Görkəmli alimimiz Qalibə xanım Hacıyeva barədə

Print Friendly, PDF & Email

HACIYEVA QALİBƏ ƏLİ qızı 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsini bitirmiş, 2000-ci ildə Bakı Dövlət Universitetində Türk dünyasının ayrılmaz parçası – Güney Azərbaycanın bölgələrindən biri “Şərqi Azərbaycan ostanının toponimləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini, 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.

 Kiçik yaşlarından ədəbi yaradıcılıqla məşğul olan Qalibə Hacıyeva 1992-ci ildə Naxçıvanda Məhəmməd Hadi adına “OCAQ” ədəbi məclisini yaratmış, 2001-ci ilədək məclisə rəhbərlik etmişdir. İlk şeiri Türkiyədə “Qardaş ədəbiyyatlar” jurnalında nəşr olunduqdan sonra 1999-cu ildə Trabzonda Qaradəniz Yazarlar Birliyinin keçirdiyi “Uluslararası 3. Şairlər Şöləni”ndə birincilik qazanaraq “şairlər çempionu” adlandırılmış və Trabzon Bələdiyyəsinin xüsusi mükafatına layiq görülmüşdür.2006-cı ildə İzmir KBATEK şeir axşamlarında, 2009-cu ildə Bağdadda Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar keçirilən elmi ədəbi konfransda, 2009-cu ildə Türkiyənin Elazığ şəhərində N.F.Kısakürek anısına düzənlənmiş XVII Beynəlxalq Xəzər şeir axşamlarında və bir çox xarici ölkələrdə keçirilən onlarla bu kimi çoxsaylı beynəlxalq elmi, ədəbi konfranslarda şeirləri və elmi məruzələri ilə çıxış edən Qalibə Hacıyeva Azərbaycan ədəbiyyatını və elmini layqincə təmsil etmişdir.

Uzun müddət Almaniyada nəşr olunan “21 Azər” jurnalının Naxçıvan təmsilçisi Qalibə Hacıyeva 1986-cı ildən Naxçıvan Dövlət Teleradio Şirkətində “Qardaş Türk ellərindən soraq”, “Yurdumuz yurddaşlarımız”, “Müdriklərimizin söz xəzinəsindən”, “Təbrizə gedən yollar” və bu kimi bir çox başqa silsilə proqramların yaradıcısı və müəllifi olmuşdur. Türkiyə, İran, İraq, Amerika, Almaniya, Albaniya, Ukrayna, Moldova, Rusiya kimi dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda və ədəbi məclislərdə Azərbaycanı layiqincə təmsil etmiş Qalibə Hacıyeva 130-dan çox elmi, publisistik məqalənin və bir neçə kitabın müəllifidir. Hazırda Naxçıvan Dövlət Universitetinin dosentidir. Türk dünyası ilə bağlı araşdırmalarını davam etdirərək “Naxçıvan qrupu şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu şivələri ilə müqayisəsi” adlı doktorluq dissertasiyasını bitirərək müzakirəyə təqdim etmişdir.

Universitetdə “Türk dillərinin müqayisəli qrammatikası”, “Umumi dilcilik”, “Azərbaycan dilcilik tarixi”, “Müasir dilciliyin aktual problemləri”, “Onomalogiya”, “Dialektologiya” və başqa bu kimi dərslərini tədris edən Qalibə Hacıyevanın bir çox elmi monoqrafiyaları nəşr olunmuş, bir qismi isə nəşrə hazırlanmaqdadır. 

 

 Nəşr olunmuş kitabları:

 1. Güney Azərbaycanın Doğusundakı yer adları, İstanbul 2001;

 2. Cənubi Azərbaycan toponimləri, Bakı, “Elm”, 2008;

3.Dilimiz, Tariximiz, Yaddaşımız, Bakı, “Araz”, 2008;

4.Tənhalığa Gedən Yol, (şeir və dram əsərləri) Bakı, 2008;

5.Ömər Faiq Nemanzadənin əsərlərində dil ve dilçilik məsələləri. Bakı, “Nurlan”, 2007.

6. Barışsız Dünyamızın Barışı. (rok musiqisi haqqında elmi monoqrafiya)

    Naxçıvan,    “Əcəmi”, 2014. 280 s.

Dərs proqramları:

1.“Cənubi Azərbaycan toponimləri”. Bakı, 2008.

2. “Onomalogiya”, Naxçıvan 2012.

3.“Azərbaycan dilcilik tarixi” Naxçıvan 2013.

4.  “Müasir dilciliyin aktual problemləri” Naxçıvan 2013.

Dilimiz, tariximiz, yaddaşımız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir