Can verən ağac

Print Friendly, PDF & Email

Hündür ağacın nəhəng gövdəsi cadar-cadar idi. Bu ağacın nə qədər qoca olmasından xəbər verirdi. Ağacın şaxələnən budaqları müxtəlif tərəflərə yönəlmişdi. Böyük bir ərazini zəbt edən budaqların bəziləri yamyaşıl yarpaqlarla örtülmüşdü. Bəziləri isə qurumaq üzrə idi.

Xəfif meh yarpaqları titrətdikcə ərtafa xoş bir sərinlik yayılırdı. Budaqların üstündə az qala şirəsi axan ağ tutlar ağ kəpənəklərə bənzəyirdi. Meh əsdikcə yetişən tutlar tappıltı ilə yerə düşürdü.

Nəhəng ağacın qaməti azca yana əyilmişdi. Deyəsən zaman onun qəddini əymək istəyirdi. Gövdəsində qarışqalar yuva salan ağacın bəzu budaqları yarpaqsız idi. Görünür ağac çox qocalmışdı, torpaqdan aldığı şirə onun bütün budaqlarını təmin edə bilmirdi. Daha dərinə gedib şirə çəkməyə isə ağacın taqəti qalmamışdı. Nəhəng ağac yavaş-yavaş dünyaya “əlvida” deyirdi…

Deyirlər:“Dünyanın qapısı çox balacadır, o qapıdan çıxanda gərək başını əyəsən…” Ağac da yavaş-yavaş başını əyirdi. Ağ tut ağacı çox vüqarlı idi, o zamanın  sərt üzünü çox görmüşdü, amma başını əyməmişdi. Lap qururlu insanlar kimi…

İndi isə zamana baş əyməyin məqamı çatmışdı. Ağac təslim olmaq üzrə idi.

Quru budaqlar məyus-məyus ağacın gövdəsinə baxır, sanki analarından imdad diləyirdilər.Təəssüf ki,  analar həmişə övladına imdad edə bilmir…

Övladlar səhv hərəkət edəndə, ata-ana nəsihətinə əhəmiyyət verməyəndə onlar  övladının ağrı-acısına kənardan baxıb, için-için yanır. Ağac da əlacsız qalmışdı, lap o valideynlər kimi… Ağac övladlarına yardım edə bilmədiyi üçün xəcalət çəkirdi. Ağac bilirdi ki, bir gün hər şeyin sonu çatır…

Təsəlli yeri o idi ki, ağacın gövdəsindən cavan pöhrələr cücərməkdə idi, demək hər pöhrə yeni bir həyat, yeni bir ağac deməkdir.

Demək dünyadan köçən nə varsa, onu əvəz edən cavanlar var. Demək hər bir son, nəyin isə başlanğıcıdır…                                                                           

Görəsən dünyada ağac olmasaydı əsanı nədən hazırlayardılar? Görəsən ahıl yaşında əlində əsa gəzdirən insan ömründə heç olmasa bir ağac əkib-becəribmi?

                                        Əl ağacı

Əsa, yoxsa əl ağacı? Hansı dəqiq ifadədir? Əl ağacı, yəni əldə gəzdirilən ağac.

Əslində bu qoca vaxtı insana dayaq olan bir vasitədir.

Bəs niyə ona əl ağacı deyirlər? Görəsən ömründə bir ağac da olsa əkməyən adam əlində əsa gəzdirəndə ondan utanırmı?

Əl ağacı qocanın üçüncü ayağıdır, insanı yıxılmaqdan qoruyur. Necə ki, Süleyman Peyğəmbəri yıxılmaqdan qorudu. Axırda balaca bir qurd əl ağacına qalib gəlib, Süleyman peyğəmbəri yerə yıxdı.

Uzun illər sahibinin əlində gəzən ağac sahibini itirəndə gərəksiz bir əşyaya çevrilir. O gözdən-nəzərdən düşür. Sahibi üçün qəribsəyir. Bəzən onu əziz xatirə, yadigar kimi saxlayır, bəzən də sahibinin üçü verilməmiş əl ağacını zibilliyə atırlar.

Əl ağacı sahibinin əlinin hərarəti üçün darıxır. Görəsən əl ağacı sahibi üçün göz yaşı tökürmü.

Yaxşı ki, əl ağacı ağlamır, yoxsa rütubətdən cücərib yarpaq açardı, əl ağacı…

Əl ağacı, əsa sahibi ilə birlikdə ölür. Onu daha heç kim gəzdirmir.

Axı ağac yerdən üzüləndə ölür, əl ağacı da yerə toxunmadığı üçün ölür…

                                                  Gülarə Munis.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.