Akif Azalp – Nuhçıxan

          Nuhçıxan

 

                          Dünya mədəniyyətinin ilkin   

                          mərkəzlərindən olan qədim

                         Naxçıvanın 5000 illiyinə                                                                        

                         həsr olunur.

                                                                

                                   *** I ***

 

Səma elçisinə xor baxanlara

Qəzəbi tutanda uca göylərin,

Ərşdən gələn Böyük Tufandan sonra

Sən oldun sığınar yeri bəşərin!

 

Torpaq, canım torpaq, cahanım torpaq,

Hər daşı AZƏRim, BAYCANım torpaq!

 

Tale hifz etdikcə adını şərdən,

Xoş sorağın gəldi düşmədən heydən.

O era sonunda Flavilərdən,

Bu era başında Ptolemeydən!

 

Torpaq, əhdim torpaq, peymanım torpaq,

Hər dağı AZƏRim, BAYCANım torpaq!

 

Götür-qoy etmədən sənin varınla,

Özgələr öyəndə “Şahnamə”ləri,

Sən dastandan şanlı qalalarınla

Bir-bir ucaltmısan Nuhnamələri!

 

Torpaq, şanım torpaq, nişanım torpaq,

Hər yanı AZƏRim, BAYCANım torpaq!

 

Kim idi Məsqətin dağ ətəyində,

Ordubad düzündə ordu batıran?!

Kəyan nəslin boğub qan çəlləyində,

Tarix atasının şövqün artıran?!

 

Torpaq, oxum torpaq, kamanım torpaq,

Hər üzü AZƏRim, BAYCANım torpaq!

 

Kim idi zülm ərşə dayanan zaman

Yiyə duran Haqqın sirdaşlarına?!

Qaya bətnindəki sığınacaqdan

Yer verən “Mağara qardaşları”na?!

 

Torpaq, dinim torpaq, imanım torpaq,

Hər piri AZƏRim, BAYCANım torpaq!

 

Qutsal əmanətsən Dədə Qorquddan,

Dastan deyir ozan, hayana baxsan:

Qazangöl, Qazanköç, Qazançı yurddan,

Qaradağ, Qaraçuq, Qaraçobandan!

 

Torpaq, sazım torpaq, dastanım torpaq,

Hər boyu AZƏRim, BAYCANım torpaq!

 

Bağrından yüksələn Atabəyləri

Təsvirə söz tapmır tarix yazanlar.

Eldəniz yolunu tutandan bəri

Cahan Pəhləvanlar, Qızıl Arslanlar!

 

Torpaq, taxtım torpaq, sultanım torpaq,

Hər hökmü AZƏRim, BAYCANım torpaq!

 

Kim idi, qoy desin, Şərq İntibahı,

Mümtaz memarlığın əşsiz dahisi?!

Kim elan etmişdi tək Fəzlullahı

Göylərin yerdəki tənha varisi?!

 

Torpaq, andım torpaq, amanım torpaq,

Hər sirri AZƏRim, BAYCANım torpaq!

 

Kim idi qəsd məqəsd qəddar fələyə,

Yenidən dirildən əsatirləri?!

Qayıdıb Əlincə adın çəkməyə

Tövbədə saxlayan cahangirləri?!

 

Torpaq, qalam torpaq, qalxanım torpaq,

Hər bürcü AZƏRim, BAYCANım torpaq!

 

Şöhrətini yaydı Tusilər nəsli,

Yurdbayurd gəzəndə böyük banilər.

Türfə elmlərin gülaçar fəsli

Səndən çıxdı soy-soy Naxçıvanilər!

 

Torpaq, ünüm torpaq, ünvanım torpaq,

Hər kəşfi AZƏRim, BAYCANım torpaq!

 

Gəlir Burla xatun, Banuçiçəkdən,

Mömünə xatundan yadigar gövhər.

Səni tərənnümə çəkib ürəkdən

Neçə Heyran xanım, Qönçəbəyimlər.

 

Torpaq, dürrüm torpaq, mərcanım torpaq,

Hər gülü AZƏRim, BAYCANım torpaq!

 

Gülüstan ardınca göz açdırmadan,

Qənimlər çəksə də Türkmənçay dağın,

Hayqırıb millətin haqqın durmadan,

Sən əldən vermədin mənlik bayrağın!

 

Torpaq, dərdim torpaq, dərmanım torpaq,

Hər cəhdi AZƏRim, BAYCANım torpaq!

 

Səndən yana Paris səmalarına

Tale aparmışdı Kəngərliləri.

Səndən yana Dövlət Dumalarına

Vəlvələ salmışdı Şaxtaxtı nəri!

 

Torpaq, ərzim torpaq, üsyanıım torpaq,

Hər qıyı AZƏRim, BAYCANım torpaq!

 

“Hümmət”lə “Qeyrət”dən yüksələn sədan

Gəlib gah “Kaspi”dən, gah “Şərqi Rus”dan.

Sidqilər, Şəriflər, Sultanlılardan,

Fəqir, Qəmküsartək neçə ulduzdan!

 

Torpaq, mərdim torpaq, meydanım torpaq,

Hər alpı AZƏRim, BAYCANım torpaq!

 

Məşriq ölülərin diriltmisən sən,

Molla Nəsrəddinlə salaraq lərzə!

Qərbin səhnəsinə sinəsin gərən

Şərqin Şekspirin vermisən ərzə!

 

Torpaq, zəkam torpaq, tüğyanım torpaq,

Hər əzmi AZƏRim, BAYCANım torpaq!

 

                 ***II***

Baxmadan yağılar yağdıran oxa,

Bayram yumurtasın boyadı Nuhruz.

Qutsal türbələrin çıxmadan yoxa,

Səni ağ kətana köçürdü Bəhruz!

 

Torpaq, vergim torpaq, fitrətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

Yananda Babəkin andı qanında

Cəmşidin nərəsin çəkdi Şuşadan.

Sənə qan-qadalar burulğanında

Haqqın əli yetdi Kazım Paşadan!

 

                    Torpaq, qəmim torpaq, həsrətim torpaq,

                    Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

                    Yad etsək “Gümrü”nü, “Moskov”nu, “Qars”ı,

                    Səndən danışırdı ərzin yarısı.

                    Atatürk deyirdi “Türkün qapısı”,

                    Kazım Qarabəkir “Şərqin qapısı”!

 

Torpaq, fəxrim torpaq, şöhrətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

İttifaq naminə bir neçə kərə,

Dinc qonşuluğa hər gələndə sıra,

Sən dövlət vermisən dövlətsizlərə,

Sən paytaxt vermisən paytaxtsızlara!

 

Torpaq, könlüm torpaq, himmətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

Kim idi vaxtında cəsurcasına

“Qanlı sənələr”in gerçəyin deyən?!

Him qoyub “Koroğlu” operasına,

“Dumanlı Təbriz”in qəmini yeyən?!

 

Torpaq, haqqım torpaq, cürətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

Son anda bəşərin dadına yetdi,

Təfəkkür məşəlin səmadan yanıb.

Sənin zəkan ilə Bakının nefti

Dünyanın sonuncu hərbin qazanıb!

 

Torpaq, beynim torpaq, sərvətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

Şükür, xainlərlə yadlar üzündən

İşini görməmiş növbəti qurğu,

Elmlər köşkünün baş kürsüsündən

Qıy vurdu Mirabbas Mirfəttah oğlu!

 

Torpaq, arım torpaq, qeyrətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

Üç il keçər-keçməz gizlədib kinin,

Dilin çıxarırdı artıq ilanlar.

Çünki Azərbaycan siyasətinin

Zirvəsində idi böyük xilaskar!

 

Torpaq, gücüm torpaq, qüvvətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

Bağrın təşnə çağda işıqla suya,

Araz payın dərhal çatdırdı nərlər.

Can qoydu Arpaçay dəryaçasında

Öndər amalına vurğun Cəfərlər!

 

Torpaq, tərim torpaq, zəhmətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

Ancaq imperiyanın altmış yaşında

Əzminə qol çəkdi dünyada hamı.

Hikkəli Kreml sənin qarşında

Taybatay açanda qapılarını!

 

Torpaq, yuxum torpaq, heyrətim torpaq,

Nuhdan gələn sonsuz qüdrətim torpaq!

 

                 ***III***

Sənin qayğına göz dikmişdi hər yan,

Qısaltdıqca Baykal-Amur yolların.

İz qoydu Baltikdən Alyaskayacan

Sənin imzaların, sənin qolların!

 

Torpaq, ulum torpaq, sərvərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Heyhat, hiylələrsiz keçinərdimi,

Yuxusun itirən paxıl və yalaq?!

Ər oğlun Kremli tərk edən kimi,

Uçruma üz tutdu başsız İttifaq!..

 

Torpaq, qəmim torpaq, kədərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Kim idi, qana qərq olanda Bakı,

Hiddətini saçan key Rəhbərliyə?!

Kim idi, odlarda qalanda Kərki,

Səni haraylayan səfərbərliyə?!

