Söz ucalığı

Print Friendly, PDF & Email

  …Tarix yalnız dərsliklərdə olanlar deyil, həm də söylənilənlər və    xatırlananlardır…

  …Unutmayaq ki, ağız ədəbiyyatımız xalq taleyinin əks – sədasıdır,   peşəkar ədəbiyyatımızın ilkinliyi, köküdür!…

… Əsrlərin sərt sınağından keçib gəlmiş ağız ədəbiyyatımız xalq taleyinin əks – sədasıdır, peşəkar ədəbiyyatımızın, ilkinliyi,köküdür. Bu qiymətli kökə hər qayıdış yenidən özünə qayıtmadır, xalqın öz gücünü, bədii duhasını yenidən kəşf etməsidir.

 …Yaşı səksənə yaxınlaşan arxiv sandıqcasını açıb bağlamaqla, qeydlərinə, yazılarına baxmaqda məqsədim sirli işarələrini,hikmətini üzə çıxarmaqdır.

…Atam Şərurda, mən Naxçıvanda dünyaya göz açsam da nədənsə mən Ordubada, onun kəndlərinə ara – sıra gedərdim, tələbələrimiz olmuş cavanlarla görüşərdim. Ən çox isə Ordubadın Aza kəndində ədəbiyyat dərsi deyən, istedadı ilə hamımızı məftun edən Rafiq Babayevlə görüşərdim. Bəzən elə olurdu ki, onlarda gecələməli olurdum. Rafiq bəlkə də Azərbaycanda olkəsini, Vətənini şagirdlərinə sevdirən müəllimlər sırasında belə seçilən müəllimlərindən biri idi. Şagirdlərin əli ilə ayda bir dəfə işiq uzü görən “Fidan” adlı divar qəzetində nələr görmədim. Bu anlarda özümü sanki, Nizami adına Ədəbiyyat müzeyinin folklor güşəsində hiss edirdim. Uşaqların əli ilə toplanıb cildlərə sığmayan xalq ədəbiyyatı nümunələrinə rast gəldim…
……O zamanlar Rafiq Babayevlə birgə yazdığımız “Söz ucalığı” məqaləsini çap etdirmək nədənsə, bəlkə də mənim səhnənkarlığım uzündən baş tutmadı,… çap olunmadı.
…Tarix yalnız dərsliklərdə olanlar deyil, həm də söylənilənlər və xatırlananlardır…
…Unutmayaq ki, ağız ədəbiyyatımız xalq taleyinin əks – sədasıdır, peşəkar ədəbiyyatımızın ilkinliyi, köküdür!…
Elimizin söz ucalığı, elimizin öz ucalığıdır: elə bir ucalıq ki, dünyanın hər yerindən görünür, elə bir ucalıq ki,zamanın sınaqlarından keçirə –keçirə özünün dum –duru işığı ilə əsrlərdən – əsrlərə yol alıb gedib. Bu ucalığın tayı bərabəri olmayan zirvələri var –sinəsi qopuzlu Dədə Qorqud zirvəsi, əldə qılınc Salur Qazan, Beyrək zirvəsi, dəli–dolu nərədi Koroğlu zirvəsi, “Yandı Kərəm”naləli Kərəm zirvəsi, aşqın –daşqın sellər qoynunda harayı kəsilməyən sular gəlini Sara zirvəsi…
Hər zirvədə bir canlı tarix –dil –açıb danışar, hər zirvədə xalqın arzu və istəkləri, duyğu və düşüncələri, məqsəd və mübarizələri yaşar.

Əsrlərin sərt sınağından keçib gəlmiş ağız ədəbiyyatımız xalq taleyinin əks – sədasıdır, peşəkar ədəbiyyatımızın, ilkinliyi,köküdür. Bu qiymətli kökə hər qayıdış yenidən özünə qayıtmadır, xalqın öz gücünü, bədii duhasını yenidən kəşf etməsidir.

Son illərdə respublikamızda şifahi ədəbiyyat nümunələrinin toplanıb, yazıya alınması işindəki kütləvilik parlaq fakt kimi diqqət mərkəzindədir. Əlbəttə, elimizin realist hiss və duyğular ustundə köklənmiş söz sərvətini, göy qurşağı qədər əlvan və əsrarəngiz bir xəzinənin nümunələrini toplamaq, onları yenidən xalqa qaytarmaq təkcə ədəbiyyatşunaslarımızın deyil, hamının vətəndaşlıq vəzifəsidir.

Oxuculara təqdim olunan “Ordubad söyləmələri” bu baximdan qiymətlidir. Bu nümunələrin əksərriyyətinin xarakterik xususiyyətlərini biz nədə görürük? Ən əvvəl, bunların böyük bir qisminin “ordubadlı” formasında olmasında, təbiətin nağıl tikəsi – Ordubad haqqında müəyyən təsəvvür yaratmasında. Və bu təsəvvur anlamını isə biz geniş mə”nada nəzərdə tuturuq: məişətdən tutmuş peşəyə qədər, arzudan – düşüncəyə, lap elə sevincdən kədərə qədər.
Hümunələrdə İldırım kimi, Məşə Fərhad kimi konkret şəxslərlə bağlı məsələlər verilmişdir. İldırım kişi Nəsirvazlı, Məşə Fərhad Dizəlidir: maraqlıdır ki, məsələlər bu adamların yaşadıqları kəndlər haqqında bitkin mə”lumat verir. Məsəl və əhvalatların dil – uslub xususiyyətləri onların “ordubadlı” lığını sübut edir. Bayatılarda elə sözlər var ki, onlar geniş yayılmasa da, Ordubadda işlənir. Məsələn:

Gəlirdim yavaş – yavaş,
Qondarama dəydi daş.

                                                                                              Və yaxud:

Gəlin çıxaq damlara,
Su səpək bilonlara.

… Ordubadla Təbrizi Araz adlı bir yanıqla haray birləşdirir: dağları bir – birinə baxır, Araz üstdən keçən yellər bir qanadını Təbrizə çəkəndə, bir qanadını Ordubada çəkir. Bəlkə elə buna görə onlar bir – birinə belə oxşayırlar – özləri də, sözləri də…

Əzizim Araz məni,
Öldürdü Araz məni.
Çıxarın qəbirimdən
Ovudun bir az məni.

Bu bayatının ilk dəfə harda oxuyublar: o taydamı, bu taydamı? Nə biləsən…

On doqquzuncu yüzillikdə Arazın o tayındakı Hilə kəndindən Ordubadın Aza kəndinə Balaxanım adlı bir qadın köçüb – gəlib – dilində “Əsli və Kərəmin” ayrı səslənişi…. Sinədəftər qadın artıq həyatda yoxdur, ancaq söylədiklərindən neçə – neçəsi gəlini Hacıbəyim nənənin (80 yaşında) dilində yaşayır.
70 – 80 yaşlı nənə – babalardan Səkinə, İnbilbəni, Aminə, İsfəndiyar, Hacıbəyim, Gəlgəz, Tovuz / Aza kəndi/, Haqverdi/ Dizə kəndi, Xuduş/ Anabat kəndi/, Telli/Əndəmiç kəndi/, Nənəxanım, Bənövşə, Bilqeyis, Mehranisə, Dilbər, Ağabəyim/ Kələki, Unus, Pəzməri, Dırnıs kəndləri/ Qəmər/ Əylis kəndi/ sinələrindəki söz xəzinəsini səxavətlə gənclər qarşısında açırlar.

B A Y A T I L A R

1
Mən aşiq naz, bəri gəl,
Yolunu az, bəri gəl.
Bir öpüş versən mənə,
Dünya qopmaz, bəri gəl.
2
Əzarayıl bostançıdır,
Dillərdə dastançıdır.
Qoranı yandırıbdır-
Bu necə bostançıdır?
3
Göy üzü bağlar dolu,
Qar yağar, bağlar yolu.
Sevdiyim yada düşər,
Gözümdən yağar dolu.
4
Əzizim durma keş – get,
Boynunu burma, keş – get.
Bir saralmış kövşənəm,
Sən də od vurma keş – get.
5
Göydə uçan quşa bax,
Qanadı sınmışa bax.
Aləmə pay paylandı,
Bizə yağan daşa bax.

