Bəhruz Axundov “Nuri həqq, daima yanar, sönməz!..”

Print Friendly, PDF & Email

Redaktordan

Bu yazıları Bəhruz müəllim mənə oxumağa verdikdən sonra sanki həyatımda yeni bir səhifə açıldı. Hər vərəqi oxuduqca, bir sə­nədli, həm də bədii filmi izlər kimi özümü hiss edirdim. Hər şey kino-lenti kimi axıb gedirdi. Bu bir salnamə idi, yarım əsrlik. Bəh­ruz müəllim ondan da əvvələ boylanır, nəsilləri, diqqətəlayiq in­san­ları, Naxçıvanın gəlib-keçmiş görkəmli simalarını sərgilə­yir­di.

Kino sənətinə marağı, rəssamlığı burada da özünü göstərirdi. Dəqiq və dürüst, məsuliyyətli və sədaqətli olması dəsti-xəttində aşkar görünürdü.

Cavidlər ailəsi faciə yaşamışdı. Ona görə yaşamışdı ki, seçil­miş insanlar idilər. Cavid dühası əsrlərə xitab edirdi. Keçmişdən yazarkən gələcəyin nigarançılığını yaşayır, zəmanəsinin acılarını göstərirdi. Cavid bəşəri idi, mələk qanadlı, yaralı bir şəxsiyyət idi. Mən məktəbdə oxuyarkən atamdan soruşdum ki, niyə yaşlı bir şairi sürgünə göndəriblər? Niyə ondan belə qorxublar, ordusumu, topu-tüfəngimi var idi? Atam qaşlarını çatıb; “Cavidin hər misrası bir ordu gücündə idi. Ancaq bu ordu gələcəyin, insanlığın, millət və Turan yolunun çırağının işığını yandırırdı. Cavid kimilərdən hə­mişə qorxmuşlar: Cavidi hələ də öyrənəcəklər. Onu mənim­sə­mək üçün nələrisə bilmək, öyrənmək, çox şeyə vaqif olmaq lazımdır”.

Belə bir dahinin, belə bir ailənin taleyinə Bəhruz Axundov kimi alicənab, qədirbilən, şəxsiyyətinə hamının ehtiram bəslədiyi insan yazılmışdı. Tale özü layiq bilib onu bu ailənin qapısına, evi­nə əmanət eləmişdi. O da bütün varlığı ilə bu ocağın xidmətkarı olmuşdu.

Siz hər bir sətirdə onun necə incəliklə, dəqiqliklə fəaliyyət gös­tərdiyini, sevgi şairinə sevgisini, Turan xanıma sonsuz qayğı­sını, diqqətini görəcəksiniz. O, heç nəyi unutmur, hər şeyi yaşa­ya­raq yazır, sanki tutduğu yolu yenidən gedir. Həyəcanlar, axtarışlar, gərgin əmək və qət etdiyi yolları… Hamısını təvazökarlıqla yazır, digərlərinin xidmətini önə çəkir, onların Cavid eşqini göstərir. Bu sətirlərdə canlı bir tarix yatır, Cavid işığına yığışmış insanların kimliyi bəlli olur, xatırlanır. Getdiyi səfərlərdə apardığı sərgilər, təbliğatı, çıxışları çox maraqla oxunur. Xüsusilə, 1988-ci ilin aprel ayında Moskvada məhz Bəhruz müəllimin sayəsində keçirilən sər­gidə bu əzmkarlıq diqqət çəkir. Hər kəsi Cavid taleyinə yö­nəl­dir, belə böyük dahinin geniş miqyasda tədbirinin keçirilməsinə nail olur.

Türkiyədə keçirilən hadisələri də izləyir, özü iştirak etsə də, etməsə də hər anı dəqiqliklə tarixə köçürür. Bir sözlə, görüşlər, ta­maşalar, muzey və məqbərə ziyarətləri, hamısı həssaslıqla işlənir.

Cavidin cənazəsinin vətənə gətirilməsində, Cavidlər ailəsinin bir yerdə uyuyub rahatlıq tapmasında Cənab Heydər Əliyevin xid­məti dönə-dönə minnətdarlıqla vurğulanır.

Bu gün Bəhruz müəllim Cavid muzeyinin canlı ensiklope­diya­sıdır. Ürəyi hələ də ordadır. Nigarandır, hər əşyanın tarixini saatlarla danışa bilər, onların taleyini soruşa bilər. Onun buna haq­qı var. Yetər ki, ondan sonra muzeyə rəhbərlik edənlər Cavidlərlə bərabər, Bəhruz Axundovu da düşünsünlər. Ehtiram, məsuliyyət, əmanətə sadiqlik və sevgi əsas meyarları olsun.

 Etimad Bektaşi

Qeyd:Kitabın pdf variantı yaxınlarda buRAda yerləşdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.