Hər qonşuda bir parçası əsir qalan Torpağına canım qurban Azərbaycan

Print Friendly, PDF & Email
Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekispedisiyasının fəaliyyəti yekunlaşmaq üzrədir. Ekspedisiyanın Sədərək rayonunda yerləşən Kültəpə (Sədərək Kültəpəsi) yaşayış yerində apardığı araşdırmalar zamanı olduqca önəmli nəticələr əldə edilmişdir. İndiyədək Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqazda aşkar olunan arxeoloji abidələr ya skiflərə, ya da urartulara aid edilmişdir. Halbuki, Urartu kitabələrində bu ölkələrin işğal edilməsi, yəni urartulara aid olmadığına aid xeyli məlumatlar var. Digər tərəfdən yxarıda qeyd etdiyimiz bölgədə aşkar edilən maddi mədəniyyət nümunələri də urtarulara və skiflərə aid edilmiş, mannalıların isə guya mədəniyyət formalaşdıra bilmədiyi yazılmışdır. Üç yüz ilə yaxın mövcud olan bir dövlətin mədəniyyəti olmazmı? Bizim apardığımız araşdırmalar urartulara və skiflərə mal edilən bir çox maddi mədəniyyət nümunələrinin Manna dövlətinə məxsus olduğunu təsdiq edir. Sədərək Kültəpəsindən aparılan araşdırmalar zamanı aşkar edilən, şəhərlər üçün xarakterik olan üç sıra daş döşəməli küçələr də bunun bir nümunəsidir. İndiyədək bu tip memarlıq nümunələri Cənubi Azərbaycanda Həsənli və Bastamda aşkar olunmuşdur.
İstər Həsənlinin IV təbəqəsindən, istərsədə Sədərək Kültəpəsindən aşkar olunan keramika Urartu keramikasından tamamilə fərqlidir. Daş döşəməli küçələrin isə urartuların Urmiya hövzəsinə və Cənubi Qafqaza yürüşlərindən xeyli əvvələ aid olduğu karbon analizlərlə təsdiq olunur. Bu isə Manna dövlətinin özünəməxsus arxitekturaya malik olduğunu sübut edir. Urartu hökmdarı I Argiştinin Araz çayı sahilində qarşılaşdığı ölkələrdən biri də Aza ölkəsi idi. O, Argiştihinili şəhərini Aza torpaqlarında inşa etmişdi. Tədqiqtiqatçıların fikrinə görə Aza toponimi Manna hökmdarı Azanın adı ilə bağlı olmuşdur. Aza adlı kənd indi də Naxçıvanda Ordubad rayonu ərazisində qalmaqdadır. Araşdırmalara əsasən demək olar ki, Urartuların Cənubi Qafqazda işğal etdikləri torpaqların bir qismi əvvəlcə Etiunilərə, sonra isə Manna dövlətinə məxsus olmuşdur. Həsənli və Sədərək Kültəpəsinin materialları isə bunun inkaredilməz dəlilidir.
Vəli Baxşəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.