Etiraf

Print Friendly, PDF & Email

Bu günlərdə yenə şəhid ailəsi ilə görüşürdüm. Bu ailədən ön cəbhədə iki nəfər vuruşub, biri əlində silah tutub, o biri isə sanitar çantası.  Mən bütün bu söhbətləri dinlədikcə, o dəhşətli, müdhiş  mənzərələr gözlərim önündə canlanırdı. Düşünürdüm, İlahi, gör döyüşə gedən ana-bacılarımız nə dəhşətlər ilə üzləşiblər. Tibb bacıları   nə qədər  axan insan qanı, parələnən insan cəsədi görüblər.

 Necə polad iradə sahibi olmaq lazımdır ki, bütün bunları görəsən və dözəsən.

Özümü bu döyüşən, tibbi xidmət göstərən qadınların yanında günahkar kimi hiss edirdim. Axı mənim əlimdən yazmaqdan başqa heç nə gəlmir. Başqalarının  əli silah tutanda, mənim əlim qələm tuta bilir. Demək mənim də borcum bu xanımların keçdiyi döyüş yolunu, bir həyat salnaməsi kimi yazıb insanlara çatdırmaqdır. Qoy böyüməkdə olan nəsillər Azərbaycanın bu fədakar qadınlarını tanısın. Onlardan nümunə götürsün. Onlara bənzəməyə çalışsınlar.

Hörmətli  oxucu,  kitabda  yeri gəldikcə şeir və qəzəllərimə rast qələndə məni qınama. Mən də düşmənə olan nifrətimi bu yolla bildirirəm.

Qoy gələcək nəsillər bilsin ki, vətənimizdə müharibə gedəndə, azğın düşmən torpaqlarımızı işğal edəndə, biz- qələm sahibləri sevgi- məhəbbət şeirləri yazmamışıq.

Hələ yetmiş il əvvəl Böyük Vətən Müharibəsi gedən vaxtlarda da əsgərlərimizi döyüşlərə ruhlandıran şeirlər yazılırdı. Biz də bunu bacarırıq. Bu da bizim Vətən qarşısında olan borcumuzdur.

İllər keçəcək.

Şəhidlərimiz üçün ağlayıb, göz yaşı tökənlər tədricən aram olub, sakitləşəcək. Zaman onların göynəyib, qövr edən yaralarına su çiləyib, məlhəm qoyacaq.

Qələm sahiblərinin bu mövzuda yazdığı nə varsa, onlar tarixdə qalıb, gələcək nəsillərə çatacaq. Bu sətirləri oxuyan hər kəs biləcək ki, vətən üçün hərə öz bacardığını edib, heç kim bu ağrı-acıdan kənarda olmayıb.

                                      Bayatı              

                           Əlimdə titrər varaq,

                           Nəsə pıçıldar dodaq,

                           Yazılan oxunanda,

                           Göz ağlar, göynər yanaq.

                                                                      (G.Munis)

 

Qoy mənim vətənpərvərlik mövzusunda yazdığım bütün şeirlərim  Qarabağ uğrunda döyüşlərdə həlak olan vətən övladlarına bir ehsan payı olsun!

“Qiyamət günü şəhidin qanı ilə alimin mürəkkəbi bərabər tutulacaq”

                                                                    Həzrəti Muhəmməd.(s.ə.s.)

Gülarə Munis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.