkişafının ictimai-tarixi şərtlərini, səbəblərini, qanunauyğunluqlarını tədqiq edir…

 

… Tanınmış ingilis tədqiqatçısı R. Kalder belə hesab edir ki, əhalinin sürətlə artması öz təhlükəliliyinə görə atom silahı ilə müqayisə oluna bilər.
Alman alimi F. Baadenin hazırladığı cədvəl, əhalinin sistematik artımı haqqında aydın təsəvvür yaradır.

 

Tarixi dövrlər Artım Əhalinin sayının təxminən 2 dəfə artmasına sərf olunan müddət
e.ə 7000-4500 10-20 mln arası 2500 il
4500-2500 20-40 mln 2000 il
2500-100 40-80 mln 1500 il
1000-0 80-160 mln 1000 il
b.e 0-900 160-320 mln 900 il
900-1700 320-600 mln 800 il
1700-1850 600-1200 mln 150 il
1850-1950 1200-2500 mln 100 il
1950-1990 2500-5000 mln 50 il

Tədqiqatçıların fikrinə görə IX əsrdə Yer kürəsinin əhalisi təxminən 250 milyon nəfər olmuşdur. Bu əsr tarixdə durğunluq müharibələr, quraqlıqlar və epidemiyalar əsri kimi qeyd edilir, xəstəliklər və kütləvi ölümlərlə səciyyələndirilir. X-XIII əsrlər isə bəşər tarixində tərəqqi və əhali artımı dövrü kimi xarakterizə edilir.

1974-cü ildə Yer kürəsinin əhalisi dəqiqədə 150 nəfər, saatda 9000 nəfər, gündə 216 min nəfər, ayda 6.5 milyona yaxın, ildə 78 milyon nəfər artmaqda idi.

1981-ci ildə isə dünyanın əhalisi dəqiqədə 172 nəfər, saatda 10 min nəfər, gündə 250 min nəfər, ayda 8 milyon, ildə 90 milyon nəfər artmaqda idi.

Beynəlxalq ekspertlərin məlumatına (2010-cu il) görə planetimizdə 1 dəqiqədə 150, gündə 220 min, ildə 80 milyon nəfər insan dünyaya gəlir.

BMT-nin 1985-ci il hesabatına görə 1800-cü ildə dünyada əhalisinin sayı 1 milyondan artıq heç bir səhər olmadığı halda, 1970-ci ildə milyonçu şəhərlərin sayı – 180, 1984-cü ildə ABŞ-da – 18, Çində – 1, Yaponiyada – 9, Hindistan və İtaliyada – 4, İngiltərə və Fransada – 3, 1985-ci ildə milyonçu şəhərlərin sayı dünya üzrə – 270 olmuş, hal-hazırda isə 400-ə yaxındır. Hazırda əhalisinin sayı 10 milyon olan şəhərlər sırasına Qahirə, Karaçi, Manila, Cakarta, Pekin, Şanxay, Nyu-York və başqaları daxildir.

… BMT-nin məlumatına (2008-ci il) əsasən Dünya Əhalisinin sayı 2020-ci ildə 8.8 milyarda, 2050-ci ildə 11.081 milyarda, 2100-cü ildi 12.257 milyarda çatacağı gözlənilir.

Danimarkalı alim İ. İ. Babilyanın hesablamalarına görə insan həyatının son 5550 illik tarixi ərzində 14513 müharibə olmuş və bu müharibələrdə 3 milyard 640 milyon nəfər insan məhv olmuşdur. Bu, indi yer üzündə olan insanların yarısını təşkil edir.

Mütəxəssislər hesablamışlar ki, 1850-ci ildən 1960-cı ilə qədər müharibələr, epidemiyalar, aclıqlar olmasaydı 1960-cı ildə dünya əhalisinin sayı 3.5 milyarda çatardı.

Yer üzündə illik insan artımı 90 milyon nəfərdir. Hal bu ki, ikinci dünya müharibəsində insan itkisi 100 milyon nəfər hesab olunur. Bunun 55-60 milyon nəfəri insan tələfatı olmuşsa, 40-45 milyon nəfəri müharibə illərində doğumun azalması və s. itkilər sayılır. Beləliklə müharibə nəticəsində insan itkisi bir illik artıma bərabərdir.

Ümumiyyətlə, Yer kürəsində insanların artması texniki tərəqqi ilə bağlıdır. Çünki, əgər insanların sayının 1 milyarda çatması üçün 500 min il vaxt keçmişsə, təkcə 50 il ərzində (1920-1970) dünya əhalisinin sayı 2 dəfə çoxalmışdır.

Dünya əhalisinin 733 milyon nəfəri Avropada, 3 milyard 737 milyon Asiyada, 307 milyonu Şimali Amerikada, 505 milyonu Latın Amerikasında, 790 milyonu Afrikada, 30 milyonu isə Avstraliya və Okeaniyada yaşayır.

Hazırda dünyanın müasir siyasi xəritəsində 250-dən çox ölkə və ərazi var.

Dünyada 3000-dən çox xalq var. Bunlardan 1200-ə yaxını Asiyada, 1100-ə yaxını Afrikada, 600-ə yaxını Amerikada, 120-i Avropada, 130-a yaxını isə keçmiş SSRİ-də idi.

Dünyada 3000 dildə danışırlar.

Dünya əhalisinin 2.2 milyard nəfəri – 32 faizi xristian, 1.6 milyard nəfəri – 23 faizi müsəlman, 1 milyard nəfəri – 15 faizi hindusıar, 500 milyon nəfəri – 7.1 faizi buddistlər, 14 milyon nəfəri – 0.2 faizi yəhudilərdir.

… Tarixən müəyyən ərazidə yerləşən insan qrupuna irq deyirlər. Hər irqin özünə məxsus rəngi, ölçüsü, bədən forması və başqa səciyyəvi əlamətləri var.

Dünya əhalisi 4 irqə ayrılır: avropoid – Avrasiyada, monqoloid – Asiyada, Amerikada, avstroloid və neqroid – ekvatorda yerləşmişdir.

Bunlardan 30-dan çox kiçik irqə ayrılanlar var. İrqlərin əlamətləri coğrafi ərazinin təsiri altında formalaşmışdır və “orqanizm – mühit” baxımından maraqlıdır.

Dünya insanlarının 58.8 faizi Asiya-Sakit Okean bölgəsi, 11.9 faizi Sahara səhrasından cənubda, 8.6 faizi latın Amerikasında, 4.9 faizi Yaxın Şərq və Şimali Amerikada yaşayırlar.

Asiya və Sakit Okean bölgəsi dünyadakı müsəlmanların 62 faizinin yaşadığı məkandır. Müsəlmanların 20 faizi Yaxın Şərq və Şimali Amerikada, 16 faizi Sahara səhrasından cənubda yaşayırlar.

Avropa ölkələrini əhalisinin cəmi 2 faizi müsəlmanlardır.

Əhalisinin əksəriyyəti müsəlman olan 49 ölkənin 19-u Yaxın Şərq və Şimali Amerikadadır.

Xristianların 26 faizi Avropada, 24 faizi latın Amerikası və Karib hövzəsində, 24 faizi Afrikanın Sahara səhrasının cənub bölgəsində, 20 faizi Cənubi Amerikada yaşayırlar.

Xristianların 87 faizi onların əksəriyyət təşkil etdiyi 157 ölkədə yaşayırlar.

Hindusların 97 faizi Hindistan, Nepal, Birma, Laos və Vyetnamda yaşayırlar.

Buddizm dini (300 milyon nəfər) Mərkəzi Cənub-Şərqi və Cənubi Asiyada yayılmışdır.

Hazırda hər birinin sayı 100 milyon nəfərdən çox olan 12 xalq vardır (Çin, Hind, Ərəb, Türk, Rus, Amerikan, Benqal, Yapon, Braziliyalı, Pəncablı, Buharlı, Meksikalı). Bu xalqlar dünya əhalisinin 65 faizini təşkil edir.

Dünyada milli dinlər (yəni bir xalq tərəfindən etiqad edilən dinlər) də mövcuddur. Məsələn, İnduizm Hindistanda (600 milyon nəfər), konfusiçilik Çində, Sintoizm Yaponiyada, İudaizm İsraildə din kimi yayılmışdır.

Yəhudilərin 44 faizi Şimali Amerikada, 41 faizi İsraildə yaşayır.

Hər hansı bir dinə inanmayanlar, yəni ateistlər isə dünya əhalisinin 16.3 faizini təşkil edir.

Dünyadakı hər 10 insandan 8-i hansısa dini qrupun tərkibindədir. Yəni insanların 80 faizdən çoxu dindardır.

Dünyada heç bir dini qrupa aid olmayan 1.1 milyard insan var.

Alimlərin fikrincə, planetimizdə yaşayan insanların ümumi çəkisi 287 milyon tondur. Hazırda dünyada ən çox çəkisi olan insanlar ABŞ-da yaşayırlar. 2050-ci ildə dünyada beynəlxalq miqrantların sayı 405 milyon nəfərə çatacaqdır. Bu qəbildən olan insanların sayı hazırda 200 milyondan çoxdur.

Dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür:

Aşağı (0-14 yaş, 34 %), orta (15-65 yaş, 58%), yuxarı (65 yaşdan yuxarı, 8%) yaş qrupları.

Dünyada ən çox danışılan dil çin dilidir (1 milyarddan çox). İngilis dilində isə dünyada 0.5 milyard insan danışır (ingilislər, avstraliyalılar, yeni zelandiyalılar, ingilis mənşəli kanadalılar, CAR əhalisinin bir hissəsi), İspan dili isə latın Amerikası ölkələrinin ana dilidir. Portuqal dili isə Portuqaliyadan başqa Braziliya üçün də ana dilidir. Afrikada 19 dövlətin dili ingilis, 11 dövlətin dili isə fransız dilidir. Ümumiyyətlə, ingilis dili – 23, fransız dili – 22, ispan dili – 21, ərəb dili – 21, portuqal dili – 8, türk dili – 6, Alman dili – 5, italyan dili – 4, koreya dili – 2 ölkənin ana dilidir.

Mütəxəssislər belə hesab edirlər ki, əhali artımı hər il 90 milyondan çox olduğundan və planetin məskunlaşması artıq son həddə çatıb və əhalinin gələcək artımı qlobal ekoloji fəlakətə səbəb ola bilər.

“Klobal” sözü fransız dilində “ümumi” deməkdir. Bəşəriyyətin qlobal problemi dedikdə, bir çox ölkələri, yerin atmosferini, Dünya okeanını, Yerətrafı kosmik fəzanı əhatə edən və Yer kürəsinin bütün əhalisinə aid olan problem və vəziyyətlər nəzərdə tutulur.

Siyasi və sosial, insan tələfatına səbəb ola bilən siyasi-iqtisadi, elmi xarakterli və ekoloji problemlər bəşəriyyətin qlobal problemləridir.

Mən qısaca meşələrin qırılması, torpaqların çirklənməsi, içməli su, ərzaq, kənd təsərrüfatı və sair məsələlərdən danışmaq istəyirəm.

Belə bəşəri problemlərin həlli bir ölkənin qüvvəsi daxilində deyil, bunun üçün ətraf mühitin qorunması haqqında birgə işlənib hazırlanmış sənədlər, razılaşdırılmış iqtisadi-siyasət, inkişaf etməkdə olan və geridə qalmış ölkələrə yardım etmək lazımdır.

Yer üzərində əhalinin sayı durmadan artır. XX əsrdə bu artım daha da sürətlənmişdir. Əhali artımı müvafiq surətdə ərzaq məhsulları istehsalını çoxaltmağı tələb edir. Çox təssüf ki, əhalinin artım surətinə nisbətən ərzaq məhsulları istehsalı aşağı templə artır.

Əkin sahələri çoxillik bitkiləri nəzərə almaqla yer səthinin 13 faizini təşkil edir. İndiki əhali artımı və cəmiyyətin müasir tələbatı şəraitində bu heç də çox deyildir.

Dünya əhalisinin artması ilə adambaşına düşən torpağın təbii və antrologen (insanın təsərrüfat fəaliyyəti ilə bağlı) yolla azaldılması nəticəsində gələcək nəsillərin çətinliklərlə üzləşəcəkləri barədə proqnozlara indi şübhə edənlər az tapılar.

Hazırda hər il Yer üzərində 6 milyon hektar ərazi səhralara çevrilir.

İnsanların təsərrüfat fəaliyyəti nəticəsində təbii ehtiyatların tükənməsi prosesi sürətlənmişdir. Meşələrin qırılması, daş kömür, neft, təbii qaz ehtiyatlarının və digər faydalı qazıntıların istifadə olunmasının yüksək tempi bu sahədə mənfi proseslərin sürətlənməsinə təkan vermişdir.

İnsan cəmiyyəti təşəkkül tapandan bəri meşələrin üçdə ikisi qırılmış, 200-dən çox bitki və heyvan növü məhv edilmişdir. Oksigen ehtiyatı 10 milyard ton azalmış 200 milyon hektardan çox əkin sahəsi dövriyyədən çıxmışdır.

