Balacanın böyük dərdi…

Print Friendly, PDF & Email

Vərəqin xeyli hissəsi yazılmışdı…

Cümlələrdən birinin yarısı yavaş-yavaş islanmağa başladı. İslanan sahə tədricən böyüdü, vərəqin böyük bir hissəsi yaş oldu.

Sətrin lap başında dayanan “A” hərfi təəccüblə soruşdu:

-Bu nədir? Bu su haradan səpilir? Yazılar islandı ki…

Cümlənin yarısında qoyulan vergül yavaşca dilə gəldi:

-Bu mənim göz yaşlarımdır, hər dəfə fikirlər yarıda qırılanda, məni ora pərçim edirlər, əsas fikir sonraya qalır. Daha göz yaşlarımı saxlaya bilmirəm. Axı, niyə balaca quyruğum mənə bu qədər mane olur. Niyə mən qətiyyətli söz deyən nida işarəsi ola bilmirəm? Niyə mən nöqtə olub, fikirləri tamamlaya bilmirəm? Niyə mən üç nöqtə olub insanları düşündürə bilmirəm? Niyə mən sual işarəsi olub oxucuları cavab axtarmağa məcbur edə bilmirəm?

Vergül yanıqlı-yanıqlı danışır, dinləyənlərin qəlbini qana döndərirdi.

 “A” hərfi uzaqdan əlini uzadıb vergülün başını sığalladı, sonra onun göz yaşlarını silib dedi:

-Heç bilirsənmi, cümlədə sənin necə böyük rolun var? Sən olmasan, oxucular necə əziyyət çəkər? Sən olmasan ən dəyərli yazılar, əsərlər belə, mənasını itirər. Sənin o balaca quyruğun özündən sonra gələn fikirləri öz ardınca çəkib aparır, oxucunu düşünməyə məcbur edir. Əgər sən olmasan bəzi qərarlar, fərmanlar öz qüvvəsini itirər. İnsanların bütün yazdıqları alt-üst olar.

Vərəqdə yazılan bütün işarələr və hərflər müdrik “A” hərfinin dediklərini təsdiq etdilər.

Vergül bir az fikrə gedib dedi:

-İşə bax, indiyə kimi bunu başa düşməmişəm. Həmişə başqa işarələrə həsəd aparmışam. Heç demə bütün yazılarda mənim olmağım vacib imiş!

Vergül sakitləşib gülümsədi və balaca quyruğunu nəvazişlə

tumarladı…

                                                                                 Gülarə Munis. AYB və AJB üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.