Gəmiqaya təsvirlərinin öyrənilməsi

Print Friendly, PDF & Email

GƏMİQAYA AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA
Kiçik Qafqaz dağlarının Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya Azərbaycanın ən böyük abidələrindən biridir. Bu abidə tariximizin möcüzəsidir. Bura Azərbaycanda Qobustandan sonra açıq səma altında qayaüstü rəsmlər muzeyidir. Burada iki mindən çox qayaüstü rəsmlər qeydə alınmışdır. Gəmiqaya qayaüstü təsvirləri elm aləminə XX yüzilliyin 60-cı illərinin ortalarından məlumdur. 1965-ci ildə geoloqlar tərəfindən aşkar olunan Gəmiqaya təsvirləri tədqiqatçıları özünə cəlb etmiş və 40 ilə yaxın bir müddətdə bu rəsmlər haqqında maraqlı mülahizələr söylənilmiş və elmi əsərlər yazılmışdır. Maraqlıdır ki, Gəmiqaya abidəsi haqqında təkcə tarixçi və arxeoloqlar deyil, digər elm sahələrinin nümayəndələri – filoloq, etnoqraf, coğrafiyaşünas, memar, dilçi, hətta həvəskar tədqiqatçı olan başqa adamlar fikir söyləmişlər.

İlk növbədə «Gəmiqaya» adı tədqiqatçılar tərəfindən müxtəlif cür izah edilmişdir.

Gəmiqayaya ilk tədqiqatçı kimi gəlmiş dilçi alim mərhum Ə.Hüseyni «gəmiqaya» sözünü orada olan gəmi şəkli ilə əlaqələndirmiş və göstərmişdir ki, o, iki hərflə (runi yazısı ilə) şəkil və yazıdır. Burada «g» ilə «m» hərfi öz dövrünün yazı-rəsm qaydalarına görə elə bir tarixdə birləşdirilir ki, onu gəmi şəkli kimi müşahidə etmək və «gəmi» sözü kimi oxumaq mümkündür. Belə ki, «g» hərfi üfiqi istiqamətdə, «m» hərfi isə şaquli istiqamətdə «g» hərfinin ortasında rəsm edilib-yazılıb və istənilən şəkil yazı alınıbdır. O, həm də qeyd etmişdir ki, «Gəmiqaya»da həmin rəsm yazıdan başqa bir neçə ayrı gəmi şəkilləri də vardır.

 Ə.Hüseyni, S.Babayev, N.Babayevin tədqiqatlarında «gəmi», «qayıq» sözü qədim «qabcıq» sözü ilə əlaqəli izah edilmiş və «Qapıcıq» adının da bununla əlaqədar olduğunu göstərmiş və bunun qapı ilə heç bir əlaqəsi olmadığı qənaətinə gəlmişlər.

Prof. V.Əliyev «Gəmiqaya» adını ehtimalla dağın «nəhəng gəmiyə bənzəməsi» ilə, F.Səfərli «gəmçi qaya» və «qabcıq» sözləri ilə,N.Müseyibov və S. Aşurov Nuhun gəmisinin «dağın zirvəsində daşlaşıb qalması» ilə, Ə.Fərzəli isə «gəmiçi» sözü ilə bağlı olduğunu izah etmişdir.

Yuxarıda Gəmiqaya təsvirlərinin 1965-ci ildən məlum olduğunu qeyd etsək də, tədqiqatçılar bu rəsmlərin tədqiqi tarixinin müxtəlif illərdən başlandığını göstərirlər. A.Seyidov və N.Müseyibov bunu keçən əsrin 60-cı illərindən, V.Baxşəliyev 1968-ci ildən, F.Səfərli 60-cı illərin sonlarından təsadüfən aşkar olunduğunu, A.Qədim bu tarixi yerin xronologiyasının 1965-ci ildən başlandığını yazmışdır. V.Əliyev isə ilk dəfə 1968-ci ildə özü tərəfindən arxeoloji axtarışlar apardığını göstərmişdir. Ə.Fərzəli də Gəmiqaya təsvirlərinin 1968-ci ildən arxeoloq V.Əliyev tərəfindən araşdırıldığını qeyd edir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov 26 aprel 2001-ci il tarixdə «Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında» sərəncam imzalamışdır. Həmin sərəncamda göstərildiyi kimi, «Gəmiqaya abidəsinin tədqiqinə 1970-ci illərdə – möhtərəm Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanmışdır. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara almış, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılmış»dır.

Qeyd etməliyik ki, əvvəlcə Ə.Hüseyni, V.Əliyev Gəmiqayaya öz arzuları ilə səfər etmiş, buradakı rəsmlər haqqında ilk məlumatlar vermişlər. Bundan sonra rəsmi olaraq tədqiqat işlərinə başlanılmışdır. Lakin 80-ci illərin sonlarında respublikada yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar tədqiqat işləri dayandırılmışdır.

Xalqımızın ümummilli lideri, tarix və mədəniyyətimizin hamisi Heydər Əliyevin tövsiyyəsi ilə 2001-ci ildən başlayaraq Gəmiqayaya elmi ekspedisiya təşkil edilmiş və bu abidə əsaslı şəkildə yenidən öyrənilməyə başlanılmışdır. Təkcə belə bir faktı qeyd etmək olar ki, son illərdə Gəmiqaya abidələri ilə bağlı 10-a yaxın kitab və onlarla elmi məqalə işıq üzü görmüşdür. Elmi ekspedisiyanın səmərəli fəaliyyət göstərməsi üçün Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə lazım olan bütün tədbirlər həyata keçirilmişdir. Ali Məclisin sədri 2001, 2002 və 2005-ci illərdə Gəmiqayaya səfər etmiş, bu abidələrlə, çoxsaylı qayaüstü təsvirlərlə tanış olmuş, elmi axtarışlar aparan alimlərlə görüşmüş və Gəmiqaya abidələrinin tədqiqinin daha da yaxşılaşdırılması tədbirlərindən geniş bəhs etmişdir.

Tədqiqatçıların araşdırmalarında Gəmiqaya rəsmlərinin dövrünə xüsusi əhəmiyyət verilmişdir. AMEA-nın müxbir üzvü V.Əliyevin gəldiyi qənaət bundan ibarətdir ki, Gəmiqaya təsvirlərinin, piktoqramlarının müəyyən qrupu e.ə. IV-III minilliklərə, sxematik keçi, öküz və adam rəsmlərinin əksəriyyəti e.ə. IV-II minilliklərə aiddir. Onun fikrincə Gəmiqaya təsvirləri və buradakı yurd yerləri Naxçıvan ərazisində e.ə. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir.

N.Müseyibli bu təsvirlərin e.ə.IV minilliyin II yarısı – II minilliklərə, başqa bir məqaləsində e.ə. IV-I minilliklərə, F.Səfərli başqa tədqiqatçıların fikrinə istinad edərək e.ə. VII-I minilliklərə, V.Baxşəliyev bunu e.ə. IV-II minilliyə aid olması qənaətinə gəlir. Tədqiqatçıların fikirlərindən obyektiv nəticə çıxarmaq üçün tam əsas var və bu e.ə. IV-I minilliklərə uyğundur. Ə.Fərzəlinin gəldiyi qənaət bundan ibarətdir ki, «Qobustunda rəsmlərin cızılması e.ə.VIII minilliklərdən üzübəri – bizim eranın əvvəllərinədək davam edir. Qobustan Gəmiqayanın davamıdır və ya ən azı onunla yaşıddır».
Gəmiqaya abidələrindəki təsvirlərin, rəsmlərin sayı, formaları, icra texnikası da tədqiqatlarda özünə geniş yer tapmışdır.

Tədqiqatçılardan F.Səfərli rəsmlərin qayalar üzərində sürtmə yolu ilə, V.Baxşəliyev bunları qazma texnikası ilə, başqa bir əsərdə kiçik həcmli, sxematik və siluet təsvir olunan rəsmlərin qazma və döymə texnikası ilə icra olunmasını göstərmişlər. N.Müseyibli isə qədim qayaüstü təsvirlərin qazma, sürtmə və döymə üsulu ilə rəsm edilməsini yazmışdır. A.Seyidov isə çap etdirdiyi «Gəmiqaya» kitabında «beş yüzdən artıq qaya parçası üzərində 1000-dən artıq qazma, sürtmə və cızma üsulu ilə işlənmiş qayaüstü təsvirlərin aşkar edildiyini» bildirir.

Tədqiqatlarda Gəmiqaya təsvirlərinin yaranması və sayı haqqında müxtəlif mülahizələr vardır. A.Seyidov adını çəkdiyimiz kitabında təkcə 2002-ci ildə 1000-dən artıq qayaüstü təsvirlərin aşkar edildiyini və bunların yalnız köçmə təsərrüfat həyatı ilə bağlı olmadığını, həm də onların ideoloji baxışları ilə əlaqədar olduğunu yazmışdır. Arif Qədim bir məqaləsində bildirir ki, «O dövrdə yaşayan ulu babalarımız gördüklərini, başlarına gələnləri bizlərə yalnız şərti cizgilərlə, yəni konkret olmayan detallarla çatdırmağa çalışmışlar». Prof. V.Əliyev mindən artıq qayaüstü təsvirlərin olmasını göstərməklə, bunların insanların sosial həyat tərzi, ideologiyası, müxtəlif adət-ənənələri, estetik və fəlsəfi baxışları ilə əlaqədar yarandığını qeyd edir. F.Səfərli qayaüstü təsvirlərin insanların həyat və düşüncə tərzi, estetik zövqləri, adət və ənənələri ilə bağlı olduğunu yazmışdır. Ə.Hüseyni bildirmişdir ki, tufandan qurtaran insanlar başlarına gələn hadisələri, məişət mərasimlərini, səma cisimləri haqqındakı təsəvvürlərini daşlar üzərində həkk etmişlər. N.Müseyibli Gəmiqaya petroqliflərinin sayının 1000-dən artıq olduğunu qeyd etməklə, bunların qədim insanların dünyagörüşləri, onları əhatə edən mühitlə, həyat tərzləri, təsərrüfat fəaliyyətləri, dini inamları ilə bağlı olduğunu göstərmişdir. Gəmiqaya abidəsi ilə bağlı bir neçə kitabın, onlarla elmi məqalənin müəllifi olan V.Baxşəliyev 2000-ə yaxın qayaüstü təsvirin aşkar olunduğunu və bunların yalnız yarımköçəri maldarlıqla deyil, insanların inancları ilə də bağlı olduğunu yazmışdır. V.Baxşəliyevin tədqiqatlarında təsvirlərin tarixi kökləri, onların izahı, tarixləndirilməsi, rəsmlərin mifologiyası, onların yerləşdiyi topoqrafiya və b. məsələlər geniş yer tutur.

Tədqiqatlardan aydın olur ki, sujet, kompozisiya mürəkəbliyi ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə, ovçu, maldar və əkinçi tayfalarının təsərrüfat həyatına həsr olunmuşdur. Gəmiqaya qayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı müxtəlif astronomik, coğrafi təsvirli rəsmlər də vardır.

İnsan, maral, keçi, öküz, ilan, quş, araba, it, aslan, fantastik heyvan, müxtəlif işarə, damğa və ov səhnələrindən ibarət olan təsvirlər bəzi tədqiqatçılar tərəfindən üç qrupa ayrılmış, birinci qrupa astral təsvirlər, ikinciyə heyvan rəsmləri və parçalama səhnələri, üçüncüyə isə insan təsvirləri və ov səhnələri daxil edilmişdir. Təsvirlərin izahında tədqiqatçılar arasında fikir ayrılıqları da mövcuddur. V.Baxşəliyevin bir sıra izahları ilə A.Qədim və N.Müseyibli razılaşmırlar. V.Kərimovun tədqiqatında Gəmiqaya təsvirləri Qobustan, Abşeron və Gəlbəcər şəkilləri ilə müqayisəli şəkildə təhlil edilmişdir.

Bəzi tədqiqatçılar Gəmiqaya təsvirlərini piktoqrafik yazı nümunələri hesab edirlər. Belə yazı növü hərflərdən ibarət olmayıb, hər hansı bir fikrin məzmununun işarə və ya rəsmlərlə ifadə edilməsidir. Bu təsvirləri mixi yazı və ya runi yazı adlandıranlar da olub. Bu rəsmlərdə əlifba axtarılması və onların bəzilərinin damğa olması fikri də diqqəti cəlb edir. Gəmiqaya işarələri haqqında bir monoqrafiya və çoxsaylı məqalələr çap etdirmiş Ə.Fərzəli 24 Oğuz damğasının 20-sini Gəmiqayada aşkar etdiyini yazmış və belə qənaətə gəlmişdir ki, vahid türk-Azərbaycan əlifbasının əsasını Naxçıvan – Gəmiqaya əlifbası təşkil edir. O, bu əlifbanın 22 samit və 9 sait səsdən ibarət olduğunu bildirir. Bunlar hələlik müəllifin mülahizələridir və tədqiqatçılar buna öz münasibətini bildirməmişdir.

Gəmiqaya təsvirləri etnoqraf-alimlər (Abbasov A., Qədirzadə Q. və b.) tərəfindən də öyrənilmiş və buradakı petroqliflərdə olan at, araba rəsmlərini Naxçıvan MR ərazisindən tapılan və ilk tunc dövrünə aid edilən araba təkəri modelləri ilə müqayisə etmiş və mənəvi mədəniyyətimiz üçün elmi nəticələr çıxarmışlar.

Məkrli qonşularımız-erməni alimləri tarixi saxtalaşdırmaq sahəsində öz ənənələrinə sadiq qalaraq xalqımızın ən qədim yadıgarı olan Gəmiqaya abidələrini heç bir elmi əsas olmadan erməni abidəsi kimi qələmə verməyə çalışmış və hətta Gəmiqaya adını uydurma adlarla əvəz etmişlər. Lakin oradakı toponimlər, qədim türk dünyası mədəniyyəti üçün səciyyəvi olan qayaüstü rəsmlərin olması və aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, Gəmiqaya abidəsi xalqımızın ən qədim mədəniyyət abidələrindən biridir.

Xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarixi və təsviri sənət nümunələri kimi tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini izləməyə və öyrənməyə imkan vermiş və bunlar tədqiqatçılar tərəfindən daha əhatəli öyrəniləcəkdir.

Ə D Ə B İ Y Y A T
1. Quseynli A. Ermitac kamennoqo veka. «Texnika i Molodeci». №5, 1972; yenə onun. Əfsanədən həqiqətə. «Qobustan»j., №1, 1973; yenə onun. Xalqımızın mənlik heykəli. «Sovet Naxçıvanı» q., 1986, 30 yanvar.

2.Алиев В.Г. Наскальные изображения Гемигая. КСИА, 1977,  №148; yenə onun. Gəmiqaya abidələri. Bakı, 1992; yenə onun. Петроглифы  Гемигая.  Баку, 1985; yenə onun. Gəmiqaya səlnaməsi. «Qobustan» j., №2, 1999; yenə onun. Наскальные   изображения Гемигая «Проблемы изучения наскальных изображений в СССР». Москва, 1990, с.104-108; yenə onun. Petroqlyrhs of Gemiqaya journal of Pakistan Archaeologists  
Forum 2, 45-59; yenə onun. Naxçıvan-Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002; yenə onun. Gəmiqaya abidələri əsasında Naxçıvan tarixinin yeni səhifələri yazılır. «Respublika» qəzeti, 9, 13 aprel 2005-ci il (№79, 82).

3. Baxşəliyev V. Gəmiqaya təsvirlərinin poetikası. Bakı, 2002; yenə onun. Gəmiqaya təsvirləri. Bakı, 2003; yenə onun Gəmiqayanın rəsmləri. «Şərq qapısı» q., 2001, 5 iyun; yenə onun. Cəmiqayanın astral rəsmləri. «Şərq qapısı»., 2001, 23 iyun; yenə onun. Gəmiqayanın ibadətlə bağlı rəsmləri. «Şərq qapısı» q., 2001, 17 iyul; yenə onun. Gəmiqaya rəsmlərində tanrı obrazı və mifoloji varlıqlar. «Şərq qapısı» q., 2001, 31 iyul; yenə onun. Gəmiqaya: sirli-soraqlı dünya. «Şərq qapısı» q., 2001, 7 avqust; yenə onun. Gəmiqayanın rəsmləri mifoloji düşüncə tərzidir. «Şərq qapısı» q., 2001, 8 sentyabr; yenə onun. Gəmiqayanın qayaüstü təsvirləri. «Şərq qapısı» q., 2001, 20 sentyabr; yenə onun. Gəmiqaya rəsmlərinin mifologiyası. «Elm» q., 2002, 5 aprel və b.

4. Müseyibov N. Azərbaycanın qayaüstü işarə və damğaları. Avtoreferat. Bakı, 1998; yenə onun (Ə.Bədəlovla). Gəmiqaya işarələri. Naxçıvan MR – 75 illiyinə aid Elmi əsərlər. Xüsusi buraxılış, №5, 1999; yenə onun. Gəmiqaya rəsmləri. Bakı, 2002; yenə onun. Gəmiqayada arxeoloji  tədqiqatlar. «2000-2001-ci illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiya»nın tezisləri. Bakı, 2002; yenə onun (S.Aşurovla birlikdə). Gəmiqayada arxeoloji tədqiqatlar nə göstərir? «Azərbaycan»
q., 2002, 10 dekabr; yenə onların. Gəmiqaya abidəsində erməni mənbələrinə aid heç bir dəlil yoxdur. «Azərbaycan» q., 2001, 26 sentyabr; yenə onun. Qobustan və Gəmiqaya işarələrindəki bir qrup işarə haqqında. – «Azərbaycanın qədim və orta əsrlər tarixi problemləri» kitabında. Bakı, 1992; yenə onun. Gəmiqayada aşkar edilmiş yeni qayaüstü rəsmlər. – «Azərbaycanın qədim və orta əsrlər tarixi problemləri», №2, 2001; yenə onun. Gəmiqayanın arxeoloji tədqiqi. «Azərbaycan arxeologiyası» j., №1-2, 2002 və b.

5. Babayev N. Qayaların açılmamış sirləri. «Elm və həyat» j., №2, 1985 (S.Ələsgərov və Ə.Qurbanovla); yenə onun. Təxəyyül, yoxsa gerçəklik. «Elm və həyat» j., №11, 1987 (S.Ələsgərovla); yenə onun. Açıq səma altında qalareya. «Gənclik» j., №4, 1990 (Q.Qədimovla); yenə onun. «Молодость» ж., №4, 1990 (Q.Qədimovla); yenə onun. Эхо прошлых век. «Şərq qapısı» q., 1990, 23 dekabr; yenə onun. Гямигая  – музей под открытым небом. «Азербайджан и азербайджанцы»,  №11-13, 2001 (S.Babayev və E.Babayevlə) və b.

6. Seyidov A. Gəmiqaya (toponimlər, qədim köç yolları). Bakı, 2003; yenə onun. Gəmiqaya. «Şərq qapısı» q., 2003, 22 fevral; yenə onun Naxçıvan e.ə. VII-II minilliklərdə. Bakı, 2003.

7. Talıbov V. Offical Departament Order of Naxhichevan Autonomous Republic Supreme Council Chairman. About research of Gamiqaya monument in Ordubad distrit. «Azerbaıjan Azerbaıjans», №11-12, 2002; Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamı. NDU-nun xəbərləri, №7, 2002.

8. Həbibbəyli İ. Gəmiqayaya tarixi səfər. NDU-nun xəbərləri, №7, 2002; yenə onun. Scientific expedition to Gamiqaya «Azerbaıjan Azerbaıjans» №11-12, 2002.

9. Səfərli F. Gəmiqaya abidələri. «Naxçıvan»j., №2, 2002.

10. Qədim A. «Gəmiqaya» yalanları sevmir. «Şərq qapısı» q., 2001, 21 iyun.

11.Керимов В. Гямигая. Бакы, 2005.

12. Fərzəli Ə. Gəmiqaya-Qobustan əlifbası. Bakı, 2003; yenə onun, «Gəmiqaya» işarələrinin sirri açılır. «Yeni Azərbaycan» q., 2002,13 sentyabr; 3 oktyabr; 10 oktyabr; 20 noyabr; 1 dekabr; 22 dekabr; yenə onun. Tarixi həqiqət danılmazdır. «Yeni Azərbaycan» q., 2002, 19 dekabr; yenə onun. Qayalarda əlifba sərgisi. «Yeni Azərbaycan» q., 2003, 16 yanvar; yenə onun. Mən Gəmiqayada «Tanqrı» sözü oxudum. «Yeni Azərbaycan» q., 2003, 30 yanvar; yenə onun. Gəmiqaya və Qobustanda yaradılış ideyası. «Yeni Azərbaycan» q., 2003, 28 fevral; yenə onun. Gəmiqayada «Dədə Qorqud Kitabı» ilə səslənən bütöv bir cümlə. «Yeni Azərbaycan» q., 2003, 5 mart; yenə onun. Gəmiqaya-Qobustan əlifbasında işarələr səsin fonetik quruluşunu izləyir. «Yeni Azərbaycan» q., 2003, 8 aprel və b.

13. Abbasov A. Azərbaycanın qədim dövr etnoqrafiyasının öyrənilməsində Gəmiqaya təsvirlərinin əhəmiyyəti. – «2000-2001-ci illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sesiya» nın tezisləri. Bakı, 2002.

Исмаил Гаджиев
ГЕМИКАЯ В АЗЕРБАЙДЖАНСКОЙ ИСТОРИОГРАФИИ

            Встатьео смотрены проблемы изучения Гемикая как важный природный памятник.  Исследованы история ее изучения, значение слова Гемикая, период, количество, форма, техника выполнения наскальных рисунков.Обращено внимание  мнениям и взглядам много численных исследователей, анализирован ровеньи зучения проблемы в Азербайджанской историографии.

İSMAYIL HACIYEV, AMEA Naxçıvan Bölməsi

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin “Xəbərlər”i, 2005, №1, 154 səh

http://teze.aqra.az/az/qalereya/nggallery/album-1/G%C9%99miqaya-yaz%C4%B1lar%C4%B1-(fotolarda)/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.