6
Bu dağda ilan olmaz,
Dərdimi bilən olmaz.
Dərd – dərdə elə söykək
Sevinən – gülən olmaz.
7
Ölürəm, üstümə gəl,
Yanıram, tüstümə gəl.
Əlüzənnik eləmə,
Ayrılıq istəmə, gəl.
8
Gedən boz atdı, getmə,
Mənzil uzaqdı, getmə.
Gözlərim gül üzündə,
Vallah dustaqdı, getmə.
9
Əlli mənə
Yüz dənə, əlli mənə,
O günə qoy od düşə –
Göz göməyə, üz dönə.
10
Əzizim lalə sərxoş,
Əldə piyalə sərxoş.
Bir evə qonaq düşdüm,
Qız “sərxoş”, elə sərxoş.
11
Dərvişlərdə tac olar,
Dərviş gözü ac olar.
Analar bala verməz,
Versə naillac olar.
12
Əziziyəm, solmadım,
Bulud olub dolmadım.
Qayıtmaz yola getdim,
Niyə dəli olmadım?
13
Su tökən mənəm,
Əl çəkəmmənəm.
Yar elə küsüb,
Mən keçəmmənəm.
14
Mən aşiq osan dağlar,
Qəm başın basan dağlar.
Sənə gələnlər gedir,
Sən elə osan dağlar.
15
Dedim, gəl getmə bizdən,
Qar yağar, olar dizdən.
Yollar givrə bağlayar,
Səni eyləyər bizdən.
16
Əzizim qala dərdim,
Ləl dərdim, lalə dərdim.
Quzeydə qarı gördüm,
Güneydə lalə dərdim.
17
Çıxaram yaylaqlara,
Baxaram oylaqlara.
Fələk zəhər qatıbdı,
Siz yeyən qaymaqlara.
18
Köynək aldım qotazsız,
Almadım ki, satasız.
Mənim nə vaxtım idi,
Qoydun məni atasız?
19
Ceyran otlar düzlərdə,
Otlar bitər düzlərdə.
Dəryalar keçib gəldim,
Mən qərq oldum gözlərdə.
20
Evləri Qazaxdadı,
Soyuqda, sazaxdadı.
Deyirlər – yarın yoxdu,
Varımdı – uzaxdadı.
21
Əzizim avandadı,
Çıxıbdı, eyvandadı.
Durmuşam yol üstündə,
Sözlərim ovandadı.
22
Dağlar çiskin olurmu?
Duman, çiskin olurmu?
Fürsət yox səni görüm –
Bundan pis gün olurmu?
23
Gəl atı oynatma, get,
Cilovun çeynətmə, get.
Onsuz da dərdim çoxdu,
Ürəyim göynətmə, get.
24
Damdan düşmüşəm, neynim,
Damcan şişmişəm, neynim.
Fələyin əməlindən.
Odda bişmişəm, neynim.
25
Əzizim bu yolları,
Meh döyər bu yolları.
Gedəni nə gəzirsən,
Kəsilib qıç, qolları.
26
Əzizim üzüm səni,
Boşqaba düzüm səni.
Bir məclisdə, yığnaqda
Axtarar gözüm səni.
27
Təbriz üstü güneydi,
Şüşələr dolu meydi.
Balamdan məktub gəlib
Tamam ərzi – gileydi.

 

O X U M A L A R
D İ L O

Ay qu məni, qu məni, dilo,
Nə yandırır bu məni, dilo,
Gözlərin kəfən eylə, dilo,
Göz yaşında yu məni, dilo.

Qaracalar qaşında, dilo,
İpək yaylıq başında, dilo,
Bir nişanə çürütdüm, dilo,
Qaynımın qardaşında, dilo.

Qarpızı pıçaqladım, dilo,
Dörd yanını sancaqladım, dilo,
Gözlədim sən gəlmədin, dilo,
Yastığı qucaqladım, dilo.

Qın eylər, qılçıq eylər, dilo,
Dörd yanım palçıq eylər, dilo,
Zəhləm o qızdan gedər, dilo,
Gündə bir acıq eylər, dilo.

A Y  S A R I    Q O V U N…
O tay, bu tay bizimdi,
Ay sarı qovun dilim – dilim.
Biz yemiçik, doymuşuq,
Ay sarı qovun dilim – dilim,
İndi növbə sizindi,
Ay sarı qovun dilim – dilim.

Dağ ayrı, duman ayrı,
Ay sarı qovun dilim – dilim.
Qaş ayrı, kaman ayrı,
Ay sarı qovun dilim – dilim,
Ayrıldıq tapışmamış,
Ay sarı qovun dilim – dilim,
Gəzdik çox zaman ayrı,
Ay sarı qovun dilim – dilim.

 

S Ə M Ə D İ N   Q I Z I

Axşam olar, gələr qoyun,
Dur ayağa görüm boyun,
Gəl ay gözəl naz eyləmə,
Səmədin qızı, naz eyləmə.

Axşam olar, fərik çıxar talvara,
Qayda budu oğlan qıza yalvara.
Sən gəl mənə naz eyləmə,
Səmədin qızı, naz eyləmə.

 

Q A Y N A, S A M O V A R, Q A Y N A

Samovarım qızıldı,
Suyu yerə sızırdı.
Bütün aləm bilir ki,
Bir oğlan bir qızındı.

Qayna, samovarım, qayna,
Getdi ixtiyarım, qayna.

Samovarım altı yaşıl,
Başına çaynik yaraşır.
Çıxartma güllü paltarın,
Çıxartma, gözlər qamaşır.

Qayna samovarım, qayna,
Getdi ixtiyarım, qayna.

 

T A P M A C A L A R

Nənəsi nağıl başlar,
Nəvəsin əldə saçlar
                                         /Cəhrə və kələf/

Sarı qız ağlayır,
Balaları yanında.
                                          /Samovar, stəkanlar/

Nə özü var,
Nə gözü var –
Çeşmə kimi pıqqıldar.
                                 /Qaynar çaydan/

O nədir ki, eşşəkdə cütdür,
Maşında tək?
                               / Ş – hərfi/

Ət – ət üstə,
Tük – tük üstə.
                                              /Göz qapaqları, kirpiklər/

Tap tapmaca,
Gəl hamaca,
Mərd cüt ağac,
Namərd – cüt baca
                                /Əllər və gözlər/

 

Rafiq Babayev-
AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, filoloğiya üzrə fəlsəfə doktoru,
Arif Əliyev- əməkdar müəllim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =