Yetmiş yaşın uşaqlara söz hədiyyəsi

Kamil Arazla bizim tanışlığımız elə kitabları ilə başlayıb. Hər dəfə uşaqlar üçün yeni kitabı işıq üzü görəndə radioda “Ədəbiyyat saatı” proqramında qonağım olub. Yazdığı şeirləri birgə oxumuşuq, tapmacaları o oxuyub, mən cavabını tapmağa çalışmışam. Hər dəfə “Ədəbiyyat saatı”nın dinləyicilərini uşaq dünyalarına qonaq aparmışıq. Kamil Arazın qələmindən süzülən uşaq şeirlərindən xüsusi bir zövq alıram. Hərdən əlimin altında olan kitabları vərəqləyib “Kəpənəklər”in qanadında uçuram:

Çəmənlikdə göstərir

Kəpənəklər tamaşa.

Bir- ikisi tək uçur,

Qalanı qoşa- qoşa.

Onlar nəyə bənzəyir?-

Soruşan olsa məndən.

Deyərdim gül- çiçəkdir,

Yel qoparıb çəməndən.

Görürsünüzmü, misralarda ağırlıq yoxdur, insanı yormur, kəpənək qanadı kimi yüngül, incə, zərifdir, yaddaşa tez hopur, bənzətmə isə çox gözəldir.

Kamil müəllim hər bir əşyanı, canlını, təbiəti uşaq gözü ilə görən, gördüklərini uşaq dililə, uşaq təfəkkürü ilə oxucuya çatdıran şairdir. Azərbaycan uşaq ədəbiyyatının tanımadığım, oxumadığım nümayəndəsi çox az olar. Oxuduqca, hansı şeir uşaq dünyasına daha yaxındır deyə, bir-birilə müqayisə etməyə çalışmışam. Kamil müəllimin yazdığı hər misra, hər bənd-bütöv yaradıcılığı uşaqlar üçün, elə böyüklər üçün də yeni, daha uşaqdilli olması ilə diqqətimizi cəlb edir.

“Xəzinə”ni vərəqləyirəm. Kitab 1959-cu ildən ömrünün sonuna kimi ana dili proqramlarının tərtibçisi, redaktoru, 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifi, mərhum professorumuz Yəhya Kərimovun redaktorluğu ilə uşaqların ixtiyarına verilib. Yəhya müəllim bu şeirləri oxuyub, sevib, Kamil müəllimə bu yolda uğurlar arzulayıb.

Bəzən iş otağımızda boş vaxtalarda Kamil müəllimin şeirlərini oxuyuruq. Hər kəs öz münasibətini bildirir. Sonda bir fikirdə oluruq: əsil uşaq şeiridir.

Baxaq:

Səhər tezdən dururam,

Etmişəm adət bunu.

Əl- üzümü yuyanda

Unutmuram sabunu.

Aynamızın önündə

Daraq alıb əlimə.

Bağlayıram bantımı,

Sığal verib telimə.

Ayaqqıbım tərtəmiz,

Silmişəm dünən axşam.

Dəftər, kitab, qələmi

Çantama da yığmışam.

Anama qalır, desin:

-Hazırdı çayın, bala.

Mən yeyim, anam öpsün,

Məktəbə salsın yola.

Dörd bəndlik şeirdə sevgi var. Uşağın dərsinə, məktəbinə, geyiminə, səliqəsinə sevgi, bir də ailə dəyəri, ailə sevgisi. Necə də doğma gəlir insana.

“Xəzinə” də başqa bir xəzinə tapıram. Unudulmuş, kənd yerlərində az-az işlənən əşyalar var ki, onların adını, hazırlanma, işlənmə qaydasını çoxları bilmir.

Məsələn:

Babam söyüddən

Şivləri yığdı.

Bir şey toxudu

Dedi ki, çığdı.

Dedim, neynirik

Çığı, de görək.

Dedi üstündə

Sulanır çörək.

Sən demə, babam

Bir xəzinədir.

Öyrəndim ondan

Çığ sözü nədir?

Onu da deyim ki bəzi bölgələrdə çığa irəfətə də deyilir.

Kamil Arazın uşaqlara həsr etdiyi yaradıcılığının əsas hissəsini beş yüzdən artıq bir-birindən maraqlı tapmacaları təşkil edir. Bu tapmacalarda insana- uşaqlara xoş gələn, onları düşündürən hər şey var- məntiq, sual, yumor, sevgi, yaddaş və s. Bilirik ki, tapmaca uşaqların zehni qabiliyyətini artıran, nitqini inkişaf etdirən, ən əsası düşündürən söz oyunu, qədim folklor nümunəsidir.

2018-ci ildə nəşr olunan “Tapmacalar” kitabının geniş izahını AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlu verib. O qeyd edir ki, “ …burada verilən 200-dən çox tapmacanı seçim etmədən belə istənilən nümunəni götürüb orta məktəbdə ibtidai sinif dərsliklərinə salmaq olar”.

Mən də həmkarımın fikri ilə tamamilə razıyam. Kamil Araz yaradıcılığı həqiqətən uşaqların diqqətinə çatdırılmalıdır. Bir-neçə nümunə gətirmək istəyirəm:

Yazıdakı hərflər

Ağızda dönər səsə.

Badam adam olacaq,

Hansı səs deyilməsə?

                            (“B hərfi)

Divardayam, qoldayam,

Mən həmişə yoldayam.

                               (Saat)

Iki aypara

Durub üz- üzə.

Aydınlıq verir

Mətləbə, sözə.

                           (Mötərizə)

Başda yetişir,

Ürəkdə yatır.

Ağızdan düşür,

Qulağa çatır.

                            (Söz)

Şair sonuncuda “söz” ün tapmaca şəkli ilə uşaqları tanış edir.

   Kamil Arazın doqquzuncu, hələ ki sonuncu kitabı olan “Hamısı tapmacadır” kitabının ön söz müəllifi Milli Məclisin deputatı, filologiya elmləri doktoru, tənqidçi ədəbiyyatşünas Elnarə Akimovadır. Elnarə xanım “İşarəni tapmacalardan gözləyin” adlı mətndə Kamil Arazın yaradıcılıq manerasını elə gözəl təhlil edir ki, kitabı oxumadan keçə bilmirsən. Bu tapmacalar mənim üçün də maraqlıdır- nəvələrimə, şagirdlərimə öyrətmək üçün. Özüm də düşünürəm, cavaba baxmadan tapmağa çalışıram:

Dildəki hər deyimin

Var anlamı, var payı.

Deyimi bilən bilər,

Topuqdan olan çayı.

                               ( Kür çayı)

Müəllif burada oxucuya həm tapmaca təqdim edir, həm də el arasında məşhur olan bir deyimi cavab kimi qoyur. “Araz aşığındandı, Kür topuğundan”- bu deyim dünyanı vecinə almayan, əhli- kef admlar üçün deyilib.

Dəyər təyini üçün

Ehtiyac olub sözə.

Bir deyimdə lor ilə

Nə qoyulub üz- üzə?

                                 (Şor)

Yaxşı ilə pisə fərq qoymaq üçün söylənən deyimi belə ustalıqla tapmacaya gətirib, sadə dillə təqdim etmək ancaq Kamil Araz qələminə məxsusdur. Yadınızdadırsa, deyim belədir:- “Lor ilə şora fərq yoxdur”.

Kimə məxsuz olması

Şübhəsizdir, bəllidir.

Aşıq köksünə sıxar,

Təyini də “tellidir”.

                                   ( Saz)

Bu tapmacada folklorumuzun bir parçası olan telli saza işarə vurulur. Həm də azərbaycan dilinin qrammatik tərkibi olan təyini söz birləşmələrini bizə xatırladır.

Qırx dörd gün oldu döyüş,

Bir gün vermədi ara.

Atam necə adlanır,

Davada alıb yara?

                                    ( Qazi)

Kamil Arazın vətənpərvərlik mövzusunda onlarla şeiri var. Amma mövzunu tapmacalarında da davam etdirir. Uşaqlarımız unutmasın, yaddaşlarında yaşatsın deyə onlara şəhid, qazi adını tapmaq üçün suallı tapmaca verir.

Tariximizi, qədim Azərbaycan dövlətləri olan Ağqoyunlu və qaraqoyunluları da uşaqlara xatırlatmağı unutmur şair.

Adları gəlir

Tayfa boyundan.

Bir cüt dövlətin

Yarlığı yundan.

                          ( ağqoyunlu, qaraqoyunlu)

Onu da qeyd edim ki, kitabdakı hər tapmaca haqqında yetərincə açıqlamalar, təhlillər vermək olar. Çünki hamısı uşaqların maraq dairəsinə xitab edən folklor nümunəsidir.Yazımın sonunda –

Cırtdan qayıdır evə,

Nağıl sona yetişir.

Qalib gəlir o divə,

Göydən üç alma düşür.

Dekabr ayı dəyərli şairimizin dogum günüdür. 70 yaşı tamam olur. Xalq şairi Süleyman Rüstəmin bir şerinin son bəndini xatırlayıram:

Qocalıq sözünü- yaraşmır mənə-

Şairin adından, canından pozun.

Sizinlə əl- ələ yoldayam yenə,

Sıfırı yeddinin yanından pozun!

Kamil müəllim, sizin oxucunuz olaraq, sıfırı yeddinin yanından götürürük. Çünki siz, elə 6-7 yaşlı uşaq təbiətində olub, yaradıcılığı ilə o yaşda olan uşaqların nəbzini tutan, ruhunu oxşayan söz xiridarısınız. Hələ yazıb- yaratmaq üçün zaman da var, həvəs də. Sizə bu yolda bol-bol yaradıcılıq uğurları arzu edirik. 70 illik yubileyiniz mübarək!

                                                         Təranə Arifqızı- şair-publisist

                                                         Azərbaycan Yazıçılar Birliyinin,

                                                         Azərbaycan Jurnalistlər Birliyinin üzvü

                                                         Heyran xanım adına “ Zərif Qadınlar

                                                         Ədəbi Birliyi”nin rəhbəri

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir