Dilini fonеm dili səviyyəsində öyrənmək istəməyən kəs – robot kimidir!

Dilini fonеm dili səviyyəsində öyrənmək istəməyən kəs – robot kimidir. 

Fonemlər – əslində Kainatdakı və

təbiətdəki varlıqların, hərəkətlərin

və düşüncələrin simvollarıdır.

 

                                      Müəllif

Rеdаktordаn

    Fikrət Rzayevin “Söz” adlı kitabı son dövrlər dilçilik sahəsində müqayisə-qarşılaşdırma-ümumiləşdirmə yolu ilə aparılmış maraqlı tədqiqatlardan biridir. Səs, söz, şəkilçilər üzrə hər bir fonemin mahiyyəti müəyyən qanunauyğunluqlar əsasında bu kitabda təhlil və tədqiq olunur. Müəllif səslərlə sözlərin mə’nalarının əlaqəli şəkildə olduğunu mümkün hal hesab edir, sözlərin yaranma prinsiplərinə dil faktlarının müqayisəli təhlili əsasında elmi cavab axtarır. Bununla da dilin yaranması, inkişafı ilə bağlı bir sıra vacib məsələlərin  həllində mövcud olan qanunauyğunları duyur və onun mahiyyətinə varır. Hər şeydən əvvəl sözün mə’nasının onu təşkil edən fonemlərdən asılı olduğunu əsas müddəa kimi götürür. Hər bir fonemin mə’na yaradan əlamət və vəzifələrini nəzərə alır. Burada da iki cəhət xüsusi olaraq izlənir: birincisi, sözün bir neçə mə’nasının yaranması, ikincisi, bir mə’nalı sözlərin müxtəlif fonemlərdən təşkil olunması. Və bununla da müəllif sözlərin omonimliyinin, sinonimliyinin, antonimliyinin yaranmasını söz variantlığı kimi izah edir. Eyni zamanda müxtəlif dillərin yaranma səbəblərinin birini də müxtəlif vəzifəli fonemlərlə əlaqələndirir. Müxtəlif vəzifəli fonemlərin söz modellərini yaratmasını isə riyazi variasiyalılığa uyğun gələn gerçəklik kimi dil faktları ilə müqayisəyə cəlb edir.

    Fikrət Rzayev riyaziyyat, fizika elmlərindəki qanunauyğunluqları dildə axtarır. Başqa sözlə, bu elmlərdəki qanunauyğunluqları dildəki sözlərə tətbiq etməyi bacarır. O, maddənin və enerjinin itməməsi qanunlarını ayrı-ayrı hadisələri, əşyaları, predmetləri bildirən-adlandıran sözlərdə də müşahidə edir. Heçdən yaranmayan, heç yerə itməyən, bir şəkildən başqa şəkilə, bir cisimdən başqa bir cismə verilən enerjinin itməməsini sözlərdəki fonemlərin mə’nası ilə müqayisə edir. Sözlərdəki fonemlərin mə’nası dinamik və ya, yeri düşdükcə, passiv, durğun enerji kimi ehtiva olunur. Təbii ki, bu cür enerjinin sözlərdəki təzahürü də müxtəlif çeşidləri, çalarları ilə fərqlənir. Eyni məfhumu, anlayışı bildirən sözlərin müxtəlif dillərdə fərqli şəkildə səslənməsi eyni fonemin müxtəlif çeşidləri və çalarları ilə bağlıdır. Bu baxımdan müəllifin gətirdiyi bir misal yerinə düşür: “Nə üçün əlimizi müxtəlif cür səslənən – azərbaycanca “əl”, rusca “ruka”,  almanca isə “Hand” kimi adlandırırlar?” sualını belə aydınlaşdırmaq olar: “əl” dedikdə “olan (bir şeyi) özümüzə tərəf eləyən (gətirən, çəkən)” hadisəsinə, “ruka” dedikdə (əlin) “(bir şeyə) uzadılaraq, qüvvə ilə tə’sir etmə (itələmə, tutma) (əli isim kimi tanıtdıran a fonemidir)” hadisəsinə, “Hand” dedikdə (əli) “(bir şeyə) istiqamətləndirərək, ona (əlin) möhkəm tə’sir edən (tutan, sıхan, saхlayan, dartan) halına” işarədir. Göründüyü kimi, qısaca ifadə etsək, bu sözlər əlin işini, hərəkətini ifadələndirirlər. (Maraqlı deyilmi?)”. Fikrət Rzayevin bu fikri kitabında verdiyi yüzlərlə sözlərin tipoloji müqayisəsində geniş şəkildə əks olunur. O, yüzlərlə sözlərdə yuхarıda verdiyi sual əsasında cavab aхtarır. Müqayisəli yolla apardığı təhlildə cavablar tapır, sözlərin məzmun və mahiyyətini üzə çıхarır.

    Fikrət Rzayevin bu kitabında sait və samit fonemlərin mə’na enerjisi, fonematik yükü, vəzifə və funksiyaları müqayisəli-tipoloji üsulla araşdırılır. Söz daxilində sait və samitlərin vəzifələri, əlamətləri ümumiləşdirilir. Təbii ki, sait və samitlərin vəzifə və daşdıqları funksiyaların müqayisəsində üstünlük samitlərə verilir. Və samitlərin belə bir üstün mövqeyi dilçilik elmində ən məqbul vəziyyət kimi qə’bul olunur. Saitlərə gəlincə onların sözün formalaşmasında oynadığı rolu (avaz, heca, ton və s.) inkar etmək mümkün deyil. Həm də saitlər daşıdıqları fonematik yük baxımından mövqe nüfuzlarının üstünlüyünü samitlərə versələr də, fonematik vəzifədən tamamilə azad deyildir. Bu mə’nada Fikrət Rzayev a, o, u, e, ə, i, ı, ü, ö saitlərinin əlamət və vəzifələrini oхucuya çatdırmaq üçün onların sözlərdəki tutduqları vəziyyətə uyğun mə’nalarını verir. Samitləri isə doqquz qrupa ayıraraq izah edir. Qrup adları maraqlı olduğu qədər də düşündürücüdür: al (l samiti), təbiət (b, v, p, f), od (d, t, y, g, c), işıq-səs (s, z, y), iç (ç, k, ş), an (n), həm (m), ar (r), ah (q, k, ğ, х, h) və s. Müəllif sonra bu qrupları yarımqruplar üzrə cədvəldə verir və samitlərin sözlərdəki vəzifələrini, əlamətlərini göstərir.

    Kitabda maraqlı cəhətlərdən biri azsəsli sözlərin (ikisəsli, üçsəsli və s.) araşdırılmasıdır. Və bu istiqamətdə müəllifin əldə etdiyi nəticələr, söylədiyi fikir və mülahizələr maraqlıdır.

    Fikrət Rzayevin bu kitabı müхtəlifsistemli dillərin əlaqələrinin və münasibətlərinin öyrənilməsi baхımından da əhəmiyyətlidir. Odur ki, kitabda Azərbaycan, alman, rus dilləri üzrə aparılmış müqayisələr tipoloji dilçilik üçün də faydalıdır. Və burada da müəllifin fikri, mövqeyi və mülahizələri oxucunu düşündürür.

    Müqayisəli-tariхi metod, eləcə də müqayisəli-tipoloji tədqiqatlar ХIХ əsrin ikinci yarısında geniş vüsət almışdır. Bu yolla aparılmış tədqiqatlar dilçilik elminə böyük uğurlar gətirmişdir. Dillərin fonetik, leksik, qrammatik quruluşlarına dair müqayisəli təhlillər qohumluq əlaqələrini, tipoloji uyğunluqları və fərqləri müəyyənləşdirməkdə ən tutarlı üsuldur. Dəfələrlə sınaqdan çıхmış bu üsul hər dəfə dilə tətbiq olunmaqla aktuallığını təsdiq edir. Bu mə’nada Fikrət Rzayev müqayisəli üsuldan gen-bol faydalanaraq çox maraqlı tezislər ortaya atır. Hər halda Azərbaycan dilçiliyində də yeni olmayan müqayisəli metod bir daha yeni tezislərin yaranmasına şərait yaradır. Fikrət Rzayevin öz əsərində tətbiq etdiyi müqayisəli metod dilçilik elmi ilə yanaşı, dəqiq elmlərin – riyaziyyatın, fizikanın sintezindən ibarət olmaqla daha da uğurlu görünür. Əsərin dəyərli cəhətlərindən biri də məhz elə bundadır.

“Söz” adlı bu kitabda oхucunu, mənə elə gəlir ki, bir neçə məqam düşünməyə vadar edəcəkdir:

I. Fonemlərin vəzifə və əlamətləri;

II. Fonemlərin sözlərdə mə’naya xidmət etməsi;

III. İkisəsli, üçsəsli, dördsəsli, beşsəsli və daha çoxsəsli sözlərin mə’nalarında fonemlərin oynadığı rol;

IV. Sözlərdəki sait və samitlərin mə’na xüsusiyyətlərinin kainatı və varlıqlarını kodlaşdırması;

V. Dillərin kainata bağlı olması;

VI. Sözlərin kainata və onun hərəkətliyinə bağlı olması;

VII. Dillərin və sözlərin bəşəri xarakteri və s.

Buludхan Хəlilov,
Filologiya Elmləri Doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru.

2012-ci ildə “Maarif” nəşriyyatında çapdan çıxmış “Söz” kitabından.

Kitabı  yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir