İslam Sadıq Şumer ədəbiyyatı

Hələlik dünyada ilk mədəniyyətin altında şumerlərin imzası var. Bu mədəniyyətin böyük bir hissəsi də bədii yaradıcılıq örnəklərindən ibarətdir. Şumer yazarlarının yaratdıqları çoxlu mifoloji mətnlər, lirik şeirlər, himnlər, beşik nəğmələri, atalar sözü və məsəllər, öyüd və nəsihətlər, təmsillər, mövsüm, mərasim və əmək nəğmələri, doqquz qəhrəmanlıq dastanı yazılı şəkildə gəlib bizə çatmışdır. Kitabda Şumer ədəbiyyatı geniş şəkildə öyrənilmişdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Eyni zamanda ali məktəblərdə dərslik kimi istifadə oluna bilər.

 

ÖN SÖZ ƏVƏZİ

 Şumer xalqı hələlik dünyada ilk mədəniyyətin müəllifi sayılır. Bu mədəniyyət bugünkü anlamda zəngin bir xəzinədir. Onun böyük bir hissəsi də bədii yaradıcılıq örnəklərindən ibarətdir. Şumer yazarlarının yaratdıqları çoxlu mifoloji mətnlər, lirik şeirlər, himnlər, beşik nəğmələri, atalat sözü və məsəllər, öyüd və nəsihətlər, təmsillər, mövsüm, mərasim və əmək nəğmələri, doqquz qəhrəmanlıq dastanı yazılı şəkildə gəlib bizə çatmışdır.

Şumerin kəşfindən 150 ildən çox bir vaxt ötsə də, Azərbaycanda bu günə qədər mixi yazılı mətnlərin öyrənilməsinə biganəlik göstərilmişdir. “Bilqamıs” dastanının Akkad versiyası istisna olmaqla doqquz Şumer qəhrəmanlıq eposunun, onlarla lirik şeir mətnlərinin, himn, təmsil, atalar sözü və məsəllər kimi zəngin bədii əsərlərin heç biri Azərbaycan dilinə tərcümə edilməmiş-dir. Halbuki Azərbaycan tarixinin, etnoqrafiyasının, ədə-biyyatının, folklorunun, mifologiyasının, coğrafiyasının, ədəbi-bədii, fəlsəfi-estetik dünyagörüşünün düzgün öyrə-nilməsi üçün həmin mətnlər dəyərli qaynaqlardır. Bunu qədim dövrlərə aid yazılı qaynaqların yoxluğundan danışan Azərbaycan alimləri yaxşı bilməlidirlər.

Şumer folkloru və ədəbiyyatı bu günə qədər Azərbay-canda fundamental şəkildə tədqiq edilməmiş, bir neçə məqaləni çıxmaq şərtilə türk xalqlarının folkloru Şumer ədəbi örnəkləri ilə müqayisəli şəkildə öyrənilməmişdir. Əksinə, Azərbaycan ədəbiyyatının və folklorunun bir çox problemlərinin araşdırılması zamanı Avropa alimlərinin əsərlərinə və nəzəriyyələrinə daha çox istinad edildiyin-dən əksər hallarda yanlış nəticələr çıxarılmış, yaxud məsələlər həll olunmamış qalmışdır. Halbuki Şumer və türk xalqları folklorunda müqayisəli tədqiqat üçün zəngin material mövcuddur.

Böyük türk alimi Bahaəddin Ögəl yazırdı ki, “türkcə və türk kültürü yağmaya çıxarılmış bir mal kimidir. Əlində dəlil oldu-olmadı, hər önünə gələn ondan bir parçanı alıb başqa bir kültürə mal etməyə sanki izinli kimidir”[1]. Bir malın yağmalanması onun yiyəsiz, sahibsiz olması deməkdir. Türk mədəni irsinin yağmalanması bu gün də davam edir və acı da olsa deməliyik ki, Azərbaycanda da belə yağmaçılar az deyil. Biz öz tariximizə, dilimizə, mədəni irsimizə yiyə durmadıqca bu yağmaların qarşısı alınmayacaq. Bu baxımdan mixi yazılı Şumer gil kitablarının dəyəri ölçüyəgəlməzdir. Onların öyrənilməsi bir çox yanlışlıqları aradan qaldırmağa, qaranlıq qalmış məsələlərin üstünə işıq salmağa və yarımçıq araşdırmaları sona çatdırmağa imkan verir.

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir