Elgiz Xəlil – Laçın dağları
Laçın dağları
Duruşu gözləri qamaşdırırdı,
Cənnətə bənzərdir Laçın dağları.
Cəm edib yağışı, qarı, günəşi,
Elə bil zərgərdir Laçın dağları.
Azadlığın dadın çıxarır indi,
Həm mərhəmətlidir, həm də mətindir.
Yayı möcüzədir, qışı çətindir,
Nəbidir, Həcərdir Laçın dağları.
Ceyranı, cüyürü döşündə gəzər,
Qartalı, laçını göylərdə süzər.
Zəmzəm bulaqları yan-yana düzər,
Unutdurur dərdi Laçın dağları.
Lülpərindən, Əyriqardan danışın,
Mıxtökəndə, İşıqlıqda yığışın.
Qulaylıdan Kəlbəcəri soruşun,
Dillərdə əzbərdir Laçın dağları.
Elgiz Xəlil
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Filologiya fakültəsinin Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi ixtisasın 4-cü
kurs tələbəsi Əhmədov Elgiz Afdandil oğlu
Şeirlərin elmi məsləhətçisi: Rüfət Hüseynzadə