 

Torpaq, ahım torpaq, qəhərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Bir anda çalxandı Çalxanqalalar,

Yerindən oynadı Şapurqalalar.

Kükrəyib atlandı Oğlanqalalar,

Fınxırıb kişnədi Govurqalalar!

 

Torpaq, nərim torpaq, əsgərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Qılıncın siyirdi qından Sədərək,

“Odlar yurdu!”- deyə qıy vurdu Kürdkənd.

Dəryazın döyməyə qalxdı Biçənək,

“Azərbaycan!” -deyə hayqırdı Vənənd!

 

Torpaq, qalam torpaq, səngərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Kim idi yenidən çırağın yaxıb,

Bayrağın ucaldan Cümhuriyyətin?!

Lax çıxmış İttifaq səfindən çıxıb,

Təməl daşın qoyan yeni dövlətin!

 

Torpaq, himim torpaq, mehvərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

O sən deyilmidin nər şairinlə

Köksündən püskürən odlu tüğyanı?!

“Xocalı”dan sonra bir şeirinlə,

Ayağa qaldıran “yatmış vulkan”ı?!

 

Torpaq, cəngim torpaq, əsərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

“Heydər!”- deyə coşdu kükrəyib Xəzər,

“Heydər gəlməldir!”- dedi Qarabağ!

“Heydər!”- deyə qalxdı şəhərlər, kəndlər,

“Heydər gərək xalqa!”- dedi hər oymaq!

 

Torpaq, zərim torpaq, zərgərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Dərə bəylərindən bezəndə hər kəs,

El təngə gələndə haçalanmaqdan,

Vaxt qazanmaq üçün yalnız atəşkəs

Qurtardı Vətəni parçalanmaqdan!

 

Torpaq, köksüm torpaq, sipərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Ardınca dünyanın dörd tərəfindən

Saysız etiraflar dalğası gəldi.

Şəhidlər ruhuna pərvaz bəxş edən

Qüdrətin yüksəldi, səsin yüksəldi!

 

Torpaq, ordum torpaq, ləşkərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Özündən çox sənin qəmini yeyib,

Dünya elmində öz izin qoyanlar.

Çağdaş nəhənglərin hansını deyim,

Birmidi, beşmidi, onmudu onlar?!

 

Torpaq, barım torpaq, bəhərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Unutmaq olarmı səndən yüksələn

Almaz təfəkkürün “fələk”lərini?!

Zərifə xanımın ardınca gələn

Bənzərsiz Şaxtaxtı mələklərini?!

 

Torpaq, dürrüm torpaq, gövhərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Odunu gəzdirib köksündə vüqar,

Bir yanda Təhmasib, Mövləvilərin.

Bir yandan Nərimanlar, aşıq Nabbatlar,

Şanlı Mirilərin, Mirişlilərin!

 

Torpaq, meyvəm torpaq, səmərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Parlar yollarında incəsənətin

Kazım Ziya, Hüsnü, İbrahim, Zəroş…

Cəh-cəhlər içində cəh-cəh görmədim,

“Aban”ın sən adlı cəh-cəhindən xoş!

 

Torpaq, kəndim torpaq, şəhərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

Keçib Arazboyu düzənliklərdən,

Sərxoş sümürdükcə yovşan ətrini,

Elə bil yenidən kəşf eləyirsən,

Nəğməkar şairin yanar sətrini!

 

Torpaq, yazım torpaq, dəftərim torpaq,

Öndər yolun tutan Azərim torpaq!

 

                    ***IV***

Qalxıb “Dərələyəz”-“Zəngəzur” üstdə

Sipərdağ, Küküdağ, Ağdaban, Kəmki…

Dövrəndə zirvələr yeni həvəsdə

“Xələfi” yallısın getməkdə sanki!

 

Torpaq, yazım torpaq,yaylağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

Keçib Qarababa, Mahmudobadan

Çatsan Salvartının ətəklərinə…

Cənnət güllərinin ətrini dadan

Ballı qayanın daş pətəklərinə!

 

Torpaq, balım torpaq, qaymağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

Ağızlar sulanır düşəndə yada

Andəmic armudu, Dəstə qaysısı.

Dərdlərin dərmanı sayılır hətta

Aran yerlərinin qızıl pazısı!

 

Torpaq, şirəm torpaq, quymağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

Az qalır dadanın damağın yaxa,

Dəmyə üzümündən olan kişmişin.

Nüsnüslə Əylisin balıdır yoxsa,

Əlmüzür dərəsi, sənin yemişin?!

 

Torpaq, dərəm torpaq,oylağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

Par-par yanır şəhər, qəsəbələrin:

Şərur, Culfa, Şahbuz, Ordubad, Babək.

Yazsan bir dastana sığmağı çətin,

Şanlı Heydərabad, Parağaçaytək!

 

Torpaq, nurum torpaq, çırağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

Düz bir əsrdir ki, tarixçilərə

Tarix dərsi keçir Kültəpələrin.

Gör indi nələrə qadirdir hələ

Tilsimlər gəzdirən dağ zirvələrin!

 

Torpaq, zirvəm torpaq, bayrağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

Söz açır yer ilə göy arasından,

Nəbiyurd, Nuhdaban, Nəhəcir, Nehrəm…

Gah Kilit, gah Qazma mağarasından

Daş dövrünün qıyın çəkir Tənənəm!

 

Torpaq, daşım torpaq, yarağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

Bir yan Uzunoba, Hacıvar, Dizə,

Dodağı nəğməli Çeşməbasardır.

Bir yan Qarabağlar, Zeyvə, Düdəngə,

Mahmudkənd, Axura, Vərməziyardır!

 

Torpaq, odum torpaq, ocağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

“Heyy!”- deyir Şiyaqut, Dəmirçi, Maxta,

Muğanlı, Kolanı, Badamlı, Sirab.

Səs verir Keçili, Külüs, Xanağa,

Cəhri, Qıvraq, Yaycı, Bənənyar, Qahab!

 

Torpaq, obam torpaq, oymağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

İstiqlal baharı gələndən bəri,

Eldə adın qalıb səfa gülşəni.

Çoxdan olub artıq dillər əzbəri

Bağrından yer alan şəfa məskəni!

 

Torpaq, duzum torpaq, Duzdağım torpaq,

İlham diyarından sorağım torpaq!

 

                *** V ***

 

Söz var, yaylağından bir keçənlərin

Xəyalı hələ də Batabatdadı.

Zorbulaqdan hər gün su içənlərin

Nuru ulduzlara çataçatdadı!

 

Torpaq, bəxtim torpaq, şahanəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Səndən coşar şeir-sənət dünyası,

Bir ucu Nursudur, bir ucu Dansu…

Vəsfini nə qədər etsəm də arzu,

Çatdırmaq çətindir şövqün, doğrusu!

 

Torpaq, cilvəm torpaq, əfşanəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Səndə gördüyümü gördüm mən onda,

Arxdan-arxa, göydən od yağar vaxtda,

Aram tapammırdım heç bircə an da

Nalbənd ağacının çətiri altda!

 

Torpaq, şəmsim torpaq, pərvanəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Lazım gələn anda millət yolunda

Hədəflər fəth edib dağ qartalların.

Öndərin ardınca dövlət uğrunda

Can qoyubdu neçə generalların!

 

Torpaq, yolum torpaq, rəvanəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Şanlı paytaxtının köksündə par-par

Medal kimi yanır Ali Məclisin.

Müəzzəm heykəllər, türfə binalar

Görkün əks etdirər möhtəşəm irsin!

 

Torpaq, gəncim torpaq, piranəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Gül guşələr, güzgü küçələr bir yan,

Bir yan Darülülum, Darülfünunlar.

Suyun kükrədikcə Zorbulaqlardan,

Təşnə ürəyini tərk edir qübar!

 

Torpaq, kuzəm torpaq, peymanəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Sağ olsun türbələr taleyin deyib,

Cüt-cüt sərəncama imza atanlar.

Nuhla Gəmiqaya qəmini yeyib,

Azman tarixinə payın qatanlar!

 

Torpaq, mərdim torpaq, mərdanəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Ev sahibliyinə bu gün mat qalan

2009 – un “Türk zirvəsi”dir.

Hələ harasıdır, hələ qabaqdan

2018 zirvəsi gəlir!

 

Torpaq, ləlim torpaq, dürdanəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Mənim atam da sən, anam da sənsən,

Körpə balam da sən, sonam da sənsən.

Beşiyim başında laylam da sənsən,

Şeirimin ərşində durnam da sənsən!

 

Torpaq, nəğməm torpaq, təranəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

Görüşənə qədər, əzəli nidam,

Kükrə Nuhdan gələn bərəkətinlə!

Görüşənə qədər əbədi sədam,

Yüksəl Öndər verən əzəmətinlə!

 

Torpaq, ərşim torpaq, əfsanəm torpaq,

Mehriban elimdən nişanəm torpaq!

 

                                                    2004-2009

                        Daşkənd – Bakı – Naxçıvan

Akif Azalp

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir