“Lütfi Zadə ilə söhbətim gəncliyimin ən dəyərli anlarıdır” – Bakılı tələbə qız

Print Friendly, PDF & Email

 “LUTFİ ZADƏ MƏNƏ DEDİ…” 

Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakuktəsinin IV kursunda oxuyuram. Məktəb illərində mənə nəsib olan bir hadisəni bütün ömrüm boyu unutmayacam. Oxuduğum liseydə Lütfi Zadə ilə keçirilən görüş və onun mənimlə söhbəti, tövsiyələri mənim üçün dünyanın ən böyük alimin qiymətli dərsidir.

 2008-ci il idi. Nəsimi rayonunun 16 saylı texniki-humitar liseyində, onuncu sinifdə oxuyurdum. Müəllimlərimiz xəbər verdilər ki, Bakıda olan Lutfi Zadə bir neçə gündən sonra bizim məktəbə müəllim və şagirdlərlə görüşə gəlir. Görüşə ciddi hazırlaşmaq lazımdır. Bu xəbər bütün müəllim və şagirdləri sevindirdi. Dünya şöhrətli elm adamının, dünya elmində müasir kəşfləri ilə adını elm tarixinə yazan belə nüfuzlu bir şəxsiyyətin gəlişi, həqiqətən də məktəbimizin tarixində böyük hadisə idi. Təkcə məktəbinmi? Yox, hər birimizin həyatında…

Dünyanın ən mötəbər alimlərindən olan bu şəxsiyyətin Azərbaycanlı olması bizim üçün həmişə qürur mənbəyi və fəxrdir. Yadımdadır, müəllimlərimiz bizə deyirdilər ki, elə oxuyun ki, vətənə Lutfi Zadə kimi şöhrət və başucalığı qazandırasınız. Lutfi Zadə biz şagirdlərin təsəvvüründə əfsanəvi ad idi. Onun haqqında  eşitsək də, özünü yalnız televizyada görmüşdük. İndi isə Lutfi Zadənin özü bizim məktəbə görüşə gəlir… Taleyin qismətinə bax…

Bu böyük Azərbaycanlı haqqında bizlər üçün daha bir mühüm xəbər də verildi: Lutfi Zadə Bakının Nəsimi rayonunun 16 saylı orta məktəbində, yəni bizim oxuduğumuz məktəbdə təhsil alıb. Buna görə də təhsil aldığı məktəbdə görüşə gəlməyi qərara alıb. Doğrusu, onun vaxtilə bizim məktəbimizdə oxuması xəbərindən çox böyük sevinc yaşadıq, o xəbərin bəxş elədiyi xoşbəxtliyi hələ də unuda bilmirəm. Az qalırdı bütün dünyaya bəyan eləyək ki, Lutfi Zadə bizim məktəbimizdə təhsil alıb.

Bu xəbər görüşlə bağlı həyacanımızı, sevincimizi, məsuliyyətimizi daha da artırdı. Məktəbin direktoru Aidə Seyidova tapşırıq verdi ki, Lutfi Zadə ilə şagirdlər mütləq ingilis dilində danışmalıdırlar. Buna görə məktəbdə ingilis dilini ən yaxşı bilən şagirdlərdən biri kimi mənim üzərimdə dayandılar. Təsəvvür edirsiniz, mən məktəbimizə gələn Lutfi Zadəni şagirdlər adından qarşılamalı, onunla söhbət etməli, məktəbimiz, təhsilimiz haqqında məlumat verməli idim. Mən və Lutfi Zadə… Heç ağlıma da gəlməzdi.

“Hamı hazır olsun, Lutfi Zadə indi məktəbimizdə olacaq” – direktorun bu son xəbərdarlığından lap həyacanlandım. Mənim Lutfi Zadəni üzbəüz görməyimə cəmi bir neçə dəqiqə qalırdı…

Onu məktəbin həyətində qarşıladılar. Foyedə isə şagirdlər onu dövrəyə aldılar. Etiraf eləyim ki, Lutfi Zadə ilə bu qədər yaxından söhbət etməyimdən həyəcanlı olduğum qədər də, sevinc yaşayırdım. Onun səmimi, təbəssümlü və nurani çöhrəsini,  doğma baxışlarını görəndə bu sadəlik və səmimilik adi bir şagird kimi mənə ürək-dirək verdi. Ona ingilis dilində vətənimiz Azərbaycana, doğma məktəbinə gəldiyi üçün şagirdlərimiz adından “xoş gəldiniz” dedim. Onunla fəxr etdiyimizi bildirdim, yaxşı oxumağımız, bizə hər cür şərait yaradılması haqqında, keçilən fənlər, müəllimlərimiz, olimpiadalar, qaliblərimiz haqqında ətraflı danışdım.

O mənə diqqətlə qulaq asdı. Sonra başımı sığallayaq, təbəssümlə dedi: “Sən hansı ixtisası seçəcəksən”. Cavab verdim: “Həkimliyi”. Yenə də təbəssümlə dedi ki, “Leyla, həkim peşəsi çətin və müqəddəsdir. Çalış yaxşı həkim ol. Söz verirsən?” “Söz verirəm” – dedim. Sonra sevinc və həyacanla “biz hamımız sizinlə fəxr edirik, bilikdə, təhsildə sizə oxşamağa çalışırıq. Mən də sizin kimi məşhur Azərbaycanlı olmaq istəyirəm” – deyə ürək sözlərimi Mənə qulaq asıb güldü, “buna görə çox, lap çox oxumaq lazımdı”- dedi.

Bu görüş haqqında mətbuatda xəbərlər yayıldı…

Mən öz arzumla sənədlərimi Tibb Unversitetinə verdim, 655 balla universitetə daxil oldum. Hər dəfə bu şəklə baxanda, o görüşü xatırlayanda, o böyük alimin  təbəssümlü, sadə və mehriban simasının həm də nə qədər ciddi və mənalı olması yadıma düşür. Mən bir Azərbaycan gənci olaraq, vətənimizin belə böyük şəxsiyyətləri ilə fəxr edirəm. Onlar biz gənclər üçün elm, bilik, təhsil yolumuzda, vətənin adını həmişə ucaltmaqda örnəkdirlər.

Hər bir insanın məktəb illəri unudulmazdır. Mənim də məktəb illərimin, gəncliyimin ən qiymətli anlarından biri Lutfi Zadə ilə üzbəüz söhbət etməyim, onun dəyərli tövsiyələridir.               

Leyla ABDULƏLİZADƏ,

Azərbaycan Dövlət Tibb Universitetinin IV kurs tələbəsi

“Müəllim Sözü” qəzeti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =