Mənasızlıqdan mənalar dünyasına, yoxsa?….

Print Friendly, PDF & Email

(Mərhum alim Fikrət Rzayevin vəfatının qırxıncı gününə)

Çağdaş dünya elminin qədim yunanlardan və hind-çin-ərəb kəsimindən üzübəri keçib gəldiyi ziqzaqlı yolu saf-çürük edəndə olduqca sadə bir mənzərə yaranır: kəşfləri və açılışları ilə öyündüyümüz Yer elmləri (bundan dəqiq ifadə tapa bilmədik…) bu günə qədər, sadəcə, elmi təsvirlə məşğul olurmuş. Bu təsvirin bizim təfəkkürümüzün səviyyəsi baxımından inqilabi hesab edilən son nümunələri isə Albert Eynşteynin nisbilik nəzəriyyələri və İlya Priqojinin dissipativ strukturlar barədə açılışılarıdır.
Necə deyərlər, bizim ikiölçülü Yer elmləri hələ ki zaman və məkanın konfiqurasiyalarını araşdırmaqla məşğuldur…
Hələ ki…

Həm də ona görə “ikiölçülü” ki, biz ətraf mühiti və prosesləri iki qütbün – pis-yaxşı, işıq-qaranlıq, bənzər-fərqli, aşağı-yuxarı və s. – çərçivəsində qavrayırıq.
Bir zamanlar yazdığımız kimi, bu tipli təfəkkür tərzi mağaralar erasından irs aldığımız basmaqəlibdən irəli gəlir. Yəni mağaralar erasının insanı üçün iki dünya var idi: mağaranın içi və çölü. İç doğma, bizimkidir, dışarı isə yaddır, neqativdir, təhlükə mənbəyidir.
İç-çöl strukturu XX əsrin sonuna qədər bəşər sivilizasiyası və elminin alternativsiz modeli olub. Bu alternativsizliyə tabe olmayanları həbsxana, dar ağacı, ən yaxşı halda dəlilik və yaxud ictimai edam gözləyirdi.
Elə buna görə də bu günə qədərki elmlərimiz mahiyyətcə həm də militarist elmlərdir. Yənu bu elm harmoniya, vəhdət və işıq axtarmaqdan daha çox dissonans, anarxiya (hərc-mərclik), opponenti devirmək, qərq və hətta məhv etməyə həvəslidir.
Məhz buna görə təsadüfi deyil ki, müasir (təkcə müasirmi?) dünya elminin ən parlaq simaları həmişə mənsub olduqları ölkələrin hərbi-sənaye komplekslərinin sadiq xidmətçiləri rolunda çıxış edirlər. Keçmiş SSRİ-də və indiki Birləşmiş Ştatlarda, o cümlədən keçmiş Hitler Almaniyasında (bu siyahını günümüzə və lap uzaq keçmişlərə qədər bir xeyli uzatmaq olar)…
Səthi və bir çox mətləblərin üstündən keçməklə sadaladığımız bütün bu fəsadlara baxmayaraq dünyanın aparıcı alimlərinin də etiraf etdikləri kimi, hazırda ikiölçülü təfəkkürə söykənən Yer elmləri öz missiyasını başa vurmaqdadır və qarşıda bizi üçölçülü təfəkkürə yiyələnmək mərhələsi və üçölçülü düşüncə tərzi gözləyir…
“Gözləyir” ifadəsi bir qədər dəqiq olmadı…
Bu prosesin ilkin zəif işartıları artıq tədricən sezilməkdədir.
Amma bununla belə…
Hara? Biz hara gedirik? Yenə də gələcəyəmi?
Zənnimizcə, xeyr!
Keçmişə… Unutduqlarımıza, yadırğadıqlarımıza doğru qayıdacağıq.
Bu məqamda məşhur Amerika alimi Zaxariya Sitsinin məşhur ifadəsi yada düşür: geri – gələcəyə doğru.
Və bu geri gələcəkdə buraxıb gəldiyimiz ən böyük unutqanlıqlarımızdan biri danışıq səslərinin sirli dünyasıdır. Biz bu səslərin sirrini açmamış universal təfəkkür dilinə və yaxud telepatik ünsiyyətə (bu sayaq təmas həm də kainatda aparıcı ünsiyyət formasıdır) dönüşə, qovuşa bilməyəcəyik.
Ötən əsrdə Avropa strukturalistləri və semiotikləri danışıq səslərinin semantikliyi (mənalılığı) və asemantikliyi (mənasızlığı) barədə fikir gəlişdirərkən iki qismə bölündülər: bir qism iddia edirdi ki, hər bir danışıq səsi donuq-statik məna yaşadır. Digər qism isə təkəbbürlə bəyan edirdi ki, danışıq səsləri mənasız səs yığınıdır.
Amma bu ikincilərdən soruşan olmadı ki, mənasızlıq yığını olan danışıq səsləri konkret mənalı söz biçimləyə bilərmi?
Dünən vəfatının qırxıncı günü tamamlanan mərhum Fikrət Rzayevin bu yöndə apardığı araşdırmalar birincilərin tezisni elmi şəkildə təsdiq edir: danışıq səsləri konkret mənaya malikdir!
Və ən maraqlısı (bəlkə, qanunauyğunu?) budur ki, Fikrət müəllim ixtisasca mühəndis idi və danışıq səslərinin daşıdığı mənalar əsasında sözlərin etimoloji açılışını verəndə də məhz mühəndis təfəkkürü nümayiş etdirirdi.
Ruhsal proseslərə (danışıq səslərinin biçimlədiyi sözlər ruhsal bəlirtilərdir) həndəsi üslubda yanaşma olduqca qədim bir elmdən – sakral həndəsədən xəbər verir. Və Fikrət müəllimin sözlərin mənasını açarkən sakral həndəsənin əsas prinsiplərindən intuitiv şəkildə faydalanması, sadəcə, heyrət doğurur.
Kainat və qeyb aləmi, insan bədəni, müqəddəs səmavi kitablar, musiqi şedevrləri (xüsusən də muğamlar), nadir memarlıq abidələri məhz sakral, yəni müqəddəs həndəsənin naxışları əsasında ərsəyə gəlib.
Fikrət müəllimin söz barəsində ilk kitabının nəzmlə yazılması da Avropa maarifçiliyinin məhv etdiyi elmi təfəkkür ənənəsinin dirçəldilməsindən irəli gəlirdi.
(Hazırlıqlı oxucu yaxşı bilir ki, antik Qərb və Şərq müəlliflərinin əksəriyyəti elmi əsərlərini nəzmlə yazıblar.)
Rəsmi elm təkəbbür tribunasından enib Fikrət müəllimin araşdırmalarını diqqətlə nəzərdən keçirtmək qədər özünə qarşı mərhəmətli ola bilsə, mərhum Fikrət Rzayevin linqvistikada (və təkcə linqvistikada yox!) etdiyi inqilabi kəşfi anlayanda nələr baş verdiyini təsəvvür edə biləcək. Və həm də biləcək ki, Fikrət müəllim Azərbaycanda üçölçlü elmin işartısını ilkin görənlərdən biri olub.
(Üçölçülü təfəkkür barədə sonra…)

“Unikal” qəzeti 09.04.2013 №59 (622)
Fərzuq Seyidbəyli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.