Elbrus Abbasqulu oğlu Mehdiyev

Print Friendly, PDF & Email

1956-cı ilin isti yay günlərindən biri idi. Həmin günü о zamanlar Naxçıvan MSSR Vilayət Komsomol Komitəsi təbliğat və təşviqat şö`bəsinin müdiri işləmiş Ənvər Məmmədov belə xatırlayır:

   – Mən Puşkin küçəsi ilə tələsik Pioner və Məktəb lilər evinə gedirdim. Birdən qulağıma mahnı səsi gəldi.   Oxuyanın səsi məni çox heyrətləndirdi. Həddindən artıq gözəl, aydın  və cəzbedici səs idi. Bir anlığa tələsdiyimi unudub dayandım, dönüb ətrafa baxdım. Yaxınlıqdakı

döngənin başlanğıcında (İstiqlal küçəsi, 82 №- li binanın yeri) daş üstündə 15-16 yaşlarındaüç gənc əyləşmişdi. Mən onlara yaxınlaşıb, oxuyan kim idi? – deyə soruşdum. Sualım cavabsız qaldı. Görünür, mənim qəfıldən səmt dəyişib onlara yaxınlaşmağım oğlanları bir az qorxutmuşdu. Səmimiyyətlə onlara özümü təqdim edib oxuyanın çox gözəl səsi olduğunu  və təşkilatımızın belə gənclərə köməklik göstərmək istədiyini bildirdim.

    – Onda gəlin tanış olaq, – deyə oturanlardan biri əlini mənə uzatdı. Biz tanış olduq, onun adı Elbrus idi…

    Elbrus Abbasqulu oğlu Mehdiyev 31 yanvar 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. A.S.Puşkin adma 3 №-li orta məktəbdə, paralel olaraq Naxçıvan şəhər uşaq musiqi məktəbində təhsil almışdır. Musiqi aləmindəki ilk addımlarını da məhz burada, 3 №-li məktəbin bədii özfəaliyyət kollektivində atmışdır. O, özfəaliyyət kollektivinin fəal üzvü kimi müxtəlif  tədbirlərdə, el şənliklərində çıxış etmiş və məktəbin müdiriyyəti tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir.

Ənvər müəllimin tövsiyəsi ilə Elbrus Naxçıvan şəhərindəki Pioner və Məktəblilər evində (Məktəblilər sarayı) fəaliyyət göstərən “Əlvan çiçəklər” mahnı və rəqs ansamblına üzv qəbul edilir.

Qısa müddət ərzində o, kollektivin aparıcı solistlərindən biri kimi əksər konsertlərdə çıxış edərək bədii rəhbərin və müdiriyyətin ona göstərdiyi etimadı doğruldur.

    Gözəl pedaqoq, bəstəkar və ictimai xadim Məmməd Məmmədovun başçılıq etdiyi bu kollektiv nəinki Muxtar Respublikada, onun hüdudlarından çox-çox uzaqlarda belə məşhur idi. Kollektivin tərkibində Elbrus Mehdiyev dəfələrlə Bakı şəhərində keçirilən festivallarda, olimpiadalarda iştirak etmiş və bu tədbirlərin laureatı, diplomantı adına, habelə bir çox fəxri fərmanlara layiq görülmüşdür.

    Onun məharətlə ifa etdiyi Məmməd Cavadovun “Naxçıvan”, Vahid Axundovun “O Naxçıvandır”, Tofıq Quliyevin “Bakı”, pioner  və         məktəblilərə həsr edilmiş bir sıra başqa mahnılar tamaşaçıların həvəslə dinlədiyi musiqi nümunələri idi.

1959-cu idən 1961-ci ilədək E.Mehdiyevin yaradıcılıq fəaliyyəti Naxçıvan Dövlət mahnı və rəqs ansamblı ilə bağlıdır. Burada o, Naxçıvan musiqi mədəniyyəti tarixində özünə layiqli yer tutmuş gözəl sənətkarlar ilə birgə çalışmışdır. Bəstəkar Məmməd Ələkbərov, həvəskar bəstəkar, tarzən və müğənni Vahid Axundov, tanınmış müğənni, Xalq artisti Abdulla Babayev, müğənni Fikrət Qasımov, Qurban İsmayılov, kamançaçalan Aydırı Camalbəyov, klarnetçalan Kamil Hüseynov, dəfçalan, bu gün də Bakıda yaşlı nəsil tərəfindən böyük ehtiramla yad edilən Yusif Şeyxov və başqaları ilə birlikdə Naxçıvan MR musiqi mədəniyyətinin inkişafı, təbliği sahəsində əməli və yaddaqalan fəaliyyəti olmuşdur.

    Xalq mahnılarından “Almanı atdım xarala”, “Bu gün ayın üçüdür”, “Ay Güləbətin”, bəstəkar Məmməd Ələkbərovun “Doğma Naxçıvan”, “Araz” və  digər mahnıların Elbrus tərəflndən məharətlə ifa edilməsi keçirilən konsertlərin uğur qazanmasına böyük təsir göstərirdi.

    45-50 il bundan əvvəl keçirilən tədbirlərin ağırlığını və mahiyyətini qiymətləndirmək üçün təkcə belə bir faktı göstərmək kifayətdir ki, ansamblın üzvləri yük avtomobillərində, arabalarda, bə`zi hallarda isə (yaxın kəndlərə) yolu piyada qət edərək Muxtar Respublikanın rayon mərkəzlərində və əksər kəndlərində olmuş, çox çətin şəraitdə konsertlər verərək musiqi mədəniyyətimizi layiqincə təbliğ etmişlər. Burada mahnı və rəqs ansamblının yaradılmasında böyük xidmətlər göstərmiş, sonralar isə kollektivin direktoru olmuş Məmməd Ələkbərovun ansamblın uğurlu fəaliyyəti sahəsində apardığı yaradıcılıq və təşkilatçılıq işini xüsusi qeyd etmək lazımdır.

Ansamblda işləməklə yanaşı E.Mehdiyev paralel olaraq teatr səhnəsində ilk uğurlu rolunu yaradır. O, Naxçıvan teatrında səhnəyə qoyulmuş Bəxtiyar Vahabzadənin “Ədalət” tamaşasında Xanəndə rolunda çıxış etmiş və öz oyunu ilə tamaşaçıların yaddaşına xoş xatirələr yazmışdır.

Naxçıvan teatrının korifeylərindən İbrahim Həmzəyev, Səməd Mövləvi, Əyyub Haqverdiyev, Zəroş Həmzəyeva və başqaları Elbrusun

ifaçılıq qabiliyyətini çox yüksək qiymətləndirirdilər. “Şərq qapısı” qəzetinin 13 may 1959-cu il tarixli, 93-cü saymda tanınmış şair və dramaturq Hüseyn Razi bu tamaşaya həsr edilmiş məqaləsində müğənni E.Mehdiyevin yaradıcılığını belə qiymətləndirmişdir: “Xanəndə rolunun ifaçısı E.Mehdiyev ifa etdiyi mahnının bütün  incəliklərini tamaşaçıya çatdıra bilir” (Teatrşünas Ə.Qəhrəmanovun arxivindən).

Təhsil almaq, başqa sözlə desək, vokal sənətinə dərindən yiyələnmək, rus, Qərb bəstəkarlarının əsərləri ilə yaxından tanış olmaq və peşəkar bir vokalçı kimi yetişmək arzusu ilə E.Mehdiyev 1961-ci ildə Asəf  Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin vokal  şö`bəsinə daxil olur.

Qeyd etmək lazımdır ki, müəllim sarıdan Elbrusun bəxti gətirir. O, Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biri, M.F.Axundov adma Opera və Balet Teatrmm solisti, gözəl pedaqoq Firudin Mehdiyevin sinfınə tə`yin edilir. İlk tanışlıqdan sonra Firudin müəllim Elbrusun gözəl səsi və yüksək səhnə mədəniyyəti olduğunu vurğulasa da, səs aparatının refleks hərəkəti və səslənmənin düzgün alınması, səsin sazlanması sahəsində xeyli iş görüləcəyini bildirir. Bunları isə yalnız gündəlik oxuma məşqi ilə səsi düzgün açmaq prosesində əldə etmək olardı.

Firudin müəllim ilk əvvəl əsas diqqəti səsin sazlanması və səs aparatının refleks hərəkətinin əldə olunmasına yönəltsə də, lirik-dramatik səs tembrinə malik Elbrusun səs diapazonunu genişləndirmək üçün diapazonun aşağı hissəsində kiçik oktavanın lya, si bemol, si, yuxarı hissəsində isə ikinci oktavanın lya səsindəki  üçüncü oktavanın do səsi daxil olmaqlaqalan hissəsini işləyib səsləndirmək problemini gərgin zəhmət tələb edən bir iş kimi qiymətləndirirdi. Bu məsələ hər bir lirik- dramatik səsə malik vokal ifaçısının və onu çalışdıran müəllimin qarşıya qoyduğu ümdə və vacib məsələlərdən birincisidir. Belə ki, lirik-dramatik tenorun bu səs diapazonuna malik olması (kiçik oktavanın lya-si səsindəki üçüncü oktavanın do səsinə qədər olan səs həcmi)onun klassik opera yaradıcılığına müraciət etməsinə tam zəmanət verən amillərdən birincisi hesab edilir. Hər ötən gün, həftə, ay E.Mehdiyevin bu işin öhdəsindən cəsarətlə gələcəyindən xəbər verirdi.

Gərgin məşq saatları günləri, günlər ayları, aylar isə illəri əvəz etdikcə Elbrus da vokal sənətinin sirlərinə dərindən yiyələnir, klassik opera sənətinə böyük maraq göstərirdi. Təsadüfi deyil ki, artıq son kursda E.Mehdiyevin repertuarında Üzeyir Hacıbəyov, Fikrət Əmirov, C.Verdi, C.Puccini, C.Bize, P.Çaykovski və digər bəstəkarların operalarından ariyalar, ariozolar, R.Şuman, F.Şubert, M.Qlinka, Ü.Hacıbəyov, A.Zeynallı, Q.Qarayevin romansları əsas yer tuturdu. Müğənninin ifa etdiyi hər bir əsər tamaşaçılar tərəfındən hərarətlə qarşılanırdı.

    1965-ci ildə E.Mehdiyev A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini müvəffəqiyyətlə bitirir. Elbrus üçün nə qədər ağır olsa da o, opera səhnəsini müəllimlik peşəsi ilə əvəz etməli olur. E.Mehdiyev S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin vokal şöbəsində dərs deməyə başlayır.

    Daim axtarışda olan E.Mehdiyev elə həmin il təhsilini davam etdirmək üçün Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şö`bəsinə daxil olur. Qiyabi yolla təhsilini davam etdirən E.Mehdiyev özünü tamamilə gənc vokal ifaçılarının hazırlanması işinə həsr edir. Təsadüfı deyil ki, onun dərs dediyi şagirdlərdən bir çoxu sonralar Azərbaycanda tanınan və sevilən müğənnilərdən olmuşdur. Onlardan Rəşid Bədirov, Tamara Ağamiyeva, Ruhəngiz Musəvi və başqaları bu gün də Elbrus müəllimin şərəfli işini layiqincə davam etdirir və müəllimlərini böyük ehtiramla yad edirlər. Beləliklə, Sumqayıtda vokal ifaçılıq sənətində tədricən E.Mehdiyev “məktəbi” formalaşmağa başlayır.

Elbrus müəllim ömrünün qısa olacağını sanki əvvəlcədən hiss edirdi. Bu səbəbdən də o, mümkün qədər cəmiyyətə çox fayda vermək, yaradıcılıq işlərini tamamlamaq və özündən sonra dəyərli bir irs saxlamaq arzusu ilə durmadan çalışırdı.

Səhhətinin pis olmasma baxmayaraq E.Mehdiyev S.Hacıbəyov adma Sumqayıt Orta İxtisas Musiqi Məktəbində müəllim, S.Vurğun adına Mədəniyyət sarayında vokal dərnəyinin rəhbəri, Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olmaqla yanaşı tez-tez Sumqayıt 

şəhərinin müxtəlif müəssisələrində dərs dediyi tələbələrinin açıq konsertlərini təşkil edir, özü də onlarla birlikdə həmin konsertlərdə müğənni kimi iştirak edirdi.

    Onun ifasında səslənən Ü.Hacıbəyovun “Sevgili canan”, “Sənsiz”, A.Zeynallının “Ölkəm”, S.Rüstəmovun “Sumqayıt”, T.Quliyevin “Qızıl üzük”, C.Cahangirovun “Ana” romans və mahnıları sumqayıtlılar tərəfindən həmişə alqışlarla qarşılanırdı.

    E.Mehdiyevin çalışqanlığı, yaddaqalan səmimiyyəti fəaliyyət göstərdiyi hər bir kollektivdə ona müsbət rəy qazandırır, rəhbərliyin isə ona olan etimadını daha da artırırdı.Bu baxımdan S.Hacıbəyov adma Sumqayıt Orta İxtisas Musiqi Məktəbi kollektivinin Elbrusa göstərdiyi qayğı və səmimiyyəti xüsusi qeyd etmək lazımdır. Sıravi müəllimdən tutmuş direktoradək hamı Elbrusa yaxın dost və həmkar idi. Onların sırasında məktəbin direktoru Bayandur Mehdiyev, şöbə müdirləri Fazil Əliyev, Faiq Nağıyev, müəllimlərdən Həsən Abbasquliyev, Ələkbər Əsgərov, Darvin Quliyev və bir sıra başqalarını göstərmək olar.

Ömrünün son aylarınadək (19 oktyabr 1981-ci il) müğənni öz yaradıcılıq fəaliyyətini yorulmadan davam etdirir. Ümumiyyətlə o, 1965-ci ildən 1981-ci ilədək daim Azərbayсаn Televiziya və Radiosu, Azərbaycan Dövlət Filarmoniyası, Bakı, Naxçıvan, Sumqayıt şəhərlərində keçirilən dövlət və yubiley (Naxçıvan MSSR-in 40 illiyi, Sumqayıt şəhərinin 25 illiyi və s.) konsertlərində, habelə kütləvi el şənliklərində çıxışlar etmiş, tamaşaçılara öz məlahətli səsi ilə yaddaqalan və gözəl əhval – ruhiyyə bəxş etmişdir.

Amansız ölüm müğənni Elbrus Mehdiyevi yaradıcılığının bahar çağında sıramızdan qoparıb bir payız yarpağı tək uçurdu. Lakin bu yarpaq saralsa da yerə düşmədi. O, sadəcə havada uçaraq qaranlığa qərq oldu…

                                                  Ölüm var ki, həyat qədər dəyərli,

Həyat var ki, ölümdən də zəhərli…

Dahi şair, dramaturq H.Cavidin bu misraları sanki Elbrus üçün deyilmişdi. Müğənninin erkən ölümü də ona həyati bir dəyər və yaşam verdi…

   Rafail  Kərimov,

“NAXÇIVAN MUSİQİ MƏDƏNİYYƏTİ TARİXİNDƏN – VOKAL  İFAÇILIQ SƏNƏTİ”    kitabından

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.