Fikir vulkanı – sözün lavası

Print Friendly, PDF & Email

…Ramiz Dəniz dünya ilə fərdi insan, cəmiyyətlə şəxsiyyət arasında zəkanın görmədiyi və sezmədiyi əlaqələri, münasibətləri, qarşılıqlı təsiri aşkar edib öz əsərində göstərə bilir.

…Ramiz Qasımov bir çoxlarından fərqli olaraq özünəməxsus təhsil və həyat yolu keçib. 1965-ci ildə anadan olub. Ancaq orta təhsildən sonra M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının Akademiyasını səbr və təmkinlə oxuyub başa çıxıb. Başqa bir yolla “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”, “Braziliyanın müəmmalı kəşfi” əsərləri necə yarana bilərdi?

 

Yazıçı-tədqiqatçı kimi tanıdığım Ramiz Dənizin (Qasımov) əsərlərini oxuyanda uzun müddət onun daxili aləmini, yaradıcı təxəyyülünü ümumiyyətlə, dünyaya baxışını anlamağa çalışdım. Bu adam kimdir, tarix və coğrafiyadan məharətlə istifadə edən tarixi roman ustası, publisist, yoxsa dünya miqyasında tanınan görkəmli şəxsiyyətlərin fəaliyyətini araşdıran və bütün bunları öz əsərlərində əks etdirən tədqiqatçı? Mən onun tarixi-macəra janrında yazdığı “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”, “Müqəddəs missiya”, “Cənnətə gedənlər cəhənnəmə düşürlər” trilogiyasına verdiyim rəydə göstərmişdim ki, onun müraciət etdiyi janr tarixi roman janrı olsa da, nisbətən fərqli və nisbətən çətin mövzu ilə bağlıdır. Belə ki, digər müəlliflərdən fərqli olaraq, Ramiz Dəniz, həm tarixi roman janrına macəra elementlərini də əlavə etmiş, həm də Azərbaycan tarixinin özəlliklərinə, keçmişinə deyil, bizə daha uzaq, bizdən daha fərqli olan xalqların – aborigenlərin həyatına, məişətinə, tarixinə müraciət etmişdir. Ramiz Dəniz dünya ilə fərdi insan, cəmiyyətlə şəxsiyyət arasında zəkanın görmədiyi və sezmədiyi əlaqələri, münasibətləri, qarşılıqlı təsiri aşkar edib öz əsərində göstərə bilir.

Azərbaycan Yazıçılar Birliyinin katibi

Xalq yazıçısı  Çingiz Abdullayev

 Kim Ramiz Dənizi görübsə, onun gözlərinə baxıbsa, dənizi görüb. Kim onun sözünə, yaradıcılığına nüfuz edə bilibsə, onun varlığını sözdə, sənətdə duya bilibsə, əbədi axtarışda olan bir insanı görüb. O, axtardığını nə vaxt tapacaq, harda tapacaq, bunu ancaq özü bilir.

…Ramizi ilk duyanlardan biri kimi özümü görürəm. O, bütün hallarda, bütün görüşlərdə sözsüz və baxışlarıyla deyir: “Bax ha, bilin, mən nə isə axtarıram”. Bir dəfə Ramiz Dənizdən: “Əsliniz, soyunuz haradandır? – soruşdum. Cavab verdi: “Nəslimiz repressiya həyatı yaşayıb. Orta Asiya çöllərinə nəslimizin başbilənlərini sürgün ediblər. Atamı da çox körpə olduğuna  görə Bakıda uşaq evinə veriblər. Atamın indiki təsvirlərinə görə, biz qarabağlıyıq. Özü də Qarabağın Araz tərəflərindən. Mən axtarıram, axtarışdayam”.

…Düz on beş il bundan əvvəl – 99-cu ilin axırlarında Ramiz Dənizlə “Kredo” qəzetinin redaksiyasında (Nizami metrosunun yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsi, 16) rastlaşanda onun cansız, cüssəsiz bədəninə sığmayan ruhunu hiss elədim. Təlaşlı gözlərilə nəyisə axtardığını görürdüm. Və əlbəttə, ilk qələm təcrübəsilə yox, nəşr olunmuş ilk romanı ilə gəlmişdi. Doğrusu, bir az şübhəqarışıq hisslə “bəs hekayələrin, essələrin, povestlərin hanı? – soruşdum. “ – Hələ ki, bunu gətirmişəm “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”tarixi macəra janrında yazılmış romanı əlimə alıb vərəqlədim. Başqasını deyə bilmərəm, amma həmin anda oxuduğum sözlər, cümlələr birbaşa təsir gücünə malik fikir-düşüncə əks-sədası olan abzaslar məni özümdən ayırdı. Yosunlu dəniz, səssizliyin vahiməsini gətirən sahillər, bəlkə də, min illər boyu sükut içərisində olan cəngəlliklərə od qoyan atəşlər, bir sözlə, durğunluğu dağıdan yeni gəlişlər… üstümə yeridi, cansız olan canlandı, canlı olan dilləndi.

Tam əminliklə deyirəm, Azərbaycan ədəbiyyatında yeni səs, yeni nəfəs… Və ən başlıcası dənizin, dünya okeanının yosunqarışıq kəsif, rütubət qoxusunu, özü də insanı çəkən qoxusunu hiss elədim.

Ən təqdir olunanı yaddaşımın qürurla xatırlayacağı on beş il bundan qabaqkı söhbəti indi də xatırlayıram: “Sən başdan-başa dənizsən ki!…” Burdan beləsini də gərək olduğunu kimi deyim. Yaxına gəldim, pencəyinin küncündən yapışıb özümə tərəf çəkdim: “Səndən dəniz iyisi gəlir”.

O vaxt Ramiz Qasımov yanıma gəlmişdi. Bələdçi timsalında deyəsən, yanında dayısı da vardı. Bu gənc, gözlərindəki təlaşla qarışıq nəyisə axtaran yazıçı ilə ilk müsahibə o vaxt on beş il bundan əvvəl “Kredo” qəzetində çap olundu. “Konkistadorların Mərkəzi Çili sahillərinə on altı illik səfəri”. Və Ramiz Qasımovun deyərdim ki, mətbuat aləmində ilk oxucusu olan Səbuhi Səfiyarlı hazırlamışdı müsahibəni. Növbəti gəlişində ona “Sən elə Ramiz Dənizsən”, – dedim. Ancaq uzun müddət Ramiz bu ədəbi təxəllüsə yaxın gəlmədi. Və bunu da onun yazıçı məsuliyyətinə münasibət kimi başa düşürəm. Dəniz, okean, Amerika cəngəllikləri, ümumiyyətlə, dünya arenasını səyahət onun yaradıcılığının mahiyyəti olaraq davam edirdi. Trilogiya kimi nəzərdə tutduğu həmin əsərin davamını yazdı: “Müqəddəs missiya”, “Cənnətə gedənlər cəhənnəmə düşürlər”. Bu əsərlər bütövlükdə trilogiyanı tamamladı. Orası da yadımdadır ki, əsərin ayrı-ayrı qəhrəmanları haqqında – hələ növbəti cildlər yazılmamış – soruşanda Ramiz necə dəqiq, aydın təfəkkürəl cavab verirdi. Sanki o, bütöv trilogiyanın əhatə elədiyi mənzərəni gözlərinin qabağında olduğu kimi görürdü.

Ramiz Qasımov bir çoxlarından fərqli olaraq özünəməxsus təhsil və həyat yolu keçib. 1965-ci ildə anadan olub. Ancaq orta təhsildən sonra M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının Akademiyasını səbr və təmkinlə oxuyub başa çıxıb. Başqa bir yolla “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”, “Braziliyanın müəmmalı kəşfi” əsərləri necə yarana bilərdi?

Nəhayət, Ramiz bir yazıçı kimi, Azərbaycan ədəbiyyatının görkəmli simaları tərəfindən oxundu, öyrənildi, Azərbaycan xalq yazıçısı Çingiz Abdullayev, eləcə də onun elmi publisistik janrda yazdığı əsərlərinə rəy verən coğrafiya elmləri doktoru, professor Eybalı Mehralıyev, AMEA-nın müxbir üzvü, okeanoloq, professor Ramiz Məmmədov, pedaqogika elmləri doktoru, professor Əjdər Ağayev… və onlarca başqaları Ramizin bədii və elmi təfəkkürünü kifayət qədər qiymətləndirdilər. O, tədqiqatçı kimi, özünü ədəbiyyatşünaslıq sahəsində də təsdiq etdi,“Qəlblərdə yaşayan Mir Cəlal” əsərini yazdı. Daha sonra “Fitva”, “Qismət”, “Aqibət” kimi müxtəlif  dövrləri və psixologiyaları özündə ehtiva edən bədii əsərlər yaratdı. Ramiz Dənizin “Qarabağ” romanı yazılır. Axı demişdim, Ramizin gözləri nəyi isə axtarır.

…Beləcə Ramiz Qasımov Dəniz oldu… Ramiz DƏNİZ.

                                       “Kredo” qəzetinin baş redaktoru, şair, publisist Əli Rza Xələfli

                                                                                                “Kredo” qəzeti 20.02.2014

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.