Hər gün 100 hektar torpaq sahəsi öz münbitliyini itirir, 28 min hektar meşə məhv olur, bir heyvan və bir bitki növü itir.

Yer səthinin, onu əhatə edən atmosferin və hətta kainatın insan fəaliyyəti dairəsinə cəlb olunması dünya xalqları və ölkələrinin taleyini bir-birinə sıx bağlamışdır. Belə vəziyyətdə elə ekoloji problemlər meydana çıxmışdır ki, bunlar yalnız bir çox ölkələrin beynəlxalq əməkdaşlığı sayəsində həll oluna bilər.

Hələ ki, bəşəriyyət dünya miqyasında vahid ekoloji siyasət aparmaq iqtidarında deyil. Belə siyasət, adətən ayrı-ayrı ölkələr arasında və regional səviyyədə həyata keçirilir.

Yuxarıda qeyd etdiyimiz kimi, bəşəriyyət hər il 6 milyon hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi itirir.

Həm də əkin sahələrinin yarısı o qədər gücdən düşür ki, artıq bu torpaqların əkib becərilməsi iqtisadi cəhətdən səmərəsiz olur.

Bəşəriyyətin əsl sərvəti olan torpağı göz bəbəyi kimi qorumalıyıq. Bunun üçün əkinçilik mədəniyyətini yüksəltməli, torpağın bərpa işlərini genişləndirməliyik.

İnsanlar ilk dəfə əkinçiliklə e.ə. VII minillikdə Zaqros dağlıq massivinin şimal-qərbində (indiki İraqın şimal-şərqində) başlayıblar. Bir neçə minilliklərdən sonra “əkinçilik sivilizasiyası” çay vadilərini əhatə etmiş, daha bir neçə minillikdən sonra daxili dəniz sahillərinə, daha sonra isə Okean sahillərinə doğru irəliləmişdir.

Bəşər mədəniyyətinin inkişafında böyük çaylar, sivilizasiyanın mühüm əhəmiyyətli hissəsi olmuşdur. Çaylar haqqında ayrıca danışacağıq.

Təbiətin başlıca resurslarından biri olan torpaq, həyat mənbəyidir. Torpaqsız insan həyatının mənası, mümkünlüyü ağlasığmazdır.

Yer kürəsinin torpaq fondunun strukturu daimi deyil və insanın təsərrüfat fəaliyyəti nəticəsində onun tədricən dəyişməsi ikili xarakter daşıyır. Torpaq ehtiyatları tükənən, lakin bərpa olunan təbii sərvətlərdən biridir. Dünyanın torpaq fondu 13.4 milyard hektar təşkil edir.

Hazırda dünya torpaqlarının 61 faizi mənimsənilmişdir. Planetimizin torpaq fondunun 32 faizi (4.1 milyard hektar) meşə və kolluqlar, 28 faizi (3.7 milyard hektar) az məhsuldar və məhsul verməyən torpaqlar (bataqlıqlar, səhralar, buzluqlar və s.) 11 faizi (1.45 milyard hektar) əkilən torpaqlar (tarla, bağ və plantasiyalar), 3 faizi yaşayış məntəqələri, sənaye sahələri və nəqliyyat yolları əhatə edir.

Buradan belə nəticəyə gəlmək olur ki, dünya torpaq fondunun 37 faizi kənd təsərrüfatı sahələrində istifadə olunur (əkin sahələri, otlaq, biçənəklər), 63 faizi isə kənd təsərrüfatında istifadə olunmayan ərazilərdir.

Minilliklər ərzində insanlar istifadə üçün yararlı torpaq sahələrini daim genişləndirməyə çalışmışlar. Digər tərəfdən isə torpaqların eroziyası, bataqlığa çevrilməsi, şoranlaşması, səhralaşması, sənaye-nəqliyyat yolları və yaşayış məntəqəsi altında qalması halları baş verir. Bu isə yararlı torpaqların azalmasına səbəb olur.

Dünyanın torpaq fondu, təqribən yer kürəsinin quru (149000000 kv. km) hissəsinin ümumi sahəsinə bərabərdir.

 

Çaylar, Su…

Dünyada təbii su ehtiyatlarının azalması daha böyük təhlükələrdən xəbər verir.

Hazırda Yer kürəsindəki su ehtiyatlarının 97.5 faizi şor, yalnız 2.5 faizi içməli sudan ibarətdir.

Yer kürəsində ümumi su balansı sabit saxlandığı hal-hazırda, təxminən son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Nəticədə dünyada hər 6 insandan biri içməli su çatışmazlığından əziyyət çəkir. Beynəlxalq təşkilatların hesablamalarına görə su ilə bağlı xəstəliklər təxminən hər 8 saniyədə 1, bir saatda 450, bir gündə 10800, bir ayda 324 min, bir ildə 3 milyon 888 min uşağın ölümünə səbəb olur.

İnkişaf etməkdə olan ölkələrdə baş verən xəstəliklərin 80 faizi standartlara uyğun olmayan sudan istifadə ilə bağlıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Dünyanın əksər ölkələrində təmiz su ilə təmin olunmaq kəskin problemə çevrildiyindən eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayı 12-14%, bir yaşa qədər ölənlərin sayı isə təxminən 18-20% artıb.

Müasir dünyamızda çirkli su həm də bir çox xəstəliklərin əsas yaranma səbəblərindən biridir. Dünyada içməli sudan istifadə edə bilməyən insanların sayı 2 milyardı ötüb.

Fikrimizi bir qədər də konkretləşdirsək, hazırda dünyada bir milyarddan artıq insan içməli təmiz su qıtlığı çəkir, 2.5 milyard nəfər isə sanitar məqsədlər üçün kifayət qədər su ilə təmin olunmayıb.

YUNESKO-nun proqnozuna görə 2030-cu ildə planetimizin əhalisinin 47 faizi su qıtlığından əziyyət çəkəcək.

Qlobal iqlim dəyişikliyi 10 il sonra Afrika əhalisinin 75-250 milyon nəfərini ciddi su problemləri ilə üz-üzə qoyacaq. Bu səbəbdən – su qıtlığı ücbatından eyni dövrdə 24-700 milyon afrikalının miqrasiya edəcəyi gözlənilir…

Dünya standartlarına əsasən ən vacib ehtiyacların ödənilməsi – içmək, yemək hazırlamaq və şəxsi gigiyena üçün insana gündə ən azı 20 litr su lazımdır. Bu baxımdan Afrikada vəziyyət daha ağırdır. Qitənin şərqində adam başına 5, bəzi regioanlarda isə daha az cəmi 1 litr su istehlak olunur.

Dünya sularının səviyyəsinin qalxmasının sahilyanı zonalarda içməli su hövzələrində şorluq doğurduğunu nəzərə alan iqlimşünasların qənaətinə görə bu, içməli su qıtlığını bir qədər də kəskinləşdirəcək.

Hesablamalara görə dünyada 1950-ci illərə nisbətən su ehtiyatları 15-30 faiz azalıb. Buna qarşılıq olaraq 2050-ci ildə suya ehtiyac bu günkündən 50 faiz çox olacaq. İqlim dəyişkənliyi su ehtiyatlarına da təsir etdiyindən dəyişiklər qlobal böhrana səbəb olacaq.

Dünya elm adamlarının hesablamalarına görə 2050-ci ildə dünyada 2 milyard insan suya təşnə qalacaq. 30 il sonra isə 3 milyard insan istifadə olunan su mənbələrini itirəcək.

Mütəxəssislər su çatışmazlığının aradan qaldırılması, eləcə də onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xərclənəcək hər dolların 7-12 dollar iqtisadi səmərə verəcəyi fikrindədirlər. İsnanların içməli su ilə məhdudiyyətsiz təmainatı, onların daha sağlam həyat sürmələrinə səbəb olacaq ki, bu da səhiyyənin 7 milyard dollar qənaət etməsi, xəstəliyə görə iş buraxmaların azalması deməkdi.

 

Kənd təsərrüfatı

Kənd təsərrüfatı insan fəaliyyətinin ən başlıca və qədim sahəsidir.

Dünyada elə bir ölkə yoxdur ki, orada kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıqla məşğul olmasınlar. Dünya əhalisinin 1.1 milyard nəfərə qədəri, yəni fəal əhalinin 50 faizi bu sahələrdə çalışır.

İnsan fəaliyyətinin bütün növləri arasında kənd təsərrüfatı təbiətlə daha sıx əlaqədardır. Təbii ilkin şərait nəinki kənd təsərrüfatı istehsalının istiqamətinin seçilməsində, həm də səmərəliliyə xeyli təsir edir.

Təbii ilkin şərait aşağıdakılardan ibarətdir:

  1. Kənd təsərrüfatının əsasları olan torpaq ehtiyatları;
  2. Əkin bitkilərinin vegetasiyası üçün zəruri olan istiliyin, rütubətin, işığın məcmusu – aqroiqlim ehtiyatları;
  3. Torpağın təbii münbitliyi, yaxud onun meliorasiyasının mənimsəmə qabiliyyəti;
  4. Əsas etibarı ilə ilə heyvandarlıq üçün yem bazası kimi istifadə edilən təbii bitki ehtiyatları;

Kənd təsərrüfatının torpaq ehtiyatlarının daha geniş yayılmış təsnifatda yararlı torpaqların 3 başlıca tipi fərqlənir:

  1. Becərilən torpaqlar;
  2. Təbii otlaqlar və biçənəklər;
  3. Dincə qoyulmuş və kənd təsərrüfatında az istifadə olunan və yaxud istifadə olunmayan torpaqlar.

Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin genişləndirilməsi meliorasiya işlərinin, xüsusilə süni suvarmanın hesabına baş verir.

 

Taxıl bitkiləri (buğda, çəltik, qarğıdalı)

Əkinçiliyin iki əsas tipi – suvarılan və suvarılmayan (dəmyə) əkinçilik mövcuddur.

Əkinçilikdə istehsal olunan məhsulların əsas hissəsi birillik bitkilərdir.

Dünyada taxıl istehlakının 80 faizə qədərinə onun üç başlıca növü – buğda, qarğıdalı və çəltik təşkil edir. Dünya əkin sahələrinin yarıdan çoxu (0.7 milyard hektar) dənli bitkilərin payına düşür.

Buğda, dünya əhalisinin yarıdan çoxu üçün əsas ərzaq bitkisidir. Hər il dünyada 600 milyon tondan artıq buğda istehsal olunur.

Dənli bitkilərin əkinlərinin 28 faizi buğda, 26 faizi çəltik, 25 faizini qarğıdalı, 10 faizini arpa, 2 faizini çovdar, 2 faizini yulaf, 7 faizini digər bitkilər təşkil edir.

Buğda 70-dən artıq ölkədə becərilsə də, onun əsas istehsalçıları Çin, Hindistan, ABŞ, Kanada, Avstraliya, Fransa, Rusiya, Argentina, Türkiyə, Ukrayna, Qazaxıstandır.

Dünya üzrə əsas buğda ixracatçıları ABŞ, Kanada, Avstraliya, Argentina, Fransa və Rusiyadır.

Dünyada yüzə qədər ölkədə çəltik əkilir. Çəltik məhsullarının 90 faizi Asiyanın musson iqlimində yerləşən ölkələrin payına düşür. Bu ölkələrdə əhalinin əsas qidası çəltikdir.

Çəltik əkinlərinin buğda əkinlərindən xeyli az olmasına baxmayaraq (150 milyon hektar) hər ikisinin illik istehsalı təxminən bərabərdir. Çəltiyin ümumi istehsalı 550 milyon tondan çoxdur.

Yaponiyada çəltiyin məhsuldarlığı çox yüksəkdir – hər hektardan 60 sentner.

Qarğıdalının vətəni Mərkəzi Amerikadır. Dünya üzrə qarğıdalı yığımı 500 milyon tondur. Onun yarısı ABŞ-ın (xüsusilə Ayova ştatı), üçdə biri latın Amerikası ölkələrinin payına düşür. Qarğıdalının hər hektarının məhsuldarlığının orta göstəricisi 30-35 sentner olduğu halda, bu ABŞ-da 60 sentnerdir.

Hər il dünyada 1 milyard 650 milyon ton ətrafında taxıl bitkiləri (buğda, çəltik, qarğıdalı) istehsal olunur.

8.7 milyard əhali – 1 milyard 650 milyon ton taxıl bitkisi. Hələlik müqayisəli təhlili hörmətli oxucuların ixtiyarına buraxaq.

Növbəti yazılarımızda əsas məqsədimiz – insan amili, onun yaşayışının təşkili və s. barəsində olacaq.

  1. A. Bu yazımızın 2014-cü ildə hazırlandığını oxucularımızın nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, faktlar və rəqəmlərin müqayisəsində anlaşılmazlıq olmasın.

Eldar Qarqarçay
yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.